Nəşr edilmişdir 02/11/2025

Paylaşın

TARIXI ŞƏXSİYYƏTLƏR

İntihar edən Azərbaycan filosofu – Bakı küçələrinin adlarını daşıyanlar

Heydər Hüseynov

Bakının “20 Yanvar” ərazisində küçələrdən biri Heydər Hüseynovun adını daşıyır. Bəs biz Heydər Hüseynovun kim olduğunu bilirikmi?
Baki-baku.az həmin şəxsiyyətin həyatına nəzər salır.
Azərbaycan-sovet filosofu, ictimai xadim, elm təşkilatçısı, fəlsəfə elmləri doktoru, professor Heydər Nəcəf oğlu Hüseynov Azərbaycan SSR Elmlər Akademiyasının həqiqi üzvü və iki dəfə “Stalin” mükafatı laureatı olub.
O, 1908-ci il aprelin 3-də İrəvanda anadan olub. Böyük qardaşı Yusif 1918-ci ildə erməni dəstələri tərəfindən öldürüldükdən sonra ailələri əvvəl Batuma, sonra Stavropola, sonda Bakıya köçüblər.
Heydər Hüseynov Bakının 18 saylı məktəbini, sonra Lenin adına Pedaqoji Universitetin həm şərqşünaslıq, həm də pedaqoji fakültələrini bitirib, ərəb və fars dillərinə mükəmməl yiyələnib.
Əmək fəaliyyətinə pedaqoji texnikumun kitabxanasında başlayıb. Azərbaycan Dövlət Pedaqoji İnstitutunun ictimai elmlər fakültəsinin qiyabi şöbəsini bitirib. 1931–1932-ci illərdə Azərbaycan Elmi -Tədqiqat İnstitutunun aspirantı olub. 1936–1940-cı illərdə Heydər Hüseynov SSRİ Elmlər Akademiyası Azərbaycan filialı Ensiklopediya və Lüğətlər İnstitutunun direktoru təyin edilib.
1939–1945-ci illərdə SSRİ Elmlər Akademiyası Azərbaycan filialı sədrinin müavini, 1945–1950-ci illərdə Azərbaycan SSR Elmlər Akademiyasının vitse-prezidenti, eyni zamanda Akademiyanın ictimai elmlər bölməsinin sədri olub. 1943–1945-ci illərdə Azərbaycan Dövlət Universitetinin əvvəl marksizm-leninizmin əsasları, sonra fəlsəfə kafedrasının müdiri, 1945–1950-ci illərdə Azərbaycan KP MK yanında Partiya Tarixi İnstitutunun direktoru vəzifəsində çalışıb.
Heydər Hüseynov 1930-cu illərdə fəlsəfə elmini tədris etməklə bərabər Azərbaycan dilində fəlsəfəyə aid “Dialektik materializm”, “Dialektika və metafizika”, “Dialektika və tarixi materializm” adlı ilk dərsliklərini filosof Əhməd ağa ilə birlikdə yazıb.
1936-cı ildə Azərbaycan Sovet Ensiklopediyasının hazırlanmasında iştirak edib, 1940-cı ildə isə baş redaksiyaya rəhbərlik edib.

Heydər Hüseynov


Heydər Hüseynov 1939-cu ildə Tiflisdə “M. F. Axundovun fəlsəfi görüşləri” adlı dissertasiyasını, 1944-cü ildə doktorluq dissertasiyasını müdafiə edib, həmin il professor elmi adını alıb.
Heydər Hüseynov tarix və fəlsəfə elminin inkişafına böyük töhfə verib. Azərbaycan tərcümə məktəbinin əsasını qoyub, ilk azərbaycan-rus və rus-azərbaycan lüğətinin redaktorlarından olub. O 100-dən çox elmi məqalə yazıb. Bəhmənyar, Nizami Gəncəvi, Füzuli, Abbasqulu ağa Bakıxanov, Mirzə Kazım bəy, Mirzə Fətəli Axundov, Həsən bəy Zərdabi haqqında ciddi tədqiqat işi aparıb.
Həmin dövrdən Heydər Hüseynov 733 səhifəlik ” XIX əsrdə Azərbaycan fəlsəfi və ictimai-siyasi fikrin tarixi haqqında” fundamental əsər yazıb və 1950-ci ilin mart ayında növbəti Stalin mükafatını alıb.
Heydər Hüseynovun yaradıcılığında mühüm yer tutan “XIX əsr Azərbaycan ictimai və fəlsəfi fikir tarixindən” adlı kitabı rus dilində yazılıb, əsər ilk dəfə 1949-cu ildə, ikinci dəfə 1958-ci ildə müəyyən ixtisarlarla çap edilib. Kitab Azərbaycan dilində ilk dəfə 2006-cı ildə çapdan çıxıb.
Bakı Dövlət Universitetində əsas Fəlsəfə auditoriyalarından biri onun adını daşıyır.
Heydər Hüseynovun elmi fəaliyyətinin mükafatlandırılmasına baxmayaraq, ona qarşı Respublika rəhbərliyində dözümsüzlük başlayır, şəxsən Mircəfər Bağırov tərəfindən kəskin tənqid edilir. 1950-ci ilin mayında Kommunist Partiyasının MK Bürosunun iclasında ciddi tənqid edilir. Onun XIX əsrdə Qafqaz fəlsəfi fikrinin tədqiqi müridizmin təbliği, sufizmin təqdiri kimi qəbul edilir. Azərbaycan KP MK SSRİ Nazirlər Soveti qarşısında onun aldığı Stalin mükafatlarından məhrum edilməsi vəsadətini qaldırır və vəsadət təmin edilir.
Hüseynov Kommunist Partiyasından çıxarılır və Elmlər Akademiyasındakı vəzifələrindən azad edilir. Dövlət orqanları və bəzi həmkarları tərəfindən əsassız təqiblərə məruz qalır. Təzyiqlərə dözməyən və həbs ediləcəyini təxmin edən filosof 1950-ci il avqustun 15-də damarlarını kəsməklə intihar edir.
Qeyd edək ki, Heydər Hüseynov küçəsi daha əvvəl 2-ci Alatava adını daşıyıb.

Loading

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Fevralın 28-də ilin ikinci “planetlərin böyük paradı” müşahidə olunacaq. Baki-baku.az xəbər verir ki, bu barədə Bakı Dövlət Universitetinin

Ən son

GÜNDƏM

Zəfəran (Crocus sativus) bitkidir. İncə ləçəklərinə baxmayaraq, özündən sonra qalıcı iz qoyan, tarixi mənbələrə görə,

GÜNDƏM

Zəfəran (Crocus sativus) bitkidir. İncə ləçəklərinə baxmayaraq, özündən sonra qalıcı iz qoyan, tarixi mənbələrə görə,