Nəşr edilmişdir 01/24/2025

Paylaşın

TARIXI ŞƏXSİYYƏTLƏR

Həsən bəy Zərdabi – Cümhuriyyət Qurucularının Baş İdeoloqu

CF32A30D-F9DF-41C6-9BD7-34785AF877A7

Adı milli dövlətçilik və milli-mənəvi dəyərlər tariximizə milli teatrın, milli mətbuatın qurucusu, Cəmiyyəti-Xeyriyyənin Qız Məktəbinin ideya müəllifi kimi yazılan Həsən bəy Zərdabi 1837-ci ildə Göyçay qəzasının Zərdab kəndində zadəgan Səlim bəy Məlikovun ailəsində dünyaya gəlib. İlk təhsilini elə burada, atasının sərmayəsi ilə fəaliyyət göstərən mədrəsədə alıb. Dini təhsilini bitirdikdən sonra, 1852-ci ildə atası Səlim bəyin istəyi ilə dünyəvi təhsil almaq üçün Şamaxı qəza məktəbinə yollanıb. Buraxılış imtahanı zamanı mükəmməl biliyi ilə Qafqaz Təhsil Komissiyasının müdiri baron Nikolayın diqqətini cəlb edib.  Komissiyanın sədri Həsən bəy Səlim bəy oğlu Məlikovun Tiflisdə təhsilini dövlət hesabına davam etdirməsi üçün rəsmi sənədi təsdiq edib. Həmin ərəfədə taleyin sərt üzündən Həsən bəyin atası Səlim bəy rəhmətə gedib. Qardaşları onun təhsilini Tiflisdə davam etdirməsini deyil, yerli məktəblərdə çalışmasını uyğun bilib. Belə bir ərəfədə Həsən bəyin taleyində baron Nikolay kimi mühüm rol oynayan daha bir tarixi şəxsiyyət – atasının dayısı General Fərəc bəy Ağayev onun haqqında qərar alıb. Tiflisə gəlməsini, təhsilini davam etdirməsini istəyib, daha doğrusu tələb edib.

“Xalqım qəflət yuxusundadır. Mənim kimi adam bunu bilə-bilə burada qala bilməz!”

1861-ci ildə Tiflisdə məktəbi əla qiymətlərlə başa vuran Həsən bəyin haqqında digər xeyirxahları qərar çıxarıb. Onun dövlət hesabına M.V.Lomonosov adına Moskva Universitetində təhsilini yenə də dövlət hesabına davam etdirməsi üçün şərait yaradıblar. Bununla da, o, universitetin Fizika-Riyaziyyat fakültəsinin Təbiət Elmləri bölməsinə daxil olub. Burada Darvinist mütəxəssis kimi yetişən Həsən bəy həm də ictimai-humanitar elmlərə yiyələnib. Tarixçi Salovyov və yazıçı Peleşyevlə tanışlıq onun ictimai xadim kimi yetişməsinə təsir edib. Hər iki tarixi şəxsiyyətlə dostluq münasibətləri onun rus maarifçiləri ilə yaxından tanışlığına körpü olub. Universiteti bitirən zaman Böyük Elmi Şuranın qərarı ilə Həsən bəy Məlikova universitetdə qalması, elmi iş və pedaqoji fəaliyyətlə məşğul olması təklif olunub. Həmin ərəfədə Salovyovun qızından atası vasitəsilə ona təklif gəlib. Həsən bəy bu təklifi geri çevirib. Daha doğrusu hər iki təklifi geri çevirib. “Mən bura, Moskvaya təhsil almaq, Vətənə dönmək, ona xidmət etmək üçün gəlmişəm. Mənim xalqım qəflət yuxusundadır. Mənim kimi adam bunu bilə-bilə burada qala bilməz!” Həsən bəydən sonra belə bir tarixi qərarı Azərbaycan Milli   Elmlər Akademiyasının ilk prezidenti akademik Mirəsədulla Mirqasımov Odessa Tibb Universitetini bitirən gün alacaqdı. Elmi Şuranın qərarını, rektorun qızının ilk sevgi məktubunu geri çevirəcəkdi. Hər iki tarixi şəxsiyyəti bir məqsəd, ülvi məhəbbət birləşdirirdi – Vətənə sevgi və təmənnasız xidmət!

