İkinci yazı
Mahmud Ağanın əzəmətli malikanəsində təkcə şeir gecələri, muğam məclisləri təşkil olunmurdu, dövrün ictimai-siyasi prosesləri müzakirə edilirdi
Mahmud ağa təkcə sənətin, mədəniyyətin himayədarı deyildi. O, həm də, atası Əhməd Sultan ağa ilə birlikdə Şamaxıda mədrəsələr açır, məscidlər tikir, Qəza məktəblərinin fəaliyyətinə töhfələr verir, kəhrizlər, ovdanlar qazdırır. Saxsı borularla məhəllələrə su çəkdirir, bağ saldırır, yollar, körpülər inşa edir. Bu azmış kimi, Şamaxı qəza məktəbini bitirən 100-dən çox şagirdin Rusiyanın ayrı-ayrı şəhərlərində təhsil alması üçün sərmayə ayırır ki, onların sırasında Məmmədtağı Əlizadə kimi I Rusiya Dumasının üzvü olan tarixi şəxsiyyət vardı. Sonralar Məmmədtağı Əlizadə Həsən bəy Zərdabinin təməlini qoyduğu “Əkinçi” qəzetində mütamdi yazılarla çıxış edəcək, imzasının hökmü ilə varlığını sübut edəcəkdi. Quruluş dəyişdikdən, Çar Rusiyası devrildikdən sonra isə, Məmmədtağı Əlizadə Vətənə – Şamaxıya dönmüşdü. 1918-ci il Soyqırımı zamanı erməni daşnaklarına qarşı son ana kimi savaşan, malikanəsini tərk etməyən, evi və məşhur kitabxanası ilə birlikdə yanıb-kül olan Məmmədtağı Əlizadə, Məhəmməd Hadi, Mirzə Ələkbər Sabir Mahmud ağanın himayədarlıq missiyasını öz üzərində görmüş tarixi şəxsiyyətlərdən idi.
Mahmud ağanın Şamaxıda gerçəkləşdirdiyi maarifçilik layihələrini Naxçıvanda Mirzə Nəsrulla bəy Əmirov, Borçalıda Emin ağa Acalov, Bakıda Hacı Zeynalabdin Tağıyev öz üzərinə alıb Azərbaycanlı gəncləri Rusiyanın və Avropanın ali təhsil məktəblərinə göndərmişdilər ki, bu ənənə sonralar Cümhuriyyət zamanında da davam etdirilmişdi. Mahmud ağanın məşhur kitabxanası da dillərə dastan idi. Burada təkcə Şamaxının, Şirvanın deyil, Azərbaycanın, Yaxın və Orta Şərqin məşhur şairlərinin, mütəfəkkir alimlərinin bəyazları, əlyazmaları, kitabları toplanmışdı. Şamaxıda baş verən iki zəlzələnin və erməni – daşnak soyqırımının qurbanı olan o qiymətli əsərlər, risalələr, bəyaz və əlyazmaların sırasında Mahmud ağaya hədiyyə edilmiş qiymətli incilər də var idi. Böyük hissəsi məhv olsa da, günümüzə qədər gəlib çıxan Aleksandr Dümanın Qafqaza – Şamaxıya səfəri zamanı Mahmud ağaya hədiyyə etdiyi saat, eləcə də onun nəslinə aid xalı və 4 gümüş qaşıq o illərin canlı xatirəsidir.
