Nəşr edilmişdir 02/21/2025

Paylaşın

TARIXI ŞƏXSİYYƏTLƏR

İrsdə varislik, yaxud Əhməd Sultan ağadan Mahmud ağaya

İkinci yazı

Mahmud ağa Əhməd Sultan Ağa oğlu 1826-cı ildə “Türkmənçay”dan, “Gülüstan”dan iki il öncə dünyaya gəlmişdi. Azərbaycanı imperiyalar arasında o taya – bu taya bölüb parçalayanlar, sinəsinə Dərbənd, Təbriz, Borçalı, İrəvan, Zəngəzur dağı çəkənlər unudurdular ki, tarixin bütün dönəmlərində onun birlik-bütövlük rəmzinə dönən, xilaskarlıq missiyasını öz üzərinə alan simaları doğulur. Əhməd Sultan ağanın babası Hacı Sadıx ağanın, atası Hacı Cavad ağanın duyğularının davamçısı olaraq gördüyü oğlu Hacı Mahmud ağa belə şəxsiyyətlərdən idi. Əhməd Sultan ağa oğluna mükəmməl təhsil vermişdi. Öncə onu, özünün himayə etdiyi, İmamlı məscidində açdığı mədrəsədə, sonra Şamaxının Qəza məktəbində oxutdurmuşdu. Bununla kifayətlənməmişdi. Ona həm də ciddi musiqi təhsili vermişdi. Mustafa xanın sarayından tanıdığı, dostluq etdiyi xanəndə Əbülhəsən və nüfuzlu musiqişünas, şair, xanəndə Hacı Nəcəf bəy Mahmud ağanın bir musiqişünas, ifaçı kimi yetişməsində əmək sərf etmişdirlər.

Əhməd Sultan ağa Hacı Cavad oğlu XIX əsrdə Şamaxıda qeyd etdiyimiz kimi nüfuzlu mülkədar və tacir Hacı Cavad ağanın ailəsində doğulmuşdu. Mollaxana və mədrəsə təhsili almışdı. Atasının istəyi ilə Mustafa xanın nəslindən olan Sultan bəyin qızı Gövhər xanımla ailə qurmuşdu. Mustafa xanın kürəkənlərindən biri, həm də Şamaxının mənəvi dəyərlərinin himayədarı kimi tarix yaratmışdı. Övladlarını da bu ruhda yetişdirmişdi. Eynən özü kimi şair və musiqiçi olan oğlunun musiqiyə, ədəbiyyata marağını, istəyini nəzərə alıb, onun adına Şamaxının İmamlı məhləsinin Pirani –Şirvan məhəlləsi səmtindəki bağlarında xüsusi bir malikanə – mülk tikdirən Əhməd Sultan ağa Şamaxının məşhur memar və daşyonanlarını malikanəsinə dəvət edib bu tarixi arzusunu gerçəkləşdirmişdir. Bu barədə professor Seyfəddin Qəniyev və Səadət Veysova “Məşhur xeyriyyəçi Mahmud ağa və naməlum muğam universiteti” kitabında qeyd edirlər: “Bu illərdə qonşuları, böyük memar, dostu Qasım bəy (1711-1874) Şamaxıda çox saraylara layihələr hazırlamışdı. Əhməd Sultan fikrini Qasım bəyə açır, o da xüsusi bir layihə hazırlayır; üçmərtəbəli füsunkar bir saray layihəsi. Əhməd bəy Şamaxının məşhur ustalarını bir araya gətirir, Sündü kənd daş karxanalarına da adamlarını göndərir. Daşların gətirilməsi üçün 20-30 kəl arabası təşkil edirlər. Sündü kəndindən 20 nəfər tağ yonan usta tapırlar. Bu işləri qonşusu, İmamlıda, Sarıtorpaqda tikilən imarətlərin baş ustası olmuş Kərbəlayi Mürşüdə (o, Azərbaycanda ilk ali təhsilli memar Zivər bəy Əmədbəyov Gəray bəy oğlunun (1873-1925) dayısı) həvalə edilir. Sultan Əhməd imarətin hazırlanmasında alış-veriş işlərinə nəzarəti qızı Səlminin ömür-gün yoldaşı Səlim bəyə həvalə edir. Baş usta Kərbəlayi Mürşüd saray-mülkün layihəsini sonuncu dəfə Qasım bəylə müzakirə edib, Əhməd Sultan Ağaya təqdim edir. Əhməd Sultan oğlu Mahmud ağa ilə layihəni xeyli müzakirə edir, məsləhətlərini baş ustaya bildirdilər. Üçmərtəbəli sarayda qonaqlar üçün geniş salonlar, ədəbi və musiqi məclisləri, musiqi alətləri, kitabxana və qonaqların qəbulu və. s. üçün zallar və otaqlar nəzərdə tutulur. Ata və oğul böyük zalları genişləndirmək, külafirəngini artırmaq, girişdə çarhovuzun yaradılması şərti ilə inşaat işlərinə başlanmasına qərar verirlər. Mahmud ağa sarayında musiqi məclisi Sarayın həyətində istirahət guşəsi – gül bağçaları və s. yaradılır. Təəssüf ki, Azərbaycan memarlığının əsrarəngiz nümunələrindən biri olan bu saray 1859-cu il zəlzələsində yerlə-yeksan olur. Mahmud ağa da sarayı ikinci dəfə bərpa etdirir. Qəzavü-qədərin tərsliyindən 1902-ci il zəlzələsi də divarlarına Azərbaycanın qüdrətli sənətkarlarının səsi, avazı hopan, ən gözəl və unudulmaz musiqi məclislərinə qollarını açan və bənzərsiz səhnələrə şahidlik edən sarayı minlərlə hədiyyə, əlyazma, musiqi alətləri və şəkilləri ilə birlikdə təkrarən yerlə-yeksan edir. O zaman artıq nə Əhməd Sultan, nə də ki Mahmud ağa sağ idilər. Ata və oğulun ucaltdığı saray dağılsa da, onlar özləri ilə axirət dünyasına gördükləri saysız-hesabsız nəcib işlərin, xeyirxah əməllərin və yaxşılıqların uzun siyahısı ilə qovuşdular”.

