Nəşr edilmişdir 05/13/2025

Paylaşın

TARIXI ŞƏXSİYYƏTLƏR

Həsən bəy Zərdabi – Xalqım qəflət yuxusundadır, mənim kimi adam bunu görüb onlardan ayrı ola bilməz

Zərdabi

I yazı

Kazan Universitetinin Şərqşünaslıq bölümünün qurucusu, Mirzə Cəfər Topçubaşovdan sonra Peterburq Universitetinin Şərqşünaslıq bölümünün rəhbəri, Dərbənd şeyxülislamı Qasım Kazım bəy Dərbəndinin oğlu Mirzə Kazım bəy tək və yeganə türk, müsəlman idi ki, əsərləri senzuradan kənar dərc olunurdu. Peterburq Universitetində Çarın hüzurunda çıxış edən bu qüdrətli şərqşünas-filosof, mütəfəkkir alim tarixi bir kəlam işlətmişdi: “Şərqi xilas və tərəqqi etdirəcək insanlar Şərqin içərisindən çıxmalıdır!” Bu fikrin səslənməsi, dilə gətirilməsi o zamanlar üçün böyük cəsarət, eyni zamanda ləyaqət məsələsi idi. I Pyotrdan üzübəri bütün çar cəlladları İstanbulun fəthi, Səfəvilərə qədər və ondan sonrakı Türk-Azərbaycan dövlətlərinin yer üzündən silinməsi, Xəzər hövzəsinin işğalı, Yaxın və Orta Şərqin taleyinin həll olunması uğrunda mücadilə edirdilər…

Belə bir ərəfədə Mirzə Fətəli Axundzadə, Abbasqulu Ağa Bakıxanov, Həsən bəy Zərdabi, Hacı Zeynalabdin Tağıyev, Nabat xanım Aşurbəyova, Həbib bəy Mahmudbəyov Mirzə Kazım bəyin səsinə səs verdilər. Azərbaycançılıq məfkurəsinin zəmini hazırlayıb, təməl prinsiplərini müəyyən etdilər. Onların içərisində bir tarixi şəxsiyyət var idi ki, o, zülmətdə doğan günəş kimi, milli taetrın təkcə Rusiyada deyil, Şərqdə və türk dünyasında ilk türkdilli mətbuatın qurucusu, ilk Qız məktəbinin ideya müəllifi, Müəllimlərin I Qurultayının sədri, 6-cı çağırış Bakı Dumasının 28 azərbaycanlı qlasnısından – deputatından biri kimi ölkənin təhsil siyasətinə istiqamət verən, Əlimərdan bəy Topçubaşovun dili ilə desək: “Azərbaycanın mayakına, məşəlinə dönən”, Cümhuriyyət qurucularının Baş İdeoloqu kimi tarix yaradan, Vətən tarixində yerini və rolunu müəyyənləşdirən Həsən bəy Zərdabi idi. Adı da, özü də, varlığı da mənsub olduğu millətə Tanrıdan tale payı olan Həsən bəy Zərdabi!

General Fərhad Ağayev olmasaydı Zərdabinin taleyi necə olardı?

Həsən bəy Səlim bəy oğlu Məlikov 1837-ci il iyunun 28-də Bakı quberniyasının Göyçay qəzasının Zərdab kəndində mülkədar ailəsində dünyaya gəlmişdi. İlk təhsilini də elə burada, Zərdabda mədrəsədə almışdı. Ərəb, fars dilini mənimsəmişdi. Atası Səlim bəy oğlunun fitri istedadını nəzərə alıb onu, rusca dünyəvi təhsil verən Şamaxı qəza məktəbinə gətirmiş, yetişməsi üçün heç nəyini əsirgəməmişdi. 1852-ci il kiçik Zərdabinin böyük dünyasını elmi-irfanın paytaxtı, şairlərin, ustad sənətkarların diyarı Şamaxıda qısa zaman kəsiyində sübuta yetirmişdi.

Mükəmməl biliyi, əvəzsiz nitqi, dünyəvi elmləri qavrama qabiliyyəti məktəbi bitirmək üçün verdiyi imtahan zamanı Qafqaz Təhsil Komissiyasının müdiri baron Nikolayın diqqətini çəkmiş, onun dövlət təqaüdü ilə Tiflisə göndərilməsini təklif etmişdir. “Bu ərəfədə atası vəfat edən Zərdabiyə böyük qardaşları Tiflisə getməyə icazə verməmişdilər. Atasının Tiflisdə yaşayan dayısı general Fərəc bəy Ağayev məsələyə müdaxilə edərək, Zərdabini Tiflisə gətizdirmişdir”.

Fərəc bəy Ağayevin iradəsi, baron Nikolayın diqtəsi ilə Həsən bəy Zərdabinin, Zərdabi qarışıq Azərbayca xalqının taleyi dəyişmişdi. Fərəc bəy olmasaydı, Zərdabi kim olacaqdı bilmirik, amma Zərdabi olmasaydı, müsəlmanların taleyində mühüm rol oynayan Xeyriyyə Cəmiyyəti qurulmayacaqdı. Hacı Zeynalabdin Tağıyevin millət quruculuğu yolunda gerçəkləşdirdiyi layihələrin ideya müəllifi olmayacaqdı. Cümhuriyyət Qurucularının Baş İdeoloqu da doğulmayacaqdı. İlk peşəkar teatrın təsis olunmasından, Şərqin ilk ana dilli mətbu orqanının qurulmasından da söz getməyəcəkdi.

Şərqin ilk operasının müəllifi Üzeyir bəyin telayini Qarabağ xanlığının son vərəsəsi Xurşudbanu Natəvan, Mirzə Fətəli Axundzadənin taleyini Mirzə Şəfi Vazeh, Hüseyn Ərəblinskinin taleyini Həbib bəy Mahmudbəyov, Davud Səfiyarovun taleyini Mahmud Ağa, milli məfkurədən milli dövlətçiliyə yol gələn, Şərqin ilk Demokratik Cümhuriyyətini quran Məhəmməd Əmin Rəsulzadə, Əlimərdan bəy Topçubaşov, Fətəli xan Xoyski, Səməd bəy Mehmandarov kimi tarixi şəxsiyyətlərin, onların simasında Azərbaycan xalqının taleyini Hacı Zeynalabdin Tağıyev dəyişdi. Həsən bəy məktəbi, mətbuatı, teatrı milli dirçəlişə, intibaha, cəhalətdən qurtuluşa, Əbədi İstiqlala körpü bildi, millət qalan, qalan hər şey yalan nidası ilə qələm çaldı.

Andımı poza bilmərəm…

Həsən bəy Zərdabi general Fərəc bəy Ağayevin iradəsi ilə Tiflisə, Qafqazın mədəni mərkəzinə qədəm qoyanda cəmi 21 yaşı var idi. I Tiflis Məktəbinin V sinfinə qəbul olmuşdu. 1861-ci ildə buranı bitirəndən sonra yenə də dövlət təqaüdü ilə Moskva Universitetinin fizika-riyaziyyat fakültəsində təbiət elmləri üzrə təhsil almağa göndərilmişdi. 1865-ci ildə buranı Fərqlənmə diplomu ilə başa vurdu. Türk və müsəlman olmasına baxmayaraq Böyük Elmi Şura onun Universitetdə saxlanılması haqqında qərar çıxarmışdı. Darvin nəzəriyyəsini mükəmməl bilən bir elm fədaisi kimi bəlkə də, onu qarşıda daha böyük uğurlar gözləyirdi. O, Həsən bəy idi. Ən böyük nailiyyətini millətə xidmətdə görür, tərəddüd etmədən Elmi Şura üzvləri qarşısında bir məzun kimi sonuncu tarixi nitqini edirdi: “Mənim xalqın bu saat qəflət yuxusundadır, cəhalət girdabında boğulur, mənim kimi adam bunu görüb onlardan ayrı qala bilməz!”

Belə bir tarixi qərarı ondan sonra Azərbaycan Milli Elmlər Akademiyasının 15 təsisçisindən biri, ilk prezidenti akademik Mir Əsədulla Mirqasımov Odessa Tibb Universitetindən məzun olan gün vida törənində dilə gətirmişdi: “Mən Qafqazdan Odessaya Millətimə xidmət, Hippokrat andı içmək üçün gəlmişdim. Andımı poza bilmərəm. Sözümü tutmalıyam. Mənim xalqımın mənə ehtiyacı var”. Bu sonralar AMEA təsis olunarkən SSRİ Elmlər Akademiyasının Prezidenti akademik Kamarovun Stalinə hesabatı zamanı ünvanına “Mir Əsədulla Mirqasımov elmin nüfuzu və vicdanıdır” kəlamını yazdıran akademik Mirqasımovun Vətən, Millət sevgisinin, mərdliyinin, məğrurluğunun göstəricisidir. Hər iki qüdrətli şəxsiyyət bu qərarı ilə həm də, onlara ilk məhəbbətin gözü ilə baxan, məşhur simaların qızlarının yarımçıq arzusu idi. Onların sayəsində əldə olunacaq bütün imtiyazlardan imtina etmişdilər. Hər ikisi qüdrətli türk, müsəlman, Millət fədaisi olaraq dünyaya gələn əvəzsiz şəxsiyyətlər, məğrur kişilər, müdrik simalar idi. Həsən bəy tarixçi Solovyovun qızından, onun saf məhəbbətindən imtina edəndə bir türk, müsəlman kişisinə xas qüruruna, qeyrətinə söykənmişdi. Qanını özgə qana qatmamış, millətinin suyunu bulandırmamışdı. Bütün həyatını onunla birlikdə millət quruculuğuna həsr edən, eynən onun kimi müəllim, ictimai-xadim, publisist ömrü sürən, tarixdə Həsən bəy Zərdabinin silahdaşı, məsləkdaşı, könlünün sultanı, Mithət bəyin, Səvfət bəyin, Qərib Sultanın və Pərixanımın anası, Əlimərdan bəy Topçubaşov kimi qüdrətli mühərririn, dövlət xadiminin ana qədər əziz bildiyi Bulqar gözəli, Qafqazın incisi Hənifə xanım Ağayeva – Məlikovaya könül vermişdi.

On gimnaziyada çalışan ali təhsilli tək və yeganə türk – azərbaycanlı müəllim

M.V.Lomonosov adına Moskva Universiteti bütün zamanlarda, elə indinin özündə də dünyanın nüfuzlu elmi-tədris mərkəzi olub. Həsən bəy bu elm məktəbində təkcə bir fizik, riyaziyyatçı, bioloq, təbiət elmləri üzrə ciddi mütəxəssis kimi yetişmədi. O, bu möhtəşəm elmi mərkəzdə darvinist alimlərlə yanaşı, tarixçi Solovyov, yazıçı-publisist Pleşeyevlə dostlaşdı. Rus maarifçilik hərəkatının mogikanları ilə tanış oldu. Tiflisin mədəni-siyasi mühitində Bestujev – Marlinski kimi inqilabçılarla tanışlıq Mirzə Fətəli Axundzadənin ruhunda inqilab etdiyi kimi, Solovyov və Pleşyevlə dostluq da Həsən bəy Zərdabinin düşüncəsində intibahın rüşeymlərini cücərtdi.

Təhsilini başa vurduqdan sonra öncə Tiflis Torpaq İdarəsində çalışan Həsən bəy 1868-ci il fevralın 28-dən oktyabrın 4-dək Qubada məhkəmə katibi, Şamaxıda müstəqil vəkil kimi fəaliyyət göstərdi. Hüquq müdafiəçisinə çevrildi. 1869-cu ildə Bakıya qədəm qoyan, Realnı məktəbində təbiət elmləri üzrə müəllim kimi ruhunu, duyğusunu şagirdlərinin beyninə köçürən Həsən bəy ömrünün sonunadək taleyini bu şəhərlə bağladı. Onun mənəvi-siyasi mənzərəsini dəyişən nüfuzlu dövlət xadimlərinin, məşhur pedaqoqların, Vətənin nicatını elmi-irfanda, milli-mənəvi dəyərlərin qorunmasında görən Bakı Əsilzadələrinin öndərinə, silahdaşına çevrildi. Onların fikrinin, düşüncəsinin, ruhunun atası kimi tarix yaratdı. Bu elə bir dövr idi ki, Həsən bəy Zərdabi təkcə Bakıda, Odlar Yurdu Azərbaycanda deyil, bütün Qafqazda fəaliyyət göstərən 10 gimnaziyada çalışan müəllimlər içərisində yeganə Azərbaycanlı idi. O, həm də tək və yaganə türk, müsəlman Müəllim idi.

Tanrı onu ilk ana dili dərsliyinin müəllifi Mirzə Kazım bəyin, ilk əlifba islahatının, Azərbaycan ədəbiyyatı tarixində milli drammaturgiyanın banisi Mirzə Fətəli Axundzadənin, ilk tarix dərsliyini qələmə alan Abbasqulu Ağa Bakıxanovun təməlini qoyduğu, sütununu ucaldan zaman təzyiqlərə, təhdidlərə məruz qaldığı milli maarifçilik hərəkatının tavanı olaraq göndərmişdi. Mücadilə etmək, Mücahid ömrü sürmək, Qələmini Süngüyə çevirmək onun Tanrıdan tale payı, alın yazısı idi.

“Bununla da onun həyatında yeni dövr – maarifçilik, xalqın savadlanması, ana dilində təhsil uğrunda mübarizə mərhələsi başlayır, problemin çətinliyi onda idi ki, gimnaziyalarda olan müəllimlərin içərisində azərbaycanlı yox idi. Azərbaycanlı şagirdlər də yox dərəcəsində idi. Bununla da, Həsən bəy azərbaycanlı uşaqları məktəbə cəlb etmək üçün xalq içərisində təbliğat aparmağı qarşısına məqsəd qoyur. Müsəlmanlar arasında ilk dəfə 1872-ci ildə Bakıda “Cəmiyyəti – Xeyriyyə”ni qurur”,

40 yaşlı hambal hər şeyini Zərdabiyə niyə verdi?

Həsən bəy Zərdabi mülkədar oğlu idi. Atası Səlim bəyin iri torpaq sahələri, karvansaraları əvəz edən dükanları, Kürdə balıq vətəgələri var idi. Dünyasını dəyişəndən sonra malikanəsini, əmlakını oğulları aralarında bölüşdürmüş, Zərdabinin də payını ayırmışdılar. Buna baxmayaraq, o, hüzur dünyasını millətə təmənnasız xidmətdə bulmuş, “Xeyriyyə Cəmiyyəti”ni qurmaqla imkansız ailələrin uşaqlarını, gözüaçıq balalarını təhsilə cəlb etməyi, onların gözündən cəhalətin pərdəsini qaldırmağı qarşısına məqsəd qoymuşdu. 1872-ci ilin bütün yayını qızmar günəş altında “Gimnaziyada təhsil alan şagirdləri Nəcəf bəy Vəzirov və Əsgərağa Adıgözəlov (Gorani) ilə birlikdə Azərbaycanın şəhər və kəndlərini dolanaraq rəsmi dəftərlə “Cəmiyyəti-xeyriyyə”yə üzv yazdırmaqla məşğul olmuşdu”.

İlklərə imza atmaq, millətin nicatını, məmləkətin qurtuluşu üçün bəy titulundan, əsilzadə, zadəgan qürurundan belə keçib, Vətəni qarış-qarış gəzmək, onun bir millət, xalq olaraq cəmiyyətdə yerini və rolunu müəyyənləşdirmək üçün Fədai ömrü sürmək, Mücahid taleyi yaşamaq hər bir ziyalının işi deyildi. Həsən bəy Xaqaninin, Nizaminin, Nəsiminin, Füzulinin, Xətainin, Nəvainin, Həbibinin, Şirvani, Qarabaği, Naxçıvani imzaı ilə qaləm çalanların diyarından idi. Səhni-Səman, Nizamiyyə, Xarəzm, Mədrəsə Universitetləri, Uluqbəy, Tusi Rəsədxanası kimi əzəmətli elmi-mərkəzlər bu torpaqlarda, Şərqdə, Türk dünyasında intişar tapmışdı. Kufədə, Nəcəfdə, Buxarada təhsil alan qüdrətli din xadimləri ilə dünyaya səs salmışdı. Əl Qəzali, Əl Kindi, Əl Fərabi, İbn Sina, Bəhmənyar, Şihabəddin Yəhya və Əbu Həvs Sührəvərdi kimi dahilərin, Manna, Midiya, Atropatena, Şirvanşahlar, Atabəylər, Ağqoyunlular, Qaraqoyunlular, Səfəvilər, Qəznəlilər, Səlcuqlular, Osmanlılar, Teymurlular, Xarəzmşahlar kimi qüdrətli dövlətlərin davamçısı olan, taleyin sərt üzündən imperiyalar arasında bölünüb parçalanan Odlar Yurdu Azərbaycan yenidən varlığının sübut etməli, təkcə Güney Qafqazın deyil, Yaxın və Orta Şərqin nüfuzlu dövlətlərindən birinə çevrilməli, onu öz tarixi torpaqları ilə həmsərhəd edənlərə Əbədi İstiqlalın dərsini verməli, bu torpaqların tarixi sakinlərinin və sahiblərinin ünvanını dünyaya bəyan etməli idi. Bu yol milli maarifçilik hərəkatından, elmi-irfandan, məktəb və müəllimdən, millətin gələcəyi, nicatı olan istedadlı balalardan, vətənpərvər insanların, tarix və müasirlik arasında körpüyə çevrilən müdrik şəxsiyyətlərin Vətən sevgisindən keçirdi.

