Nəşr edilmişdir 05/21/2025

Paylaşın

TARIXI ŞƏXSİYYƏTLƏR

Heydər Əliyev: Nəriman Nərimanov öz dövrünün, yaşadığı mühitin çərçivəsində böyümüş görkəmli simadır, siyasi xadimdir

Nəriman Nərimanov, Heydər Əliyev

Altıncı yazı

Nəriman Nərimanov qüdrətli pedaqoq, nüfuzlu həkim, əsərləri əl-əl gəzən yazıçı-publisist, mütəfəkkir dövlət xadimi idi. O, “Nərimanovçuluq” təlimi, kodeksi ilə Azərbaycançılıq məfkurəsindən Türkçülüyə, Turançılığa yol gəlmişdi. Ən çətin zamanlarda milli maraqlar naminə iradə nümayiş etdirmişdi. Bu mənada Leninə, Stalinə, Çiçerinə, Atatürkə ünvanladığı məktublar onun bir dövlət xadimi, xüsusən də milli dövlət xadimi kimi ruhunun, duyğusunun, siyasi mövqeyinin mahiyyətini ortaya qoyur. Qərbi Azərbaycan, Zəngəzur, Dağlıq Qarabağ, Zaqatala, Naxçıvan, Türküstan, Türkiyə məsələlərində prinsipial mövqe nümayiş etdirən, Stalin, Çiçerin, Mikoyan, Mirzoyan, Orconokidze, Maxaradze, Kirov kimi cəlladların üzərinə yeriyən Nərimanov milli maraqlar naminə daima bolşevik, kommunist mövqeyini qırğa qoyub Türkçülük, Azərbaycançılıq məfkurəsindən, daha doğrusu “Nərimanovçuluq” kodeksindən çıxış edib. Ana dilinin, əlifbanın, milli adət-ənənələrin qorunması, ilk konstitusiyanın yaradılması istiqamətində mühüm, özü də cəsarətli qərarlar alan Nəriman Nərimanov özünün ensiklopedik biliyi, analitik təfəkkürü, intellektual potensialı ilə bolşevik Rusiyasını idarə edəcək səriştəyə sahib olduğunu sübut edib.
Qara qızılın, Azərbaycan neftinin ölkənin intellekt kapitalına çevrilməsi üçün RK(b) P Maarif Komissarlığının qarşısında tələblər qoyub millətinin cəhalətdən qurtuluşu üçün təhsil strategiyasını müəyyənləşdirib.
Bu böyük dövlət xadimi siyasi fəaliyyətinin istənilən mərhələsində Azərbaycan xalqının milli-mədəni tərəqqisinə, din problemlərinə, Azərbaycan dilinə dövlət statusu verilməsinə, milli ziyalılara və təhsil məsələlərinə xüsusi diqqət yetirib, bunlara milli dövlət quruculuğunun tərkib hissəsi kimi baxıb, milli adət-ənənələri qoruyub, elm və mədəniyyətin inkişafına fikir verib. Onun bu fəaliyyəti birmənalı qarşılanmayıb. Nərimanov fəaliyyətə başlayarkən İrəvan, Dərbənd əraziləri Azərbaycandan alınmış, Zaqatala, Zəngəzur, Naxçıvan, Qarabağ və Bakının taleyi isə naməlum olaraq qalırdı. Bolşevik-daşnak rəhbərləri Azərbaycanı parçalayıb dövlətçiliyini əlindən almağa çalışırdılar. Ancaq Nərimanovun qətiyyəti sayəsində Naxçıvan, Qarabağ, Zaqatala Azərbaycanın tərkibində qaldı, Bakı paytaxt kimi tanındı. Naxçıvanın Azərbaycandan təcrid olunmaması üçün Meğridən yol açmaq üçün gərgin mübarizə aparan Nərimanov artıq taleyi ona qədər həll olunan Zəngəzurun isə Azərbaycandan qoparılmasının qarşsını ala bilməyib Azərbaycan Sovet Rusiyasının müttəfiqi, müstəqil bir respublika kimi görən Nərimanov mərkəzlə Azərbaycan arasında siyasi və iqtisadi hüquqlarının bölgüsü, Bakının milli simasının itirilməsinin qarşısının alınması, milli və dini ənənələrin qorunması uğrunda ardıcıl mübarizə aparırdı.

