Dekabrın 29-da Prezident İlham Əliyevin Cinayət Məcəlləsində, Miqrasiya Məcəlləsində, İnzibati Xətalar Məcəlləsində, “Əhalinin sağlamlığının qorunması haqqında”, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin təsdiq edilməsi barədə, “Psixiatriya yardımı haqqında”, “Azərbaycan Respublikasında səfərbərlik hazırlığı və səfərbərlik haqqında” və “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanunlarında dəyişikliyi təsdiqləməsi ilə Azərbaycanda hərbi xidmətə çağırış yaşının yuxarı həddi azaldılıb. Dəyişikliyə əsasən, çağırışçılar ilkin hərbi qeydiyyata alınmış və ya alınmalı olan müddətli həqiqi hərbi xidmət keçməmiş 18 yaşından 30 yaşınadək Azərbaycanın kişi cinsli vətəndaşları olacaq. Qanun təsdiqlənənə qədər isə həmin yaş həddi 18 yaşından 35 yaşınadək idi. Bəs, bu dəyişikliklər hazırda müddətli həqiqi hərbi xidmətdə olan 30 yaşdan yuxarı şəxslərə təsir edəcəkmi? Onlar nə zaman təxris olunacaqlar? Yaş həddinin 30-a endirilməsinin nə kimi sosial əhəmiyyətləri var?
Mövzu ilə bağlı Baki-baku.az-a açıqlama verən ehtiyatda olan polkovnik, Qarabağ müharibəsi və Silahlı Qüvvələrin veteranı, hərbi ekspert Şair Ramaldanov bildirib ki, qanuna edilən dəyişiklik müsbət sosial xarakter daşıyır: “Adətən hərbi xidmətə məhdudiyyət sağlamlıqla bağlı səbəblərdən irəli gəlir. Məsələ ilə bağlı müvafiq komissaya 3 ildən bir bu məhdudiyyəti təsdiqləyir ki, 30 yaşa qədər bu 4 dəfə edir. Düşünürəm ki, artıq bunun 5-6-cı dəfə təsdiqlənməsinə ehtiyac yoxdur. Sağlamlıqla bağlı problemin olduğu 30 yaşa qədər 4 dəfə təsdiqlənibsə, təbii ki, 5 və 6-cı dəfə də təsdiqlənəcək”.
Hərbi ekspert diqqətə çatdırıb ki, qanuna yeni dəyişikliklərin başqa mühüm sosial tərəfi də var: “Müəyyən səbəblərdən müddətli həqiqi hərbi xidmətə getməyən şəxslər bəzi hallarda 30 yaşdan sonra getməli olurlar. Əksər hallarda 30 yaşa qədər gənclər ailə həyatı qururlar və ya hansısa peşə, ixtisas üzrə özlərini təsdiqləyirlər. Yaxud da gənclər 30 yaşdan sonra hərbi xidmətə yollanma ehtimalını nəzərə alaraq gələcəkləri ilə bağlı plan qurmaqda çətinlik çəkirlər. Bütün bunlar mənəvi, psixoloji və sosial cəhətdən cavanlara mənfi təsir göstərir. Bu səbəbdən yaşın 30-a endirilməsi yerində verilmiş düzgün qərardır”.
Ş.Ramaldanov onu da əlavə edib ki, bu gün Azərbaycan Ordusu peşəkar ordular sırasında inkişaf edir və hazırda çağırışçıların çatışmaması kimi bir hal mövcud deyil. Ona görə də, qanunda olan dəyişikliklər zərurətdən yaranır və gənclərin həyatında sosial baxımdan müsbət rol oynayır.
Hərbi şərhçi Ramil Məmmədli isə açıqlamasında bildirib ki, bu dəyişikliklər mərhələli şəkildə müxtəlif aidiyyəti şəxslərə şamil olunacaq: “Xidmətdə olanlar xidmətlərini sona qədər yerinə yetirib, sonra təxris olunacaqlar. Çünki hərbi xidmətin yarımçıq yerinə yetirilməsi mümkün deyil, yəni qanun əvvəlki dövrə şamil olunmur. Hazırda müddətli həqiqi hərbi xidmətdə olan şəxslər qanuna yeni dəyişikliklərdən əvvəl xidmətə gediblər. Bu səbəbdən onlar həqiqi hərbi xidmət müddətini tamamlayandan sonra təxris olunacaqlar”.
R. Məmmədov qeyd edib ki, həqiqi hərbi xidmət yaşının 35-dən 30-a endirilməsi bu sahədə effektivliyi artıracaq, hərbi qulluqçuların, bir qədər də cavan heyətdən formalaşmasına səbəb olacaq: “Bir sözlə, bu, praktik və pragmatik bir müasir yanaşmadır. Düşünürəm ki, qarşıdan gələn dövrlərdə həqiqi hərbi xidmət keçmə müddətinə yenidən baxılacaq və 12-18 ay müddəti ilə bağlı azalmalar tətbiq olunacaq”.