Həsən bəy Zərdabi bu sonsuz sevgisini, ilahi eşqini M.V.Lomonosov adına Moskva Universitetini fərqlənmə diplomu ilə bitirəndə, ona hüdudları məlum olmayan ilk məhəbbətdən imtina edəndə sübut etmişdi. “Mənim xalqım qəflət yuxusundadır, cəhalət girdabında boğulur, mənim kimi adam bunu görüb onlardan ayrı qala bilməz!” nidası ilə Vətəndaş mövqeyini sərgiləmiş, Fədai taleyini seçmiş, Mücahid ömrünü millətə həsr etmişdi. Şama pərvanə könlünü məşələ, Çırağa çevirmiş, Simurq quşuna dönüb hər gün bir lələyini oda vermiş, millətin dirçəlişi, cəhalətdən qurtuluşu üçün külə dönmüş, külündən dirilmiş, millətinə düz bildiyi, doğru bildiyi yolu göstərmiş, məşhur simaların, ağaların, bəylərin, mülkədarların, neftxudaların, kəndxudaların qapısından əliboş dönəndə, etinasızlıq görəndə inamını, son ümidini itirməmişdir. Xahiş etmək, qapı döymək Həsən bəyə nə qədər ağır gəlsə də, qəlbini sındırıb incitsə də geri çəkilməmişdir. Deyirlər, “günlərin birində hər yerdən əli üzülən Həsən bəy əldən düşmüş halda Bakı küçələrində çarəsiz gəzirmiş. Yox cavabları gah soyuq nəzakətlə, gah da istehzalı gülüşlə olurmuş. Bəziləri xahişə gələn bu ziyalını inandırmağa çalışırmış ki, onun xahişi mənasızdır…

Həsən bəy “bu qızıl yuvalardan” çıxıb küləkli Bakı küçələrində “xeyirxahların” ona münasibətini düşünə-düşünə dolaşırmış. Birdən kiminsə onun qoluna toxunduğunu hiss edir. Birdən kiminsə onun qoluna toxunduğunu hiss edir. Başını qaldıranda qarşısında bir hambalın durduğunu görür. Hambalın 40-a yaxın yaşı olarmış. Günəşdən yanan üzü bürünc rəngdəymiş. Kürəyində palan, ayağında çarıq olan hambal Həsən bəyə sevgi ilə baxırmış, üzündə də utancaq, çəkingən bir təbəssüm varmış. Hambal: “Eşitmişəm bizim uşaqları oxutmaq üçün pul yığırsan. Mən bir az pul qazanmışam. Budur, götür. Bilirəm, azdır, amma ürəkdəndir”, – deyir. Həsən bəy təəccübdən donub qalır. Bir xeyli danışa bilmir. Nəhayət, hambalın əlini sıxıb: “Çox sağ ol, dostum! Sən mənə o qədər pul verdin ki, onu mən həyatımda heç kimdən almamışam. Çünki sən nəyin varsa, hamısını verdin”, – deyir və hambalın pulunu özünə qaytarır…”

Loading

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Baki-baku.az-ın xəbərinə görə, bu barədə DİM-dən məlumat verilib.

Ən son

GÜNDƏM

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 13-də Türkiyə Respublikasının Milli Təhlükəsizlik Şurasının Baş katibi Okay

GÜNDƏM

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 13-də Türkiyə Respublikasının Milli Təhlükəsizlik Şurasının Baş katibi Okay