Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺
Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 02/11/2026

Paylaşın

TARİXİMİZ

İrsimiz, mirasımız – qədim-qayım dövlətlərimiz

IMG-20260211-WA0003

Dövlət qalan, qalan hər şey yalandı!

Sərkərdə-xaqanları, fikir və düşüncə sahibləri, təbib-filosofları, mütəfəkkir şairləri ilə bəşəri dəyərlər xəzinəsini zənginləşdirən Odlar Yurdu Azərbaycanda tarixin müxtəlif dönəmlərində qüdrətli dövlətlər, imperiyalar qurulub. Onların bəzisi yüz il, bəzisi üç yüz il, bəzisi isə hətta min ildən çox varlığını qoruyub saxlayıb. İrsimiz, mirasımız, daşa, yaddaşa dönən dünyamız, qüdrətimizin, əzəmətimizin bəlgəsi olan o dövlətləri tanımaq, tanıtmaq Vətən tarixi qarşısında ən böyük borcumuzdur.

Salmanasara bağlı daş kitabədə Manna dövlətinin və onun hökmdarı Udaykinin adı çəkilir

Daş kitabələrdən boylanan, milli dövlətçilik tariximizin qədim-qayım qatı sayılan, əski Azərbaycan dövlətlərindən hesab olunan Manna eramızdan əvvəl X əsrdə yaranmışdır. Onun haqqında ilk məlumat eramızdan əvvəl 843-cü ilə aid Aşşur hökmdarı III Salmanasarın adının həkk olunduğu daş kitabədə verilir. Kitabədə Azərbaycanın cənub torpaqlarında mövcud olmuş Manna dövləti və onun hökmdarı Udaykinin adı çəkilir.

Əgər Manna dövlətinin yaranma tarixini bu mənbədən, yəni eramızdan əvvəl 843-cü ildən hesablasaq və onun eramızdan əvvəl 590-cı ildə süquta uğramasını nəzərə alsaq, bu dövlətin ən azı 253 il mövcud olduğunu deyə bilərik. Manna dövləti Assuriya, Babilistan, Urartu və Midiya ilə mübarizədə uzun müddət mövcudluğunu qoruyub saxlamışdır. “Hökmdar İrvanzunun hakimiyyəti illərində yüksəliş dövrünü yaşayan Manna və onun paytaxtı İzirtu kompleks şəkildə inkişaf etmişdir. Sonrakı hökmdarların dövründə isə dövlət tədricən zəifləyərək eramızdan əvvəl 590-cı ildə Midiya dövlətinin hücumları nəticəsində süquta uğramışdır”.

Herodot: “Qaydaya görə fars mənşəli şahzadə Midiya taxtına sahib ola bilməzdi”

Azərbaycanın güneyində eramızdan əvvəl təməli X əsrdə qoyulan Manna dövlətindən sonra qurulan, dövlətçilik tariximizdə mühüm yeri olan “Midiya öncə Arazın o tayında kiçik vilayətlərdən ibarət ərazi idi. Vilayətləri canişinlər idarə edirdilər.

Eramızdan əvvəl VIII əsrin sonunda Deyok adlı canişin Midiyada dövlət yaratmağa təşəbbüs göstərir. O, Ekbatan-Həmədan şəhərinə hücum edir və oranı Midiya dövətinin paytaxtına çevirir. “Aşşur hökmdarları bu zaman qədər Midiyaya tez-tez hücum edir, onun vilayətlərini talayır, hətta əhalini xərac verməyə məcbur edirdilər. Yerli əhali Aşşurlara qarşı müqavimət göstərsə də nəticə hasil olmurdu. Midiyalıların Aşşurlara qarşı mübarizəsinə Kaştariti adlı sərkərdə başçılıq edirdi. Eramızdan əvvəl 672-ci ildə Midiya tayfaları Aşşur dövlətinin əsarətindən xilas olur və onlar kiçik vilayətləri bir mərkəzdə birləşdirib vahid dövlət yaratmağa nail olurlar”. Türklərdən ibarət olan Midiyada idarəçilik təlimi məhz türk dövlətçilik ənənələri üzərində qurulmuşdur ki, bu da onların əski gələnəkləri ilə bağlı idi.

