Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺
Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 02/04/2026

Paylaşın

TARİXİMİZ

İrpuni qalasından İrəvan xanlığına

Urartu – Qafqaz Albaniyasının, Qaraqoyunlu hökmdarlarının, Osmanlı sultanlarının, Qacarların diyarı

Yüz illər boyu Azərbaycanın mədəniyyət mərkəzlərindən biri olan, tarixi tikililəri, memarlıq inciləri ilə bəşəri dəyərlər xəzinəsini zənginləşdirən İrəvanın yaşı min illərlə ölçülür. Tarixi mənbələr də sübut edir ki, əsası eramızdan əvvəl VIII–VII yüzillikdə Urartu çarı I Arbişi tərəfindən qoyulan İrəvanda yaşayan tayfaların əksəriyyəti türk mənşəli olmuşlar. Qafqaz Albaniyasının və Azərbaycan xanlıqlarının tərkibində inkişaf etmiş şəhərlərdən biri kimi tanınan İrəvan memarlıq inciləri, karvansaraları, məscidləri ilə şəhərin türk-müsəlman kimliyini qoruyub. Bu torpaqların milli kimliyinə ayna olan İrəvan qalası memarlıq quruluşuna, layihə texnikasına, mühəndis-konstruktor sisteminə görə Şərq-türk memarlığı üslubunu özündə ehtiva etdiyi üçün də bu ərazinin yaddaş yerinə çevrilmişdir. Tarixi mənbələrə istinad edərək onu da qeyd edə bilərik ki, XVIII əsrdə əhalisi əsasən türklərdən ibarət olan İrəvan xanlığı – İrəvan qalası 1582-ci ildə Osmanlı sərkərdəsi Sərdar Fərhad Paşa tərəfindən inşa edilib.

Hərbi istehkam və inzibati mərkəz kimi nəzərdə tutulan qalanın içərisində məscidlər, mədrəsələr, kitabxanalar, hamamlar, saraylar yerləşib. Qalanın ən məşhur tikilisi isə Sərdar Sarayı olub. Güzgülü salonu və büllur bəzəkləri ilə avropalı səyyahları belə heyrətləndirib. Əzəməti, şöhrəti dünya ilə bir olan səlnamələrdə, şeirlərdə, qəzəllərdə, bədii əsərlərdə incəliklə təsvir olunan qalanın bəlalı günləri XX yüzildən başlayıb. Əsrin əvvəlindən etibarən erməni daşnaklarının diqtəsi ilə bu abidələr dağıdılıb.

Göy Məscidinin mavi kaşıları, günbəzi qədim-qayım İrəvanın itirilmiş keçmişindən nişanədir

İrəvan qalasının özü qədər dəyərli incilərindən biri də 1988-ci ildəki son deportasiyadan sonra belə günümüzə qədər milli kimliyimizin nümunəsi kimi qorunan Göy Məsciddir. Azərbaycan İslam memarlığının ən gözəl nümunələrindən olan Göy Məscid XVIII əsrdə İrəvan xanı Hüseynəli xan tərəfindən inşa edilib. Qərbi Azərbaycanın, İrəvan xanlığının atının dörd nala çapdığı, qılıncının dörd bir yana işlədiyi dövrlərdə İrəvan qalasında hər məhəllənin öz məscidi olub. Bu gün artıq xatirəyə çevrilmiş, foto və rəsm nümunələrində qalan 8-dən çox məscid mövcud olub.

Son deportasiyadan sonra tək qalan Göy Məscid “İran İslam Respublikasının İrəvandakı səfirliyinin təşəbbüsü ilə dağılmaq təhlükəsindən xilas olunub, təmir və bərpa edilərək İranın dini abidələri siyahısına daxil edilib. Azərbaycanın etirazından sonra Göy Məscid tarixi sahiblərinin ünvanına çevrilsə də, bu gün ermənilər və farslar onu İran abidəsi kimi qəbul edirlər”.

Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi zamanı, 30 illik işğal dövründə Qarabağda, Şərqi Zəngəzurda, Qərbi Azərbaycan və İrəvanda insanlığa sığmayan terror aktları gerçəkləşdirən ermənilər tarixi tikililər, qəbirüstü abidələrlə yanaşı məscidləri, Tanrı evlərini də məhv etmiş, yer üzündən silmişlər. İrəvanın Göy Məscidi memarlıq quruluşuna görə Şuşadakı Böyük və Kiçik Gövhər Ağa məscidlərinə bənzəyir, Ağdam Cümə Məscidini xatırladır.

