II yazı
1918-ci il sentyabr 15-də Bakı işğaldan azad edilir. Tiflisdə elan olunub 10 gün fəaliyyət göstərdikdən sonra, iyunun 16-da Gəncəyə köçürülən Cümhuriyyətin nəhayət ki, sentyabrın 17-də Bakı mərhələsi başlayır. Seyid Mirbabayevin malikanəsindən qaldırılan Bayraq Bakının tarixi sakinlərinin və sahiblərinin ünvanını dünyaya nümayiş etdirir. Məclisi Məbusan Tağıyevin Qız Məktəbinin binasında fəaliyyətə başlayır. Quruluşun, zamanın sərt diqtəsinə baxmayaraq Cümhuriyyətin rəsmi qurumları formalaşdırılır. “İstiqlal Bəyannaməsi”ni qəbul edən tarixi şəxsiyyətlər, Əlimərdan bəy Topçubaşovun simasında Azərbaycanın İstiqlalının Versal Sülh Konfransında tanınmasına nail olur. 1919-cu ildə Cavid Əfəndi Naxçıvandan Bakıya, paytaxta dönür. Fətəli xan Xoyski və Nəsib bəy Usubbəylinin rəhbərlik etdiyi hökumətdə məktəb və maarif məsələlərinin təşkilində yardımçı olur. Hazırlıq kurslarında ədəbiyyatdan, Tağıyevin Qız məktəbində şəriətdən dərs deyir. 1919-cu ilin mayında keçirilən Müəllimlər İttifaqının idarə heyətinin üzvü, Azərbaycan Müəllimlər Konfransından Təlifat-Nəşriyyat heyətinin sədri seçilir. Həmin ildən o, həm də Bakı Müəllimlər Seminaryasında müəllim kimi fəaliyyətə başlayır. 1937-ci ilə, repressiya qurbanına çevrilənə qədər burada çalışır. Tağıyevin Qızlar Məktəbinin binası kimi təməli qoyulan, Məclisi Məbusanın ilk iclasının çağırıldığı müqəddəs məkan kimi yaddaşlara yazılan, indi Cavidin Ev Muzeyini və Əlyazmalar İnstitutunun binası kimi tanınan binada yaşamağa başlayır.
Quran nədir anlamazdıq, Vətən nədir bilməzdik
Həmin il “İblis” əsəri səhnəyə qoyulur. Hüseyn Cavidin sənətkar taleyini həll edən “İblis” zamanın aynasına çevrilir. Bütün dövrlərin şah əsəri kimi quruluşun, zamanın üstünə yeriyir.
1922-ci ildə “Peyğəmbər”i, 1925-ci ildə Osmanlı sevgisindən adında qüsura yol verdiyi, dünya fatehinin ruhunu incitdiyi “Topal Teymur”u qələmə alır. Allahsızlar cəmiyyətinin qurulduğu, ciblərə Allahsız knişkasının qoyulduğu, “Molla Nəsrəddin” jurnalının “Allahsız” adında nəşr olunduğu, dini etiqad azadlığının ləğv edildiyi, Şura hökumətinin pantürkizm, panislamizm adında fırtınalar qopardığı ərəfədə “Peyğəmbər”in, “Topal Teymur”un qələmə alınması başını kötüyün üstünə qoymaq, dar ağacına qalxmaq, ölüm hökmünü, fərmanını öz əlinlə vermək idi. “Quran nədir anlamazdıq, Vətən nədir bilməzdik. Qarşımızda yetimlərin göz yaşını silməzdik. Ağlanacaq bir hal idi. Özümüzə güldürdük. Dilimizin, dinimizin getməsinə gülürdük…” nidası ilə al bayraqlı, oraq-çəkicli quruluşun, Şərqin Demokratik Cümhuriyyətini qan gölündə boğan Qızıl Ordunun, Şura hökumətinin üstünə yeriyən Cavid Əfəndi sükutu, poeziyası, nəsri, dramaturgiyası ilə İstiqlalın boğulduğu, mücahidlərin susdurulduğu, ölümün, mühacirətin ağuşuna atdığı bir dövrdə üsyan edirdi. Darülmüəllimin auditoriyalarını Salman Mümtaz, Hənəfi Zeynallı, Bəkir Çobanzadə kimi Əbədi İstiqlalın şərbət camına çevirir, Şeyx Cəmaləddin Əfqani, Əhməd Rasim Əfəndi, Namik Kamal, Rza Tevfik, Mehmet Akif Ərsoy, Ziya Göy Alp, Əhməd bəy Ağaoğlu, Əli bəy Hüseynzadə kimi ruhunu, duyğusunu, sonsuz millət, məmləkət sevgisini tələbələrinin, yetirmələrinin, ardıcıllarının beyninin şırımlarına köçürürdü.