Neft istehsalına və satışına Azərbaycan hökumətinin nəzarətinin artırılmasını tələb edirdi

Mərkəzin Azərbaycana qərəzli münasibətini, ruslara, ermənilərə, qeyri-millətlərə xüsusi imtiyazlar verilməsini pisləyərək, “kommunist cildinə girmiş daşnakların” hiyləgər fəaliyyətini kəskin ifşa edirdi. O, Azərbaycan təmsilçisinin iştirakı olmadan Mərkəzdə Azərbaycana aid heç bir məsələnin müzakirə edilməsini, mərkəzi strukturlarda Azərbaycanın tam səlahiyyətli nümayəndələrlə təmsil olunmasını, neft istehsalına və satışına Azərbaycan hökumətinin nəzarətinin artırılmasını tələb edirdi. Milli Ordunun, aviasiyanın, nəqliyyat sisteminin yaradılmasına diqqət yetirir, Bakı-Culfa dəmiryolunun, Bakı-Tbilisi-Batum neft kəmərinin çəkilməsinin başa çatdırılmasına tam nəzarət edirdi”. Pedaqogika elmləri üzrə elmlər doktoru Zəhra Muradovanın “Respublika” qəzetində 29 iyul tarixli sayında dərc olunan: “Nəriman Nərimanov” adlı məqaləsindən təqdim etdiyimiz bu nümunə Nərimanovun bir qüdrətli şəxsiyyət, mütəfəkkir dövlət xadimi, vətənpərvər, millətsevər insan kimi obrazını yaradır. Milli dövlətçilik tariximizin 100 il öncəki dövrünə işıq tutur. Nəriman Nərimanov nüfuzlu dövlət xadimi kimi, cəsarəti, ləyaqəti, sonsuz millət sevgisi ilə tarix yaratdı. O tarixin səhifələrinə adını bir türk, azərbaycanlı və müsəlman olaraq qızıl hərflərlə həkk etdi. Sübut etdi ki, istənilən vəzifədə belə millət, mənləkət naminə iradə nümayiş etdirmək, xalq, dövlət qarşısında vicdan borcundan ləyaqətlə çıxmaq mümkündür. Siyasi fəaliyyətinin istər Bakı, istər Moskva dövründə mümkün olmayanların mümkünə çevrilməsi üçün tarixi qərarlar aldı, siyasi proseslərə istiqamət verdi, beynəlxalq münasibətlərdə qüsurların aradan qaldırılması üçün cəsarətli təkliflər irəli sürdü. Mümkün qədər onun həllinə nail oldu. Tarixi mənbələr Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Siyasi Sənədlər Arxivində mühafizə olunan sənədlər də sübut edir ki, həqiqətən də Nərimanov Sovet hakimiyyətini Şərq siyasətini düzgün aparmamaqda ittiham edir, “İranda kommunist inqilabını inkişaf etdirmək” düşüncəsinin tərəfdarlarının tezliklə məğlubiyyətə uğrayacağını irəlicədən söyləyirdi. Tarixi mənbələr də sübut edir ki, Nərimanovun 20-ci illərdə Lenin, Stalin rejiminə uzaqgörənliklə söylədiyi kimi İranda Kommunist İnqilabı baş tutmadı. 1941-ci ildə Təbrizə, Güney Azərbaycana polkovnik-komissar Əziz Əliyevin rəhbərliyi ilə “Güney Azərbaycan missiyası”, “Əziz Əliyev qrupu” göndərilsə, Milli Firqə qurulsa da, onu əldə saxlamaq, “Kürəkçay”, “Gülüstan”, “Türkmənçay” müqavilələrinin şərtlərini pozmaq olmadı.

“Mərkəz ancaq Orconokidzeyə etibar edib… Ona özünün heç bir xüsusi fikri olmayan, yalnız icraçı adamlar lazım idi!”

Nəriman Nərimanov 20-ci illər Bolşevik Rusiyasında analitik təfəkkürü, ensiklopedik biliyi, dövlət idarəçilik istedadı ilə Lenin, Stalin, Orconokidze, Kirov, Lominadze, Zemlyanski, Yeqerov kimi dövlət xadimlərindən qüdrətli olduğunu sübut etdi. Bu səbəbdən də çox zaman ona “Baba” deyə müraciət olunurdu. Baxmayaraq ki, onun varlığını belə Kremldə görmək onlar üçün həqiqətən də ölümə bərabər idi. Nərimanovun səlis nitqi, məntiqi, bir dövlət xadimi kimi nüfuzu hansı yöndən baxsa idin ancaq İnqilabın Bayraqdarı, sosializmin ideoloqu, Marksizm-Leninizmin təkanverici qüvvəsi, “Bütün ölkələrin proletarları birləşin!” şüarının müəllifi Vladimir İliç Leninlə müqayisə olunurdu.
Nərimanov bir türk, eyni zamanda kommunist, ölkəsini sevən bir dövlət xadimi kimi Rusiya-Türkiyə münasibətinin yaxşılaşdırılmasına çalışırdı. Türkiyədən Moskvaya göndərilən nümayəndə heyətinin hamısı Bakıda Nərimanovdan məsləhət aldıqdan sonra “Mərkəzə” gedirdilər. Nərimanov Atatürkə və türk xalqının istiqlal savaşına dərin rəğbət bəsləyir, lazımi yardım göstərirdi. Türkiyə hökumətinin rəhbərləri onun fəaliyyətini yüksək qiymətləndirir. Kremldəki ermənipərəst qüvvələrin təcrid olunmasında, Qars müqaviləsinin imzalanmasında, ratifikasiya edilməsində Nərimanovun xüsusi rolu oldu. Nərimanov Sovet Rusiyasının Azərbaycanın səlahiyyətlərini tam məhdudlaşdırmaq siyasətinə qarşı çıxır, Azərbaycanda baş verən “inqilabi proseslərə” digər bolşeviklərdən fərqli münasibət bəsləyirdi. Ona görə də AK(b)P-nın II qurultayında (1920, oktyabr) ifrat bolşeviklər – Lominadze, Orconokidze, Zemleyenski, Yeqerov və digərləri tərəfindən kəskin tənqid olundu. Nərimanov noyabrın 9-da yenidən Azərbaycan İnqilab Komitəsinin sədri təsdiq edilsə də, İnqilab Komitəsinə, həmçinin təbliğat və fəaliyyət şurasına ümumi siyasi rəhbərlik Orconokidzeyə tapşırıldı. Nərimanov bu barədə yazırdı: “Mərkəz ancaq Serqo Orconokidzeyə etibar edib… Ona özünün heç bir xüsusi fikri olmayan, yalnız icraçı adamlar lazım idi!”

Nərimanov tarixi qiymətini, dəyərini Ulu öndər Heydər Əliyevin zamanında aldı

Komissar Nəriman Nərimanov Azərbaycan İnqilab Komitəsinin sədri kimi özünün də qeyd etdiyi kimi icraçı adam olmadı, özünün fikri, düşüncəsi, məntiqi ilə qərarlar çıxardı. Vaxtdan, zamandan uca durub vaxtı, zamanı millətin, məmləkətin nəfinə işlətdi. Xalq Cümhuriyyəti ilə Sovet Azərbaycanı arasında körpüyə çevrildi. Siyasi hakimiyyəti Vətənində başa çatdıqdan sonra dövlət idarəçilik sükanın arxasına müxtəlif şəxsiyyətlər keçdi. Mircəfər Bağırovu İmam Mustafayev, onu da Vəli Axundov əvəz etdi. Nərimanovun ideyaları kimi adı da Stalinizmin hökm sürdüyü illərdə yasaq olundu. Nərimanov tarixi qiymətini, dəyərini Ulu öndər Heydər Əliyevin zamanında aldı. Adı, xatirəsi ədəbiləşdirildi. Dünyasını dəyişəndən, daha doğrusu müdhiş ölümündən, zəhər verilərək qətlə yetirilməsindən sonra 1950-ci ilin ortalarından “ictiami və siyasi bəraəti” istiqamətində mühüm işlər görülsə, elmi əsərlər, tədqiqat işləri, kitab və monoqrafiyalar ərsəyə gəlsə də, yalnız Ulu Öndərin siyasi hakimiyyətinin birinci mərhələsində Nəriman Nərimanovun mütəfəkkir dövlət xadimi kimi tarixi dəyəri verildi. Anadan olmasının 100 illiyi münasibəti ilə rəsmi dövlət sənədləri təsdiq olundu. Ulu Öndərin özü qədər əziz və dəyərli imzası ilə təsdiq olunan sənədlərin əksəriyyəti bu gün də sonsuz diqqət və qayğı ilə Azərbaycan Respublikası Prezidentinin Siyasi Sənədlər Arxivində mühafizə olunur. Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsi Bürosunun 24 may, 1972-ci il tarixi qərarı ilə görkəmli partiya və dövlət xadimi Nəriman Nərimanovun abidəsinin Bakı şəhərində ucaldılması, 30 may 1972-ci il tarixində isə açılışının təşkil edilməsi haqqında qərar qəbul edildi. Büronun qərarına imza atan Azərbaycan KP MK-nın Birinci katibi Heydər Əliyev abidənin təntənəli açılışında xüsusi mitinqlə müşayiət olunmasını, nüfuzlu ziyalıların iştirakını, tədbirin yüksək səviyyədə təbliğini təkcə uyğun qurumlardan tələb etməklə kifayətlənmir, gəlişi, iştirakı, bəlağətli nitqi ilə törənin dəyərinə dəyər qatır. Nərimanovun abidəsinin S.M.Kirovun abidəsi ilə eyni ərazidə ucaldılması, əzəməti ilə Kirovun abidəsini kölgədə qoyması Ulu Öndərin Nərimanovun qatillərindən biri kimi tanınan, Dağlıq Qarabağın tarixində ilk dəfə Ermənistanan birləşdirilməsi düşüncəsi ilə çıxış edən, fəqət Nərimanovun “Mən bircə gün də qoymaram Qarabağ erməni tapdağında qalsın. Mən Qarabağı bu gecə ya qaytaracağam, ya da başqa cür həll edəcəyəm!” deyib, Stalinin, Orconokidzenin, Kirov-Mikoyan qruplaşmasının qərarını yerlə-yeksan edən, istər Bakının, istərsə də Moskvanın ən ali kürsülərində söz sahibinə çevriləndə bədxahlarının – Orconokidze kimi, namərdlərin dili ilə desək: “Kommunistliyini tez-tez unudub, özünün türk milli simasını açıq nümayiş etdirən” Qurtuluş Savaşı zamanı türk xalqının, Türkiyə Cümhuriyyətinin yanında olan, “Paşam, Türk millətində bir ənənə vardır, qardaş qardaşa borc verməz, qardaş qardaşın hər çətin durumunda əlindən tutar. Biz qardaş xalqıq, hər zaman və hər şərtlər altında bir-birimizin əlindən tutacağıq!” nidası ilə Qazi Mustafa Kamal Paşa Atatürkü, Modern Türkiyə Cümhuriyyətin qurucusunu heyrətləndirən Nəriman Nərimanov bununla siyasi mövqeyini, milli maraqlarını ortaya qoymuş, qürur, qeyrət, ləyaqət mücəssəməsi kimi mənsub olduğu millətin, məmləkətin, Odlar Yurdu Azərbaycanın, Turanın, Türk dünyasının tarixinə, tarixi şəxsiyyətlərinə vicdanlı münasibətini nümayiş etdirmişdi.
Ulu Öndər qüdrətli dövlət xadimi, Sərkərdə-xaqan, Azərbaycan Sovet Sosialist Respublikasının Birinci katibi kimi sıradan bir şəxs deyildi. O, uzun müddət Azərbaycan KKB-sinə rəhbərlik etmişdi. Ən kiçik rütbədən ən ali dərəcəyə General rütbəsinə qədər yüksəlmişdi. Bu ölkədə kimin nə ilə nəfəs aldığını, kimin bir dövlət xadimi kimi Vətən qarşısında xidmətinin nə qədər olduğunu, millət, dövlət quruculuğunda yerinin və rolunun nədən ibarət olduğunu, hansı şərtlər altında doğulduğu torpağa, mənsub olduğu millətə, məmləkətə xidmət etdiyini bilirdi. O səbəbdən də tarixə, tarixi şəxsiyyətlərə, Nəriman Nərimanov kimi dövlət xadimlərinə qiymət verəndə dəyərlərin əyarına çevrilir, mütəfəkkir dövlət xadimi, müdrik şəxsiyyət kimi deyirdi: “Nəriman Nərimanov öz dövrünün, yaşadığı mühitin çərçivəsində böyümüş görkəmli simadır, böyük siyasi xadimdir”.

Azərbaycan Respublikası Prezidentinin Siyasi Sənədlər Arxivində Nərimanovun irsi, şəxsiyyəti, siyasi fəaliyyəti ilə bağlı mühüm sənədlər mühafizə olunur

Bu görkəmli sima, böyük siyasi xadimlə, daha doğrusu Vətəndən başqa kimsəyə, heç nəyə gümanı gəlməyən Nəriman Nərimanovla bağlı ikinci və üçüncü rəsmi sənədlər də məhz Ulu öndərin siyasi hakimiyyətinin birinci mərhələsində imzalandı. Ocağı qaralan, xanimanı dağılan, Nərimanovun tək və yeganə oğlu hərbçi-təyyarəçi Nəcəf Nəriman oğlu Nərimanov II Dünya müharibəsində həlak olmuş, unudulmaz ömür-gün yoldaşı Gülsüm xanıma da torpaq müqəddəsliyinə, Vətəndən uzaqda Moskvada, Novo-Deviçiye məzarlığında qovuşmuşdu. Ulu Öndərin bir türk Azərbaycanlı qeyrəti, ləyaqəti, eyni zamanda ailə-ocaq dəyəri var idi. Məhz bu qüdrətli liderin rəhbərliyi ilə Azərbaycan KP MK-nın Bürosu 3 avqust 1977-ci ildə “Nəriman Nərimanovun ev muzeyi”nin, memorial mərkəzinin qurulması üçün qərar almış, onun qurulması üçün ölkənin Mədəniyyət Nazirliyinə, Tarix İnstitutuna, Lenin Muzeyinin Bakı filialının rəhbərliyinə göstərişlər verilmişdi. Ulu öndərin hələ 1971-ci ildə Azərbaycan KP MK-nın Bürosunun qərarı ilə imzaladığı rəsmi sənədlərin sırasında iki qiymətli sənəd də var ki, bu da Vətən tarixi, Ulu öndərin əzəmətinin təsdiqi üçün çox dəyərlidir. Onun biri yuxarıda təqdim etdiyimiz Nəriman Nərimanovun abidəsinin Bakıda ucaldılması, digəri isə Nəriman Nərimanovun Ulyanvski şəhərində abidəsinin açılışı ilə bağlıdır. Azərbaycan KP MK-nın 8 dekabr 1977-ci il tarixli Bürosunun 52-ci saylı protokolunda öz əksini tapan sənəd sıradan bir sənəd deyil, heç Ulyanvsk şəhəri də qos-qoca Sovet İttifaqında sıradan bir şəhər deyildi. Bolşeviklərin ruhunun atası Vladimir İliç Lenin orada dünyaya gəlmişdi.
Azərbaycanın Birinci katibi Mərkəzi Komitəsinin bu qərarını alana qədər Moskvaya dəfələrlə müraciət etmişdi. Sovet İttifaqının rəhbəri Leonid İliç Brejnevlə danışıqlar aparmışdı. Sosializmin, kommunizmin ruhunun atası Leninin Nəriman Nərimanova münasibətini, eyni zamanda “Baba Nərimanın”, doktor Nərimanın, ən əsası bütün məqamlarda əsl kommunist obrazını, əyilməz xarakterini dəyişməyən, mümkün olmayanların mümkünə çevrilməsi üçün Bolşevik Rusiyasında mühüm nailiyyətlərə imza atan, müdhiş ölümü ilə belə Stalinizmin iç üzünü açan, Şura Hökumətinin qurulmasında Vladimir İliç Lenin qədər əziyyət çəkən dövlət xadimi Nəriman Nərimanovun əzəmətini sübut etmiş, Nərimanovun Vətənində, Bakıda Leninə ucaldılan möhtəşəm abidə kimi, Leninin şəhərində də Nərimanova abidənin ucaldılması ədalətin təntənəsi, kommunist prinsiplərinə hörmətin əlaməti kimi qiymətləndirilmiş, abidənin qoyulmasına nail olmuş, təntənəli açılış mərasiminə, gəlişi, unudulmaz tarixi çıxışı ilə zinətləndirmişdir.
Azərbaycan Respublikası Prezidentinin Siyasi Sənədlər Arxivində Nəriman Nərimanovun irsi, şəxsiyyəti, siyasi fəaliyyəti ilə bağlı mühüm sənədlər mühafizə olunur. Onu da qeyd edək ki, ayrı-ayrı şəhərlərdə abidəsinin, büstünün qoyulması, adını kitabxana, məktəb, küçə, kənd və qəsəbələrdə, kolxoz və sovkozlarda əbədiləşdirilməsi ilə bağlı sənədlərin əksəriyyətində isə həm də Azərbaycan SSR Nazirlər Sovetinin sədri Əliş Ləmbəranskinin imzası var. Ulu öndər Azərbaycan KP MK-nın Birinci katibi kimi mühüm qərarlarının icrasına nəzarəti məhz bu nüfuzlu dövlət xadiminə, etibarlı kadrına etibar edib.

“Nərimanovçuluq” siyasətindən narahat olanlar onun yüksək təyinat adı ilə Azərbaycandan, Bakıdan uzaqlaşdırılmasına nail oldular

Bütün həyatı keçmə-keşlərdən ibarət olan, quruluşun, zamanın üstünə yeriməsinə baxmayaraq məğrurluğunu, müdrikliyini, milli mənliyini, milli kimliyini qoruyan, Azərbaycana rəhbərliyi dövründə Kirov, Mirzoyan, Mikoyan, Əliheydər Qarayev, Ruhulla Axundov kimi simasızların sırasında “Kommunist simasını unutsa da, türklüyünü itirməyən”, bədxahların onu Azərbaycan rəhbərliyindən uzaqlaşdırmasına baxmayaraq, siyasi fəaliyyətinin Moskva dövründə də Azərbaycançılıq, Türkçülük məkfurəsinə xidmətdə bulunan Nəriman Nərimanov haqqında qələm çalan tədqiqatçılar tarixi mənbələrə və faktlara söykənib qeyd edirlər: “Nərimanovun “Nərimanovçuluq” siyasətindən narahat olanlar onun yüksək təyinat adı ilə Azərbaycandan, Bakıdan uzaqlaşdırılmasına nail oldular. 1923-cü ilin martında Nərimanov Zaqafqaziya Sovet Federativ Sosialist Respublikası İttifaq Sovetinin sədrlərindən biri oldu. O, Zaqafqaziya Partiya Təşilatının I qurultayında (1922, fevral) RK(b) P Qafqaz Ölkə Komitəsinin, iyunda isə Zaqafqaziya Ölkə Komitəsinin Rəyasət Heyətinin üzvü, RK(b) P XXII-XXIII qurultaylarıda MK üzvlüyünə namizəd seçildi, Sovet nümayəndə heyətinin üzvü kimi Genuya konfransında (1922) iştirak etdi. SSR-nin I Sovetlər Qurultayında (1922, dekabr) yaradılmış Mərkəzi İcraiyyə Komitəsinin ilk sessiyasında SSRİ MK sədri seçildi, SSRİ-nin ilk Konstitusiyasının (1929) hazırlanmasında yaxından iştirak etdi. SSRİ MİK Rəyasət Heyətinin Nəriman Nərimanovun sədrliyi ilə keçən iclasında (1925, 13 fevral) Böyük Sovetlər Ensiklopediyasının nəşri qərara alındı. Moskva Şərqşünaslıq İnstitutu onun adına verildi. 1925-ci ildə Nərimanovun ictimai-siyasi və elmi-ədəbi fəaliyyətinin 30 illiyi təntənə ilə qeyd edildi. Mayın 19-da müəmmalı şəkildə qəflətən vəfat edən Nərimanovun zəhərlənib öldürülməsi elə həmin dövrdən bütün səviyyələrdə etiraf olundu. Onun dəfn günü – martın 23-ü SSRİ-də matəm günü elan edildi. Nərimanov Moskvda, Qızıl Meydanda Kreml divarı yanında dəfn olundu”.
Nərimanov müəmmalı ölümü, ani gedişi ilə belə qüdrətli sərkərdə-xaqanları xatırlatdı. Metenin, Atillanın, Qəznəli Mahmudun əcəl camından payı oldu. O sıradan bir tarixi şəxsiyyət, dövlət xadimi deyildi. Gedişi, Ruhlar səltənətinə, Tanrı dərgahına dönüşü də, mələk misalı ola bilərdi. O bu dünyaya müəllim, alim, yazıçı-publisist, ictimai-siyasi xadim, ən əsası Hippokrat andına saiq qalan təbib kimi gəldi. Təbabətdən Siyasətə gəlişi də, müdhiş, müəmmalı gedişi də, mələyin rənginə bağlı oldu. Libası da, kəfəni də, mələk donundan biçildi. Bütün zəhərlənən, zəhər camı qismət olan sərkərdə-xaqanlar kimi onun da ağzından “Ağ köpük daşdandı” Onun doğulduğu torpaqda – Qarapapaqların diyarında Borçalıda həm də, Çənlibelə, Çənlibeldə Məğriblə Məşriqin toqquşduğu yerdə qaynayan bulağa, İldırım parçasından qopan qılınca and içərlər. Nəriman Nərimanov Çənlibelli Qoç Koroğlu kimi tarix yaratdı. “Nərimanovçuluq” məfkurəsi ilə milli mücahidlər yetişdirdi. Qıratı minib, Misri qılıncı qurşayıb. Qılıncı Qələmə, Neştərə çevirib yağı üstünə yeridi. Tiflisdən Bakıya, Bakıdan Təbrizə, Metex qalasına, oradan Həştərxana vardı. Sürgünü də mərdi-mərdana yaşadı. Bakıdan Moskvaya gedişində də bir sürgün ruhu, havası vardı. Dünən Nərimanova Metex qalasında zindan əzabı verənlər Çar Rusiyası donunu Şura Hökumətinə dəyişəndə ona əcəl şərbəti içirdi.

Ulu Öndər sübut etdi ki, təbabətdən siyasətə yol gələn Nəriman Nərimanovun milli dövlətçilik tariximizdə yerini və rolunu tarix müəyyən edib

Azərbaycanın I Vitse-prezidenti xanım Mehriban Əliyevanın Ulu Öndərlə bağlı iki tarixi kəlamı var: “Həyatda hər kəsin yerini və rolunu tarix müəyyən edir!” Heydər Əliyevin varlığı Azərbaycan üçün Tanrının tale payıdır!” Ulu Öndər Heydər Əliyev Nəriman Nərimanovun 100 illik yubileyində möhtəşəm abidəsini qranitdən yondurub Bakının zirvələrindən birində ucaltdırarkən sübut etdi ki, onun varlığı Azərbaycan xalqı üçün Tanrının tale payıdır! Ulu Öndər həm də bununla sübut etdi ki, təbabətdən siyasətə yol gələn Nəriman Nərimanovun milli dövlətçilik tariximizdə yerini və rolunu tarix müəyyən edib. Bu il dahi şəxsiyyətin qüdrətli dövlət xadiminin anadan olmasının 155, dünyaya vida nəğməsinin oxumasından 100 illiyidir. Müzəffər Ali Baş Komandan İlham Əliyevin iradəsi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 may 2019-cu il tarixli 211 nömrəli Qərarı ilə Nəriman Nərimanov Azərbaycan Respublikasında əsərləri dövlət varidatı elan edilən müəlliflərin siyahısına daxil edilib. Hər bir vicdanlı Azərbaycanlı etiraf edir ki, Nəriman Nərimanov bir dövlət xadimi, Milli lider kimi Dağlıq Qarabağ, Zəngəzur, Naxçıvan məsələlərinə, Azərbaycançılıq məfkurəsinə, “Nərimanovçuluq”, Türkçülük, Turançılıq ideologiyasına qurban gedib. Mümkün olmayanları mümkünə çevirərək Dağlıq Qarabağın, Naxçıvanın əldə tutulmasını, Zəngəzur dəhlizinin – Meğri adında qorunmasına nail olub. Türkiyənin Qurtuluş Savaşına töhfədə bulunub. Qərbi Azərbaycan, Zaqatala, Bakının paytaxt statusunun saxlanılması kimi ciddi məsələlər uğrunda savaşda qüdrətli liderlərə xas dəmir iradəsi, əyilməz xarakteri ilə tarix yaradıb. O tarixin altun səhifələrinə adını dünyanın qüdrətli siyasi xadimləri kimi həkk edib.
Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin diqtəsi, iradəsi ilə artıq Dağlıq Qarabağ Muxtar Vilayəti adında erməni daşnaklarına, onların havadarlarına ümid yeri olan iddia nöqtəsi yoxdur. Nərimanovun “Mən bir gün də qoymaram Qarabağ erməni tapdağında qalsın!” Mən onu ya bu gecə həll edəcəyəm, ya da başqa cür edəcəyəm” nidası gerçəyə çevrilib. 44 günlük Vətən Müharibəsindən, haqq davasından sonra “Qarabağ Azərbaycandır!” Nəriman Nərimanovun şəhər statusunu təsdiq etmək üçün Stalinin üzərinə yeridiyi, “Əziz Şuşa azaddır!” Nərimanov “Bakının siması”nın dəyişməsindən nigaran idi. Bu gün Bakının milli tərkibi elə onun istədiyi, düşündüyü kimidi. Burada etnodil prosesləri, etnik tərkib məsələləri dövlət nəzarətindədir.
Bakı həm də Nərimanovun görmək istədiyi simadadı. Şərqlə Qərbin harmoniyasında tərəqqi dövrünü yaşayır. Siyasi mərkəz rolunu oynayır, beynəlxalq təbdirlərə, humanitar form və konfranslara, idman yarışlarına ev sahibliyi edir. Millət, məmləkət sevgisindən yonulan abidəsi, müqəddəs ruhu ilə Xəzərin yaxasından, Bayıl qəsrindən boy verən hilallı ulduzlu üç rəngli Bayrağa sarı boylanan Nəriman Nərimanov “Şükür Yaradana, şükür Yaşadana!” nidası ilə söyləyir: Azadlıqdan qiymətli sərvət, İstiqlaldan şirin nemət yoxdur! “Bir kərə yüksələn Bayraq bir daha enməz!” “Azərbaycanın müstəqilliyi daimidir, əbədidir, dönməzdir!”.

Şərəf Cəlilli

Loading

Bənzər Xəbərlər

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Bu barədə Baki-baku.az-a Elm və Təhsil Nazirliyindən məlumat verilib

Ən son

GÜNDƏM

Novruz bayramı Türk dünyasının ortaq bayramı statusunu alıb.

GÜNDƏM

Novruz bayramı Türk dünyasının ortaq bayramı statusunu alıb.