Qurban Bayramı İslam aləminin ən müqəddəs və əziz bayramlarındandır. Bu bayram sadəcə bir dini mərasim deyil, dərin mənəvi və ictimai dəyərləri özündə ehtiva edən bayramdır. Hər il hicri təqvimi ilə Zilhiccə ayının 10-cu günü başlayan və dörd gün davam edən bu bayram İslam mədəniyyətini çevrələyən ölkələrdə qeyd olunur. Birlik, bütövlük rəmzi kimi ruhlara hakim olan Qurban bayramı həm də mənəvi saflığın, müqəddəs hiss və duyğuların paylaşıldığı gündür. Qurban ayini İslamdan əvvəl də müxtəlif formalarda mövcud olmuşdur. Tarix boyu bir çox xalqlar öz Tanrılarının könlünü xoş etmək, razı salmaq üçün qurbanlar kəsiblər. Bu qurbanlar bəzən heyvanlar, bəzən insanlar uşaqlar, əsirlər, hətta bəzən könüllü şəxslər olub. Misirlilər, Atəşpərəstlər, qədim çinlilər və digər sivilizasiyalar bu yolu Tanrı ilə əlaqə qurmaq vasitəsi hesab ediblər. Lakin İslam dini bu anlayışı tamamilə dəyişdi. İslamda qurban zorakılıq deyil, mərhəmət; qorxu deyil, sevgi; itaət deyil, məhəbbət və Tanrıya yaxınlaşma vasitəsidir. Qurban artıq bir canın alınması yox, bir qəlbin təmizlənməsi, bir ruhun Tanrıya yönəlməsi üçün bir vasitəyə çevrildi. Qurban Bayramının əsasında duran ən böyük hadisə İbrahim Peyğəmbərin (ə) oğlu İsmayılı Tanrı yolunda qurban verməyə hazır olmasıdır. Qurani-Kərimin “Saffat” surəsində təsvir olunan bu möcüzəvi əhvalat İslam tarixinin ən təsirli iman sınaqlarından biridir. İbrahim Peyğəmbər bir gecə yuxuda oğlunu qurban etdiyini görür və bu yuxunun İlahi əmrin təcəssümü olduğunu anlayır. O, bu əmri tərəddüdsüz yerinə yetirməyə hazır olur. Oğlu İsmayıl da atasının əmrini qəbul edir, səbr və itaətlə qurban olmağa razı olur. Onların İlahi eşqi Tanrı tərəfindən yüksək qiymətləndirilir və Cəbrayıl (ə) göydən bir qoç gətirir. Bu hadisə o gündən etibarən qurban anlayışına yeni bir ruh verir: Tanrı insandan onun canını deyil, qəlbindəki iman və sədaqəti istəyir. Qurban ibadəti İslam dinində hicrətin ikinci ilindən etibarən əmr edilmiş və dərin mənəvi, sosial və dini əhəmiyyət kəsb edən bir əməldir. Quranda belə buyurulur:“Nə onların ətləri, nə də qanları Allaha çatır. Allaha yalnız sizin təqvanız (səmimi niyyətiniz) çatır.” (əl-Həcc, 37)İslamda qurban kəsmək maddi imkanlara görə müəyyənləşir. Yəni hər bir müsəlmana vacib deyil yalnız maliyyə baxımından imkanı olan şəxslərə vacib sayılır. Borc alıb qurban kəsmək tövsiyə edilmir, çünki bu ibadət yalnız maddi güc deyil, eyni zamanda şüurlu və təmiz niyyət tələb edir. Qurbanın əti üç yerə bölünür: bir hissəsi öz ailəsinə, biri qohum-qonşulara, digəri isə kasıblara və ehtiyac sahiblərinə paylanır. Bu paylama qaydası Qurban Bayramının sosial funksiyasını üzə çıxarır. Zənginlə kasıbın bir süfrəyə oturması, ictimai ədalətin və insan sevgisinin bütövləşdirit. İslamda qurbanı ifadə edən müxtəlif terminlər vardır: Zəbh: Qurbanlıq heyvanın dini qaydalara uyğun kəsilməsi. Nəhr: Dəvə üçün istifadə olunan xüsusi kəsmə üsulu (sinə nahiyəsinə sancılan kəsici alətlə).Udhiyyə: Bayram günü Tanrı yolunda kəsilən heyvana verilən ad. Hədy: Həcc mərasimi zamanı ehram qadağası pozularsa və ya ibadətin tamamlanması üçün Kəbəyə göndərilən qurban. Bu terminlərin hər biri qurbanın mahiyyətində olan Tanrıya yaxınlıq, itaət və səmimiyyətin fərqli aspektlərini açıqlayır. Qurban Bayramı müasir dövrdə yalnız dini bir ibadət deyil, həm də cəmiyyətlər arasında empati, birlik və sosial məsuliyyət hissini gücləndirən bir vasitəyə çevrilmişdir. 1992-ci ildən ölkəmizdə rəsmi dövlət bayramı kimi qeyd edilən Qurban Bayramı milli-mənəvi dəyərlərin təcəssümü kimi qeyd olunur. Hər il minlərlə ailəyə, ehtiyac sahiblərinə yardım edilir. Qurban Bayramı təkcə qurban kəsmə ibadəti ilə deyil, həm də Həcc ziyarəti ilə sıx bağlıdır. Hər il milyonlarla müsəlman dünya ölkələrindən axın-axın müqəddəs Məkkəyə-Kəbə evinə üz tutaraq İslamın beş şərtindən biri olan Həcc ibadətini yerinə yetirir. Bu ibadət, imkanı olan hər bir müsəlmana həyatında bir dəfə vacib sayılır. Həcc sadəcə bir səfər deyil; bu, insanın bütün mənəviyyatını saflaşdıran, ruhunu yuyub təmizləyən, onu yenidən doğulmuş kimi hiss etdirən müqəddəs bir yolçuluqdur. Bu ziyarət zamanı müsəlmanlar ehrama bürünərək, rütbələrindən, statuslarından, milliyyətlərindən və sərvətlərindən azad olurlar. Hər kəs bərabərdir Tanrı qarşısında yalnız təqva fərq yaradır. Həccin əsas mərhələlərindən biri də Zilhiccə ayının 10-cu günündə Mina vadisində qurban kəsməkdir. Bu qurban Həccin vacib şərtlərindən sayılır və İbrahim Peyğəmbərin fədakarlığının simvolik mənasını özündə ehtiva edir. Həcc ziyarətində kəsilən qurbana “Hədy qurbanı” deyilir və bu qurban da ehtiyac sahiblərinə paylanır. Bununla yanaşı, şeytanın daşlanması, Ərəfatda dayanmaq, Kəbəni təvaf etmək və Səfa-Mərvə arasında yürüş kimi mərasimlər icra olunur. Həcc ziyarəti də, Qurban kəsmə törənidə Tanrı qarşısında bir imtahandır. Qurban kəsmək bir öhdəlik deyil, Tanrıya sonsuz sevginin əlamətidir. Müqəddəs Qurban bayramında icra olunan Həcc ziyarəti də haqqdan qopub gələnlərin haqqa doğru uzanan yolda bir körpüsü, sınağı, imtahanıdır. Həcc ziyarəti də, sadə bir ziyarət, səfər deyil, bəndənin Tanrı ilə arasındakı Vəhdəti-vücud məqamına açılan pəncərəsidir.

Hər il Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və ölkənin Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva vətəndaşları və dünya müsəlmanlarına təbrik məktubları ünvanlayırlar.
Biz bir millət, məmləkət olaraq düz bir qərinə-30 il Tanrıya əl açıb: “Gün o gün, olsun ki, Qurban bayramını Şuşada, Qarabağda, düşmən tapdağında olan torpaqlarımızda qeyd edək!” dedik. Artıq 5 ildir Şuşada, Qarabağda, Şərqi Zəngəzurda, Xankəndində, Gövhər Ağa məscidində, Ağdam Cümə məscidində qurbanlar kəsilir. Tanrı Zəngəzur dəhlizində, Qərbi Azərbaycanda, Borçalıda, Dəmirqapı Dərbənddə, Arazın o tayında, tarixi torpaqlarımızda da bizə qurbanlar kəsməyi nəsib etsin!
Şərəf Cəlilli