Hamilə qadınlara daha çox paxlalı bitkilər, qoz-fındıq və toxumlar yemələri tövsiyə olunur.
Baki-baku.az-ın məlumatına görə, mütəxəssislər bildirirlər ki, bu məhsullar həm ana, həm də döl üçün sağlamlıq baxımından faydalıdır.
Qoz, badam, fındıq kimi məhsullar faydalı yağlar, E vitamini, maqnezium və sinklə zəngindir. Bu maddələr sinir sistemini dəstəkləyir və plasentanın formalaşmasına kömək edir. Hamiləlik zamanı isə aşağıdakı qidalardan uzaq durmaq məsləhət görülür: az bişmiş heyvani məhsullar, civə tərkibi yüksək olan balıq (məsələn, tuna), fast food və həddindən artıq şirniyyat.
Mütəxəssislər həmçinin proteinlə zəngin qidaların əhəmiyyətini vurğulayır.
Ət məhsulları – yağsız mal əti, toyuq və hinduşka dölün toxumalarının inkişafı və ananın immuniteti üçün vacib olan əsas amin turşularının mənbəyidir.
Balıq – xüsusilə dəniz balıqları asan həzm olunan protein və omeqa-3 yağ turşuları ilə zəngindir, uşağın beyin və görmə inkişafı üçün faydalıdır. Balıq seçərkən civə tərkibi aşağı olan növlər (losos, skumbriya, xek) üstünlük verilməlidir.
Yumurta – zülal, B qrupu vitaminləri və xolinlə zəngindir, sinir sisteminin inkişafına kömək edir.
Süd və süd məhsulları – kalsium mənbəyidir, uşağın sümükləri və dişlərinin formalaşmasına yardım edir.
Eyni zamanda, dənli bitkilər və paxlalılar da hamilə qadınlar üçün vacibdir:
Tam dənli yarmalar – yulaf, qarabaşaq, arpa yarması enerji verir, B qrupu vitaminləri və liflə zəngindir, həzm sistemini dəstəkləyir.
Paxlalılar – noxud, lobya, mərcimək və s. bitki mənşəli zülal, dəmir və fol turşusunun əla mənbəyidir.
Təzə tərəvəz və meyvələr hamiləlik dövründə diqqətdən qaçırılmamalıdır. Hər gün ən azı 400 qram tərəvəz və meyvə yemək tövsiyə olunur. Sezon məhsulları üstünlük təşkil etməlidir, çünki onlar təbii şəraitdə yetişir və uzun müddətli saxlama üçün istifadə olunan kimyəvi maddələrdən az təsirlənir. Həmçinin, ispanaq, cəfəri, şüyüd kimi təzə göyərtilər fol turşusu ilə zəngindir və xüsusilə ilk trimestrdə dölün sinir sistemi inkişafı üçün vacibdir.