Həsən bəy Zərdabi universiteti bitirdikdən sonra ilk əmək fəaliyyətinə Tiflis Torpaq İdarəsində başladı. 1868-ci ildə Qubada məhkəmə katibi kimi çalışdı. Bir müddət sonra isə Şamaxıda vəkilliklə məşğul oldu. 1870-ci ildən Bakıya üz tutan Həsən bəy, Bakıda Realnı məktəbdə müəllim kimi çalışmağa başladı. Bu elə bir dövr idi ki, milli müəllim kadrlarına nəinki ehtiyac var idi, onların yetişməsi üçündə zəmin belə yox idi. Həsən bəy Qafqazda fəaliyyət göstərən 10 gimnaziyada dərs deyənlərin sırasında ilk ali təhsilli türk, müsəlman, azərbaycanlı idi. Belə bir ərəfədə, millətin cəhalətdən qurtuluşu üçün Həsən bəy Cəmiyyəti-Xeyriyyəni qurub, onun imkanları hesabına məktəb açmağı, kasıb və imkansız ailələrin övladlarını təhsilə cəlb etməyi qarşısına məqsəd qoyur. Cəmiyyəti-Xeyriyyəni qurmaq üçün tələbələri Nəcəf bəy Vəzirov və Əsgər ağa Gorani ilə ölkənin bütün imkanlı şəxslərinin qapısını döyür. Etinasız və biganə münasibət görsədə məqsədindən dönmür. Bakının bir çox məşhur Neftxudaları, imkanlı şəxləri ilə yanaşı, yörələrdəki mülkədarlar və kəndxudalar da kiçik ianələrlə kifayətlənir.

Eşitdim, bizim uşaqlara məktəb açmaq üçün pul toplayırsan

Uğursuz günlərin birində Həsən bəy Bakı küçələrindən fikirli-fikirli keçirmiş. Birdən kimsə onun qolundan tutub, pencəyindən çəkir. Başını qaldıranda qarşısında bir hambalın dayandığını görür. Hambal ovucundakı pulu tutub, utana-utana Həsən bəyə deyir: “Eşitdim, bizim uşaqlara məktəb açmaq üçün pul toplayırsan. İmkanım buna çatır, bəlkə gərək oldu.” Həsən bəyin yorğun üzünə təbəssüm gəlir və qürur dolu  bir səslə deyir: “Hələ indiyəcən mənə kimsə bu qədər pul verməmişdi. Sən mənə hər şeyini verdin, dostum!” Hənifə xanım xatirələrində yazır ki, Həsən bəy hambaldan, kürəyində palanı, ayağında çarığı olan, Böyük insandan ayrılanda düşünür: Bu millət üçün, hər bir əzaba qatlaşmaq olar” Məktəb açmaq imkanı olmasa da Həsən bəy qısa zaman kəsiyində çalışdığı Realnı məktəbdə ilk teatr truppasını qurur. Nəcəf bəy Vəzirovun və Əsgər ağa Goraninin köməyi ilə Mirzə Fətəli Axundzadənin iki dram əsərini, “Lənkəran xanın vəziri” və “Hacı Qara”nı səhnəyə qoyur. Bakının məşhur simalarının iştirakı ilə keçən premyeradan sonra Həsən bəy yenə də həmin tələbələri ilə birlikdə milli-mənəvi dəyərlər tariximizə həsr olunan daha bir cəsarətli addımını atır. “Hər il qəzet oxuyanlardan 10 nəfər anlasa, onların sayı hər il artacaqdır.” Nidası ilə qəzet çap etmək barədə qərar verir.

“Əkinçi” Rusiyada əvvəlimci Türk qəzeti”

Məqsədinə çatmaq, Bakıda türk dilində qəzet açmaq üçün Həsən bəy Məlikov öncə Tiflisə Çar Canişinliyinə, sonra isə Bakı Şəhər Qubernatorluğuna müraciət edir. Uzun sürən yazışmadan sonra Şərqin, Türk dünyasının, Odlar Yurdu Azərbaycanın ilk mətbu orqanı “Əkinçi”nin nəşrinə icazə verilir. Rusiyada ilk türk dilli mətbu orqan olan “Əkinçi”nin nəşri üçün  Həsən bəy Zərdabi ömrünün sonuna qədər Bakı Qubernatoru Staroselskiyə minnətdar olmuşdu. Zərdabinin taleyini dəyişən üçünü tarixi şəxs – Staroselski “Əkinçi”nin senzura məsələsini öz üzərinə almış, Qubernatorluğun mətbəəsində çapına icazə vermişdi. Bakının, bütövlükdə isə Azərbaycanın ictimai-siyasi həyatında mühüm yer tutan Qubernator Staroselski 2 il sonra Azərbaycanda ilk rus-tatar məktəbinin qurucuları Həbib bəy Mahmudbəyovun və Sultan Məcid Qənizadənin müraciətini qəbul edəcək, onların ən böyük arzusunun gerçəkləşməsi üçün şərait yaradacaqdı…

“Əkinçi” qəzeti cəmi iki il, əslində isə on beş ay fəaliyyət göstərdi. 56 nömrəsi 300 – 400 tirajla işıq üzü gördü. Şərqin, Türk dünyasının, Azərbaycanın ilk ana dilli mətbu orqanı olaraq Milli mətbuatı, Milli məfkurənin təməl prinsipinə çevrildi. 1975-ci il iyulun 22-də işıq üzü görən “Əkinçi”nin nüfuzlu mətbu orqana çevrilməsi üçün Nəcəf bəy Vəzirov, Əsgər ağa Gorani, Məmmədtağı Əlizadə Şirvani, Seyid Əzim Şirvani, Güney Azərbaycandan Əhsənül Qəvaid, Dərbənddən Heydəri kimi nüfuzlu qələm sahibləri əllərindən gələni əsirgəmədilər. “Vəkili-naməlumi-millət” imzası ilə məqalələrini “Əkinçi”yə ünvanlayan Mirzə Fətəli Axundzadənin onun inkişafında xüsusi yeri, məqamı var idi. Bütün çətinliklərə, maddi sıxıntılara, mühafizəkar qüvvələrin hücumlarına baxmayaraq, Həsən bəy Zərdabi onu qoruya bildiyi yerə qədər yaşatdı. Millətin cəhalətdən qurtuluş yoluna körpü olan “Əkinçi”yə təzyiqlər təkcə “sapı özümüzdən olan baltalardan” gəlmirdi. Qara yellər həm də Peterburqdan, Tiflisdən, Qafqaz Canişinliyindən, Bakı Qubernatorluğunu yoldan edən erməni daşnaklarından gəlirdi. Bu torpaqların tarixi sakinlərinin oyanışına, qəflətdən qurtuluşuna, milli məfkurədən Milli dövlətçiliyə uzanan yoluna körpü olan “Əkinçi”nin bağlanması üçün bütün qara qüvvələr səfərbər olunmuşdu. “Şapkalı rus”, “Sünni Həsən bəy” adı ilə damğalanan Həsən bəy Zərdabiyə təzyiqlər dayanmadıqca, onun üzərinə yeriyənlərin sayı çoxalırdı. “Əkinçi” belə bir çətin şəraitdə bağlandı. O, təkcə bağlanmadı, redaktorunun sürgün illəri ilə müşaiyət olundu. Qubernatorluğun rəsmi şəkildə qapatdığı qəzetin redaktoruna heç yerdə iş verilmədi. Zərdabi məcbur olub ata-baba yurduna köçdü. Burda onun malı-mülkü də yox idi. Atası Səlim bəydən ona miras qalan malikanəsini satıb, “Əkinçi”ni qurmuşdu. Zərdabi ömür-gün yoldaşı, silahdaşı Hənifə xanım Abayeva-Məlikova və 4 övladı ilə birlikdə, nə az, nə çox düz 16 il sürgün həyatı yaşadı. Yerli ruhanilərin, mühafizəkarların, erməni daşnaklarının təhdid və təzyiqlərinə tabladı. Sürgündə belə millətin cəhalətdən qurtuluşu üçün qələm çaldı. “Ziya”, “Kəşkül”, “Ziyayi-Qafqaziyyə” kimi Tiflisdə işıq üzü görən qəzetlərdə elmi-publisistik məqalələrlə çıxış etdi. Hənifə xanımın Zərdabda qurduğu ilk Türk-müsəlman Qadın Məktəbinə dəstək verdi, yerli əhalinin kənd təsərrüfatı işlərinin yüngülləşdirilməsi üçün bioloq alim kimi maarifçilik məsələlərini yerinə yetirdi, məsləhət ünvanı oldu.

Bakı Dumasının 28 üzvündən biri

1896-cı ildə övladlarının böyüməsi, təhsil məsələlərinin şəhərdə davam etdirilməsi, ən əsası “Kaspi” qəzetini mətbəəsi ilə birlikdə satın alan Hacı Zeynalabdin Tağıyevin çağırışı, Çar Rusiyasındakı hakimiyyət dəyişikliyi ilə bağlı Bakıya döndü. Milli mətbuatın qurucusu “Kaspi” qəzetinin redaktoru, yetirmələrindən biri hüquqşünas – jurnalist Əlimərdan bəy Topçubaşova müavin təyin olunaraq, ustad-şəyird müqəddəsliyi yaşamağa başladı. Bakıya dönüş, onun ictimai fəaliyyətinin siyasi fəaliyyətlə əvəz olunmasına rəvac verdi. Bakı əsilzadələrinin iradəsi, Hacı Zeynalabdin Tağıyevin diqtəsi ilə Həsən bəy Zərdabi 6-cı çağırış Bakı Şəhər Dumasına Qlasnı seçildi. Həsən bəy 28 qlasnıdan biri idi. İki qlasnı-deputat Dumaya başçılarını itirmiş ailələrin Qəyyumu olaraq seçilmişdilər. Onun biri, ilk rus-tatar oğlan məktəbinin qurucusu Həbib bəy Mahmudbəyov, digəri isə, ilk milli mətbuatın – “Əkinçi”nin qurucusu Həsən bəy Zərdabi idi. Hər ikisi Dumada təhsil və maarif məsələlərinə baxacaqdı. Dumanın Məktəblər Komissiyasına rəhbərlik edən Həbib bəy Mahmudbəyov düz 21 il Cümhuriyyət quruluna, Məclisi-Məbusa-Parlaman fəaliyyətə başlayan qədər, Həsən bəy Zərdabi isə ömrünün sonuna, iflic xəstəliyinə tutulana qədər çalışacaqdı. Bu iki tarixi şəxsiyyətin, qüdrətli simanın fəaliyyəti illərində ölkənin təhsil siyasəti ilə bağlı mühüm layihələr gerçəkləşəcək, məktəblər, kitabxana və qiraətxanalar qurulacaq, “Nicat” Xeyriyyə Cəmiyyətinin dəstəyi, Hacı Zeynalabdin Tağıyevin, sonralar Cümhuriyyətin və Sovet dövrünün Şeyxülislamı olan, Təzəpir məscidinin axundu Ağa Əlizadənin diqtəsi, Nəriman Nərimanovun, Üzeyir bəy Hacıbəyovun qayğısı, Həbib bəy Mahmudbəyovun və Həsən bəy Zərdabinin iradəsi ilə Müəllimlərin Birinci Qurultayı keçiriləcəkdir ki, onun da sədri Həsən bəy Zərdabi olacaqdı. 1906-cı ilə təsadüf edən bu qurultaydan sonra da, ikinci qurultay keçirildi. Həsən bəy Zərdabi ora ancaq təbrik məktubu ünvanlaya bildi, artıq o,ömrünün son aylarını yaşayır, yataqdan dura bilmirdi. Amma ən böyük arzularından biri də gerçəyə çevrilmişdi. Millətin müəllimləri bir yerə cəm olur, maarif məsələlərini müzakirə edirdilər.

Tağıyevin mükafatından imtina etdi

Həsən bəy Zərdabi qüdrətli pedaqoq, nüfuzlu şəxsiyyət, görkəmli ictimai-siyasi xadim, məğrur insan idi. O, millətini inkişaf etmiş millətlərin sırasında görmək istəyirdi. Məktəbi, mətbuatı, teatr və incəsənəti ona körpü hesab edirdi. Millətin cəhalətdən qurtuluşu üçün məktəbə və müəllimə çıraq kimi baxırdı. O çıraqlardan biri 1907-ci ildə Bakıda Hacı Zeynalabdin Tağıyev tərəfindən şölələndi. Tağıyevin Qız Məktəbi quruldu. Rəsmi sənədlərdə adı Aleksandra Fyodorovna adına Qızlar Məktəbi kimi keçsə də, hər kəs onu Tağıyevin Qız Məktəbi kimi tanıyıb, qəbul etdi. Onun qurulmasında Həsən bəy Zərdabinin xüsusi yeri, rolu və xidmətləri var idi. Həsən bəy nəinki məktəbin nizamnaməsini yazmışdı, onun açılması üçün Çar Rusiyasına, Qafqaz Canişinliyinə, Bakı Qubernatorluğuna məktublar ünvanlamışdı. Tağıyevlə birlikdə qəbullarda olmuşdu. Etinasızlıqlar görsə də, məqsədindən dönməmişdi.

Tağıyev məktəbin tikintisi üçün yeri böyük sərmayə yatıraraq Nikolayevski küçəsindən, İsmailliyə binasının yanından götürmüşdü. Binanın layihəsini İsmailliyənin memarı Qoslavskiyə tapşırmışdı. 1907-ci ilin ilıq bir payız günündə Tağıyevin Qız Məktəbi qapılarını ilk şagirdlərinin üzünə açmışdı. Açılış törənində ölkənin nüfuzlu şəxsiyyətləri iştirak edirdi. Göz aydınlığına gələnlərin sırasında adı Milli dövlətçilik tariximizə qızıl hərflərlə yazılan üç sima var idi: Azərbaycan Xalq Cümhuriyyətinin qurucusu Məhəmməd Əmin Rəsulzadə, Naxçıvan Milli Şurasının, Müdafiə Komitəsinin sədri, Naxçıvan Qızlar Seminariyasının təsisçisi Mirzə Nəsurulla bəy Əmirov, Qarapapaq Türk Cümhuriyyətinin sədri Emin ağa Acalov. Rəsulzadəni çıxmaq şərti ilə, onların hər ikisi əsilzadə, zadəgan və Ali Gildiyalı Tacir idilər. Açılış törənindəki təbrik məktubunu Həsən bəy Zərdabi imzalamış, məktubu Əlimərdan bəy Topçubaşov oxumuşdu. Məktub “Çox yaşa, Zeynalabdin!” nidası ilə bitirdi.

Bütün varlığını millətin maariflənməsinə həsr edən Həsən bəyin adı da, özü də, şəxsiyyəti də Bakı əsilzadələri, xüsusən də Tağıyev üçün əziz idi. Tağıyev Açılış Törənində məktəbin qurulmasında zəhməti keçən hər kəsə mükafatlar təqdim edir. Mükafatı alanların sırasında Zərdabi tək və yeganə şəxs idi ki, ondan imtina edir, mükafatı məktəbin ianə-yardım fonduna bağışlayır. Bu, Tağıyevin əmri ilə məktəbin Qəyyumlar Şurasının sədrinə müavin təyin olunan, məktəbin qurulmasında bilavasitə iştirak edən, öncə müəllim, sonra isə müdir kimi tələbə qızların ana sevgisini, müəllim ucalığını qazanan Hənifə xanım Abayeva-Məlikovanın ömür-gün yoldaşına yaraşan ən ali məqam idi. Bir də, axı, həmin gün Tağıyev “Bir oğlana təhsil verməklə təhsilli bir insan qazanırsınız, bir qıza təhsil verməklə isə təhsilli bir ailə!” nidası ilə Zərdabinin ən böyük arzusunu gerçəyə çevirmişdi.

