Nəşr edilmişdir 02/06/2025

Paylaşın

XƏBƏRLƏR

H.S.Tompsondan dostuna məktub

Hanter Stokton Tompson

Hanter Stokton Tompson həyatını düzgün qurmaqla bağlı məsləhət soruşan dostu Yumu Loqana 1958-ci ildə məktub yazır. O zamanlar Tompsonun karyerasının yeni başladığı zamanlar idi və heç kim onun XX əsrin ən məşhur yazıçısı olacağını təxmin etmirdi. Bu da məktubu öz növbəsində daha anlamlı və unikal edir.
Yazıçının əsas həyat qayəsi inanca əsaslandığından yazdıqları daha çox hipotetik xarakter daşıyırdı. “İnanclarımız bizim reallığımızı formalaşdırır” fikrinə inansaq, Tompson bunun ən bariz nümunəsi olar. Güman edirik ki, təqdim etdiyimiz məktub sizi də ilhamlandıracaq.


22 aprel, 1958-ci il

Perri Strit, 57

Nyu-York


Əziz Yum,
Məndən məsləhət istəyirsən. Bu, bütün insanlara xas xüsusiyyətdir. Düşünürəm ki, bir insana necə yaşamalı olduğunu məsləhət vermək, təxminən, eqomaniyanın astanasında olmağına bərabərdir. İnsana düzgün yolu göstərmək cəsarəti və titrək barmağını öz aləmində düzgün yönə tərəf uzatmağı yalnız axmaq adama məxsus cəsarətdir.


Axmaq deyiləm, amma məndən məsləhət almaq səmimiyyətini yüksək qiymətləndirirəm. Bütün verilən məsləhətlər onları verən adamın məhsulu olduğunu unutmamağını istəyirəm. Biri üçün mütləq həqiqət olan, digəri üçün fəlakət ola bilər. Sənin mənim bucağımdan həyatı görmədiyin kimi, mən də sənin həyatını sənin kimi görə bilmirəm. Hətta deyərdim, sənə konkret məsləhət verməyim korun digər kora yol göstərməsi kimi olar.


Məqsədə doğru getmək, yoxsa axınla üzmək? – əsas sual budur. Hər kəs həyatın bir dövründə bu qərarı şüurlu və ya şüuraltı verir. Amma bunu dərk edənlərin sayı çox azdır! Həyatının hər hansı dönəmində aldığın qərarlara bir baxsan mütləq ki, bu qərarlarının gələcəyinə təsir etdiyini görərsən. Bəlkə də, mən səhv edirəm, amma axına qoşulub getmək, yoxsa məqsədə doğru irəliləmək – həyat həmişə bu iki qərardan asılıdır.


Digər tərəfdən, məqsədin olmayanda niyə də axınla üzməyəsən ki? Bu başqa məsələdir. Əlbəttə, qeyri-müəyyənlikdə üzməkdənsə axından zövq almaq, sözsüz, daha yaxşıdır. Bəs məqsədi necə tapasan? Buludların üstündə pambıq saraylardan danışmıram. Dediyim daha real və nail olunacaq məqsədlərdir. İnsan məqsədin mənasız və dadsız “karamel qalası” (“big rock candy mountain” Harri MakKlintokun mahnısından – red.) olmadığından necə əmin ola bilər ki?


Bunun və haradasa həyatın faciəsi ondadır ki, biz insanı yox məqsədlər tapmağa hədəfləyirik. Məqsədlər qoyub bu məqsədə çatmaq üçün vacib olanları edirik. Amma belə olanda biz mahiyyətini itirən konsepsiyanın tələblərinə uyğunlaşmış oluruq. Tutaq ki, uşaqlıqda sən yanğınsöndurən olmaq istəyirdin. Yüzdə yüz əminəm ki, artıq belə arzun yoxdur. Niyə? Ona görə ki, sənin baxışın dəyişib. Yanğınsöndürən elə həmin peşədir, dəyişən sənin baxışındır. Hər bir insan həyat təcrübələrinə reaksiyalarının cəmidir. Sənin baxışların isə həyat boyu qarşılaşdığın yeni və fərqli təəssüratlarla dəyişir və formalaşır. Bu isə təkrar-təkrar baş verir. Hər bir önəmli təəssürat sənin baxışını dəyişir; hər bir reaksiya səni təlimləndirir.


Hədəflərimizə hər keçən gün fərqli bucaqdan baxırıqsa həyatımızı daima onlara uyğunlaşdırmağımız nə dərəcədə anlamsız cəfəngiyat olardı. Nevroz diaqnozunu rəhbər tutmuruqsa bu düzgün yol olmaz.

Demək ki, ən azından vacib hədəfləri özümüzə məqsəd qoymağımız düzgün olmaz. Bir Allah bilir “həyatın mənası” barəsində nə qədər insan mülahizələr irəli sürüb və neçə yüzlərlə kitab yazılıb. Bu başdan mövzuda hazırlıqsız olduğumu və bu səbəbdən də əsas fikrimi 1-2 punktla ifadə etməyi çalışacağımı qeyd etməliyəm.

“Ekzistensializm” termininin istifadəsindən qaçacağam, amma bil ki, bu öz növbəsində açar sözdür. Kim olmağın və gördüyün işin nə olması səni məmnun edirsə əladır. Əks halda, bu iki kitabı oxumağı sənə məsləhət* görərdim. Birinci Jan Pol Sartrın “Varlıq və Heçlik” kitabı, ikincisi isə “Dostoevskidən Sartra kimi ekzistensializm” adlı kiçik əsər. Hər nəysə, cavaba qayıdaq. Maddi məfhumlara olan bağlılığımız hər bir halda ağılsızlıq kimi dəyərləndirilməlidir. Buna görə də biz nə yanğınsöndürən, nə polis, nə bankir, nə də həkim olmağa çalışmırıq. Biz özümüz olmaq axtarışındayıq.


Məni düzgün anla. Dediyim o deyil ki, biz həkim və ya bankir ola bilmərik. Bilərik, həm də ən əlasından. Sənə anlatmaq istədiyim: hədəf qoyanda hədəfə uyğunlaşmaq yerinə öz şəxsiyyətinə görə hədəf seçməyindi. Məqsədini Daxili “mən”ə uyğunlaşdır. İnsanı xüsusi bacarıq və istəklərlə yaratmaq üçün hər bir insan genetikanın və ətraf mühitin vəhdətindən özünü birləşdirən varlıqdır. Həyatın mənalı olsun deyə daha bir özəlliyi artıq kök salmış işləmək istəyidir.


Anladığım qədəri ilə, formula belə işləyir: şəxsi arzularını reallaşdırmaq üçün insan maksimal effektiv yol seçməlidir. Bu yol maksimal dərəcədə əlverişli olmalıdır. Belə olduqda insan öz ehtiyaclarını ödəyir (şəxsiyyətini önə çıxardaraq hədəfə doğru irəliləmək üçün mövcud şablonla gedir) və potensialını reallaşdırmaq üçün ola biləcək təhlükələrdən yayınır (şəxsi inkişafı limitləməyən yollar seçir). Əlavə olaraq, insan hədəfə yaxınlaşdıqca hədəfinin gözlədiyi qədər mükəmməl olmadığını görəcəyini dərk etməlidir (hədəfinizi öz bacarıqlarınıza və arzularınıza uyğunlaşdırın, axtardığınıza uyğunlaşdırmaqla özünüzü razı salmayın).


Qısaca, öz həyatını öncədən təyin etdiyin hədəfə uyğunlaşdırmaq yerinə sənə mütləq ki zövq verəcək həyatı yaşamağı hədəfə al. Hədəf hər zaman ikinci dərəcəlidir, əsas olan o hədəfə getdiyin yoldur. Bunu yazmaq nə qədər gülməli də olsa insan öz seçdiyi şablon üzrə getməlidir. Digər insana sənin yerinə qərar vermək hüququnu verəndə sən öz əlindən həyatdakı ən vacib aspektlərdən biri olan azad seçmək hüququnu alırsan.


Gəl düşünək ki, sənin önündə 8 yol seçimi var (təbii ki, hamısı öncədən artıq seçilib) və sen heç birində real hədəf görmürsən. Onda bütün dediyimin məğzi açılır. Sən 9-cu yolu tapmalısan.


Təbii ki, bu göründüyü kimi sadə deyil. Sən horizontal yox vertikal həyat sürdüyünə görə ömrün qısa olub. Nə hiss etdiyini anlayıram, amma sən də bunu anla, kim seçim etməyə çətinlik çəkirsə başqası onun yerinə seçim edəcək.


Ona görə də əgər indi sən məyus olanlardansansa, deməli, ya hər şeyi qəbul etməli, ya da sükanı öz əlinə almalısan. Lakin hədəf seçməkdən qaç. Həyat tərzini seç. İlk öncə necə yaşamaq istədiyini seç, sonra isə seçdiyin həyat hüdudlarında yaşamaq üçün nələr etməli olduğunu müəyyənləşdir. Deyə bilərsən ki, “mən bilmirəm nə axtarım və bilmirəm onu harada axtarım”


İşin məğzi də elə burdadır. Əlimdə olmayan üçün əlimdəkindən imtima etməyə dəyərmi? Mən bilmirəm. Bu qərarı səndən başqa heç kim verə bilməz. Amma axtarışa çıxmağa qərar verdiyin andan artıq seçiminə doğru uzun bir yola girmiş olacağını bil.


Belə getsə bir kitab yazacam. İlkin baxışdan görsəndiyi qədər qarışıq olmadığına ümid edirəm. Bu həyata mənim baxışımdır və sən bu dediklərimlə razılaşmaya bilərsən. Hər birimiz öz inanclarımızı yaradırıq, mən də özümünküləri yazdım.


Əgər yazdıqlarımdan hansısa sənə mənasız gəlirsə, çox xahiş edirəm, onu mənə bildirəsən. Sənə deməyə çalışdığım Valhalla (Skandinaviya mifologiyasında döyüşdə həlak olmuş igidlərin getdiyi əfsanəvi zal və ya cənnət – red.) axtarışına çıxmağın deyil, dediyim sən sadəcə həyatın sənə hökm etdiyi qaydalarla yaşamalı deyilsən. Heç kim bir ömür boyu istəmədiyi işləri görməyə məcbur deyil. Amma əgər ki, gördüyün iş səni ilhamlandırıb sənə xoşbəxtlik verirsə onu görməyə davam et. Sən tək olmayacaqsan.


Hələlik bu qədər,
Hələ də dostun, Hanter

İngilis dilindən tərcümə edən: Deniz Məmmədli

Loading

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Respublika Gənclər Kitabxanasında şair, yazıçı, tərcüməçi, ssenarist, Azərbaycan Yazıçılar Birliyinin üzvü Xanım Aydının nəzm və nəsr nümunələrindən ibarət

Ən son

GÜNDƏM

Ukraynanın Bakıdakı səfirliyi Azərbaycanla diplomatik münasibətlərin 33-cü ildönümü münasibətilə tədbir təşkil edib.Baki-baku.az xəbər verir ki,

GÜNDƏM

Ukraynanın Bakıdakı səfirliyi Azərbaycanla diplomatik münasibətlərin 33-cü ildönümü münasibətilə tədbir təşkil edib.Baki-baku.az xəbər verir ki,