Mahmud ağanın əzəmətli mülkündə, malikanəsində təkcə şeir gecələri, muğam məclisləri təşkil olunmurdu, dövrün ictimai-siyasi prosesləri müzakirə edilirdi. Vətənin İstiqlalı, birliyi-bütövlüyü üçün tədbirlər tökülürdü. Millətin nicatını elmi-irfanda görən bu əvəzsiz şəxsiyyət, qüdrətli mesenat bütün sərvətini bu yolda sərmayə edirdi. Onun bir tarixi şəxsiyyət, sənət-mədəniyyət xiridarı, musiqişünas, muğam bilicisi kimi dəyərinin əyarına dönən məşhur simalar, səyyah, memar, rəssam və ədiblər onu zamanının siması, mədəniyyətin himayədarı, millət qurucusu, maarif xadimi kimi xarakterizə edir. Xeyirxahlıq, yaxşılıq nümunəsi kimi əsərlərinin baş qəhrəmanına çevirirdilər ki, onların sırasında Rus etnoqraf İqor Yevlaxov, Sankt-Peterburq Rəssamlıq Akademiyasının vitse-prezidenti knyaz Qriqori Qaqarin, Engelberq, Kempfer, Marko Polo, Klavixo, Katerino Zeno, Silberger, Adam Oleari, Övliya Çələbi, Aleksandr Düma kimi tarixi şəxsiyyətlər, səyyahlar, elm və mədəniyyət xadimləri vardı. Mahmud ağanın əzəmətli şəxsiyyəti, mülkü və malikanəsi ilə bağlı xatirələrini “Səyahətnamə”sində təsvir edən Aleksandr Düma qeyd edir: “Mahmud bəyin evi Dərbənddən Tiflisə qədər gördüyüm evlərin ən gözəli idi. O, Şərq memarlıq üslubunda tikilmiş qiymətli bir imarət idi. Biz adamı valeh edən, gözəlliyini sözlə ifadə etmək, qələmlə təsvir etmək mümkün olmayan, çox zəngin, şərqsayağı bəzədilmiş bir salona daxil olduq. Qonaqlar qızılı haşiyəli döşəkcələrin üstündə oturmuş, al-əlvan, qumaş mütəkkələrə dirsəklənmişdi. Salonun o başında incə naxışlarla bəzədilmiş, şəbəkəli böyük və hündür pəncərələrin yanından üç rəqqasə və çalğıçı var idi. Onlar, Mahmud ağanın bir işarəsi ilə gözəl və unudulmaz ifalarına başladılar. Mən bu malikanədə Mahmud ağanın 3 ay qonağı oldum. Novruz bayramında Şamaxının al-əlvana büründüyünün şahidi kimi şənliklərə qatıldım…”

Mahmud ağa Şamaxıya saxsı borularla su çəkdirmiş, kəhriz və ovdanlar qazdırmışdı
Mahmud ağa bütün həyatını millətin, məmləkətin, Şamaxının tərəqqisinə həsr etmişdi. Məşhur mesenat, nüfuzlu ictimai xadim kimi Şamaxı xanlığının ənənələrini, idarəçilik təlimini fəaliyyətində yaşatmışdı. Dövrünün nüfuzlu ictimai xadimləri, fikir və düşüncə sahibləri, sənət-söz adamları kimi millətin irəli getməsi, cəhalətdən qurtuluşu, dirçəlişi üçün əlindən gələni əsirgəməmişdi. Naxçıvan Milli Şurasının, Naxçıvan Müdafiə Komitəsinin sədri, Naxçıvan Qızlar Seminariyasının təsisçisi, Araz-Türk Cümhuriyyətinin qurucularından biri Mirzə Nəsrulla bəy Əmirov Şərur düzündən Naxçıvana, Xurşudbanu Natəvan Sarıbaba dağından Şuşa qalasına saxsı borularla su çəkdiriyi kimi, Mahmud ağa və oğlu Hacı İbrahimxəlil ağa da Şamaxıya saxsı borularla su çəkdirmiş, kəhriz və ovdanlar qazdırmışdı. Bu ənənəni sonralar Millət atası Hacı Zeynalabdin Tağıyev Xaçmazdan Bakıya Şollar suyunu çəkdirən, Azərbaycanda ilk Qız Məktəbini qurarkən, ilk teatr binasının, ilk mətbu orqanın təməlini qoyarkən davam etdirmişdi.

Firudin bəy Şuşinski: “Mahmud ağanın 40 gün davam edən təziyələrinə Qarabağdan, Naxçıvandan, Dərbənddən, Orta Asiyadan sayı-hesabı bilinməyən insanlar gəlmişdi…”
Mahmud ağa 74 il ömür sürdü. İradənin gücü, xarakterin əyilməzliyi, genetik kodların diqtəsi, sonsuz millət, məmləkət sevgisi ilə tarix yaratdı. O tarixin səhifələrinə adını mütəfkkir alim, muğam bilicisi, incə, pəsdən ifaları ilə seçilən ifaçı, ən əsası xeyirxahlıq, yaxşılıq nümunəsi, müasir dillə desək mesenat kimi yazdı. İrsi, şəxsiyyəti və varisləri ilə sübut etdi ki, millət, məmləkət qurucusu olaraq tarix yaratmaq əbədiyyət çeşməsindən şərbət süzmək kimi bir müqəddəslikdir. Mahmud ağa 1901-ci ildə öz malikanəsində, daha doğrusu iki zəlzələdən, bir soyqırımdan sonra yenidən qurulan malikanəsində dünyaya vida nəğməsi oxudu. Öncə onun könül bağçasını iki doğması, anası Gövhər xanım Sultan bəy qızı və oğlu Ağa bəy, sonra da Qəmər xanım tərk etdi. Oğlunun vaxtsız gedişi Mahmud ağanı qəm dəryasına saldı. Hətta da, o dərəcədə saldı ki, 40 il rəhbərlik etdiyi Muğam Məktəbinin – Mərkəzinin, “Qızıl Salon”un qapısını bağladı. Bütün gününü Laləzarda, bir də Şahxəndanda keçirdi. Laləzarda Gövhər xanım, Ağa bəy, Qəmər xanım, Şahxəndanda “Beytüs-Səfa”nın nur bəlgəsi Seyid Əzim Şirvani uyuyurdu. Mahmud ağa sərt, soyuq, qarlı bir qış günündə torpaq müqəddəsliyinə qovuşdu. Onu yola salanların sırasında təkcə Şamaxının yox, Bakının məşhur simaları vardı. O simalar ki, onlar, millət, məmləkət qurucusu kimi tarix yaratmışdılar. Çar Rusiyasında xüsusi nüfuz qazanmışdılar. Qafqaz Canişini İllarion Vorontsov-Daşkov, Həsən bəy Zərdabi, Hacı Zeynalabdin Tağıyev, Əlimərdan bəy Topçubaşov, Fətəli xan Xoyski, Əhməd bəy Ağaoğlu, Əli bəy Hüseynzadə, İsa bəy Aşurbəyov, Şəmsi Əsədullayev, Sultan Məcid Qənizadə, Abbas bəy Minəsazov, Şamaxının axundu Seyid Əli ağa, Ağa Əli Naseh, Məmmədtağı Əlizadə, Mirzə Ələkbər Sabir, Abbas Səhhət, Mahmud bəy, qardaşı Ağa bəyin cismani ayrılığından 2 il sonra atasının xeyir-duası ilə Mahmud Ağanın Muğam Məktəbinə – Mərkəzinə rəhbərlik edən Cavad bəy və daha kimlər, kimlər… Unudulmaz Firudin bəy Şuşinski qeyd edirdi ki: “Mahmud ağanın malikanəsində Qafqazda, Orta Asiyada nüfuz sahibi olan bütün sənətkarlar, xanəndələr olmuşdu. Onun 40 gün davam edən təziyələrində Qarabağdan, Naxçıvandan, Dərbənddən, Orta Asiyadan sayı-hesabı bilinməyən insanlar, sənətkarlar, xeyriyyəçi şəxslər gəlmişdi…”

Didəyə icazə Əhməd Sultan ağaya hörmət əlaməti kimi Qafqaz Canişinliyi tərəfindən verilmişdi
Əhməd Sultan ağa oğlu Mahmud ağanın şərəfinə “Qızıl Salon”u bina etmişdi. Ona, onun adına layiq təntənəli bir toy qurmuşdu. Seyid Əzim Şirvaninin yaxın dostu və qohumu Qəmər xanımla evləndirmişdi. Dünyanın dörd bir yanından gələn qonaqların iştirak etdiyi məşhur toyun idarəsini Mirzə Nəsrulla bəy Didəyə həvalə etmişdi. Didə qüdrətli şair, tərcüməçi olmaqla yanaşı, həm də, Şamaxı Quberniyasının katibi idi. O dövrlərdə bir məmurun toy idarə etməsinə icazə verilməzdi. Kimsə belə bir addım atardısa, vəzifədən alınardı. Didəyə icazə Əhməd Sultan ağaya hörmət əlaməti kimi Qafqaz Canişinliyi tərəfindən verilmişdi. Didə ərəb, fars və rus dillərini bilməklə yanaşı, həm də, Əhməd Sultan ağanın və Mahmud ağanın yaxın dostu idi. Mahmud ağanın vida mərasiminin başında duran da sıradan bir şəxs deyildi. Seyid Əzim Şirvaninin adına “Ey nuri dideyi – seyid” deyə xitab edib şeirlər həsr etdiyi oğlu Seyid Cəfər Şirvani bu ağır və məsuliyyətli vəzifəni öz üzərinə almışdı. Məclisdən gələn qəribə və qaibanə bir səs vardı. O, Bəyim xanımın səsi idi. Bəyim xanım Mahmud ağanın tək və yeganə qızı idi. Zilxan səsi olsa da, ilk dəfə atasının vida mərasimində oxumuşdu…

Həbib bəy Mahmudbəyov babasının böyük arzularını gerçəyə çevirmişdi: Bakıda ilk rus-tatar oğlan məktəbini, teatr truppasını, kitabxana və qiraətxananı qurmuşdu
Quruluşun, zamanın, rüzgarının dəyişməsinə baxmayaraq Mahmud ağanın soyu Mahmudbəyov rütbəsi ilə şərəfləndirildi. Hələ sağ ikən, təkcə övlad yox, həm də, nəvə qüruru, vüqarı yaşadı. 1874-cü ildə xalq və vətən qarşısındakı xeyirxah əməllərinə görə iki oğlu Hacı İbrahimxəlil ağa və Zeynalabdin ağa Qafqaz canişini Vorontsov-Daşkov tərəfindən Ali Gildiyalı Tacir və Bəy tituluna layiq görüldü. Onların Bəylik titulunu Bakı Bəy İdarəsi təsdiq etdi. Onu da qeyd edək ki, bu titulu alanların sırasında iki tarixi şəxsiyyət də vardı: Hacı Zeynalabdin Tağıyev və Mirzə Nəsrulla bəy Əmirov.
Mahmud ağa sağ ikən tale ona başqa bir səadəti də yaşatmışdı. Nəvəsi Həbib bəy Mahmudbəyov onun böyük arzularından bir neçəsini gerçəyə çevirmişdi: Bakıda ilk rus-tatar oğlan məktəbini, teatr truppasını, kitabxana və qiraətxananı qurmuşdu. Bakı Dumasına qlasnı seçilmişdi. Bakı əsilzadələrinin şəxsən Hacı Zeynalabdin Tağıyevin diqtəsi ilə başçılarını itirmiş ailələrin Qəyyumu qismində Həsən bəy Zərdabi ilə birlikdə səs hüququ qazanmışdı. Bakı Dumasının Təhsil İdarəsinin rəisi, Müəllimlərin İlk Qurultayının təsisçilərindən biri, Müsəlman Xeyriyyə Cəmiyyətinin sədri kimi tarix yaratmaq da onun alın yazısı, Tanrıdan tale payı olmuşdu. Bu gün onun bir başqa törəsi babalarının ənənələrini böyük irsin davamçısı kimi, Bakı Dumasının yerləşdiyi binada – Bakı Şəhər icra Hakimiyyətində rəsmi şəxs olaraq uğurla davam etdirir.

Əliəsgər bəy Mahmudbəyov “İstiqlal Bəyannaməsi”nə imza atmaqla yanaşı, həm də ilk Parlamanın üzvü kimi tarixdə qalacaqdı
Mahmud ağa millətini azad, məmləkətini hür görmək istəyirdi. Qafqaz Seymində Milli Şura elan olunanda, “İstiqlal Bəyannaməsi”nə imza atılanda Cümhuriyyət Qurucularının sırasında bir tarixi şəxsiyyət də vardı: Əliəsgər bəy Hacı İbrahimxəlil bəy oğlu Mahmudbəyov. O, “İstiqlal Bəyannaməsi”nə imza atmaqla yanaşı, həm də ilk Parlamanın – Məclisi-Məbusanın üzvü kimi tarixdə qalacaqdı. Mahmud Ağanın genetik kodlarının digər bir daşıyıcısı, nəticəsi Şamil bəy Həbib bəy oğlu Mahmudbəyov Yusif Vəzir Çəmənzəminli ilə birlikdə Musavat Partiyasının Kiyev Şəhər Təşkilatını qurmuş, Zəngəzurun nüfuzlu şəxslərindən biri kimi tarix yaratmış, Cəbrayılın Polis rəisi kimi ərazinin təhlükəsizliyinə təminat vermiş, Qarabağın Hərbi Valisi – General-Qubernator Xosrov bəy Sultanovun müşaviri kimi Cümhuriyyətin nüfuzlu simalarından birinə çevrilmişdi. Şura Hökuməti illərində komissar Nəriman Nərimanovun təqdimatı ilə öncə Şuşa rayon İcraiyyə Komitəsinin sədri təyin olunan Şamil bəy Mahmudbəyov sonralar Naxçıvanın Daxili İşlər Komissarı və Naxçıvan Mərkəzi İcraiyyə Komitəsinin sədri kimi Muxtar Respublikanın quruculuq işlərində yaxından iştirak etmişdi.

İrsdə varislik: Babadan Nəvəyə – Şamaxıda təməli qoyulan, Bakıda qurulan Muğam Mərkəzinin alt qatı
150 il bundan öncə Şamaxıda Mahmud ağanın malikanəsində bir məbəd quruldu. Kimi ona Mahmud ağanın Muğam Məktəbi, kimi də, Muğam Mərkəzi dedi. İrsdə varislik prinsipini bütün məqamlarda fəaliyyətinin prioritetinə çevirən ölkənin Birinci vitse-prezidenti tarixlə-müasirlik arasında körpüyə çevrildi. Sübut etdi ki, böyük babası Mahmud ağa sənətin-mədəniyyətin, muğamların himayədarı olaraq min illər bundan sonra da sevgi ilə xatırlanacaq, sayğı ilə anılacaq. Tanrının kəlam və qələm müqəddəsliyinə tapınan, “Qurani-Kərim”in “Şüara” və “Qələm” surəsinin əzəmətini yaşadan muğam bilicisi və ifaçısı kimi tarixdə qalan Mahmud ağanın ənənələri bu istiqamətdə də davam edir. Onun varisi, Mahmud ağanın cismani yoxluğundan 100 il sonra, nəticəsi Gövhər xanım Sultanzadənin ömür-gün yoldaşı “Bakı” və “Baku” qəzetlərinin qurucusu professor Nəsir İmanquliyev Radio-İnformasiya Baş İdarəsinin rəisi kimi muğama qarşı erməni daşnakları tərəfindən Səlib yürüşü elan olunanda, “Oxuma tar, səni sevmir proletar” etirazı ilə Bakının üstünə gələnlərə “Oxu tar, səni kim unudar!” radio müsabiqəsini təşkil etməklə tarixi dərs verdi. Seyid Şuşinski, Xan Şuşinski, Sara Qədimova, Şövkət Ələkbərova kimi əvəzsiz xanəndələri münsiflər heyətinin başında əyləşdirib muğamın himayədarına çevrilən, 1958-ci ildə Moskvada keçirilən Dekadaya göndəriləcək gənclərin mükafatlandırılmasını öz üzərinə alan Nəsir İmanquliyev əslində Mahmud ağa ənənələrinin davamçısı qismində çıxış etməklə onun himayədarlıq missiyasını öz üzərinə aldı. Müsabiqə boyu Seyid Şuşinskinin iştirakçılara xeyir-dua verən zaman əlində tutub sinəsinə sıxdığı Qızıl Qavalı ona Cabbar Qaryağdıoğlu Şəmsi Əsədullayevin qızının toyunda, ona da, Mahmud ağa “Qızıl Salon”da, Muğam müsabiqəsinin yekun konsertində bağışlamışdı.

Nəsillərin, fəsillərin görüşü, genetik kodların diktəsi
Mahmud ağadan 100, Nəsir İmanquliyevdən 50 il sonra ölkənin Birinci Vitse-Prezidenti, Heydər Əliyev Fondunun Prezidenti xanım Mehriban Əliyeva Azərbaycan muğamlarının xilaskarı kimi tarix yaratdı. Muğam Mərkəzinin, “Muğam Portalı”nın, “Muğam” jurnalının təməlini qoydu. Beynəlxalq Muğam müsabiqələrinin təşkili, “Qarabağ xanəndələri albomu”nun nəşri, muğamın dövlət himayəsinə alınması üçün bütün imkanları səfərbər etməklə kifayətlənmədi, onun dünyanın maddi-mədəni irsi siyahısına yazılmasına nail oldu. Ölkənin Birinci xanımı soyu, soy-kökü, şəcərə dəftəri ilə ana tərəfdən həm də, Mahmud ağa ucalığına, əzəmətinə bağlıdır. Bu nəsillərin, fəsillərin görüşü, genetik kodların diktəsi, Lider – Varis prinsiplərinin müqəddəsliyidir!
Şərəf Cəlilli