Cənazəsini göyərçinlər müşaiyət etdi, 30 il sümükləri sandıqda qaldı

Bütün həyatını Milli birlik, əbədi dirilik adlı müqəddəsliyə həsr edən, mənsub olduğu milləti milli mətbuatdan milli məfkurəyə, milli məfkurədən  milli dövlətçiliyə yol gətirən, Cümhuriyyət Qurucularının ruhunun atası, Baş İdeoloqu kimi tarix yaradan Həsən bəy Zərdabi qürur dolu tərcümeyi-halı, müthiş taleyi, möhtəşəm vida mərasimi ilə belə tarixin canlı səlnaməsinə çevrilir. O dövrü xatırlayan insanlar, böyük qələm sahibləri söyləyirlər ki, Zərdabinin Vida Mərasimində iynə atsan yerə düşməzdi, on minlərlə insan Bakı küçələrinə axışıb onun cənazəsini sonsuz ehtiram hissi ilə Bibiheybət pirinə yola salırmış. Bu azmış kimi, sanki Bakıda göyərçin qalmayıbmış, ağ göyərçinlər müqəddəs ruha, mələyə dönüb Zərdabinin cənazəsini müşaiyət edirmiş. Deyirlər, bu səhnə bir də, Mir Mövsüm ağa Mirmövsümzadənin və Şeyxülislam Ağa Əlizadənin vida mərasimləri zamanı yaşanıb.

“Müqəddəs Anna” qızıl medalını yaxasına taxmadı

Həsən bəy 1907-ci ildə Bibiheybət pirində torpağa verildi. 30 il sonra, 1937-ci ilin dəhşətli repressiyaları zamanı Şura Hökuməti Azərbaycanda bütün dini abidələri məhv edir, onları kulublara, mədəniyyət evlərinə çevirir. Din xadimlərini sürgünə  göndərir, yerində güllələyir, dini kitabları oda, atəşə qalayır. Taleyin  sərt üzünün qurbanı olan Bibiheybət piri dağıdılır. Dağıdılan məzarların içərisində Zərdabinin müqəddəsliyi də vardı. Unudulmaz Hənifə xanım və qızı Qəribsultan xanım Zərdabinin məzarından sümüklərini çıxarır, sandığa yığır, evə gətirib uzun müddət gizlin saxlayır. Üstündən illər ötür, 1957-ci ildə dünyasını dəyişməsindən 50 il keçəndən sonra, Həsən bəy Zərdabinin sümükləri Fəxri Xiyabanda torpağa verilir.

Bu “Şapkalı rus”, “Sünni Həsən bəy” adı ilə damğalanan bütün həyatını bir qüdrətli Türk-müsəlman olaraq başa vuran, Azərbaycançılıq məfkurəsinin təməl prinsiplərini müəyyənləşdirən, Cümhuriyyət Qurucularının baş ideoloqu kimi tarixlə müasirlik arasında körpüyə çevrilən, dövlət idarələrindəki davamlı fəaliyyətinə görə “Müqəddəs Anna” qızıl medalı ilə təltif olunsa da, sadəcə Xaç quruluşunda olduğuna görə onu yaxasına taxmaqdan imtina edən, “Dil kimi din də millətin sütunudur!” nidası ilə yaddaşlara yazılan Həsən bəy Zərdabinin haqqı idi. Ana südü kimi halal haqqı!

O, bu dünyaya mənsub olduğu millətin, məmləkətin Fəxri Vətəndaşı olaraq gəlmişdi. Gəldi, yaratdıqları, qurduqları ilə tarix yaratdı. O tarixin səhifələrinə adını iradənin gücü, xarakterin əyilməzliyi, sonsuz Vətən Sevgisi ilə yazdı!

Şərəf Cəlilli

Loading

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

“Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) Bakı-Sumqayıt-Bakı sürət elektrik qatarları Azərbaycanda bələdiyyə seçkilərinin keçiriləcəyi 29 yanvarda iş günü qrafiki

Ən son

GÜNDƏM

Gələcəkdə Bakıda planlı şəkildə 1000-ə yaxın küçənin işıqlandırılması təmin ediləcək.Bunu Baki-baku.az-a açıqlamasında “Bakı Şəhər İşığı”

GÜNDƏM

Nəqliyyat vasitələrinin intensiv hərəkət etdiyi küçə və prospektlərdə işıq dirəklərinin vurulmasına daha çox təsadüf edilir.Bunu

GÜNDƏM

İl ərzində Bakıda 300-ə yaxın işıq dirəyi avtoqəza nəticəsində vurularaq sıradan çıxır.Bunu Baki-baku.az-a açıqlamasında “Bakı