44 günlük Vətən müharibəsindən sonra Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev tarixi bir kəlam işlətdi: “Əgər Şərqi Zəngəzur varsa, Qərbi Zəngəzur, Qərbi Azərbaycan da vardır. İrəvan, Göyçə, Zəngəzur bizim tarixi torpaqlarımızdır. O torpaqlarda bizim əcdadlarımız yaşamışlar. Biz o torpaqlara qayıdacağıq. İrəvan bizim tarixi torpağımızdır. İrəvan qalası, Təpəbaşı məhəlləsi, Göy Məscid kimi yerlərə qayıdacağıq. İlahi ədaləti bərpa edəcəyik. Göy Məsciddə zəfər, qələbə, bayram namazı qılacağıq. Şuşə qalasında, Gövhər Ağa məscidində, Şahbulaq qalasında, Ağdam Cümə Məscidində olduğu kimi”. İrəvanın Göy Məscidinin mavi kaşıları, mavi günbəzi qədim-qayım İrəvanın itirilmiş keçmişindən, nigaran ruhlarının əzəmətindən, tarixi şəxsiyyətlərinin qüdrətindən, könlü Tanrı eşqi ilə döyünən insanların varlığından nişanədir.

İrəvan xanlığı Çar Rusiyasının Qafqazı işğalından sonra təməli qoyulan yaddaş yerimizdir

Təməli eramızdan əvvəl VIII–VII əsrə bağlı olan İrəvanın İrpuni qalası mənəvi əzəməti özündə ehtiva edən böyük bir mərhələdən də keçib – İrəvan xanlığı mərhələsindən. Milli dövlətçilik tariximizin mühüm bir parçası olan İrəvan xanlığı Çar Rusiyasının Qafqazı fəth etməsindən, daha doğrusu işğalından sonra təməli qoyulan yaddaş yerimizdir.

1747-ci ildə təməli qoyulan İrəvan xanlığı Gəncə, Qarabağ, Naxçıvan, Şəki, Şamaxı, Quba xanlıqları kimi mühüm siyasi vahidlərdən biri olmaqla yanaşı, həm də strateji əhəmiyyətə malik dövlət quruluşlarından biri idi. İrəvan qalasında yerləşən xanlıq Osmanlı və Qacar imperiyaları arasında yerləşən strateji mövqeyinə görə Çar Rusiyası tərəfindən hədəfdə idi. 1828-ci ildə işğal edildikdən, “Gülüstan” və “Türkmənçay” ilhaq müqavilələrinin girdabında boğulduqdan sonra bölgənin demoqrafik tərkibi dəyişdirilməklə yanaşı, oronim, oykonim və toponimləri də səlib yürüşünə məruz qaldı.

Çar Rusiyasının erməniləri kütləvi şəkildə Azərbaycanın digər yörələri kimi İrəvanda, Qərbi Azərbaycanda, Zəngəzurda yerləşdirməsi, alban məbədlərinin onların ixtiyarına verilməsi ilə dini durumda da dəyişiklik yaradıldı. Bu kədərli fakt Sovet Azərbaycanı illərində də təkcə davam etmədi. Milli-mənəvi dəyərlərimizin kompleks şəkildə işğalı 1946–1953-cü illərin dəhşətli deportasiyaları, 1988-ci ilin son köçü ilə müşahidə olundu.

Yaddaşımızın saxlanc yeri olan tarixi abidələrimiz məhv oldu

Tarixi mənbələr və arxiv materialları sübut edir ki, XIX əsrdə Çar Rusiyasının rəsmi siyahıya almasına görə İrəvan şəhərində 800-dən çox memarlıq abidəsi olub. Bunlara karvansaralar, mədrəsələr, məscidlər, su dəyirmanları, kəhrizlər, bulaqlar, körpülər və hamamlar aid idi. Hacı Novruzəli hamamı, Qala məscidi, Şəhər mədrəsəsi kimi yerlər bu gün sadəcə arxivlərdə qorunan saralmış vərəqlərdə, fotoşəkillərdə qalır. Bu abidələr 1939–1969-cu illər arasında, cəmi 30 il ərzində məhv edilərək yer üzündən silinmişdir.

Ermənistan adının İrpuni çarlığının paytaxtı olan İrəvana gətirilməsi özü belə kədərli hadisə olmaqla yanaşı, həm də ağrılı yaddaş yerimizdir. Tarixi mənbələrdə bu ərazi uzun müddət İrəvan vilayəti kimi təqdim edilib. Ermənistan adı Çar Rusiyasının İrəvan xanlığını işğalından sonra belə mövcud olmayıb. Yalnız, Qafqaz Seymi dağıldıqdan, Qafqaz xalqları milli müstəqilliklərini elan etdikdən sonra leksikona daxil edilib.

Tarixi toponimlər – Abaran, Vedibasar, Zəngibasar, Gərnibasar, Göyçə, İrəvan kimi türk mənşəli adlar dəyişdirilərək erməni xislətindən doğulan yeni “Ermənistan” qurulub. Bu tarixi torpaqların yaşayış məskənlərinin adları dəyişsə də, arxiv sənədlərində, rəsmi bəlgələrdə qalır və bu gün də yaşayır.

On minlərlə azərbaycanlı zor gücünə tarixi torpaqlarından deportasiya edildi

XIX əsrin əvvəlində, 1905–1906-cı və 1918-ci illərdə soyqırımlarını yaşayan İrəvan və ümumilikdə Qərbi Azərbaycanın ən böyük dəhşəti isə məhz deportasiyalar zamanı yaşandı.

Rəsmi sənədlərə istinad edərək deyə bilərik ki, ötən əsrin əvvəllərində İrəvanda və onun əhatəsində yüz minlərlə türk-azərbaycanlı yaşayırdı. 1948–1953-cü illərdə birbaşa Stalinin qərarı, Mikoyan–Beriya cütlüyünün diktəsi ilə on minlərlə azərbaycanlı zor gücünə öz tarixi torpaqlarından, dədə-baba yurdlarından deportasiya edildi. Yüz illər boyu dağ şəraitində yaşamış insanların Azərbaycanın aran zonasına köçürülməsi onların böyük bir qisminin faciəli ölümü ilə nəticələndi.

Kimsənin etiraz edə bilmədiyi bu fakta tək bir nəfər, bir dövlət xadimi qarşı çıxdı – Dağıstan Vilayət Partiya Komitəsinin birinci katibi Əziz Məmmədkərim oğlu Əliyev. Düzdür, bu etiraz ona baha başa gəldi. İkinci Dünya müharibəsində Stalin, Jukov, Molotov kimi “mümkünsüzü mümkünə çevirənlərin” sırasında yer alan, 47-ci və 48-ci Qafqaz cəbhələrinin komandan müavini, Mahaçqala Müdafiə Komitəsinin sədri bir anın içərisində “xalq düşməni”nə çevrildi. Dağıstandakı ali vəzifəsindən kənarlaşdırıldı, SSRİ Nazirlər Sovetində ən kiçik vəzifəyə — mütəxəssis işçi statusuna endirildi. Sonra isə vətənə, Azərbaycana göndərilərək mənəvi terrora məruz qoyuldu. Əziz Məmmədkərim oğlu Əliyevin bəraəti yalnız Stalin rejiminin bitməsi, Mikoyan–Beriya–Bağırov sisteminin sona çatması ilə mümkün oldu.

İrəvanın Ermənistanın paytaxtına çevrilməsi tarixi torpaqlarımıza növbəti təcavüz idi

1948–1953-cü illər deportasiyası təkcə soydaşlarımızın Kür-Araz ovalığına köçürülməsi, qızdırma və qarın yatalağına tutularaq ölümə məhkum edilməsi ilə bitmədi. Bu, İrəvanın, ümumən Qərbi Azərbaycanın demoqrafik durumuna və siyasi mənzərəsinə ciddi təsir göstərdi. Şəhərin milli-tarixi kimliyi təhlükə ilə üz-üzə qaldı.

Qafqaz Seyminin və bolşevik Rusiyasının diktəsi ilə İrəvanın Ermənistanın paytaxtına çevrilməsi tarixi torpaqlarımıza növbəti təcavüz idi. Odlar Yurdu Azərbaycan Ulu Öndər Heydər Əliyevin siyasi hakimiyyətinin birinci mərhələsində  torpaqların qorunması, himayə edilməsi istiqamətində mühüm nailiyyətlər əldə olunsa, növbəti deportasiyaların qarşısı alınsa da, 1988-ci ildə Heydər Əliyevsiz Azərbaycan Qorbaçov rejiminin ağır sınaqlarını yaşadı.

Dədə Ələsgər kimi ustad sənətkarlar, Sarı Aslan, Həsən xan kimi sərdarları, Kərbəlayı İsmayıl, Abbasqulu bəy Şadlinski kimi sərkərdələri, Mustafa bəy Topçubaşov, Əziz Əliyev kimi qüdrətli elm və dövlət xadimlərini yetirən İrəvan – Qərbi Azərbaycan üstündən 38 il keçdikdən sonra belə, tarixi ədalətin bərpası üçün yenidən üzü yaddaş yerinədir.

Əziz Əliyev: “Ola bilsin, bu gün köçürülsünlər, amma vaxt gələcək onlar öz tarixi torpaqlarını tələb edəcəklər”

44 günlük Vətən müharibəsindən, haqq davasından sonra Güney Qafqazın və dünyanın siyasi mənzərəsini dəyişən Azərbaycan bu gün Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin diktəsi və siyasi iradəsi ilə Zəngəzur dəhlizinə, Beynəlxalq Sülh və Rifah naminə “Trump marşrutu”na doğru irəliləyir. İrəvanla Bakı arasında imzalanacaq, artıq konturları müəyyən edilən sülh sazişini və tarixi torpaqlara dönüşü reallaşdırmaq üçün cəsarətli addımlar atmaqdadır.

Əziz Məmmədkərim oğlu Əliyev tək və yeganə liderimizdir ki, taleyində, tərcümeyi-halında, təbəddülatlarla dolu ömür yolunda Vətən – Azərbaycan birləşir, bütöv olur. Zəngəzurda doğulan, İrəvanın elmi-mədəni mühitində yetişən, Bakıda dövlət xadimi kimi formalaşan, Təbrizdə “Əziz Əliyev missiyası”nın rəhbəri, Dərbənddə Dağıstan Vilayət Partiya Komitəsinin katibi kimi tarix yaradan polkovnik-komissar Əziz Məmmədkərim oğlu Əliyev 1948-ci il deportasiyası ilə bağlı Stalinin qəbulunda tarixi bir cümlə işlətmişdi:

“İrəvan indi köçürülən sovet vətəndaşlarının öz vətənləridir. Onlara toxunmaq olmaz. Köçürülürlərsə, onları Dağlıq Qarabağa köçürün. Dağ şəraitində yaşamış insanlar Kür-Araz ovalığının isti iqlimində məhv olarlar. Müharibədə çox böyük itkilər vermiş İrəvanı bu şəkildə sınağa çəkmək olmaz. Bunu bir qafqazlı kimi siz daha yaxşı bilirsiniz. Onlar da sovet vətəndaşlarıdır. Erməni kommunistlər bu məsələdə diqqətsizliyə yol verirlər. Ola bilsin, bu gün köçürülsünlər, amma vaxt gələcək, onlar öz tarixi torpaqlarını tələb edəcəklər.”

“İnsan xarakterinin dəyərləri çətin zamanlarda üzə çıxır” nidası ilə tarix yaradan Əziz Məmmədkərim oğlu Əliyev qüdrətli dövlət xadimi, uzaqgörən siyasətçi və diplomat idi. Bu gün Azərbaycanın da, Qərbi Azərbaycanın da, İrəvanın da, İrpuni qalasının da tarixinin yenidən yazıldığı dövrdür. Onun memarı isə polkovnik-komissar Əziz Məmmədkərim oğlu Əliyevin nəvəsi Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevdir!

Şərəf Cəlilli   

Bənzər Xəbərlər

Yazıçı-publisist

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

2026-cı il fevralın 2-də Prezident Kitabxanasında Azərbaycan Gəncləri Günü münasibətilə gənc yazıçı, tərcüməçi, Azərbaycan Yazıçılar Birliyinin üzvü Xanım

Ən son

HƏR ŞEYDƏN

Notr-Damın tam kodu: daşın, işığın və səsin insan üçün bir təlimata çevrilməsi

HƏR ŞEYDƏN

Notr-Damın tam kodu: daşın, işığın və səsin insan üçün bir təlimata çevrilməsi
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin