İsa Məsihin Son Günlər Müqəddəsləri Kilsəsi — dünyada milyonlarla insanın inandığı, lakin bir çoxları üçün hələ də sirli qalan bir dini cərəyandır. Gündəlik həyat tərzləri, ailə dəyərlərinə sadiqlikləri və xüsusi dini inancları ilə seçilən bu icma qeyri-rəsmi olaraq “mormonlar” adı ilə tanınır.
Qısa tarix və mənşə
Mormon hərəkatı XIX əsrin 1820-ci illərində ABŞ-nin Nyu-York ştatında Cozef Smit tərəfindən yaradılıb. Onun ardıcılları inanırlar ki, bu kilsə xristianlığın ilkin, təmiz formasını bərpa edir. Kilsənin əsas kitabı olan Mormon Kitabı, Smitin iddiasına görə, qədim Amerika xalqlarının dini salnamələrinin tərcüməsidir.
Cozef Smitin ölümündən sonra icma Briham Yanq adlı liderin rəhbərliyi ilə ABŞ-nin qərbində yerləşən Yuta ərazisinə köçərək orada güclü dini cəmiyyət qurdu.
Mormonlar nəyi fərqli edirlər?
Mormonlar özlərini xristian sayırlar, lakin nə katolik, nə pravoslav, nə də protestant məzhəbinə aid deyillər. Onlar İsa Məsihin qurbanlığına və dirilməsinə inanır, eyni zamanda Bibliyadan əlavə Mormon Kitabını da müqəddəs yazı hesab edirlər. İnanclarına görə, Tanrı bu gün də yaşayan peyğəmbərlərlə danışır.
Dini rituallar və ailə həyatı
Mormonlar üçün həyatın ruhani tərəfi mühüm yer tutur. Əsas dini ayinlər bunlardır: 8 yaşında vəftiz, Müqəddəs Ruhun verilməsi, Kəhanət mərtəbəsinə qaldırılma, Çörək və su ilə ibadət (əhdləşmə), Məbəd ayinləri, Əbədi evlilik (ölümdən sonra da davam edən nikah).
Ailə isə mormonlar üçün müqəddəsdir. Onlar ailə birliyini qorumağa, çoxuşaqlı olmağa və nəsillərarası bağlılığa xüsusi önəm verirlər. Tarixən mormon ailələrində 7-8 uşaq olması adi hal sayılırdı.
Gündəlik həyat: nizam, sağlamlıq və təmizlik
Mormonlar hər bazar ertəsi ailəvi axşam keçirir, gənclər və qadınlar üçün xüsusi proqramlar təşkil olunur. Onların həyat tərzi sağlamlıq kodeksi ilə tənzimlənir. Bu kodeksə görə, asılılıq yaradan spirtli içki, siqaret, qəhvə və çay içmək qadağandır. Onlar həmçinin cinsi təmizlik qanununa ciddi riayət edir və yalnız nikah çərçivəsində münasibətləri qəbul edirlər.
Qlobal artım və təsir dairəsi
Yüksək doğum göstəriciləri və fəal missionerlik sayəsində, bu icmanın üzvlərinin sayı sürətlə artır. 1971-ci ildə dünyada təxminən 3 milyon mormon var idisə, 2017-ci ilə bu rəqəm 15 milyonu keçib. Hazırda mormonlar dünyanın bir çox ölkəsində aktiv fəaliyyət göstərirlər.
Mormonlar müasir dünyada həm dini, həm də mədəni baxımdan unikal mövqedə dayanan bir icmadır. Onların həyat tərzi, ailəyə və inanca bağlılıqları, cəmiyyətə inteqrasiyaları və eyni zamanda fərqlilikləri, onları daha yaxından tanımağa dəyər edir.
Xanım Aydın