Qədim yunan tarixçisi Herodot bu barədə yazırdı ki, Astiaq hakimiyyətini itirməkdən çox qorxurdu. O, bir yuxu görmüşdü. Yuxuyozanlar demişdilər ki, gələcəkdə qızından doğulacaq nəvəsi böyüyüb onu taxtdan salacaqdır. Qaydaya görə fars mənşəli şahzadə Midiya taxtına sahib ola bilməzdi. Ona görə də Astiaq qızını fars vilayətinin hakimi Əhəmənilər nəslindən olan I Kambizə ərə verdi.

Rəvayətə görə, o, hətta nəvəsi II Kirin öldürülməsi haqqında gizli göstəriş versə də, güvəndiyi adamlar onun tapşırığını yerinə yetirməmiş, beləliklə də, Hökmdarın nəvəsi sağ qalmış və böyüyüb babasına qarşı çıxmışdır. “Bu səbəbdən də türk hökmdar Astiaqın sarayında fars meyilli qüvvələr getdikcə artmışdır. Onlar II Kirin hakimiyyətə gəlməsi üçün çalışmış, eramızdan əvvəl 553-cü ildə üçillik mübarizədən sonra II Kirin hakimiyyətə gəlişinə nail olmuşdular. Ekbatan-Həmədan şəhərini tutan, onu paytaxta çevirən, bununla da Midiya torpaqlarını öz ərazilərinə qatan II Kir Əhəmənilər dövlətini qurmuş, farssoylu Əhəmənilər sülaləsinin hakimiyyətə gəlişinə nail olmuşdur”.

Atropatena – Atropatın şah əsəri

Milli dövlətçilik tariximizin mühüm mərhələsi hesab olunan Atropatena zəngin mədəniyyəti, dövlətçilik ənənələri ilə bu gündə dünya tarixçilərinin diqqət mərkəzindədir. Tarixi mənbələrdən bəlli olur ki, “Eramızdan əvvəl IV əsrin sonunda Makedoniyalı İskəndər Şərqin böyük hissəsini fəth etmişdi. İmperiyası böyük olduğundan, bu əraziləri satraplıqlara bölmüşdü. Azərbaycanın cənub torpaqlarının daxil olduğu satraplığa Atropat adlı sərkərdə başçılıq edirdi. Dünya Fatehi İskəndərin ölümündən qısa müddət sonra bütün satraplar müstəqil oldu və keçmiş satraplıqlar yeni dövlətlərə çevrildi.”

Eramızdan əvvəl 323-cü ildə Atropat öz satraplığını müstəqil şəkildə idarə etməyə başladı və bu tarix paytaxtı Kazaka şəhəri olan Atropatena Dövlətinin yaranma tarixi hesab olundu. Atropatena şimaldan Albaniya ilə qonşu idi və müxtəlif vaxtlarda Selaviklər, Harfiyyə, Roma və Sasanilər imperiyaları ilə mübarizə apararaq varlığını qoruyub saxlayan Atropatena Dövləti 227-ci ildə yeni yaranan Sasanilər İmperiyası ilə savaşdan sonra süqut etmiş onun 150 illik dövlətçilik ənənəsinə son qoyulmuşdur.

Qafqaz Albaniyası – Azərbaycanın ən uzun ömürlü dövləti

Qədim insan məskənləri , yaşayış yerləri, sivilizasiyaların, mədəniyyətlərin beşiyi olan Odlar Yurdu Azərbaycan tarixi tikililəri ilə yanaşı, milli dövlətçilik ənənələri ilə də bəşəri dəyərlərin inkişafına töhfələr vermişdir. Tarixi mənbələrə istinad edərək qeyd edə bilərik ki, “Eramızdan əvvəl IV əsrin sonlarında Makedoniyalı İskəndərin qurduğu imperiya süquta uğramış, onun nəzarəti altında olan torpaqlarda yeni-yeni dövlətlər qurulmuşdur. “Bu zaman Azərbaycanın cənubunda Atropatena, şimalında isə Albaniya dövləti yaranmışdır. Qafqaz Albaniyası kimi tanınan bu dövlətin Paytaxtı öncə Qəbələ, sonra isə Bərdə şəhəri olmuşdur. Qafqazın böyük bir ərazisini əhatə edən Albaniya dövlətinin ərazisi Dərbənddən Araz çayına qədər uzanırdı. “Bu dövlətdə 26 müxtəlif dildə danışan tayfalar yaşasa da, üstünlük əsasən türkdilli etnoslarda idi.” IV əsrin sonlarında Albaniyada Savir-Sabir türklərinin bir qolu olan Mehranilər sülaləsi hakimiyyətə gəlmişdir.

Sülalənin ən görkəmli nümayəndəsi olan Knyaz Cavanşirin hakimiyyəti illərində Albaniya dövləti öz yüksəliş dövrünü yaşamış, Knyaz Cavanşirdən sonra hakimiyyətə gələnlər bu tərəqqini əldə saxlaya bilməmiş, Ərəb Xilafətin hücumlarına məruz qalmış 705-ci ildə tarix səhnəsindən çıxmışdır”.

Eramızdan əvvəl IV əsrdən başlayaraq, Eramızın 705-ci ilinə kimi Roma, Sasanilər, Bizans imperiyaları, Xəzər Xaqanlığı və Ərəb Xilafəti ilə mübarizə şəraitində varlığını qoruyub saxlayan Azərbaycan tarixinin ən uzun ömürlü dövləti kimi tarixə yazılmışdır. Bu gün Borçalıda, Dağıstanda, Çeçenistanda, İnquşeytiya və Osetyada, Şəkidə, Qəbələdə, Kəlbəcərdə, Laçında, Zəngəzurun və Qərbi Azərbaycanın talan və viran edilmiş torpaqlarında mövcud olan məbədlər Alban, Alpan türklərinin yaddaş yeri, eyni zamanda milli dövlətçilik tariximizdə mühüm mərhələ olan Qafqaz Albaniyasının simgəsi, bəlgəsidir.

Şirvanşahlar Dövləti – milli dövlətçilik tariximizin min illik möcüzəsi

Dərbənddən Kür çayına qədər böyük bir ərazini əhatə edən, sivilizasiyaların, mədəniyyətlərin, dinlərin dialoq, tolerantlıq ünvanı olan Odlar Yurdu Azərbaycanın əski dövlətçilik ənənlərini özündə ehtiva edən, milli dövlətçilik tariximizin möcüzəsi hesab olunan Şirvanşahlar Dövlətinin adı çəkiləndə belə insanda qürur və vüqar hissi doğuran yaddaş yerimizdir. Tarixi mənbələrə istinad edərək qeyd edə bilərik ki, Ərəb Xilafətini idarə edən Abbasilər sülaləsinin IX əsrin ikinci yarısından etibarən zəifləməsi ilə xilafətin ərazilərində kiçik feodal dövlətləri yaranmışdır. Onlardan biri də 861-ci ildə Azərbaycan torpaqlarının şimal-şərqində yaranan Şirvanşahlar dövləti idi. Dövlətin əsasını Məzdəkilər sülaləsindən olan Heysam İbn Xalid qoymuşdur.

Paytaxtı öncə Şamaxı, sonra isə Bakı şəhəri olan Şirvanşahlar Dövlətinin ərazisi Dərbənddən Kür çayına qədər uzanmışdır. 1027-ci ildə Şirvanşahlar dövlətində Kəsranilər sülaləsi hakimiyyətə gəlmişdir. 1382-ci ildə isə türksoylu Dərbəndilər sülaləsindən olan I Şirvanşah İbrahimin hakimiyyətə gəlişi ilə Şirvanşahlar dövlətində yeni idarəçilik ənənləri formalaşdırılmışdır. Yüzillər boyu “Slavyanların, Səlcuqluların, Atabəylərin, Moğolların, Teymurilərin, Qaraqoyunlu və Ağqoyunlu dövlətlərinin basqısı altında öz varlığını qoruyub saxlayan Şirvanşahlar Dövləti XVI əsrin ortalarında Səfəvilər İmperiyasının hədəfində idi. Bu dövrdə Səfəvilərdən asılı vəziyyətdə olan Şirvanşahlar onlara ağır vergi ödəyirdilər”. 1538-ci ildə Şirvanda qalxan üsyanı yatırmaq üçün Şah İsmayıl Səfəvinin bilavasitə başçılığı ilə Şirvana qoşun yeridilmiş, Şamaxıda qardaşın-qardaşa – Şah İsmayıl Səfəvinin Fərrux Yasara sıyırdığı qılıncla Şirvanşahlar dövlətinin varlığına son qoyulmuş, eramızın 861-ci ilindən 1538-ci ilə kimi varlığını qoruyub saxlayan, 677 il sənətin, mədəniyyətin himayədarına çevrilən Şirvanşahlar İmperiyasına son qoyulmuşdur. Milli dövlətçilik tariximizin Şamaxıda yazılan kədər səhifəsi təəssüf ki, Çaldıran döyüşündə də təkrarlanmı, Şah İsmayıl Səfəvi ilə Sultan Səlim üz-üzə gəlmişdi…

Səfəvilər İmperiyası – Şah İsmayıl Xətainin ruhunun aynası

Manna, Midiya, Atropatena, Qafqaz Albaniyası, Şirvanşahlar, Atabəylər, Ağqoyunlular, Qaraqoyunlular, Əfşarlar, Qacarlar kimi qüdrətli imperiyalar quran Odlar Yurdu Azərbaycanın dövlətçilik tarixində Səfəvilər Dövlətinin mühüm yeri var. Ağqoyunlular İmperiyasının devrilməsi ilə Şərur düzündə elan olunan, Təbrizdə “Tacqoyma” mərasimi keçirilən, milli dövlətçilik tariximizdə mühüm rola və yerə malik olan Səfəvilər İmperiyası 1501-ci ildə Şah İsmayıl Səfəvinin öndərliyi ilə qurulmuşdu. Varlığını 1736-cı ilə qədər qoruyan Səfəvilər İmperiyası 235 il mövcud olmaqla yanaşı, Şərqi Anadoludan Xorasana, Bağdad və Dərbəndə qədər uzanan böyük bir ərazini əhatə edən nəhəng bir dövlət kimi Doğunun və Batının diqqət mərkəzində olmuşdur.

Tarixdə ilk dəfə Ana dilini dövlət dili elan edən Səfəvilər İmperiyasının Lideri sufiyana lirik şeirləri, zəngin kitabxanası, sazda mahir ifası ilə dünyaya səs salmış, bir əlində qılınc, bir əlində saz saysız-hesabsız fətih dastanları yazmışdır. Çaldıran döyüşündə iki qardaşın – Səfəvi və Osmanlı hökmdarının üz-üzə gəlməsi ilə milli dövlətçilik tariximizin kədərli səhifəsi yazılsa da, hər kəs bu qüdrətli İmperiyanı həm də sarayını sənətin, mədəniyyətin gülzarına çevrən Şah İsmayıl Səfəvinin əzəməti olaraq qəbul etmişdi.

Çaldıran döyüşündəki məğlubiyyətdən sonra İmperiyanın ağır günləri başlasa da onu ayaqda tutmaq üçün Səfəvi hökmdarı bütün gücünü səfərbər etmişdir. Məhəmməd Xudabəndənin hakimiyyəti dövründə süqutun bir addımlığında olan Səfəvilər İmperiyası 1587-ci ildə hakimiyyətə gələn Şah Abbas Səfəvinin simasında itmiş nüfuzunu və qürurunu özünə qaytarmağa nail olmuşdu. Sonrakı hökmdarların dövründə isə Səfəvilər İmperiyası getdikcə zəifləməyə başlamış, sərkərdə Nadirqulu bəy Əfşarın sayəsində ayaqda qalmağa çalışsa da, 1736-cı ildə İmperiya ömrünü başa vurmuşdur. Səfəvi ordusunun Baş sərkərdəsi Nadirqulu bəy Əfşar Səfəvi hökmdarlarının zəifliyini, qonşu dövlətlərinin imperiyaya təhdidlərini nəzərə alaraq hakimiyyəti ələ almış, tarixdə ikinci Türk-Azərbaycan imperiyasının əsasını qoymuş, Arazın bu tayında, Muğan düzündə – Suqovuşanda qurultay çağıraraq, özünü şah elan etmiş, 60 il adı çəkiləndə dünyanın dizi titrəyən Əfşarlar İmperiyası qurmuşdur.

Şərəf Cəlilli

Bənzər Xəbərlər

Yazıçı-publisist

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Fevralın 10-u Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, böyük yazıçı, dramaturq, publisist və ictimai xadim Cəlil Məmmədquluzadənin doğum günüdür.

Ən son

GÜNDƏM

Fevralın 11-də Bakı şəhəri və Əbu-Dabi şəhəri arasında qardaşlaşma münasibətlərinin yaradılması haqqında Anlaşma Memorandumu imzalanıb.

GÜNDƏM

Fevralın 11-də Bakı şəhəri və Əbu-Dabi şəhəri arasında qardaşlaşma münasibətlərinin yaradılması haqqında Anlaşma Memorandumu imzalanıb.
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin