Orta əsrlər intibah mədəniyyətinin ən qüdrətli simalarından biri, “Şərq təbabətinin atası”, “Həkimlərin öndəri”, “Böyük ustadı”, “Həkimlərin Piri” kimi şöhrət tapan, düşüncələri, kəşfləri ilə Hippokratdan belə yüksəkdə duran, tibbə dair 400-dən çox qiymətli kitabın müəllifi, 200 əsəri bu gün də Dünya Səhiyyə Təşkilatı tərəfindən ciddi məxəz, mənbə kimi qəbul edilən İbn Sina, “Göz həkimlərinin dəftəri” əsəri ilə dünya oftalmoloqlarının ustadı hesab olunur. “Təbabət elminin qanunu” əsəri ilə şöhrət tacını bu gün də qoruyub saxlayan İbn Sina fəlsəfə, riyaziyyat, astronomiya və astrokimya, fizika, kimya, tibb və musiqiyə dair əsərləri ilə klassik Şərq elmi fikrinin təməldaşlarından birinə çevrilmişdir.
“Peyğəmbərlik” və “Peyğəmbərin xüsusiyyətləri” haqqında, epistemologiya, həqiqət haqqında, vəhy haqqında, dini-fəlsəfə problemləri haqqında düşüncələrini ehtiva edən əsərləri üstündən illər, əsrlər ötməsinə baxmayaraq təkcə dünyanın məşhur kitabxanalarının hücrələrini bəzəmir, həm də, oxunur, istinad olunur. “Həkim şahın baxışına, qız əlinə, ilan müdrikliyinə və aslan ürəyinə malik olmalıdır”. “Təbib gərək zəngin libas geyinsin, barmağına qiymətli üzük taxsın, ən yaxşı ata malik olsun ki, gündəlik çörək haqqında fikirlər onu xəstəyə qayğıdan yayındırmasın” nidası ilə qələm çalan təbib filosoflar kimi sultanların baş köşəsində yer alan, kəşfləri, ixtiraları, istinad mənbələri illə klassikləşən müasirimizə çevrilən İbn Sina Türküstanda, Buxaranın ətəyində, Əmir Teymurun diyarında doğuldu. “Həqiqət carçısı”, “Böyük müdrik”, “Dahi təbib”, “Ölkənin şərəfli imzası” ilə saraylarda sultana çevrildi. Elmi-irfan bulağının gözü, çeşməsi sayıldı. Tibb, fəlsəfə, məntiq, kəlam, poeziya, texnologiya, yer haqqında elmlər, elmin fəlsəfəsi, fizika, psixologiya, astronomiya, astrofizika, kimya, geologiya, mexanika sahəsində ilklərə imza atdı.
Dünyasını dəyişəndən üç gün öncə xidmətində duranları qulluqdan azad etdi, mirasını imkansız insanlara payladı
Böyük İpək Yolunda, Yaxın və Orta Şərqdə qurduğu klinikalar – xəstəxanalarla şöhrət tapdı. Müdrikliyi ilə Buxara əmirini heyrətləndirən İbn Sina, ixtiraları ilə İsfahan və Həmədan əmirlərinin saray həkiminə çevrildi. Fikir və düşüncə sahibi kimi alimlər səltənətində yer aldı. İsfahan hakimi Aleyddövlənin “Müdriklər məclisinin başçısı” titulunu qazandı. İsfahanda və Həmədanda açdığı xəstəxanalarda Avropanın məşhur təbibləri ondan dərs aldı. 12 il Həmədan əmiri Əbu Cəfərinin xidmətində olmaqla onun elmi məsləhətçisi statusunu qazandı. Bir bir türküstanlı üçün əlçatmaz məqam idi. İbn Sina buna mütəfəkkir alim, təbib filosof kimi əzəməti ilə nail olmuşdu. Dördcildik tibb ensiklopediyası, fəlsəfəyə dair qiymətli məxəzləri, astronomiya və astrofizikaya aid əsərləri ilə bu gündə müsəlman Şərqinin imzasına, qürur mənbəyinə dönən İbn Sina dünyasını dəyişəndən üç gün öncə xidmətində duranları qulluqdan azad etdi. Mirasını imkansız insanlara payladı, hər üç gündən bir Qurani-Kərimi mütaliə edən bu dahi 1037-ci ilin iyunun 18-də 57 yaşında dünyaya vida nəğməsi oxudu.
Şərəf Cəlilli