İstanbuldan Sarp dərəsinə Gürcüstan sınırına 1048 kilometr məsafə var. Təyyarə ilə uçuş insanın 14 saatını alır. Bu torpaqlar Osmanlı imperiyasının bir parçası olsa da, başından qanlar-qadalar, ayrılıqlar keçib. Türkiyənin ən ucqar nöqtəsində – şimal ağzında yerləşən Sarp indi sınır məftillərinin, özü də tikanlı məftillərin diyarıdır. 1921-ci ildə bu köy ortadan ikiyə bölünərkən kiçik bir nehrin sahillərində qərar tutdu. Bununla da, qohumlar, doğmalar, ailələr param-parça oldu. “Arazı ayırdılar, qan ilə doyurdular, mən səndən ayrılmazdım, zülm ilə ayırdılar”, deyən Azərbaycan türkləri kimi Sarp lazları da, “Mən səndən ayrılmazdım”, deyib zamanın zülmünə – bolşevik Rusiyasının sərt qərarına boyun əydilər. Türkiyənin şimal sərhədində yerləşən bir tərəfi Şura hökumətinin bolşevik Rusiyasının basqısı altında qalsa belə, milli-mənəvi və dini dəyərlərini qoruyan, digər tərəfi doğmalarına həsrət qalan Sarpın ağlına gəlməzdi ki, bir gün Sarp dərəsi, nehri ilə ikiyə bölünəcək. Gürcüstana düşən hissəsi Sarpi, Türkiyə Cümhuriyyətinə aid hissəsi Sarp adlanacaq. Bu qədim laz köyü əski gələnəkləri qorusa da, həsrət, hicran adlı 85 ildir davam edən acısını çəkmək məcburiyyətində qaldı. Araz çayı ilə o tay bu taya bölünən köylərimiz kimi Sarp dərəsi, Sarp çayı ilə bölünən sarplılar bu gün də birlik, bütövlük uğrunda mənəvi mücadilələrini davam etdirirlər. Siyasi xəritələri cızanları, bu tarixi günaha qol qoyanları qınayır, 85 illik həsrətə intizara baxmayaraq, sarplılar Sarpi vətəndaşı kimi ömür sürsələr də, hələ 30-cu illərin dəhşətli repressiyalarında belə dillərini, dinlərini, mədəniyyətlərini, adət-ənənələrini qoruyub yaşatdılar. Ən ağır illərdə repressiyanın tüğyan etdiyi zamanlarda belə cənazə namazı qılıb dünyadan gedənlərini dini qaydalara uyğun, təntənəli mərasimlərlə yola sala bilməsələr də, kimsə onları dinlərindən döndərə bilməyib, namazını qılıb, orucunu tutan sarpılara kimsə Qurban bayramını qeyd etməyi yasaq edə bilməyib.
1921-ci ildə tam ortasından keçən dərə ilə ikiyə bölünən Sarp və Sarpi kimi dünya xəritəsində yer alan Sarp və Sarpi kimi yüzillər boyu Osmanlı saray qanunları ilə idarə olunsa da, bolşevik Rusiyasının bəlalarından yan keçə bilmədi. Baxmayaraq ki, hələ o dönəmlərdə belə, dini və milli dəyişikliklər, təbəddülatlar görmüşdü. Bir müsəlman köyünün xristianlığa dönüşü 1877-1878-ci illərdə Osmanlı Rusiya savaşı ilə Çar Rusiyası Sarp köyünü ələ keçirərək onu öz təsir dərsinə aldı. Savaşdan sonra yerli əhali islam dəyərlərinə, inanclarına söykənib, köylərini, köyləriqarışıq varlıqlarını qorudular. Sarp və sarplılar bölünmənin acısını məhz inqilabın gəlişi ilə yaşadı. Qars müqaviləsinin şərtlərinə uyğun olaraq bir çox sınır hissələrini itirən Türkiyənin itkiləri içərisində Anadoluya aid torpaqlarla yanaşı, Axıska türklərinə və sarplılara məxsus ərazilər də vardı. 1917-ci ildə çar Rusiyasında cərəyan edən hadisələr, inqilabi dəyişikliklər 1918-ci ildə Zaqafqaziya Seyminin ləğvi, Gürcüstanın müstəqilliyi ilə nəticələndi. Zaqafqaziya Seymindən çıxan, 1918-ci il mayın 26-da özgürlüyünə nail olan istiqlaliyyətini əldə edən Gürcüstan yeni dövlət idarəçilik sistemi ilə Güney Qafqazın siyasi mənzərəsini dəyişdi. Bu dəyişiklik nəticəsində taleyin sərt üzündən zərbə alam Gürcüstan sınırları içərisində qalan bir köy oldu Sarp!
