Hər səhər gözlərimizi açanda günəş işığını, doğmalarımızın simasını, tanış küçələri və təbiətin gözəlliyini görürük. Kitab oxuyur, işləyir, filmlərə baxır və görmə qabiliyyətinin həyatımızda nə qədər mühüm rol oynadığını çox vaxt düşünmürük. Görmə qabiliyyətimiz zəifləyən kimi isə alışdığımız dünya dəyişməyə başlayır. Dünənə qədər sadə və təbii görünənlər birdən-birə insan üçün çətinlik yaratmağa başlayır.
Bu gün bütün dünyada Ümumdünya Görmə Günü (World Sight Day) qeyd olunur. Bu əlamətdar gün göz sağlamlığının qorunmasının, xəstəliklərin qarşısının alınmasının və vaxtında həkimə müraciət etməyin vacibliyini xatırladır.
Baki-baku.az insanın görmə qabiliyyətinin heyrətamiz imkanları, göz sağlamlığını qorumağın yolları və görkəmli Azərbaycan oftalmoloqu Zərifə Əliyevanın elmi irsi haqqında maraqlı məlumatları bir araya toplayıb.

Gözlərimizin heyrətamiz imkanları
İnsan gözü ən mürəkkəb duyğu orqanlarından biridir. Onu çox vaxt fotoaparatla müqayisə edirlər. Lakin görmə prosesi bundan qat-qat mürəkkəbdir. Gözlər işığı qəbul edir, beyin isə alınan siqnalları emal edərək ətraf aləmin görüntüsünü yaradır.
Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, dünyada ən azı 2,2 milyard insanın görmə qabiliyyətində müxtəlif pozuntular var. Bununla yanaşı, ən azı bir milyard halda bu problemlərin qarşısını almaq mümkün idi və ya həmin insanlar hələ də zəruri müalicə və görmə korreksiyası ilə təmin olunmayıblar.
Maraqlıdır ki, telefon və kompüterdən istifadə zamanı insan daha az göz qırpır. Adətən, biz dəqiqədə təxminən 15 dəfə göz qırpırıq, ekran qarşısında isə bu göstərici bəzən 5–7 dəfəyə qədər azalır. Nəticədə gözlərin nəmlənməsi zəifləyir, quruluq və yorğunluq yaranır.
Daha bir maraqlı fakt ondan ibarətdir ki, gün işığında açıq havada gəzmək uşaqlarda yaxındangörmənin inkişaf riskini azaltmağa kömək edir. Buna görə də mütəxəssislər təmiz havada daha çox vaxt keçirməyi tövsiyə edirlər.

Zərifə Əliyeva – insanlara dünya işığını bəxş edən ömür
Azərbaycan oftalmologiyasının tarixində görkəmli alim, akademik Zərifə Əliyevanın (1923–1985) xüsusi yeri var. Onun elmi fəaliyyəti göz xəstəliklərinin öyrənilməsinə, profilaktikasına və müalicəsinə həsr olunub.
Alimin fəaliyyətinin ən mühüm istiqamətlərindən biri XX əsrin ortalarında Azərbaycanda geniş yayılmış və korluğa səbəb ola bilən təhlükəli yoluxucu göz xəstəliyi – traxomaya qarşı mübarizə idi.
Zərifə Əliyeva yalnız elmi tədqiqatlarla kifayətlənmirdi. O, respublikanın müxtəlif rayonlarına səfər edir, xəstələri müayinə edir, xəstəliklərin profilaktikası ilə məşğul olur və yeni müalicə üsullarının tətbiqinə çalışırdı.
Alim peşə ilə əlaqədar yaranan göz xəstəliklərinə xüsusi diqqət yetirirdi. O, zərərli kimyəvi maddələrin və ağır istehsalat şəraitinin sənaye müəssisələrində çalışan insanların görmə qabiliyyətinə təsirini araşdırırdı.
Onun təşəbbüsü ilə görmə orqanının peşə xəstəliklərinin diaqnostikası və müalicəsi istiqamətində fəaliyyət göstərən laboratoriyalar yaradılıb. Akademik Zərifə Əliyeva elmi və praktiki fəaliyyəti sayəsində Azərbaycanda sənaye oftalmologiyasının əsasını qoyub.
Zərifə Əliyevanın təşəbbüsü ilə Fiziologiya İnstitutunda görmə orqanının peşə patologiyasının öyrənilməsi üzrə ixtisaslaşdırılmış laboratoriya yaradılıb. Burada genişmiqyaslı elmi tədqiqatlar aparılıb və yüksək ixtisaslı oftalmoloqlar hazırlanıb.
Bu sahədəki elmi fəaliyyətinə görə akademik SSRİ Tibb Elmləri Akademiyasının akademik M.İ.Averbax adına mükafatına layiq görülüb. Bununla da o, Azərbaycan qadınının gücünü və intellektual potensialını bütün dünyaya nümayiş etdirib.
Onun tədqiqatları peşə oftalmologiyasının inkişafına mühüm töhfələr verib. Alim zəngin elmi irs qoyub və yeni nəsil həkimlərin hazırlanmasında böyük rol oynayıb.

Görmə qabiliyyətini necə qorumalı?
Oftalmoloqlar sadə “20–20–20” qaydasına əməl etməyi məsləhət görürlər. Bu qaydaya əsasən, ekran qarşısında işləyərkən hər 20 dəqiqədən bir 20 saniyə ərzində təxminən 6 metr uzaqlıqda yerləşən əşyaya baxmaq lazımdır.
Bununla yanaşı, işıqlandırmanın düzgün təşkil edilməsi, görmə qabiliyyətinin mütəmadi yoxlanılması, kompüterdə işləyərkən fasilələr verilməsi və gözlərin ultrabənövşəyi şüalardan qorunması da vacibdir.
Ümumdünya Görmə Günü bizə sadə bir həqiqəti xatırladır: doğmalarımızın üzünü görmək, təbiətin gözəlliyindən zövq almaq və ətraf aləmin bütün rənglərini duymaq əvəzsiz nemətdir.
Məhz bu neməti qorumaq üçün neçə-neçə həkim nəsli çalışıb və bu gün də çalışmağa davam edir. Onların arasında bütün ömrünü insanların görmə qabiliyyətinin qorunmasına, dünyanı bütün rəngləri ilə görə bilməsinə həsr etmiş Zərifə Əliyevanın xüsusi yeri var.
Hacı Cavadov