Sirk – müxtəlif nömrələrlə zəngin olan, insan bacarığının sərhədlərini nümayiş etdirən və tamaşaçını həm güldürən, həm də heyrətləndirən unikal bir sənət sənətidir. Klounların məzhəkəli çıxışları, akrobatların nəfəskəsən nömrələri, illüziyaçılıq, heyvanlarla olan nömrələt və musiqili səhnələr – bunların hamısı bir arenada birləşərək tamaşaçını başqa bir aləmə aparır. Dünyada sirk sənətinin yüzilliklərə dayanan tarixi olsa da, bu sənətin Azərbaycandakı inkişafı və xüsusilə Bakı Sirkinin yaranması əslində, həm tarixi, həm də mədəniyyət baxımından olduqca maraqlı və keşməkeşlidir.
Başlanğıc – Nikitin qardaşlarının irsi
1900-cü illərdə rus sirk sənətinin baniləri sayılan Nikitin qardaşları (Akim, Dmitri və Pyotr) Bakıda ilk stasionar sirk-heyvanxananı yaratdılar. 1904-cü ildə onlar keçmiş “Tarqovı” və “Bolşaya Morskaya” küçələrinin kəsişməsində, hazırkı Nəsimi bağının yerində, Şərqdə ilk Sirk-Teatr inşa etdilər. Bu bina, ilk illərdə Nikitinlərin rəhbərlik etdiyi qrupun çıxışlarına ev sahibliyi edirdi.
Lakin 1906-cı ildə baş verən yanğın bu sirk binasını məhv etdi. Elə həmin il qardaşlar bu ərazidə daşdan yeni sirk binası tikdilər. 1916-cı ildə Yefimovlar Nikitin qardaşlarının sökülmüş sirkinin yerində, başqa bir sirk binası tikdilər. Nəticə dəyişmədi! 1924-cü ilin dekabrında yanğın bu sirki də məhv etdi və çox keçmədi ki, Kudryavtsev burada öz sirkini qurdu. Lakin o da əvvəlkilər kimi yanğınla məhv oldu. Beləliklə, Bakıda sirk sənəti sanki hər dəfə odla sınanaraq, irəliyə doğru addımlayırdı.

Milli ruhun səhnə canlanması
Bakı Sirkinin binası dəfələrlə yansa da, həmi illər ərzində Sirk yerində addımlamadı, inkişaf etdi, irəlilədi. 1930-cu ildə Bakı Sirkinin kolxoz filialı yaradıldı. Burada kəndirbazlar, xalq pəhləvanları və özfəaliyyətçilər çıxış edirdilər. Bu mərhələ, milli sirk məktəbinin əsasını qoydu.
1945-ci ildə Azərbaycanın ilk peşəkar sirk kollektivi formalaşdı. Onların ilk proqramı “Azərbaycan toyu” bəstəkar Üzeyir Hacıbəyovun rəhbərliyi ilə hazırlandı. Bu tamaşa milli adət-ənənələri, xalq çalğı alətlərini və rəqsləri sirk sənəti ilə birləşdirirdi. Rejissor Soltan Dadaşov, bəstəkar Səid Rüstəmov, baletmeyster Əminə Dilbazi və şair Süleyman Rüstəm də bu layihədə iştirak etmişdilər. Proqramda məşhur kəndirbaz Rza Əlixan, sim üzərində rəqs edən “Ulduz bacıları”, jonqlyor Xosrov Abdullayev, ilanoynadan Sofu Cəfərov, akrobat İsmayıl Mirzəyev və digər sənətkarlar çıxış edirdi. Tamaşa Moskvada və digər Sovet şəhərlərində nümayiş etdirilmişdi və 1951-ci ilə qədər repertuarda qalmışdı.
Sirkə yeni nəfəs: 1950–60-cı illər
1950-ci illərin əvvəlində bədii rəhbər Mikayıl Cəbrayılov milli poeziyanı və musiqini sirklə birləşdirərək proqramları yenilədi. 1959-cu ildə Moskvada keçirilən Azərbaycan Ədəbiyyatı və İncəsənəti dekadasında “Biz Bakıdanıq” proqramı nümayiş olundu. Ssenari müəllifi Fink, bəstəkarı Rauf Hacıyev, rejissoru Soltan Dadaşov olan bu proqram milli ənənələrin sirk dili ilə ifadəsiydi.
1966-cı ildə təqdim olunan “Qayada nişanə” adlı süjetli tamaşa ilə kollektiv yeni bir dövrə qədəm qoydu. Akrobatlar, jonqlyorlar, klounlar və digər ifaçılar bu tamaşada həm sənətlərini nümayiş etdirdi, həm də Azərbaycanın ruhunu səhnəyə gətirdi.

1967 – Bakı Sirkinin qızıl dövrü
1967-ci il Bakı Sirkinin həyatında dönüş nöqtəsi oldu. Memarlar Ənvər İsmayılov və Faina Leontyevanın layihəsi ilə inşa edilən, müasir avadanlıqlarla təchiz olunan 2000 nəfərlik sirk binası istifadəyə verildi. Bu bina SSRİ-də ilk stasionar sirk olmaqla yanaşı, su, buz və kauçuk maneji olan yeganə sirk kompleksi idi. Yeni bina Bakı şəhərinin amfiteatr quruluşunda elə bir nöqtədə yerləşirdi ki, bir çox rayonlardan aydın görünürdü. Onun fasadları böyük şüşələnmiş səthlərlə və aşağıya doğru daralan dik xətlərdən ibarət idi. Sovet arxitekturasının funksionallığı ilə estetik harmoniyası burada birləşmişdi.
Moskva Sirki isə yalnız 1971-ci ildə, Bakı Sirkindən 4 il sonra istifadəyə verilmiş və 3310 yerlik zalı ilə onu ölçü baxımından ötə bilmişdi. Amma Bakı Sirki ilk olma şərəfini daşıyır.
Bu günə baxış
Hazırda Bakı Dövlət Sirki Səməd Vurğun küçəsi 68 ünvanında yerləşir. 1967-ci ildən bu günə qədər bu Sirk Azərbaycanın sirk sənətində atdığı ilk addımların, xalq sənətkarlarının, milli musiqi və rəqslərin, minlərlə tamaşaçının xatirələrinin mərkəzidir. Od içindən doğulan və sənətin zirvəsinə yüksələn Bakı Sirki, hələ uzun illər boyu Azərbaycan mədəniyyətinin ayrılmaz hissəsi olaraq yaşayacaq.
Xanım Aydın