Genetik kodlarını qorumaq üçün ancaq Uyğurlarla nigaha gedən Hotonlar
Dili, mədəniyyəti, geyim tərzi, hətta süfrə mədəniyyəti ilə belə fərqlənən Hoton türkləri barədə çoxları məlumatsızdır. Monqolustanda, dini etiqadı ilə islam dəyərlərinə bağlı olan Hoton türkləri milli kimliklərini yüzillərdir qorumaqla yanaşı dillərini,dinlərini, milli musiqilərini, geyimlərini belə yaşatmaqla kifayətlənməyiblər, adət-ənənələrini də mühafizə ediblər.
Monqolustanın Uves əyalətində, Talerilan, Naranbulaq və Ulanqom bölgələrində yaşayan kökləri etibarı ilə Uyğur türklərinə bağlı olan Hoton türkləri Monqolustanın təsir dairəsində olsalar da, Ana dillərini danışmaqda, əlifbalarını belə qorumaqdadırlar.
Monqolustanda yaşayan digər türk-müsəlman soylu xalqlar, eyni zamanda moğollarla da qonşuluq münasibətlərini qoruyan Hoton türkləri genetik kodlarını qorumaq məqsədi ilə ancaq Uyğurlarla nigaha gedirlər.

Teleutlar-Altayların yaddaş yeri
Soyu, soykökü, şəcərə dəftəri ilə Türküstan, Sibir və Altay türklərinə bağlı olan Teleut türkləri 2700 nəfərlik nüfuzu ilə bu gün də qırgəzlərin incisi olaraq ömür sürməkdədirlər. Türküstanın şimalında tarixi torpaqlarında yaşayan,Sibir və Altay dağlarının çevrəsində tarixini, mədəniyyətini, adət-ənənələrini qoruyan Teleutlar ilxıçılıq, dəmirçiliklə məşğul olmaqla yanaşı, ovçuluq sənətini də, əski gələnəklərinin ayrılmaz tərkib hissəsi kimi qorumaqdadırlar.Toxuculuq və tikmə sənətini də qoruyan Teleutlar dünya bazarına toxuduqları milli naxışlı xalçaları, kilim və cecimləri, üst geyimləri, gümüşdən hazırlanan zərgərlik nümunələri ilə nüfuz etməklə yanaşı, həm də maral, ceyran və cüyür ətindən alınan quru ət çeşidləri, ağartı məhsulları ilə də məhşurdurlar. Dini etiqadına görə şaman ənənələrini davam etdirən Teleutlar, toy və yas mərasimlərini də şaman ayinlərinə uyğun şəkildə təşkil edirlər.

Altay türkcəsinin Tuba ağzı ilə danışan türklər
Min illər boyu Altaylardan, Sibir çöllərindən Türküstan qırgəzlərindən Anadoluya səs salan, dünyanın yarısından çoxunu iradəsinə tabe etdirən Tuba türkləri milli kimliklərini qorumaq üçün bu gün də, Sibirin sərt şaxtasına , boranına baxmayaq Ata Yurddan qopmurlar. Dünyanın say etibarı ilə azsaylı xalqlarından sayılan, cəmi-cümlətanı 1965 nəfərdən ibarət olan Tuba türkləri Sibirin güneyində Altay dağlarının ətəyində yaşayırlar. Timək, Qıbcaq və əski Altay soyları ilə qan və gen bağlarına malik olan Tuba türkləri əski gələnəklərə,zəngin mədəniyyətə sahib olmaqla yanaşı, həm də qüdrətli tarixləri, sərkərdələri ilə məşhurdular. Altay türkcəsinin Tuba ağzı – ləhcəsi ilə danışan Tuba türkləri gözəl nitqləri, türküləri, səhra nəğmələri ilə bu gün də tarixlə müasirlik arasında körpüyə çevriliblər.
Maral, ceyran, cüyür sürüləri ilə məhşur olan Tuba türkləri yeganə türksoylu xalqdır ki, maral südündən pendir və qatıq mayalayır, südə alça turşusu əlavə etməklə kəmşirin içki hazırlayırlar. Onu da qeyd edək ki, sac əppəyi – sac çörəyi, müxtəlif növ şirniyyatları ilə yanaşı, Tuba türklərinin də, qida rasionunu digər türksoylu xalqlar kimi əsasən qaxac ət, kabab və xəmir xörəkləri təşkil edir.

Şərəf Cəlilli