Bu gün Günəşdə M yüksəksinifli güclü partlayış qeydə alınıb.
Baki-baku.az bu barədə TASS-a istinadən xəbər verir.
“Dekabrın 10-da Moskva vaxtı ilə saat 09:48-də (Bakı vaxtı ilə 10:48 – red.) rentgen diapazonunda 19 dəqiqə davam edən M6.4 partlayışı qeydə alınıb. Partlayış qısadalğalı radiorabitənin kəsilməsi ilə müşayiət olunub”, – deyə Rusiya Tətbiqi Geofizika İnstitutunun Heliogeofizika Xidmətindən məlumat verilib.
Qeyd edək ki, Günəşdə partlayışlar rentgen şüalarının gücündən asılı olaraq, beş sinfə bölünür: A, B, C, M və X. Minimum A0.0 sinfi Yerin orbitində kvadratmetrə 10 nanovat olan radiasiya gücünə uyğundur. Növbəti hərfə keçərkən güc 10 dəfə artır. Partlayışlar, adətən, Günəş plazmasının emissiyaları ilə müşayiət olunur ki, onların buludları Yerə çataraq maqnit fırtınaları yarada bilir.