Müasir araşdırmalar göstərir ki, mülayim miqdarda qəhvə istehlakı sağlamlığa xeyir gətirə bilər, əsas odur ki, tövsiyə edilən norma saxlanılsın.
Baki-baku.az-ın məlumatına görə, ekspertlər bildirirlər ki, gündə 400 mq kofein, yəni təxminən 3–4 fincan qəhvə, təhlükəsiz limit hesab olunur.
Bu miqdadan çox qəhvə içmək isə ürək-damar sisteminə mənfi təsir göstərə, arterial təzyiqi yüksəldə və ürək ritmində pozuntular yarada bilər.
Kofeinin mülayim istifadəsi bir sıra faydalar təqdim edir. Qəhvə diqqəti artırır, yorğunluğu azaldır və məhsuldarlığı yüksəldir. Bundan əlavə, aşağı qan təzyiqi olan şəxslərdə qəhvə qan təzyiqini bir qədər artıraraq faydalı təsir göstərə bilər, normal qan təzyiqi olanlarda isə dəyişiklik minimaldır.
Daimi, lakin mülayim qəhvə istehlakı ürək çatışmazlığı, iskemik ürək xəstəliyi və atrial fibrilasiya riskini azaldır. Eyni zamanda qəhvə həzm sisteminin sağlamlığını dəstəkləyir, 2-ci tip şəkərli diabetin yaranma ehtimalını azaldır və Parkinson, Alzheimer kimi xəstəliklərin riskini minimuma endirir.
Mütəxəssislər həmçinin qeyd edirlər ki, qəhvənin təsiri fərdi olaraq dəyişə bilər: bəzi insanlar kofeini daha həssas qəbul edir və onlarda yüksək doza çarpıntı, yuxusuzluq və narahatlıq yarada bilər. Bu səbəbdən qəhvə istehlakı zamanı öz bədəninizin reaksiyasını izləmək və orta miqdarda saxlamaq vacibdir.
Qeyd etmək lazımdır ki, qəhvə yalnız fiziki sağlamlığa deyil, həm də zehni fəaliyyətə müsbət təsir göstərir. Araşdırmalar göstərir ki, kofein diqqət, yaddaş və öyrənmə qabiliyyətini dəstəkləyir, bununla da iş və təhsil fəaliyyətində məhsuldarlığı artırır.