1921-ci ildə isə bolşevik Rusiyasının Gürcüstan dövlətinin qərarı ilə qeyd etdiyimiz kimi köyün ortasından keçən dərə ilə Sarp ikiyə bölündü. Eyni dərədə, çayda xalça, palaz, pal-paltar yuyan, o taydan bu taya çayı körpüsüz keçən, xeyir-şər məclislərinə gedən-gələn, qız köçürüb, gəlin gətirən sarplılar, bir də gözlərini o zaman açdılar ki, sinələrinin üstündə tikanlı sərhəd məftilləri əkilib, gözətçi məntəqələri tikilib, silahlı əsgərlərin mühafizə qərargahları qurulub…
Çıxarılan əncir ağacı, əkilən sınır məftilləri
Tarixi mənbələrə istinad edərək qeyd edə bilərik ki, əslində Sarp dərəsində iki dərə, mövcud imiş, Böyük və Kiçik Dərə. Delmitasiya və demorkasiya məsələləri ilə bağlı Sarpa gələn heyət Böyük dərənin yanındakı əncir ağacının sınırını şərti olaraq sərhəd kimi qeydə alırlar. Sarpın sakinləri əncir ağacının bulunduğu yeri sınır hissəsi kimi qəbul etmədiyindən gecə ilə ağacı çıxarır və istədikləri hissəyə əkirlər. Səhəri gün yenidən gələn rəsmi şəxslər sərhədi dünən düşündükləri kimi əncir ağacının mövcud olduğu yerdə müəyyən edirlər. İstəmədikləri, arzulamadıqları yeri beləcə sərhəd hissəsi kimi qəbul etməyən sarplılar Moskvadan və Tiflisdən gələn bolşevik topoqraflara yerlərini göstərir, onları “Osmanlının tokatı” ilə müjdələyirlər. Əncir ağacını Böyük dərənin ətəyindən söküb, kiçik dərənin qırağına əkməklə, indiki Sarpın və Sarpinin arasındakı məsafəni kiçildirlər.
Bir gün sökülən dünyaya yeni düzən-mizan gələrsə paralanmış köy iki addımlıq məsafədə əl boyda, ürək boyda taxta körpü olə bütöv ola bilər.