Nə öncə öylə səadət, nə böylə zillət olaydı!
Elmi-irfan bulağından içən, ruhunun davamçılarına da türkçülük adında müqəddəsliyin bulağından içirən Cavid Əfəndinin bütün yaradıcılığı iki dövrə bülünür. Cümhuriyyətə qədərki, Cümhuriyyətdən sonrakı dövr. Dəyişən quruluş, zaman, iflasa uğradılan Cümhuriyyət Hüseyn Cavidin taleyində kədər dolu səhifələrin yazılması ilə davam edir. Üzüntülü, üzgün taleyi, üzülən ürəyi ilə onu imtahana çəkir. Əslində o, yer üzü ilə Cümhuriyyətdən sonra vidalaşıb qutarmışdı. Sadəcə Cəfər Cabbarlı, Bəkir Çobanzadə, Salman Mümtaz kimi “Dan Ulduzu!”nun yenidən doğacağı, zülmətləri nura qərq edəcəyi məqamı gözləyir, son ümidin işartısının sönməməsi üçün qələmini süngüyə çevirib deyirdi: “Tükəndi taqəti-səbrim! Ədalət, ah, ədalət! Nə öncə öylə səadət, nə böylə zillət olaydı!”
Cümhuriyyətə qədər sonetləri, marşları, pyesləri, dram əsərləri, “Həyat”, “Tərəqqi”, “Həqiqət”, “İqbal”, “Açıq söz” kimi qəzetlərdə işıq üzü görən publisistik yazıları ilə mənəvi əzəmətini sübut yetirən Hüseyn Cavid Cümhuriyyətdən sonra qələmə aldığı misraları ilə fırtınalı dənizi xatırladır, üsyan dolu hayqırtıları ilə millətinin istiqlal badəsinə zəhər süzənləri inkar etməkdən çəkinmirdi. 1926-cı ildə Türkaloji Qurultaydan sonra onu qorumaq istəyən dostları tərəfindən müalicə adı ilə Almaniyaya göndərilən Cavid Əfəndi ilk mühacirətini yaşasa da, böyük dönüşü ilə Sarı Aşığın “Qürbət cənnət olsa da, yenə Vətən yaxşıdır!” nidasını gerçəyə çevirir. Türkçülük, Turançılıq dolu düşüncəsinin aynası olan əsərlərini qələmə alır, mücahid ömrü sürür. Şəhid olacağı günə müntəzir olur. Cümhuriyyət sevdasının son anda onunla, o müqəddəs adla – Şəhidliklə bağlı olacağını qəbul edir.
İki il Keşlə və Bayıl həbsxanalarında işgəncə verdikdən sonra Sibirə, Moqadana sürgün edilir
1928-ci ildə “Azər”, 1929-cu ildə “Səyavuş”, 1935-1936-cı illərdə “Xəyyam” əsərlərini qələmə alır. “İblis”in intiqamı ilə mənfur quruluşun, rejimin iç üzünü, mahiyyətini, batini eybəcərliyini insanlığa təqdim edir. “İblis”dən sonra İblisin, Mərkəzdəki qaniçənlərin iç üzü açılır. Artıq onlar Cavid Əfəndinin əsərlərini Sovet teatrlarının səhnəsindən görmək istəmirlər. Bakı, Tiflis, Təbriz səhnələrini fəth edən əsərlərin müəllifinə , millətin müəlliminə millətçi damğası vurub hədəfə gətirirlər.
