Language SwitcherAzərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 07/24/2025

Paylaşın

TARİXİMİZ

İrəvanda xal qalmadı, yoxsa xan?

30-cu illərin dəhşətli repressiyaları zamanı millətin 38 min düşünən beyini, alim, müəllim, şair, yazıçı və dövlət xadimini Türküstana, Sibir çöllərinə sürgün edən, Nargin adasında güllələyib qurd-quşa yem edən çar cəlladları siyasi repressiyaları, mənəvi terroru özündə ehtiva edən şeirləri, sənət əsərlərini, xalq mahnılarını da yasaq etdi: Onlardan biri də son misrasındakı “Təbriz” sözü “Təbiblə” əvəz edilən, məşhur bayatı idi.

O yana döndər məni,

Bu yana döndər məni,

Ürəyim yaralıdır,

Təbrizə göndər məni.

38-ci ilin sürgünü tarixə reportasiya kimi daxil oldu

1937-ci ilin dəhşətli repressiyalarından öncə Şura hökuməti daha dəhşətli bir terrora imza atmışdı. Çar Rusiyası, “neft bumu” zamanı o taydan bu taya çörək dalıyca gələn on minlərlə azərbaycanlıya “İran casusu damğası vurmaqla ölkədən çıxarmışdı. Çıxarmaq azdı, onların bolşevik Azərbaycanını tərk etməsi üçün cəmi üç gün – 72 saat zaman vermişdi. Azərbaycan tarixinə reportasiya kimi daxil olunan bu qərarın icrası zamanı minlərlə güneyli Xəzər dənizində üst-üstə mindikləri gəmilərdə boğulmuş, böyük bir qismi isə sulara qərq olmuşdu. Bu azmış kimi o taydan bu taya gələn, burada ailə quran güneylilər vəziyyət düzələndən sonra dönmək ümidi ilə ailələrini, övladlarını Azərbaycanın quzeyində qoymuşdular. Bunun digər bir səbəbi də bu taydan olan ailə üzvlərinin sovet casusu kimi hədəfə alınıb zindanlara atılması qorxusu idi. Bu dəhşətli qorxular uzun sürdükcə o taydakı ərini, atasını, qardaşını gözü yaşlı gözləyənlər “Ürəyim yaralıdır, Təbrizə göndər” kədəri ilə bayatılar çağırır, onu laylaya, nəğməyə çevirir, “O taydan bu taya mühacirət edən, Şah rejimindən canını qurtarıb gələn Rübabə Muradovaya qoşulub

Sil, gözünün yaşını, 

Ağlama bəsdir

Qaragilə

– deyirdi. O taydakılar isə korun-korun yanır,

Mərəndə gəl,

Xar gülün dərəndə gəl,

Sağlığımda gəlmədin

Barı can verəndə gəl.

– harayı ilə həsrətin bəstəsini yaradırdılar. Bu, Şura hökuməti idi. Onun sözdən söz çıxarmağı, ev yıxmağı, yurd-yuva dağıtmağı var idi.

30-cu illərin dəhşətli repressiyalarından öncə Cümhuriyyət zamanı təsbit olunan əlifba, ana dili, dini etiqad azadlığı ləğv olunur. Mətbuat üzərinə senzura qoyulur. “Qlavlit”, “Xodsovet”, “Pedsovet” yaradılır. Ağabəyim Ağanın məşhur:

Əzizinəm, Qarabağ,

Qara salxım, qara bağ,

Tehran cənnətə dönsə,

Yaddan çıxmaz Qarabağ.

– bayatısının olduğu kimi ifası xanəndələrə yasaq edilir. Dillərə dastan bayatı bu şəkili alır:

Əzizinəm, Qarabağ,

Şəki, Şirvan, Qarabağ,

Aləm cənnətə dönsə,

Yaddan çıxmaz Qarabağ.

Quruluşun, zamanın diqtəsini, ağrı-acısını, xalq ruhunun kədərini özündə ehtiva edən əsərlərdən, xalq mahnılarından biri də “İrəvanda xal qalmadı” kimi təqdim olunan xalq mahnısı, daha doğrusu xalqın yaddaş ağrısı idi.

Bir mahnının tarixçəsi və ya sevginin kədər üzü

Ötən əsrin 80-ci illərinə qədər “Kərəmi”, “Ruhani”, “Mansarı”, “Dilqəmi” saz havaları kimi heç bir məclisdə qol qaldırılıb süzülməyən “İrəvanda xan qalmadı” xalq mahnısı “xan” sözünü “xal” ifadəsi ilə əvəz etsə də, düz bir əsr başqa biçimdə təqdim olunub. Əfsanəyə görə “İrəvanda xal qalmadı” mahnısı Cabbar Qaryağdıoğlu İrəvanın məşhur milyonçularından biri, Məşədi Ələsgərin qardaşı oğlu Əkbər bəyin toyunu aparırmış, toy boyu bəyin tərifi gedir. Qızın atası Cabbar əmiyə yaxınlaşıb qızının – gəlinin də tərifini istəyir. O zamanlar bəy toyunda gəlin iştirak etməzmiş. Guya Cabbar əmi gəlinin atasından qızının “nəm-nişanını” soruşur. Gəlinin atası da, qızının üzündə qoşa xal olduğunu deyir.

Yüz illər bundan öncə Azərbaycanın mənəvi mühitini bilənlər bilir ki, istər gəlin, istərsə də bəy toyunda qızın ata-anası üzdə olmazdı. Bu vəzifəni nəslin ağsaqqal və ağbirçəkləri, gəlin və bəyin yengəsi, vəkili, soldış və sağdışı öz üzərinə alardı.

Qürur, qeyrət, ləyaqət – İrəvanın saray-siyasət dili

İrəvan kimi klassik saray ənənələrinə, Osmanlı, Səfəvi, Qacar və Əfşar müqəddəsliyinə bağlı olan bir diyarda, kəcavəsi bəzənən, gərdəyi biçilən, duvağı al-qumaşdan, ipəkdən seçilən, 40 gün toyu çalınan, 40 gün də gərdəkdə saxlanıb həya pərdəsi qorunan bir gəlinin atası bəy toyunda qızının tərifini istəməz, bunu qüruruna, qeyrətinə sığışdırmazdı.

İrəvanda xan qalmadı,

Daha məndə can qalmadı,

O xal nə xaldı, qoşa düzdürmüsən?

De, görüm nə xaldı qoşa düzdürmüsən?

Nə az, nə çox, düz yüz il “İrəvanda xal qalmadı” oxundu. Cabbar Qaryağdı oğlunun Qurban Pirimovun, Seyid Şuşinskinin, Sadıxcanın, Bülbülün, Xan Şuşinskinin, Yaqub Məmmədovun, Qədir Rüstəmovun, Baba Mahmudoğlunun, Elmira Rəhimovanın ifasında ruhun qida yeri olan, hətta Elmira Rəhimova və Baba Mahmudoğlunun ifasında duet olaraq Azərbaycan Radiosunda lentə alınan əsər əslində özündə daha kədərli faktı, milli dövlətçilik və milli mənəvi dəyərlər tariximizlə bağlı həqiqəti ehtiva edir.

Əməkdar elm xadimi, professor Məhərrəm Qasımlının tədqiqatlarından, Azərbaycan Folkloru Antologiyasından əldə olunan məlumatlara istinad edərək deyə bilərik ki, “yeddi bənddən və hər bəndi də yeddi misradan ibarət olan mahnı İrəvan kəlməsi ilə başlayır. Milli mənlik, milli kimlik uğrunda mücadiləni, Çar Rusiyasının “Qafqazı parçala, hökm sür!” siyasətini, irticanı əks etdirən əsərin ana xəttini başqa mətləb təşkil etsə də, misralar sevgi üzərində təqdim olunur:

İrəvanda xan qalmadı,

Gəncədə sultan qalmadı,

Daha məndə can qalmadı,

Ay qız, o xal nə xaldır?

Sən ora düzdürmüsən?

Ay qız o nə xaldır?

Sən üzə düzdürmüsən?

“Misralardan da göründüyü kimi sanki təzad var: xanla, sultanla başlayan misralar sonradan bir gözəlin tərifinə, vəsfinə çevrilir”. Tarixi həqiqətin girdabında əriyən xalq ötən əsrin 80-ci illərində milli müstəqilliyin, “Qarbaçov perestoykasının” imkanlarından istifadə edib, əsl həqiqəti, özü də tarixi həqiqəti yerinə qoyur. “İrəvanda qalmayan xanın, Gəncədə qalmayan sultanın xal yolunda, yar yolunda deyil, azadlıq yolunda Xala – Qara xala döndüyünü sübut edir.