Fateh Mehmetin Trabzon fəthindən nişanə
Fateh Sultan Mehmet Qara dəniz sınırını, Trabzonu iradəsinə tabe etməklə, onu 1500-cü ildə Osmanlının təsir dairəsinə almaqla Sarp dərəsinin tarixi əhəmiyyəti bir qədər də artdı. Sarp dərəsinin Çar Rusiyası tərəfindən diqqət mərkəzində olması da bu faktla bağlı idi. Osmanlı imperiyası dönəmində dini və milli dəyərlərini qoruyan Sarp Çar Rusiyası zamanı təkcə basqılara, delmitasiya və demorkasiya gərginliklərinə məruz qalmadı, həm də varlığı uğrunda mücadiləyə məcbur oldu. 1600-1700-cü illərdə müsəlman olaraq ömür sürən, islamı könüllü qəbul edən Sarpın bir müsəlman köyü olaraq digər müsəlman xalqları kimi Osmanlının bütün qayğıları ilə əhatə olundu. 1500-cü ildə əsgəri xidmətdə vergi sistemində və ticari münasibətlərdə onlara kimsə maneə olmadı. Saray və səltənət qanunlarına hörmətlə yanaşan, nüfuz sahibinə çevrilən 1500-cü ildən bölgədə kadı, mədrəsə və təriqət sisteminin inkişafı ilə birlikdə, gürcü şahzadələrinin nüfuzunun azalması da lazların islama gəlişi üçün əsas şərtlərdən oldu. 1803-cü ilin ortasında isə Batum və çevrəsi nəqşibəndi – xalidi şeyxlərinin, mədrəsələr qurub, imamlar yetişdirmələri, imkanl-imkansız demədən dini ayrı seçkilik yaratmadan bütün ailələrin övladlarını mədrəsələrə qəbul etməklə təsir dairələrini genişləndirdilər. Bu səbəbdən də 1803-cü ilin sonlarında Qara dənizin bütün sahilləri demək olar ki, islamı qəbul etmiş, müsəlman dəyərləri ilə idarə olunmağa başlamışdı. İslamı könüllü qəbul edən lazların xristianlıqdan dönmələrinin iki səbəbi vardı ki, tədqiqatçılar onu bu şəkildə ifadə edirlər: Lazlar islamı könüllü qəbul etmişdir; Osmanlı bu addımlarını təqdir edərək onlara xüsusi imtiyazlar vermişdir.
Camilər, mədrəsələr bağlandı, mücahidlər güllələndi
1921-ci ildə Şura hökumətinin qanunlarına tabe olmaq məcburiyyətində qalan digər Qafqaz xalqları kimi yeni quruluşdan çox böyük dəyişikliklər gözləsələr də, düşünüldüyü kimi olmadı. Olanlar tərsinə oldu, Sovetlərə deyil, çar Rusiyasına aid olan yörə sərhəd məntəqəsinə çevrildi. Stalin rejiminin gətirdiyi yasaqlar tarixi ənənələrinə, dil və mədəniyyətlərinə qarşı təzyiqlərlə üzləşən lazlar bir də onda gözlərini açdılar ki, Acarıstan Respublikasının tərkibinə veriliblər. Acarıstanın, daha doğrusu, Şura hökumətinin basqısı altında qalan lazlar müsəlman dininə mənsub olduqları üçün təhdidlərə, təzyiqlərə məruz qaldılar. (Onu da qeyd edək ki, Osmanlı zamanında lazlara olan xüsusi münasibət, onların da Osmanlıya və islama sayğısı ilə bağlı idi.) Milli kimliyinə görə deyil, dini mənsubiyyətinə görə digər sovet vətəndaşlarına məxsus olan imtiyazları əllərindən alınan lazları sındırmaq üçün Stalin rejimi Sarpda və Sarpi dərəsi istiqamətində olan bütün istehsal müəssisələrini ləğv etdi, sarplıları sıxıntılarla üz-üzə qoydu. Cami və mədrəsələrin bağlanması, onların kluba, anbara çevrilməsi, din adamlarının sürgünə göndərilməsi, dini kitabların təndirlərə atılaraq oda qalanması, sarplıları, repressiyanın girdabında boğdu. Quru çörək üçün əkin-biçin sahələrində kolxozlarda çalışan lazlar ölüm-qalım savaşına çıxdılar.
Qızıl ordunun qırmızı terrorunun növbəti dalğası
1930-cu ildən sonra isə qadınların baş örtüsü taxmaları, yaylıq bağlamaları belə yasaq olundu. Bu Qızıl ordunun qırmızı terrorunun növbəti dalğası idi. Sarp keçidində, Sarp dərəsində Sarpın kiçik nehrində bərq vurdu – qan rəngində! Qorxu və basqı, təhdid və təcavüz imperiyanın xisləti – Sarp dərəsinin kədəri idi. İslam və Osmanlı sevgisinə görə basqılara məruz qalan Sarp lazları “Haqdan dönənə haqq qənim olsun!” deyib gecələr namaza durar, gündüzlər orucunu gizlin tutar, qurbanlarını qaranlıq gecələrdə kəsərdilər. Bu dəhşətlərin lazlarla birlikdə müsəlman gürcülərə də yansıması, imperiyanın xisləti idi. Onlar basqılara, təhdid və təcavüzlərə baxmayaraq inanclarını qoruyur. Cənazələrini üç-dörd gün saxlayır, cənazə namazını gizlincə qıldıqdan sonra torpağa verirdilər. Sovet idarəçiliyi, Çar Rusiyası zamanında bir çox gürcülər islamı yenidən xristianlığa dəyişsələr də, lazlar və çevrələrindəki müsəlman xalqlar dini etiqadından, islam inancından dönmədilər. Sarpın da ayrılmaz tərkib hissəsi olduğu Batum – Acar yörəsi ateizmin girdabına atıldığı illərdə məktəblərdə ana dilinin tədrisi yasaq edildi, məscidlər, mədrəsələr söküldü. Ramazan ayında belə təhdidlərlə üzləşən Sarp lazları bu yörənin digər müsəlman sakinləri kimi bayram namazlarını belə evlərdə qılır, dualarını belə gizlin şəkildə gecələr etmək məcburiyyətində qalırdılar. Buna baxmayaraq, bayram lokumu tökər, bayram şirniyyatları bişirər, çörək, börək yaymaqdan, yuxa-fətir açmaqdan çəkinməzdilər…
Ahılların ağbirçəklərin və ağsaqqalların dirənişi İkinci dünya müharibəsinin başlanmasına qədər davam etdi. Bolşevik Rusiyasının, Stalin rejiminin başı alman faşizmi ilə mübarizəyə qarışdı. Müsəlmanların ön və arxa cəbhədə Böyük Vətən üçün göstərdiyi fədakarlıq Stalini, Leninin dini etiqad azadlığı haqqında direktivini ləğv etməyə məcbur etdi. Sarp köyü etnik kökəni etibarilə laz idi, laz dili onların ana dili idi. Bu dil onların genetik yaddaşı, milli kimliyi idi. “Dilim ölsə, mən də ölləm”, deyən lazların ötən əsrin 18-ci illərində ana dilində məktəbləri, mətbu orqanları qurulsa da, Şura hökuməti onu 30-cu illərdə yasaq etmiş, bu azmış kimi, laz dilində bütün yayım vasitələri dayandırılmış, laz xalqına məxsus intellektual potensial təqibə məruz qalmış, 30-cu illərin məşum, müdhiş repressiyasının qurbanına çevrilmiş, edam kötüyünə qaldırılmış, köy əhlinin gözü qabağında güllələnmişdi. Sovet Gürcüstanının bütün zərbələrini dadan lazlar gürcü və rus dillərində danışmağa, həmin dillərdə mövcud olan məktəblərdə, tədris mərkəzlərində təhsil almağa məcbur edilmişdilər. Dilindən, dinindən başqa hər şeyi əlindən gedən, kimliyi basqıya məruz qalan, ana dilində oxumaq, yazmaq, qəzet kitab çıxarmaq kimi özəl haqları əlindən alınan sənətin, mədəniyyətin, teatrın inkişafına töhfələr verən lazlar SSRİ-nin dağılması, Sarp keçidinin tikintisi ilə dirçəlişin dastanını yazmağa başladılar.
Turqut Özal – Sarpın sərt qərarlı lideri
1989-cu ildə Gürcüstanla Türkiyə Cümhuriyyəti arasında Sarp keçidinin tikilməsi ilə bolşevik Rusiyasının təhdidi nəticəsində gürcü mədəniyyəti çərçivəsində əridilməyə məhkum edilən 1921-1938-ci illərdə iki dəfə bölünüb parçalanmaq məcburiyyətində qalan Sarp köyünün taleyində yeni mərhələ başladı. Sarp və Sarpi arasında gediş-gəliş asanlaşdı. Yaranan münbit mühitdən istifadə edən milli kimlik, milli mənlik uğrunda mücadilədən dönməyən, sarplı köylülərə ana dilində yazıb oxumağı öyrədən, onlara Qurani-Kərimdən surələri, ayələri əzbərlədən, namaz qılıb oruc tutmağın yollarını başa salan, ömrünün çoxu gedib azı qalan Məhərrəm Avni Ankaraya varır. Dəfələrlə gedib-gəldikdən sonra nəhayət, Türkiyə Cümhuriyyətinin VIII prezidenti Turqut Özalla görüşür. Qəbul zamanı gavurların içində qalan, dil içində dil, din içində din saxlayan sarplılar və yörənin digər müsəlman əhalisi üçün caminin yapılmasına dəstək verilməsini xahiş edir. Məmurlardan birinin “Ehtiyac yoxdur. hələ sovetlərin dönməsinə inam qalır”, deməsinə rəğmən, unudulmaz Turqut Özal “Məscid yapılacaq, Fatehin xalqına, Peyğəmbərin ümmətinə dəstək veriləcək!” deyə qərar alır. (Bu Turqut Özal idi ki, millətdən, dindən, milli kimlikdən danışmasa da, onun taleyi ilə bağlı qərarları almaqdan çəkinməmiş, Sultan Səlimin Osmanlıya gətirdiyi Peyğəmbərin (ə.s.ə.) “Qudsal əmanətləri”nin başının üstündə Qurani-Kərimin dayanmadan oxunmasını fərmanını bərpa etmişdir. Qeyd edək ki, Sultan Səlimin 441 il qüvvədə olan fərmanı Atatürk hakimiyyətə başladıqdan üç gün sonra ləğv edilmişdir. Turqun Özalın Azərbaycanın ən çətin günlərində, Qarabağda qan su yerinə axdığı ərəfədə Azərbaycana rəsmi dövlət səfərinə gəlməsi isə Çar Rusiyasına verilən növbəti dərs idi.)
Türkiyə Cümhuriyyəti və Gürcüstan Respublikası ilə sınırda bir köy var o tərəfinə Sarp, bu tərəfinə Sarpi deyirlər. Sarpidə bir Məhərrəm dayı vardı, Sarpda isə Məhəmməd əmi. Məhəmməd əmi Əncir ağacının yerinin böyük nihrini ətəyindən qoparıb kiçik nehrin ətəyinə əkdi. Sarpı ikiyə bölənlərə görk olsun deyə. Məhərrəm dayı Sarp keçidini keçdi, “Ümid aslan əlindədir”, deyib Turqut Özala vardı. Turqut Özal cami tikdirmək üçün fərman verdi. Osmanlı imperiyası ilə Kartli-Kaxeti çarlığı arasında bir köy var. Bu üzü Sarp, o üzü Sarpi adı gələndə dilimizə ilk xitab edən kəlmə sap olur. Corab da, xalı-xalça da sapla toxunur. Bolşevik Rusiyası, Stalin rejimi Sarpın başına corab toxudu. Sonra kələfinin ucunu itirdi…
Fateh Mehmet Trabzonu fəth edəndə, Turqut Özal Sarpda məscid tikdirəndə yaddaş xalısı toxudu. Nikolayın, Stalinin, bütün cəlladların insana, insanlığa öz münasibəti, türk-müsəlmanın öz baxış bucağı var. Dünyanın Sarpı, Sarpisi, Sarpinin Camisi, müsəlman lazların Turqut Ozal kimi hamisi olmasaydı, Fərman Kərimzadə Kərbəlayi İsmayılın dili ilə çətin ki, söyləyərdi: “Şura hökumətinin topu-tüfəngi, cəbbəxanası, bizim də qürurumuz, qeyrətimiz, namusumuz, Allahımız, Quranımız, azanımız var…
Şərəf Cəlilli