Bu məşhur üç mərtəbəli malikanənin ikinci mərtəbəsində mövcud olan böyük salonu isə Əhməd Sultan ağa məhz muğam ifaçıları üçün nəzərdə tutmuşdur. Tarixdə “Qızıl Salon” adı ilə qalan bu sənət məbədində Mahmud ağanın Muğam Məktəbi – Mərkəzi qurulmuşdur. Bu mərkəzdə saysız-hesabsız muğam müsabiqələri keçirilmişdir. O müsabiqələrin dünya şöhrətli ifaçıları olmaqla yanaşı, məşhur ziyarətçiləri də olur. Dəmirqapı Dərbənddən Borçalıya, Türküstandan İrəvana, Təbrizdən Naxçıvana, Qarabağdan-Şamaxıya minlərlə ifaçı sənət imtahanına çəkilir. Mahmud Ağanın nə az, nə çox, düz bir ömür, 40 il rəhbərlik etdiyi Muğam Mərkəzindən Cabbar Qaryağdıoğlunun, Sadıqcanın, Bülbülcanın, Şahnaz Abbasın, Məşədi Əkbərin, Mirzə Məhəmməd Həsənin, Aşıq Bilalın, Topal Nəcəfqulunun, Davud Səfiyarovun, Mirzə Güllərin, Güllər Pərisinin səsi asimana bülənd olmuşdur. Mirzə Məhəmməd Həsənin “Şur”u, “Çahargah”ı, Zülfüqarın “Gərayı”sı, Çopur Nəcəfqulunun “Hümayun”u, Cabbarın “Orta Mahur”u, Hacı Hüsünün “Kürdü Şahnaz”ı, Aşıq Bilalın “Peşro”ları, ustad ifaları “Qızıl Salon”un zinətinə, həm də, möhnətinə çevrilmişdir. Bahar Şirvaninin, Raqibin, Bixudun, Qafilin, Salikin, Səfanın, Sağərinin, Binəva Şirvaninin, Zühurinin, Seyid Əzim Şirvaninin ruhun qida yeri olan qəzəlləri məhz Mahmud ağanın sarayında dinləyicilərə, ifaçılara təqdim olunmuşdur. Sənətin, mədəniyyətin xiridarlarının könlünə yol tapmışdır. Firudin bəy Şuşinskinin dili ilə desək: Aşıq Bilalın “Şüştər”lə yatıb, “Osmanlı” ilə oyanan Mahmud ağaya həsr etdiyi “Mahmud ağa gərayı”sı ilk dəfə məhz bu salonda səslənmişdir.

Mahmud ağanın Muğam Məktəbini – Mərkəzini Şirvan şahlarının və Şamaxı xanının saraylarının mikro modeli hesab edən tədqiqatçılar qeyd edirlər ki, bura həm də, nüfuzlu musiqiçilərin, rəqqas və rəqqasələrin, rəssamların, səyyahların cəm olduğu bir məbəd idi. Mahmud ağanın Muğam Məktəbindən kimlər gəlib keçməmişdi, kimlər imtahana çəkilməmişdi ki!? Dövrünün tanınmış rəqqasələri, Nisənin, Rənanın, Sonanın, Səkinənin, Məleykənin, rəqqas Hikmətin unudulmaz ifaları sənət əsərlərinə çevrilərək günümüzə qədər gəlib çıxmışdır. Knyaz Qaqarinin “Şamaxılı rəqqasə” adını verdiyi əsərində əks olunan Şamaxı gözəlləri bu gün də sərgi salonlarını işvəsi, nazı, incə rəqsi ilə süsləyir.

Mahmud ağanın qüdrətli bir mesenat, sənətin, mədəniyyətin himayədarı kimi yetişməsində qeyd etdiyimiz kimi atası Əhməd Sultan ağanın xüsusi yeri və rolu olmuşdur.