Firudin Şuşinskinin üzə çıxardığı həqiqət

Milli-mənəvi dəyərlər tariximizdə Şuşinksi imzası, künyəsi ilə sənətin, səltənətin sultanı olan bir cüt qoşa qanadın, Seyid Şuşinski və Xan Şuşinskidən sonra Firudin Şuşinski boy verdi. Azərbaycan muğamlarının ustad bilicisi, milli muğam məktəblərinin və xalq mahnılarının məşhur tədqiqatçısı professor Firudin Şuşinski. Məhz bu mütəfəkkir alimin iradəsi, ciddi tədqiqatları sayəsində Şirvan, Abşeron, Qarabağ musiqi, muğam mühitləri, muğam ifaçıları, xalq mahnılarında ehtiva olunan əsas mətləblər üzə çıxarıldı. Məhz bu qüdrətli alim sübut etdi ki, Cabbar Əmiyə qədər lentə yazılan “İrəvanda xan qalmadı” xalq mahnısı məhz Çar Rusiyasının diqtəsi ilə ortadan götürülüb. Cabbar əmi hadisəni yaşatmaq, faktı qorumaq üçün onun sonuna “Bir gözəlin vəsfini” əlavə edib. “İrəvanda xanın, Gəncədə sultanın qalmadı”ğını, xalqın yaddaşında xala döndüyünü sənətin dili ilə aləmə yayıb.

Qraf Paskeviç imperator tərəfindən “Qraf Erivanski” tituluna layiq görüldü

Qədim tarixə, zəngin mədəniyyətə, strateji əhəmiyyətə malik olan İrəvan xanlığını, Çuxur Sadd bəylərbəyliyini, “Osmanlı dövləti ilə Qacarlar dövləti arasında strateji mövqedə yerləşən İrəvan qalasını ələ keçirmək Rusiya üçün də böyük əhəmiyyət kəsb edirdi. Lakin rus qoşunlarının 1804 və 1808-ci illərdə İrəvan qalasını ələ keçirmək cəhdləri puç olmuşdu. 20 ildən artıq müddətdə rus qoşunlarının fasilələrlə hücumuna igidliklə tab gətirən İrəvan qalası, nəhayət 1827-ci il oktyabrın 1-də ermənilərin qala divarlarının zəif yerlərini rus komandanlığına nişan verməsi nəticəsində süqut etdi. Qaladan kənardakı düşərgəsində olan

Paskeviçə İrəvan qalasının alınması xəbəri çatanda artıq rus əsgərləri talana başlamışdılar. Qaladakı evlərin hamısı top mərmilərindən yerlə-yeksan olmuş, küçələr meyitlərlə dolmuşdu. Oktyabrın 2-də qalanın cənub darvazasının önündə qələbə paradı keçirilmişdi. Zəfər marşı çalınmış və toplardan yaylım atəşi açılmışdı. Bu zaman zədələnmiş qala divarlarının bir hissəsi uçmuş, çoxlu insan tələf olmuşdu. İrəvan qalasının alınmasına görə Paskeviç imperator tərəfindən “Qraf Erivanski” tituluna və II dərəcəli Müqəddəs Georgi ordeninə layiq görülmüşdü. Digər generallar da yüksək mükafatlar almışdılar. Bir müddət sonra “İrəvan qalasının alınması uğrunda” xüsusi medal da təsis edilmişdi. İmperatorun buyruğu ilə arxiyepiskop Nerses İrəvan xanlığının işğalı zamanı xidmətinə görə Müqəddəs Aleksandr Nevski ordeni ilə təltif edilmişdi. İrəvan qalasının alınması xəbəri Rusiya imperatoru I Nikolaya Riqada olarkən çatdırılmışdı. Həsən xanın qılıncını çara təqdim etmişdilər. Çar da öz növbəsində həmin qılıncı Riqada olmasının xatirəsi olaraq şəhər ratuşuna bağışlamışdı (Həmin qılınc hazırda Kremlin “Silahlar Palatası”nda saxlanılır). Peterburqa qayıtdıqdan sonra imperator noyabrın 8-də ailəsi ilə birlikdə Qış sarayındakı kilsəyə gedərək İrəvan qalasının alınması münasibəti ilə dualar etmişdilər. İrəvan qalasının işğalı zamanı götürülmüş açarları və dörd bayrağı paytaxt sakinlərinin alqış sədaları altında küçələrdə gəzdirilmişdi”.

İrəvanda tökülən günahsız qanı, mücahid, şəhid xanın və xanlığın faciəsini isə xalq öz yaddaşında qəm dəftərinə, kədər nəğməsinə çevirdi.

İrəvanda xan qalmadı,

Gəncədə sultan qalmadı.

O xan, nə xandır ora düzdürmüsən?

De görüm nə xandır, ora düzdürmüsən?

Daha məndə can qalmadı,

O xan nə xandır qoşa düzdürmüsən?

Çar mənim, xan mənim,

İxtiyar mənim,

Xalqa nə borcdur?

Belə düzdürmüşəm.

Çarım deyibdir,

Qoşa düzdürmüşəm.

102 ilin həqiqəti Sərdərabad qalasından Zəfər paradına

Bu müdhiş, müdhiş olduğu qədər də quruluşun, zamanın aynası olan əsərdə mühafizə olunub qorunan həqiqətdən sonra 1828-ci ildə bölünüb parçalanan Azərbaycan ikiyə bölündü. “Kürəkçay”, “Türkmənçay”, “Gülüstan” dağını daşıyan xalq Şərqin ilk Demokratik Cümhuriyyətini qurana qədər Sərkərdə-xaqan ucalığı əlindən alındı. “İrəvanda xal qalmadı” deyib dinlədiyimiz xalq mahnısı, xalqın yaddaşı kimi taleyimiz oldu. Çar cəlladları düz 300 il Azərbaycanda meydan suladı. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin iradəsi ilə Şuşa qalasında, Xudafərin körpüsündə Bayrağa dönən xalq “Qarabağ Azərbaycandır!” nidası ilə tarix yaratdı. 1827-ci il oktyabrında Sərdərabad qalasını, qala qarışıq İrəvan xanlığını işğal edən general Paskeviç xalqın qəzəbindən çəkinib xanın və oğlunun cənazəsini ay-qaranlıq gecədə torpağa verdi. Öncə isə İrəvan Şeyxülislamını çağırıb onların dəfnini təşkil etməsini əmr etdi. “O xan nə xandır qoşa düzdürmüsən?” “Çarım deyibdir, qoşa düzdürmüşəm” misraları belə yarandı. “Xal mənim, yar mənim” deyil, “Çar mənim, ixtiyar mənim” deyənlərin dərsi, üstündən 102 il ötəndən sonra Azadlıq Meydanında – Zəfər-Qələbə Paradında, 44 günlük Vətən Müharibəsindən sonra Qarabağdan, Şərqi Zəngəzurdan, döyüş bölgəsindən girov kimi gətirilən hərbi texnikanın nümayişi zamanı verildi. İrəvan qalasının açarlarını, xanın Qılıncını Riqada görüb qürrələnən, 1828-ci il martın 20-də İrəvan xanlığının ərazisində Erməni vilayəti yaradan I Nikolayın, general Paskeviçin ruhunun yerindən oynadığı gün, dünya Həsən xanı  –  Sarı Aslanı Peterburq zindanından xilas etdirən Fətəli şah Qacarın simasında mənsub olduğu millətin, məmləkətin əzəmətini etirafda bulundu.

“İrəvanda xan qalmadı, Gəncədə sultan qalmadı” kədəri ilə yaşayan, repressiya, mənəvi terror və müharibə illərində belə varlığını qoruyan millətin üstünə 20 Yanvar, Xocalı dəhşətləri zamanı da gecə gəldilər.

Tanrının ad verib, ordum dediyi əsil olan Türk Şuşa qalasına dan yeri söküləndə, Gün doğanda “Ruh bədənə girən kimi girdi!” Məlik şahın “Biz türklərik, bir ölər, min dirilərik!” nidası gerçəyə çevirdi.

Türkülər türkün taleyidi. “İrəvanda xan qalmadı” , “Çırpınırdı Qara dəniz”, “Ya azad ol, ya tamam yan”, “Ey Vətən”, “Ölkəm”, “Azərbaycan” nəğmələri eyni ruhun havası, həm də davasıdı! Bunu “Türkün şanlı bayrağını Qarabağdan asan”, onu Şəhid qanı ilə sulayan, ürəyinin başından, gözünün nurundan cücərdən Millətdən savayı kim anlayar ki?!

Şərəf Cəlilli

Loading

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Baki-baku.az bildirir ki, əfsanəyə görə, hər şey XIX əsrdə başlayıb