1937-ci ildə ona pantürkist və panislamist damğası vurub 2 il Keşlə və Bayıl həbsxanalarında işgəncə verirlər.1939-cu il iyulun 4-də isə “ Anti-Sovet təbliğatında iştirakına görə həbs cəzasına məhkum edir, Sibirə, Moqadana sürgün edirlər. Cavid Əfəndinin, daha doğrusu “Peyğəmbər”in qapısını gecə gələn qara maşınlardan düşən cəlladlar sonuncu dəfə döyür. çırağını söndürür. Müşkünaz xanımın, Ərtoğrulun, Turan Cavidin sinəsinə dağ çəkir. 8 il həbs cəzasına məhkum edilən Cavid Əfəndi 1941-ci il dekabrın 5-də İrkutsk vilayətinin Tayşet rayonun Şevçenko kəndində dünyaya vida nəğməsi oxuyur.
Allahım, o biri gözümün nurunu alma, Cavidin işlərini bitirim!
Hüseyn Cavid 1918-ci ildə Müşkünaz xanımla nigaha getmiş, onu könlündə sultana çevirmişdi. 1919-cu il oktyabrın 22-də unudulmaz, həm də nakan bəstəkar Ərtoğrul Cavid, 1921-ci ildə isə Şura hökumətinin qılıncının dalının, qabağının kəsdiyi ərəfədə ikinci övladı Tomris, 1923-cü il oktyabrın 2-də isə TURAN adı verdiyi Turan Cavid doğulmuşdu. Oğlu Tomris ağır xəstəlikdən 10 gün sonra vəfat etmişdi. O müthiş günlərdə 1942-ci ildə Ərtoğrul ordu sıralarına, II Dünya müharibəsinə çağrılır. Ancaq xalq düşməninin – Hüseyn Cavidin oğlu olduğu üçün ön cəbhəyə deyil, Gürcüstana, arxa cəhbəyə, islah əmək kolonyasına bərabər yerə daha ağır işləri icra etmək üçün göndərilir. Bu ağır, dözülməz şəraitə ciyər ağrısından – daha doğrusu vərəmdən əziyyət çəkən Ərtoğrul Cavid cəmi bir il tablayır. 1943-cü il noyabrn 14-də ağır xəstəlikdən dünyasını dəyişir, ruhu atasının nigaran ruhuna qovuşur. Qızı Turan xanım isə Turan Cavid imzası ilə onun irsinin qoruyucu mələyinə, sönmüş çırağının pərvanəsinə çevrilir. Cavid Əfəndinin nur və həsrət qoxuyan köksünü kimsəyə dəyişmir. Təkliyi, tənhalığı seçir. Əlyazmalarını bərpa edir, onların üzünü köçürür, bu yolda gözünün birinin nurunu bütünlüklə itirən Turan Cavid deyirlər, hər gün üzü qibləyə durub dua edərmiş: “Allahım, o biri gözümün nurunu alma, Cavidin işlərini bitirim!”
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 may 2019-cu il tarixli 211 nömrəli Qərarı ilə Azərbaycan Respublikasında əsərləri dövlət varidatı elan edilən müəlliflərin siyahısında yer alan Hüseyn Cavid irsinin ən qüdrətli tədqiqatçısı, təbliğatçısı da varisi Turan Cavid olur. Məhz onun toplayıb, tədqiq edib bir araya topladığı, üzünü köçürdüyü əlyazmaları sistemli şəkildə Azərbaycanda və dünyanın müxtəlif ölkələrində nəşr edilir. Abidələri ucaldılarkən, portretləri çəkilərkən, yubiley mərasimləri təşkil edilərkən onun tövsiyyəsi, istəyi, arzusu nəzərə alınır.
Hər kəs bir nəfərin ətrafına toplaşmışdı. Hər kəs kədərli idi…
Sovet sürgün düşərgəsindən bəhs edən xatirələrdə Hüseyn Cavidlə bağlı kədərli bir məqam var: “Sürgün düşərgəsində hər gün onlarla adam ölür və heç kim buna fikir vermirdi. Hər kəs öz həyatını düşünürdü. Ancaq bir gün hər kəs dayandı və heç kəs işləmədi. Bu indiyədək görülməyən bir hal idi. Hər kəs bir nəfərin ətrafına toplaşmışdı. Hər kəs kədərli idi. Ölən Cavid Əfəndi idi!”
Bu ağrılı xatirə ruhumu tarıma çəkdi. Son anda əcəl şərbəti ilə deyil, zalımların zəhər camı ilə müjdələnən, varlığı ilə dünyanın dizini titrədən, qüdrətli imperiyalar, dövlətlər quran sərkərdə-xaqanlarımızı – Atillanı, Alp Arslanı, Çingiz Xaqanı, Fateh Mehmeti, Nadir şah Əfşarı gözümün qabağına gətirdi. İçimə qəribə bir kədər, kədərqarışıq sükut doldu. Pantürkizmin, panislamizmin meydan suladığı illərdə Hüseyn Cavid “Turana qılıncdan daha kəskin ulu qüvvət, Yalnız mədəniyyət, mədəniyyət, mədəniyyət!” dedi. “Mənim Tanrım gözəllikdir, sevgidir” söyləməkdən çəkinmədi”. Kəssə hər kim tökülən qan izini, Qurtarın dahi odur, yer üzünü!” nidası ilə tarix yaratdı.
İçdikcə yandıran əcəl şərbəti
Qızıl Ordunun Qırmızı Terrorundan, 37-ci ilin dəhşətli repressiyalarından, 20 yanvar dəhşətlərindən, Xocalı soyqırımından, Qarabağın, Şərqi Zəngəzurun 30 illik işğalından, intizarından sonra Xudafərin körpüsündə, Şuşa qalasında, Murovun zirvəsində Bayrağa dönmək “Ağla gəlməyən, görülməyən hal idi”. O gün, 300 ildir Odlar Yurdu Azərbaycanın sinəsinə “Gülüstan”, “Türkmənçay” dağını çəkən, Cümhuriyyəti yarı yolda qoyan, Cavidlərə qıyan imperiyaların çökdüyü, öldüyü gün idi! O gün, həm də Hüseyn Cavidin dirildiyi, Dirilik suyunu yenidən içdiyi gün idi. Bəlkə kimsə barışmayacaq: “Nə eşq olaydı, nə aşiq, nə nazlı afət olaydı! Nə xəlq olaydı, nə xaliq, nə əski həsrət olaydı! Nə dərd olaydı, nə dərman, nə sur olaydıq, nə matəm! Nə aşiyaneyi-vüslət, nə bari-firqət olaydı!” deyəcək. Amma, kimin necə düşünməsindən asılı olmayaraq “Yanlış da, bir naxışdır!”
Donunu Şura hökumətinə, Bolşevik Rusiyasına dəyişən Çar Rusiyasının yanlışların diyarı olmasına ən kəsərli dəlillərdən biri Hüseyn Cavidin içdikcə yandıran əcəl şərbəti, ailə faciəsidir. Stalinin ölümündən sonra, 1956-cı ildəki bəraəti, 1982-ci ildə Ulu Öndər Heydər Əliyevin iradəsi ilə Vətənə çiyinlərdə dönən nəşi, doğulduğu torpaqda-Naxçıvanda ucalan Cavidlər Məqbərə Kompleksi ilə O, sübut etdi ki, Odlar Yurdu Azərbaycanın Hüseyn Cavid adlı Haqqdan yanan Çırağını kimsə söndürə bilməz. “Hər kəsə xain olan insan İblis! Cümlə xəyanətlərə bais olan iblis də bir “mələk” olsa belə!
Şərəf Cəlilli