Özü də gözəl şair olan Əhməd Sultan ağa qeyd etdiyimiz kimi atasından miras qalan karvansara və mülklərində dövrünün məşhur kitabxana və qiraətxanalarını yaratmış, Nəcəfdə, Kufədə, Səmərqənddə təhsil almaq niyyətində olan gəncləri dəstəkləmişdir. Şamaxının nüfuzlu bəylərindən biri Əkbər ağanın təşəbbüsü ilə Seyid Əzim Şirvani “Beytüs-Səfa” ədəbi məclisini qurur. Məclisin himayədarlıq missiyasını öz üzərinə alan Əhməd Sultan ağa Seyidin rəhbərlik etdiyi Şamaxı Qəza məktəbinin himayədarı olmasına baxmayaraq, bu məsələdə də ona yardım əlini uzadır. “Beytüs-Səfa”ya karvansaralarının birində yer ayırır. Məşhur dostlarını: Xəlil bəyi, Mürsəl bəyi, Nəcəf bəyi, Nağı bəyi səfərbər edərək şairlərin əsərlərinin üzünün köçürülməsi, onların məişət qayğılarının azaldılması kimi xeyirxahlığa, yaxşılığa dəvət edir. Hacı Əhməd Sultan ağanın təşəbbüsü ilə bu məşhur bəylər təkcə Şamaxının yox, digər yörələrin də ədəbi, mədəni mühitlərinin inkişafına töhfələr verirlər. Mahmud ağa 24-25 yaşlarında olanda atası Əhməd Sultan ağanın sayəsində dövrünün nüfuzlu ağa və bəyləri, imkan sahibləri, xeyirxah insanları, şair və musiqiçiləri ilə yaxından dost olmuşdu. Onların sırasında Seyid Əzim Şirvani, Bixud, Sağəri, Qafil, Molla Əliabbas kimi simalar var idi. Şamaxının elmi, mədəni, ədəbi mühitinin inkişafında xüsusi xidmətləri olan bu qələm sahibləri tarixlə müasirlik arasında körpüyə çevrilir, Şirvani imzası, künyəsi ilə qələm çalan dahilərin hördükləri sənət məbədinin tavanına dönürlər.

Seyid Əzim Şirvaninin rəhbərlik etdiyi “Beytüs-Səfa” ədəbi məclisi Əhməd Sultan ağanın mülkündə, onun və oğlu Mahmud ağanın himayəsində sənət gülzarına çevrildi. Belə bir ədəbi məclis Şuşada, Mirzə Kərim Fənanın rəhbərliyi ilə qurulmuşdu.  Şuşada təməli qoyulan “Xanəndələr Məclisi”nə isə Mirmövsüm Nəvvab rəhbərlik edirdi. Hər iki məclisin himayəyə ehtiyacı var idi. Seyid Əzim Şirvaninin “Beytüs-Səfa”sının, Mahmud ağanın Muğam Məktəbinin səsi, sorağı Qarabağa, Xurşudbanu Natəvana, Qarabağ xanlığının son vərəsəsinə çatır. Uzun müddətli məktublaşmadan sonra Seyid Əzimi öz doğma yurdunda ziyarətə gələn Xurşudbanu Natəvan Əhməd Sultan ağanın ruhunun aynası, Mahmud ağanın sənət, mədəniyyət dünyası olan “Qızıl Salon”da olur. 1874-cü ildə Xanqızını sonsuz ehtiram və ehtişamla qarşılayan Mahmud ağa onun şərəfinə ziyafətlər verir. Qurban kəsib, nəzir paylayır. Şamaxının əsilzadələrini, zadəganlarını, sənət camiasının pərvanələrini onun şamının işiğına yığır. Bu əzəmətli malikanədən, sənətin, mədəniyyətin himayə olunduğu məbəddən ayrılanda Xanqızı qəlbində tarixi qərar alır: Mirzə Kərim Fənanın rəhbərlik etdiyi “Məclisi-Üns”ə, Mirmövsüm Nəvvabın ruhunun qida yeri – “Musiqi və Muğam Məclisi”nə malikənasində xüsusi guşə ayırır. Özü də, ən gözəl guşələri. “Məclisi-Üns”ə rəhbərlik etməklə isə onun nüfuzuna nüfuz gətirir. Bu həm də onun şair şöhrətini göylərə qaldırır. Mahmud ağa Xurşudbanu Natəvanı Qalaya – Şuşaya Qızılı Faytonda yola salır. Zər-zibanın, al qumaşın içərisində. O, Hacı Sadıx ağanın, Mustafa xanın törəsi idi. Yola saldığı da, sıradan bir tarixi şəxsiyyət deyildi. Şuşanın binəsini qoyan Pənahəli xanın, İbrahim Xəlil xanın, Cavad xanın, Mehdiqulu xanın varisi, Qarabağın son vərəsəsi idi.

Şərəf Cəlilli

Loading

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Magistral avtomobil yollarında görünüş məsafəsi 1-2 kilometrədək məhdudlaşacaq.

Ən son

GÜNDƏM

Bakıda batut gimnastikası və tamblinq üzrə Dünya Kuboku start götürüb.

GÜNDƏM

Bakıda batut gimnastikası və tamblinq üzrə Dünya Kuboku start götürüb.