Language SwitcherAzərbaycanca 🇦🇿 | Русский 🇷🇺
Language SwitcherAzərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 09/24/2025

Paylaşın

HƏR ŞEYDƏN

Hindistanda Tac – Mahalımız, Pakistanda Tağıyev adlı ucalığımız, Əfqanıstanda Qarabağımız var

Bəşəri dəyərlər xəzinəsini dünyanın maddi-mədəni irsi hesab olunan incilərlə zənginləşdirən paralanmış Azərbaycanın şahları, sultanları sayəsində ayrı-ayrı ölkələrə köçürülən  kəsimi barədə söz düşəndə bəzən üstümüzə yeriyənlər, haqqımıza girənlər də olur. Biz böyük xalqıq, 50 milyonluq Azərbaycanıq deyəndə çoxlarının yuxusuna haram qatılsa da, Kərkükdən, Borçalıdan, Təbrizdən, Türkmən elindən, Dərbənddən, İrəvandan danışanda narahat olanlar bir həqiqəti unudurlar. Min illər boyu sadaladığımız bu yörələrdə at oynadıb qılınc sıyıran qövmlərin başında Səfəvilər, Əfşarlar, Qacarlar kimi imperiyalar quran Azərbaycan türkləri olub. Dilini, mədəniyyətini, adət-ənənələrini bu gün də qoruyan, yaşadıqları ərazinin obarigen millətinə çevrilən insanlarla eyni dili, mədəniyyəti paylaşmamız isə böyük bir coğrafiyanı əhatə edən Azərbaycanın mənəvi əzəmətinin göstəricisidir.

                    Qəznədki Qarabağla bizi təkcə onun adı bağlamır

30 illik işğaldan, intizardan sonra sönən çıraqları alışan bir Qarabağ da var. Qarabağda bitib, Qarabağda başlayan Qarabağ! Taleyin sərt üzündən tarixi torpaqlarından qopan, Əfqanıstanın bir parçasını da, Vətən-Qarabağ edən Qarabağ əyaləti necə yarandı? Uzun müddətli müharibələrin acı taleyini yaşayan, Əfqanıstan – Pakistan, ABŞ – SSRİ, Amerika – Əfqanıstan savaşlarında yüzlərlə günahsız insanı qurbana çevirilən Qarabağ Böyük Azərbaycanın nigaran yeri olsa da, yaşamaqda, varlığını qorumaqdadır.

Əfqanıstanın Qəznə vilayətinin tərkibində olan, ölkənin 19 əyalətindən biri sayılan Qarabağla bizi təkcə onun adı bağlamır. Vaxtı ilə bir ölkənin, daha doğrusu imperiyanın tərkib hissəsi olmaqla eyni qanı daşıdığımız soydaşlarımızın yaşadıqları məkandır bura. Türklərin yaşadığı bir çox ərazilərdə Qarabağ toponiminə rast gəlinir. Lakin Əfqanıstanın vilayəti bu cür adlandırması bilavasitə bu torpaqların artıq tarixi sakininə, sahibinə çevrilən türklərin – Qarabağlıların adı ilə bağlıdır.  Düzdür, son 30 ildə Qarabağda cərəyan edən hadisələrin bu məsələyə təsiri də az olmamışdır. Qarabağın ruhunu yüz illərdir Əfqanıstanda yaşadan qarabağlıların Vətən sevgisi ilə bağlı olan bu cəsarətli addımı insanda bu gün də qürur hissi doğurur. 

Nadir şah bu torpaqlarda arxasını möhkəm saxlamaq üçün 32-lər, Kəbirli və Cavanşir ellərini Qarabağdan Əfqanıstana köçürdü

Əfqanıstanın paytaxtı Kabilin yaxınlığında Qarabağ rayonunun mövcud olması isə bilavasitə tarixi həqiqəti özündə ehtiva edən amillərdəndir. Əyalətin bu şəkildə adlandırılması Əfşarlar İmperiyasının qurucusu Nadir şah Əfşarın Pakistan, Əfqanıstan, Hindistan yürüşləri zamanı Əfqanıstana Qarabağdan müxtəlif tayfaları köçürməsi ilə bağlıdır. Yüz illər boyu Qəznəlilərin, Teymurluların, Səfəvilərin nəzarətində olan bu torpaqlar Nadir şaha tabe olmaqdan imtina edirdilər. Nadir şah onların iradəsini qırmaq, bu torpaqlarda arxasını möhkəm saxlamaq üçün 32-lər, Kəbirli və Cavanşir ellərini Qarabadan Əfqanıstana köçürməklə bu torpaqlarda etibarlı dayaq yaratdı. Doğma məmləkətini unutmayan Qarabağlılar məskunlaşdıqları yörəni Nadir şahın razılığı ilə Qarabağ adlandırdılar. Nadir şahın 1738-ci ildə Kabildən ayrılarkən buraya qoyduğu ehtiyat əsgərlərin nəvələri olduğu bildirilən Herat və Kabildə yaşayan Qızılbaş türklərinin bu günkü sayı 400 mindən çoxdur. Tarixi mənbələrə istinad edərək onu da qeyd edə bilərik ki, Əfqanıstan həm də Qaznəli və Teymurlu türklərinin diyarıdır. Burada yaşayan türkmənlərinin sayı 300 min nəfərdir. XVIII əsrin əvvəlində Nadir şahın Xorasandan Əfqanıstana gətirdiyi Əfşar türklərinin bugünkü saylarının isə 10 min olduğu qeyd edilməkdədir. Bu əhalinin 2500 nəfəri Naxaçı və Təpə kəndlərində yaşayır. Nadir şah Əfşar Əfqanıstanda hakimiyyətini gücləndirmək, səltənətini möhkəmlətmək üçün Azərbaycandan gətirdiyi türkləri əfşar türklərinin arasına yerləşdirmişdi. Bu səbəbdən də Əfqanıstanda yaşayan Əfşar türklərinin danışıq tərzi Azərbaycan türkcəsinə olduqca yaxındır.

Bu gün də Kabil şəhəri ətrafında, eyni zamanda Qəndəhar bölgəsində özlərini Qızılbaş, bəzən də, əfşar adlandıran çoxsaylı qan qardaşlarımızın, soydaşlarımızın yaşaması eyni dili, mədəniyyəti, tarixi və etnoqrafiyanı paylaşan millətimizin mənəvi dəyərlərinə sədaqət hissinin göstəricisidir.

Əfqanıstandakı türklərin dilində, adət-ənənəsində, əsatir və nağıllarında Azərbaycan ruhunu sezmək olar

Tarixi mənbələr, müasir statistika da sübut edir ki, Əfqanıstanda bir çox türk xalqları, qövmləri, tayfaları yaşayır. Kompakt halda yaşayan özbəklərdən, türkmənlərdən, qırğızlardan, qazaxlardan, qaraqalpaqlardan, uyğurlardan dillərini unutmuş hazreystlərdən fərqli olaraq əfşar türkləri ayrıca yaşamaqla yanaşı, həm də hakim ruhunu qoruyur, özlərini Qızılbaş adlandıran Əfşarlar dilini, adət-ənənəsini, əsatir və bağıllarını qorumaqla tarixlə müasirlik arasında körpüyə çevrilirlər.

Bu səbəbdən də əksər tarixçilər qeyd edirlər: “Əfqanıstandakı türklərin dilində, dinində, adət-ənənəsində, əsatir və nağıllarında insani ruhlarının təzahürünü analiz etsək, oradakı Qızılbaşların etnik və mədəni mənsubiyyəti ilə bağlı şüuri və qeyri-şüuri səviyyədə təzahür edən Azərbaycanlını sezmək olar. El arasında insanların etnik, mədəni mənsubiyyəti ilə psixologiyası arasında əlaqəni təzahür edən bir deyim var: Qan çəkir. Əfqanıstanda yaşayan Qızılbaşların Azərbaycan türklərinə qanlarının çəkməsinin səbəbi də məhz budur”.

Qarabağla bağlı çoxsaylı toponimlərin olması dediklərimizə əyani sübutdur

Əfqanıstandakı toponimlər, oronim və oykonimlər belə bu torpaqların artıq oborigen millətinə çevrilən türklərin tarixi yaddaşının aynasıdır. Bu torpaqlarda mövcud olan Qarabağla bağlı çoxsaylı toponimlərin – Qarabağlı kəndinin, Qarabağ rayonunun olması da dediklərimizə əyani sübutdur. 32-lər, Kəbirli, Cavanşir tayfaları ilə yanaşı, yenə də Nadir şah Əfşarın diqtəsi ilə Borçalıdan Əfqanıstana köçürülən Qarapapaq türklərinin və ayrı-ayrı tayfaların adı, yaddaşı, düşüncəsi ilə bağlı ünvanların olması tarixi yaddaşın diqtəsinin əlamətidir. Danışıq dillərinə gəlincə isə müasir Azərbaycanın Aran-Muğan və Qarabağ bölgəsinin ləhcəsini istifadə edən türklər həm də, rəvan, yalnız özlərinə məxsus nitqləri ilə də Əfqanıstanda hörmətlə qəbul edilirlər. Məişətlərinə gəlincə isə qeyd edə bilərik ki, vaxtı ilə yaşadıqları, yaddaşlarına yazdıqları tərəkəmə həyat tərzini qoruyan Qızılbaşlar – əfşar, qarapapaqlar, 32-lər, kəbirlilər, cavanşirlər yayda yaylaqda, qışda qışlaqda ömür sürürlər. Qoyunçuluq təsərrüfatı ilə, toxuculuq, xalçaçılıq sənəti ilə məşğul olurlar.

And içəndə, yəmin gətirəndə Qurani Kərimə əl qoymamışdan öncə “Nadirin goruna and olsun!” deyirlər

Ana dillərində məktəbləri olmasa da, dilin ruhu ilə yaşayan, Güney Azərbaycan türkləri kimi mənəvi əzəmətini qoruyan, Əfqanıstan türkləri kimi, onun mənəvi inkişafına, iqtisadi tərəqqisinə töhfələr verən Qarabağlılar Qarapapaqlar, Qızılbaşlar, Əfşarlar kimi, həm də bir şeyə and içəndə, yəmin gətirəndə Qurani Kərimə əl qoymamışdan öncə “Nadirin goruna and olsun!” deyir, Əfqanıstanı onlara Vətən edən, Makedoniyalı İsgəndərdən, Əmir Teymurdan sonra Hindistanın fatehi, Qəznəli Mahmuddan, Əmir Teymurdan, Şah İsmayıl Səfəvidən sonra Əfqanıstanın hökmdarı kimi tarix yaradan, Sənqan və Herat yürüşləri ilə bu torpaqları iradəsinə tabe edən, Əfşarlar İmperiyasını dünyanın qorxulu röyasına çevrilən Nadir şah Əfşarın ruhuna and içirlər. Nadir şah bura bizi Azərbaycanı qorumaq üçün yerləşdirib!” deyə, bu gündə özünü Əfqanıstanda Vətənin – Odlar Yurdu Azərbaycanın səngəri, sipəri hesab edən türklər Qəndəhardan o yana olan əraziləri doğma torpaqları hesab etməklə, onu göz bəbəyi kimi qorumaqla həm də, əski türklərin “Torpaq qalan, qalan hər şey yalan! Nidasına tapınıb ömür sürürlər.

Nadir şah Əfşarı ruhunun yiyəsi, Odlar Yurdu Azərbaycanı qibləsi bilən Əfşarlar, Qızılbaşlar, Qarapapaqlar, 32-lər, Cavanşirlər, Kəbirlilər bu gün Əfqanıstanda özlərini gəlmə, qərib hiss etməməkdə də haqlıdırlar. Bu torpaqlar onlara Qəznəlilərdən, Teymurlulardan, Səfəvilərdən, ən əsası Əfşarlar İmperiyasını quran, imperiyanın sərhədlərini Osmanlıdan Hindistana, Şimali Qafqazdan Türküstana, İsfahandan Əfqanıstana qədər uzadan Nadir şah Əfşardan mirasdır! Əmanətdir! Onu tutiya bilib qorumaq onların alın yazısı, Tanrıdan tale payıdır.

Varlıqlarını qorumaq üçün milli mənlik, milli kimlik uğrunda mücadilə edirlər

Əfqanıstan Hindistan müharibəsinin vurduğu zərbələrə, iqtisadi, siyasi, sosial problemlərə baxmayaraq soydaşlarımız, qanı bir, dini bir qardaşlarımız digər türk tayfaları kimi assimlyasiya qayğıları ilə də baş-başadır. Ana dilində məktəblərinin olmaması, dövlət qurumlarında vəzifələrə cəlb edilməmələri, mədəniyyətlərinin rəsmi səviyyədə himayə edilməməsi narahatlıq yaratsa da, onlar milli mənlik, milli kimlik uğrunda mücadilə edirlər.

Azərbaycanı “Gülüstan”, “Türkmənçay” müqavilələri ilə ikiyə bölən imperiyalar Qarabağın, Şərqi Zəngəzurun 30 illik işğalı zamanı həqiqəti unutdular. Unutdular ki, Manna, Midiya, Atropatena, Qafqaz Albaniyası, Şirvanşahlar, Atabəylər, Səfəvilər, Əfşarlar, Qacarlar kimi dövlətlər quran Odlar Yurdu Azərbaycan bir gün mütləq Əmir Teymurun dili ilə “Qalx, qalx, qalx! Ömrü boyu əsərlərində aşağıladığın millətin qüdrətini gör!” deyib, düşmən üstünə yeriyəcək, Nadir şah Əfşardan 300 il sonra “Sən Nadirin oğlusan! Sən Qılıncın oğlusan! Sən Qılıncın özüsən!” nidası ilə qisası qiyamətə qoymayacaq. Tarixi ədaləti bərpa etmək üçün Xudafərin körpüsündə, Şuşa qalasında, Murovun zirvəsində, Ağoğlan qəsrində, Xudavəngdə Bayrağa dönəcək!

Hindistanı fəth edən, Sənqan, Herat və Karnal yürüşləri ilə Nadir şah Əfşar dünyanın qorxulu röyasına çevrilmişdi. Xəzər dənizində hərbi donanmaya sahib olan Çar Rusiyası onun Şimala yürüş edəcəyindən nigaran olur. II Yekaterina Nadir şaha məktub göndərərək ona yazır: “Gəl, birləşək, birlikdə Osmanlı Ordusunu məhv edək!” Bütün siyası qərarlarını bir türk əzəməti ilə alan Nadir şah II Yekaterinaya, onun simasında “Qafqazı parçala, hökm sür, İstanbulu fəth et!” nidası ilə bu torpaqları zaman-zaman qan gölündə boğan Çar cəlladlarına Qafqazın sərt-sıldırım qalalarını xatırladan cavab məktubu göndərir: “Bizə heç bir kafirin dəstəyi lazım deyil. Mən təkbaşına bir addım atıb Hindistanı tutdum. Lazım gəlsə, bir addım da atıb Sizin dünyanı tutaram”. Nadir şah dediyini etmiş, Sənqan, Herat, Karnal fütuhatlarından sonra Əfşarlar İmperiyasının ərazisini Çar Rusiyasının sərhədlərinə qədər uzatmaqla kifayətlənməmiş, onları Azərbaycandan, Şimali Qafqazdan, Türküstandan, Yaxın və Orta Şərqdən çıxarmış, Osmanlı ilə Çar Rusiyası arasında qüdrətli bir Əfşarlar imperiyası qurmuşdur.

              300 il öncə qopduqları Qarabağda 300 şəhid verdilər

Əfqanıstanın ucsuz-bucaqsız çölləri, qırgəzləri ruhumuzun qida yeri olan Odlar Yurdu Azərbaycandan bir parçadır. Elə olmasa I Qarabağ savaşında Əfqanıstanın Qarabağından, Azərbaycanın Qarabağına gəlib erməni daşnaklarına qarşı savaşan, 300 şəhid verən qan qardaşlarımız Allahverdi Bağırov, Əliyar Əliyev, Albert Aqarunov, Ramiz Məmmədzadə, Koroğlu Rəhimov, Fred Asif, Adil Həşimov kimi qəhrəmanlarla birlikdə tarix yaratdılar. 300 il öncə qopduqları torpaqları 300 şəhidin qanı ilə suladılar.  Herat qalasından Şahbulaq qalasına körpü salıb səngərə, sipərə çevrildilər. 

Orada, Əfqanıstanda bir kənd var: adı Qarabağdı! 32-lərdən, Kəbirlilərdən, Cavanşirlərdən, Qızılbaşlardan, Qarapapaqlardan, ən əsası Əfşarlardan – Nadir şah Əfşardan yadigardı. Dili dilimizə, ləhcəsi ləhcəmizə, süfrəsi süfrəmizə, geyimi geyimiziə, ən əsası ruhu ruhumuza doğmadı onların.

Biz Qılıncı dörd bir yana işləyən, vardığı məmləkətlərdə altundan saraylar yapan, sarayını sənətin, mədəniyyətin gülzarına çevirən, ruhunun davamını Sazda, qolunun davamını Qılıncda görən, Fətih dastanını üst-üstə yaradan türklərik. Bir ölər, min dirilərik! Canımızdan keçər, ululardan tutiyə qalan torpaqlardan keçmərik! Hindistanda Tac-Mahalımız, Pakistanda Hacı Zeynalabdin Tağıyev adında Ucalığımız, Əfqanıstanda hələ də “Nadir şah Əfşarın goruna and içən Qarabağımız var! Onları tanımaq, tanıtmaq, Vətəni Vətən edən sərkərdə-xaqanların müqəddəs ruhları qarşısında mənəvi borcumuzdur!

Şərəf Cəlilli

Bənzər Xəbərlər

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Azərbaycan ilə Macarıstan arasında münasibətlər bütün sahələrdə uğurla inkişaf edir.

Ən son

HƏR ŞEYDƏN

Bu gün bir çoxları hesab edir ki, Xristofor Kolumb öz ekspedisiyasına maliyyə vəsaiti tapa bilmirdi,

HƏR ŞEYDƏN

Bu gün bir çoxları hesab edir ki, Xristofor Kolumb öz ekspedisiyasına maliyyə vəsaiti tapa bilmirdi,
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin