Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺
Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 10/28/2025

Paylaşın

TARİXİMİZ

Heydər Əliyev Fondunu Vatikana bağlayan həqiqətlər

Vatikan, Heydər Əliyev Fondu

Vatikan Məxfi Arxivində, Apostl Kitabxanasında qorunan sənədlərdə  Ermənistan Azərbaycanın ərazisi olaraq təqdim olunur

Bəşəri dəyərlərin xəzinəsi, sirli-soraqlı dünyası olan arxivlər, kitabxanalar, toz basmış hücrələri, min illərin yaddaş saxlancı olan qiymətli məxəzləri ilə tarixin canlı salnaməsidir. Onlara könül verən tədqiqatçı alimlər üçün də buralar müqəddəsdir. Axtardığı suallara cavabların tapıldığı, hüzurun bulunduğu bu ünvanlarda tarixlə müasirlik üz-üzə gəlir, baş-başa qalır. Misir kitabxanası, Nur Osmaniyyə kimi tanıdığımız Nuri-Osmaniyyə kitabxanası, Peterburq Dövlət Arxivi, Gürcüstan Dövlət Arxivi, Vatikan və Drezden kitabxanaları dediklərimizə əyani sübutdur. Adlarını sadaladığımız bu məşhur kitabxanaların arxivləri, arxivlərin də on minlərlə kitab və sənədləri himayə edən kitabxanaları var. Ömrünün yarısından çoxunu onların hücrələrində keçirən bir tədqiqatçı kimi qeyd edim ki, bu məşhur elm, sənət məbədlərində tarix sanki diridir, canlıdır. Misir kitabxanasının direktoru professor İsmail Serageldinin dili ilə desək: “Misir fironları, Osmanlı sultanları, Vatikan kardinalları, Avropa kralları, Rusiya çarları kimi sanki insana hökm edirlər”.

Papa V Pavel tərəfindən təməli qoyulan arxiv

Dünyanın sirli-soraqlı məkanlarından hesab olunan, hücrələri yalnız istisna və müstəsna tədqiqatçı alimlərin, tarixi şəxsiyyətlərin, yenə də qeyd edirəm məhz tarixi şəxsiyyətlərin üzünə açıq olan 1610-cu ildə Papa V Pavel tərəfindən təməli qoyulan Vatikanın Dövlət Arxivi dünya tarixi üçün mühüm əhəmiyyətə malik olan məbədlərdəndir. Yeraltı dünyanın sultanı hesab olunan bu Qapalı Arxivin uzunluğu 85 min km olmaqla yanaşı, onun hücrələrində 35 min tarixi sənəd, 1 milyondan çox kitab qorunub himayə olunur. Müxtəlif müharibələr, səlib yürüşləri zamanı ayrı-ayrı saraylardan sürülüb gətirilən, kolleksiyaçılardan, tacirlərdən alınan sənədlər və kitablar bəşəri dəyərlər xəzinəsinin incisi kimi xüsusi qayğı və diqqətlə qorunur, himayə edilir. Şərq və Qərb dəyərlərinin mühüm məlumat bazası hesab olunan o sənəd və kitabların içərisində Şərqin, Türk dünyasının, Osmanlının və Azərbaycanın dövlətçilik tarixini özündə ehtiva edən rəsmi sənədlər, məktublar olmaqla yanaşı, mütəfəkkir şairlərimizə, təbib filosoflarımıza aid çoxsaylı əlyazmaları, cüng və təzkirələr, dastanların nüsxələri mövcuddur. “Kitabi-Dədə Qorqud dastanı”nın Vatikan nüsxəsi ilə burada tanış olan bir tədqiqatçı kimi qeyd edim ki, o gün həyatımda ən ağır günlərdən biri idi. Sanki Səfəvilər sarayı yağmalanır, Şeyx Səfi kitabxanası Peterburqa sürgün edilir, Nadir şah Əfşarın Hindistanın fəthi zamanı qənimət olaraq Əfşarlar sarayına gətirdiyi 500, 300, 200 karatlıq brilliyantların biri İngiltərəyə, digəri Peterburqa, o biri də Tehran sarayına sürgün edilir, sinəmizə “Türkmənçay”, “Gülüstan” dağları çəkilirdi.

Kataloq və kartotekaları vərəqlədikcə fikir və düşüncə sahiblərimizi şükran duyğuları ilə anırsan

Hər gün dünyanın müxtəlif guşələrindən gələn 1500 tədqiqatçıya xidmət göstərən Vatikan Dövlət Arxivindən Azərbaycanla bağlı 300-dən çox sənədin ölkəmizə gətirilməsində mühüm rol oynayan Heydər Əliyev Fondunun dəstəyi ilə bu gün də orda axtarışlar, tədqiqatlar davam etdirilməkdədir.

Məxfi qrifi adı altıda fəaliyyət göstərən Apostl kitabxanasında mühafizə olunan sənədlərin, məktubların, yazışmaların sırasında yer alan əlyazmaları, məktublar milli mənlik, milli kimlik tariximiz üçün ciddi mənbələr olmaqla yanaşı, həm də dünya tarixində mövqeyimizi, yerimizi və rolumuzu müəyyən edən amillərdəndir.

Buradakı kataloq və kartotekaları vərəqlədikcə min illər boyu dövlətçilik və milli-mənəvi dəyərlər tariximizə töhfədə bulunan sərkərdə-xaqanlarımızı, mütəfəkkir şairlərimizi, təbib filosoflarımızı, fikir və düşüncə sahiblərimizi şükran duyğuları ilə anırsan. Məhz onların iradəsi, analitik təfəkkürü, intellektual potensialı ilə ərsəyə gələn bu əsərlər indi dünyanın maddi-mədəni irsi kimi həm də onun yaradıcısı olan millətin, məmləkətin əzəmətini nümayiş etdirir. Təkcə kitabların, əlyazmaların, məktubların və yazışmaların mühafizə olunduğu bu məşhur məbəddə həm də dünyanın maddi-mədəni irsinə aid qızıl-zinət əşyaları, memari incilər, hərbi ləvazimatlar, sənət, mədəniyyət, incəsənət nümunələrinin sırasında Odlar Yurdu Azərbaycana – Vətənimizə aid nümunələri görmək də, insanda xoş duyğular, müqəddəs hisslər doğurur.

Orta çağ hökmdarlarının Vatikanla sıx əlaqələri olub

Vatikan daima dünya liderlərinin, hökmdar, sultan, kral və çarların da diqqət çəkdiyi məkan olub. Yüz illər boyu bəşəri dəyərlərin qorunub himayə olunduğu məkan kimi tanınan bu diyarda etiraf edək ki, dünyanın siyasi mənzərəsini, xəritəsini dəyişən qərarlar alınıb. Tarixi mənbələrə, elə həm də Vatikan Məxfi Arxivinə, Vatikan Apostl Kitabxanasına aid rəsmi sənədlərə istinad edərək qeyd edə bilərik ki, orta çağlar hökmdarlarının Vatikanla sıx əlaqələri olub. Ağqoyunluların, Qaraqoyunluların, Səfəvilərin, Əfşarların, Qacarların zamanında bir qədər də inkişaf edən, möhkəmlənən bu əlaqələr Roma papaları, Vatikan kardinalları səviyyəsində daha da möhkəmlənsə də, etiraf edək ki, milli dövlətçilik tariximiz üçün kədərli səhifəyə çevrilib. Ağqoyunlu, Qaraqoyunlu, Səfəvilər, Əfşarlar, Qacarlar kimi imperiyaların çökməsinə, iflasına, imperiyalar arasında bölünməsinə belə səbəb olub.

Orta əsrlər üçün dostluq, əməkdaşlıq münasibətləri hesab olunan bu əlaqələri özündə ehtiva edən sənədlərin, məktubların sırasında Şeyx Səfi, Şah İsmayıl Xətai, Şah Təhmasib, ümumiyyətlə bütün Səfəvi hökmdarları ilə yazışmalar xüsusi əhəmiyyətə malik olmaqla yanaşı, Səfəvilərlə Vatikanın müttəfiqlik münasibətlərinə ayna tutur.

Dünya tarixinə ölkə tarixşünaslığına bəlli olmayan 80-dən çox sənədin faksmelisinin ölkəmizə gətirilməsi mühüm əhəmiyyətə malikdir

Kartoteka və kataloqlarda qorunan rəsmi sənədlər, divanlar sırasından Azəri – Azərbaycan hökmdarı, şairi kimi təqdim olunan Şah İsmayıl Xətaiyə məxsus məktublar, yazışmalar, əlyazmaları ərəb, fars və türk dilində qələmə aldığı divanlarla dünyada məşhur olan Məhəmməd Füzulinin, mütəfəkkir şair Mahmud Şəbüstərinin Azərbaycan türkcəsini sənət, siyasət, mədəniyyət dilinə çevirən, türkcə divanı ilə Orta çağ Şərq ədəbiyyatı tarixində yeni mərhələnin əsasını qoyan Seyid İmadəddin Nəsiminin və digər qüdrətli şairlərin, təbib filosofların olması, qorunması Vatikanı ölkəmiz üçün dəyərlərin əyarına çevirib.

Dünya tarixinə, həm də ölkə tarixşünaslığına bəlli olmayan 80-dən çox sənədin faksmelisinin Heydər Əliyev Fondunun və onun rəhbəri, ölkənin I Vitse-prezindenti xanım Mehriban Əliyevanın dəstəyi, xüsusi qayğısı, iradəsi ilə ölkəmizə gətirilməsi mənəvi və siyasi baxımdan mühüm əhəmiyyətə malikdir.

Şərqin, Turanın, türk dünyasının bir parçası olan, qüdrətli sərkərdə-xaqanları, sənət-mədəniyyət xiridarları ilə dünyaya meydan oxuyan Azərbaycanın mütəfəkkir şairləri Nizami Gəncəviyə, Əfzələddin Xəqani Şirvaniyə, Seyid İmadəddin Nəsimiyə, Mövlana Məhəmməd Füzuliyə aid əlyazmaları, Təbriz miniatür məktəbinə məxsus əsərlər himayə olunduğu Vatikan Apostl Kitabxanasında xüsusi diqqət və qayğıya ehtiyac duysalar da, hər halda tarixin salnaməsi, şahid sənədləri kimi ümumbəşəri dəyərlər xəzinəsi üçün mühüm əhəmiyyətə malikdirlər. Şərq tarixi ədəbiyyatı, xüsusən də Qaraqoyunlular, Ağqoyunlular, Səfəvilər, Əfşarlar, Qacarlar imperiyası, Azərbaycan mütəfəkkirləri ilə bağlı bir çox sənədlər, kitablar hələlik bütöv halda siyahıya alınıb kataloqlaşdırılmasalar da, tədqiqatçılar onlardan istifadə üçün kitabxana və arxiv əməkdaşlarının yardımları ilə istəyinə nail olurlar.

Vatikan – erməni lobbisini çıxılmaz duruma salan ölkə

Əsasən XV, XVI, XVII yüz illərə aid xəritələrin də burada Vatikan Məxfi Arxivində və Vatikan Apostl Kitabxanasında qorunması onu Şərq tarixi, mədəniyyəti, ədəbiyyatı, dövlət idarəçilik ənənələri ilə bağlı tədqiqatlar aparan alimlərin əsas ziyarət obyektlərindən, məbədlərindən birinə çevirib.

30 illik işğaldan, intizardan, 44 günlük Vətən Müharibəsindən sonra Qüdrətli Ordumuzun, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin iradəsi ilə hüzura qovuşan Qarabağla bağlı bir çox rəsmi sənədlərin Vatikanda qorunması, bu sənədlərdə onun Azərbaycanın ayrılmaz tərkib hissəsi kimi təqdim olunması erməni daşnaklarının, erməni lobbisinin çıxılmaz duruma salan amillərdəndir. Onu da xüsusi olaraq qeyd edək ki, Vatikan Məxfi Arxivində və Vatikan Apostl Kitabxanasında qorunan sənədlərdə indiki Ermənistan ərazisi, Qars, Borçalı, Tiflisin böyük bir hissəsi, Qaraçöp mahalı, İrəvan, Təbriz, Ərzurum, Qars, Anadolu, Dərbənd belə Azərbaycanın ərazisi olaraq təqdim olunur. Xəritələrdə Qaraqoyunlular, Ağqoyunlular, Səfəvilər, Əfşarlar, Qacarlar imperiyasının ərazisi kimi təqdim olunan bu torpaqlar dədələrdən mirasımız olaraq keçir.

Vatikandakı sənədlərdə Qafqazda ermənilərə məxsus mülklər, malikanələr, onların rəhbərlik etdiyi qurumlar haqqında heç bir məlumat yoxdur

Rəsmi sənədləri incələdikcə bəlli olur ki, min illər boyu bu ərazilərdə, dövlətlərdə ermənilər nəinki hakimi  mütləq, heç kiçik səlahiyyət sahibi belə olmayıblar. Ən ciddi vəzifələri çəkməçilik, pinəçilik, bələdçilik və mütərcimlik olub. Taleyin sərt üzündən, səltənətin səhv siyasətindən yalnız Səfəvilərin zamanında əsnaf ermənilər elçi qismində, səfir statusunda ölkələrarası münasibətdə yer alıblar.

Vatikanda qorunan, mühafizə olunan sənədlərdə Qafqaza, Qaraqoyunlu, Ağqoyunlu dövlətlərini, Səfəvilər, Əfşarlar, Qacarlar və Osmanlı imperiyalarını çevrələyən ərazilərə varid olan – Marko Polo, Klavixo, Kaforino, İosof, Varbaro, Silberger, Engelbert, Klimnoer kimi səyyahların, missionerlərin qeydlərində bu ərazilərdə ermənilərə məxsus mülklər, malikanələr, onların rəhbərlik etdiyi qurumlar haqqında heç bir məlumat yoxdur. Bu ərazilərin əsas obarigen millətinin türklər, azərilər – azərbaycanlılar olduğunu təsdiq edən sənədlər isə kifayət qədərdir.

Hollandiyada çap edilmiş XVI əsrə aid xəritə və atlaslarda İrəvan Azərbaycan şəhəri kimi təsvir edilir

Üstəlik Vatikan Apostl Kitabxanasında mühafizə olunan, Hollandiyada (Niderland) çap edilmiş XVI əsrə aid xəritə və atlaslarda da İrəvan Azərbaycan şəhəri kimi təsvir edilir. Bu azmış kimi indiki Ermənistan ərazisi – Qərbi Azərbaycan kimi qeyd edilir, Ermənistan adının bu xəritə və atlaslarda təsvir olunmaması haqq davasına qalxan, tarixi zəfərə imza atan Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin “Əgər Şərqi Zəngəzur varsa, deməli Qərbi Zəngəzur, Qərbi Azərbaycan da vardır. Göyçə, Zəngəzur, İrəvan bizim tarixi torpaqlarımızdır. O torpaqlarda bizim əcdadlarımız yaşamışdır. Biz o torpaqlara qayıdacağıq!” nidasının həqiqətə, tarixi faktlara söykəndiyini bir daha sübut edir.

Şərəf Cəlilli

Yazıçı-publisist

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

1 noyabrda Bakı-Ağstafa, 2 noyabrda isə Ağstafa-Bakı istiqamətində əlavə qatar reysləri təyin ediləcək.

Ən son

TARİXİMİZ

Azərbaycan rəssamlıq sənətinin qızıl səhifələrindən birini Qəzənfər Xalıqovun yaratdığı “Nizami Gəncəvinin portreti” təşkil edir.

TARİXİMİZ

Azərbaycan rəssamlıq sənətinin qızıl səhifələrindən birini Qəzənfər Xalıqovun yaratdığı “Nizami Gəncəvinin portreti” təşkil edir.
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin