Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺
Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 01/08/2026

Paylaşın

TARIXI ŞƏXSİYYƏTLƏR

Gülçöhrədən “Azərbaycan gözəli”nə – Leyla Bədirbəylinin taleyi, sənəti və faciələrlə dolu həyatı

Leyla Bədirbəyli

Bu gün Azərbaycan səhnəsinin və ekranının unudulmaz simalarından biri – Xalq artisti Leyla Bədirbəylinin doğum günüdür. O, təkcə oynadığı rollarla yox, həm də gözəlliyi, xarakteri, ziddiyyətli və faciələrlə dolu həyatı ilə yaddaşlarda qalıb. Bir vaxtlar Stalin tərəfindən “Azərbaycan gözəli” adlandırılan Leyla Bədirbəyli, ömrünün son illərində isə sükutun və tənhalığın içində yaşayan bir sənətkar idi.

Səhnə üçün doğulan kövrək ulduzun ilk parıltısı

Leyla Ağalar qızı Bədirbəyli 1920-ci il yanvarın 8-də Bakıda dünyaya göz açmışdı. Anası Bikə xanım Şəmkirdə Musa xanın qızı, atası Ağalar bəy uzun illər hərbçi olub, hətta polkovnik rütbəsinə qədər yüksəlib.Leyla Bədirbəylinin babası Abdı ağa ilə Xəlil ağa Qədimovun atası Qədim ağa qardaşdırlar. Bu ailədə Leyla tək uşaq olmasa da, ən çox əzizlənən, ailənin ərköyünü idi. Atası onu 12 yaşında belə qucağında gəzdirərmiş.

Leylanın incəsənətə gəlişində anasının rolu danılmazdır. Bikə xanım Əli Bayramov adına klubdakı qadınlar dərnəyinə gedər, qızını da özü ilə aparardı. Elə Leylanın sənətə sevgisi, rəqsə marağı da burada formalaşmağa başlayır. Gözəlliyi və rəqs bacarığı onu çox tez fərqləndirir və hələ 16 yaşı tamam olmamış Azərbaycan Dövlət Filarmoniyasına solist kimi dəvət edilir. “Toy” və “Bir dənəsən, bir dənə” kimi məşhur rəqslər məhz onun üçün səhnələşdirilir. Hətta o zamanlarda artıq filmlərə çəkilməyə başlayır. “Ayna”, “Bakının işıqları” filmlərində rol alan aktrisa səhnəyə də can atır.

Sənətə hörmət edən aktrisa

1941-ci ildə Leyla Bədirbəyli Azərbaycan Dövlət Akademik Dram Teatrına dəvət olunur. Bu dəvət Azərbaycan teatrının taleyində mühüm iz buraxır. O, səhnəyə təsadüfi çıxan aktrisalardan deyildi. Hər tamaşaya iki saat əvvəl gələr, rolunun psixologiyasını xırdalığına qədər öyrənərdi.

“Solğun çiçəklər” tamaşasında Sara obrazını oynayarkən maraqlı bir prinsipə sadiq qalırdı: tamaşa bitəndə pərdə açılanda səhnəyə baş əyməyə çıxmazdı. Səbəbini isə belə izah edirdi: “Sara ölüb, ölü adam tamaşaçı qarşısında necə baş əyə bilər?”

Bu cür yanaşma onun sənətə necə ciddi yanaşdığını açıq göstərirdi.

Leyla Bədirbəyli

Gülçöhrə: dünya şöhrətinə aparan rol

1945-ci ildə “Arşın mal alan” filminin çəkilişi başlananda Gülçöhrə rolu üçün 100-dən artıq namizəd var idi. Amma Üzeyir Hacıbəyov bu rolu sınaqsız olaraq Leyla Bədirbəyliyə həvalə edir. İlk məşqlərdə rol alınmır. Üzeyir bəy ona ““Qızım, mən səni bu filmə çəkə bilməyəcəm. Çünki bu rol səndə alınmır” deyəndə Leyla evə qayıdır, gecəni düşünərək keçirir və səhər yenidən gəlib son şans istəyir. Bu dəfə Gülçöhrə doğulur.

Film qısa müddətdə dünya şöhrəti qazanır. 1946-cı ildə yaradıcı heyət, o cümlədən Leyla Bədirbəyli Stalin mükafatına layiq görülür. Məhz bu roldan sonra onun ünvanına dünyanın müxtəlif ölkələrindən məktublar gəlməyə başlayır.

Sənət aləminin sevilən və mübahisəli siması

Leyla Bədirbəyli gözəlliyi ilə də daim diqqət mərkəzində idi. Onun Üzeyir Hacıbəyov, Səməd Vurğun, Əliağa Vahid kimi sənətkarların ilham mənbəyi olduğu deyilir. Hətta bu münasibətlər ətrafında saysız-hesabsız şayiələr dolaşırdı.

Teatrda isə intriqalardan yan keçmək mümkün olmur. Leyla Bədirbəyli ilə aktyor Əliağa Ağayev arasında mübahisələrin olduğu deyilirdi. Hətta deyirlər ki, bu söz-söhbət bir gün teatrın iclasında elə böyüyür ki, onlar bir-birini təhqir də edirlər. Amma sonradan bu məsələ teatrın dilinə dolaşan bir lətifəyə çevrilir.

Adil İskəndərovun rəhbərliyi dövründə ən yaxşı qadın rollarının ona verilməsi bəzi aktrisaların, xüsusilə Hökümə Qurbanovanın narazılığına səbəb olur. Zamanla bu ziddiyyətlər Leyla Bədirbəylinin doğma teatrından inciməsi və bir daha qayıtmamaq şərtilə oranı tərk etməsi ilə nəticələnir.

Ümumiyyətlə Leyla Bədirbəyli dünən də, bu gün də haqqında müxtəlif söz-söhbətlər gəzən aktrisadır. Bu, onun dünən də, bu gün də var olmasından, hətta sabah da var olacağından xəbər verir.

Leyla Bədirbəyli

Sevgi, ailə və ard-arda gələn faciələr

Leyla Bədirbəyli həyatında iki dəfə ailə qurub. Birinci dəfə o, 1936-cı ildə 16 yaşı olarkən Fərəc Cavanşirova ərə gedib, 1937-ci ildə Cavanşir adlı oğulları dünyaya gəlib. Amma bu izdivac uzun sürmür və 4 ildən sonra onlar boşanırlar. İkinci həyat yoldaşı diş həkimi Kamil Aslanov idi. Onların tanışlığı ilə bağlı məşhur zarafatlı hekayə bu gün də danışılır: Leylanın anasının dişləri bu sevginin “qurbanı” olur. Belə ki, Leyla xanımı Əli Bayramov adına klubda görən Kamil bəy ona aşiq olur. Görünür, Leyla xanımın da ondan xoşu gəlibmiş. Bir gün o da anasını götürüb diş həkimə aparmaq adı ilə Kamilin işlədiyi xəstəxanaya aparıb. Amma hər dəfə ora gedəndə Bikə xanımın bir dişi çəkilirmiş. Elçilikdə hər şeyi başa düşən Bikə xanım zarafatla deyibmiş ki, bir-birinizi sevdiyinizi əvvəldən desəydiniz, mən də dişlərimi çəkdirməzdim..

Bu ailə uzun illər sevgi içində yaşayır. Amma tale Leyla Bədirbəyliyə ağır zərbələr hazırlamışdı. Kamil Aslanov Almaniyadan qayıdarkən Ukraynada yol qəzasında həlak olur. Bu faciənin üzərindən bir il keçməmiş, böyük qızları Lalə də Bakıda maşın qəzasında dünyasını dəyişir.

Bu iki itki Leyla Bədirbəylini sındırır. O, özünə qapanır, illərlə evdən çıxmır, heç kimlə ünsiyyət qurmaq istəmir.

Sükutla bitən ömür

1999-cu ildə mərhum prezident Heydər Əliyev ona “İstiqlal” ordeni təqdim edərkən uzun fasilədən sonra ilk dəfə evdən çıxır. Həmin mərasim onu görənlər üçün həm sevincli, həm də kövrək bir an olur. Çünki bir vaxtlar “Azərbaycan gözəli” adlandırılan Leyla Bədirbəyli artıq kədərin içində idi.

1999-cu il noyabrın 23-də Leyla Bədirbəyli dünyasını dəyişir. Dövlət səviyyəsində dəfn olunur və Fəxri Xiyabanda torpağa tapşırılır.

Xatirə kimi qalan bir ömür

Leyla Bədirbəyli yalnız oynadığı rollarla deyil, yaşadığı həyatla da bir sənət əsəri idi. O, Gülçöhrə olaraq dünya ekranlarına çıxdı, amma ömrünün sonunu sükutla, tənhalıqla başa vurdu. Buna baxmayaraq, Azərbaycan mədəniyyət tarixində onun adı həmişə gözəllik, istedad və faciə ilə yanaşı çəkiləcək.

Bu gün onun doğum günüdür. Və onu ən çox öz istədiyi kimi – Gülçöhrəli Leyla olaraq xatırlamaq lazımdır.

Xanım Aydın

Bənzər Xəbərlər

Jurnalist, yazıçı-tərcüməçi

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Milad bayramı sadəcə təqvimdə bir tarix deyil: bu, xristian sivilizasiyasının parlaq başlanğıc nöqtəsi, artıq iki min ildir bəşəriyyət

Ən son

İdman

"Neftçi" və "Sumqayıt" komandaları qış təlim-məşq toplanışında bu gün ilk yoxlama oyunlarını keçirəcəklər.

İdman

"Neftçi" və "Sumqayıt" komandaları qış təlim-məşq toplanışında bu gün ilk yoxlama oyunlarını keçirəcəklər.
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin