Bizim torpaqlarda doğulan və ya valideynləri bu yerlərlə bağlı olan hər kəs “Göz dəyməsin!” ifadəsini eşidib. Bu sözlərə biz, hələ ana bətnindəykən, dünyaya gəlməmişdən əvvəl belə şahid oluruq. Mən bu günə qədər xatırlayıram – qardaşımın boynuna içində Qurandan ayələr olan qara dəri üçbucaq asılmışdı. Böyüklər duzu başımızın üstündə fırladıb odda yandırırdılar. Hamımız heç olmasa bir dəfə eşitmişik: “Göz dəyməsin!”, “Taxtaya vur!”, “Maşallah de…” Kimisi bu sözlərə gülür, kimisi isə onlara ürəkdən inanır. Amma maraqlıdır, bu “göz dəyməsi” anlayışı haradan gəlib və niyə bu gün də Azərbaycanda və dünyada yaşayır?
Göz dəymə inancının tarixi
İnsanlığa gözdəymə anlayışını artıq 5000 ildən çoxdur tanışdır. İlk qeydlər Şumer və Akkad mixi yazılarında rast gəlinir. Bu yazılarda paxıl baxışların xəstəliklər və bədbəxtlik gətirdiyi qeyd olunur.
Qədim Misirdə gözlər ruhun “pəncərəsi” sayılırdı – bu pəncərədən həm işıq, həm də qaranlıq qüvvələrin keçdiyinə inanılırdı. Misirlilər qoruyucu amuletlərdən, xüsusilə Horun gözü rəsmi olanlardan və qara sürmə (kohl) kimi kosmetik vasitələrdən istifadə edirdilər.
Qədim yunan filosofu Empedokl gözlərin şüa yayaraq ətrafı təsir edə biləcəyini iddia edirdi. “Baskania” sözü – gözlə edilən lənət – bu dövrdə yaranmışdı. Yunanlar qoruyucu simvollar – “apotropeya” adlandırılan nişanlar taxırdılar. Bunlar bu günün “nazar boncuğu”na bənzəyir.
Bu inanc Yaxın Şərq, Qafqaz, Türkiyə, İran, Hindistan və Cənubi Asiyaya yayılıb. Arxeoloji qazıntılar sübut edir ki, qoruyucu amuletlər və simvollar min illərdir mövcuddur – Mesopotamiya, Misir və Aralıq dənizi bölgəsində tapılan nümunələr bunu göstərir.
Göz dəymədən qorunma ritualları
Min illərdir insanlar bu mənfi təsirdən qorunmaq üçün müxtəlif yollar axtarıb. Mənim uşaqlıq xatirəmdə duzun başımın üzərində fırladılıb oda atılması var. Əgər duz gurultu ilə çatlayırdısa, bu güclü göz dəymənin əlaməti sayılırdı.
Yunanıstanda qərənfil gülünü iynə ilə deşib yandırırlar. Əgər o sakit yanırsa, gözdəymə yoxdur. Partlayırsa və ya cızıltı çıxarırsa – neqativ təsir var. İtaliyada isə zeytun yağı suya damızdırılır – əgər yağı forma alıb gözə oxşayırsa, bu göz dəymə sayılır.

Azərbaycanda və dünyada qoruyucu üsullar
Azərbaycanda və Qafqazda müxtəlif amuletlər və talismanlar geniş yayılıb. Ən məşhurlardan biri – uşaqların və böyüklərin biləyinə bağlanan qırmızı sapdır. Həmçinin Qurandan ayələr yazılmış qara dəri üçbucaqlar da boyunda daşınır.
Türkiyə və Yunanıstanda “nazar boncuğu” (göz muncuğu”) – mavi rəngli göz formalı amuletlər çox məşhurdur. Bu simvol “Fatimə gözü” də adlandırılır. Əlavə olaraq, təhlükəsizlik iynələri (sancaq) uşağın paltarına və ya evə sancılır – bu da mənfi enerjidən qoruyucu sayılır. Bənzər adət Rusiyada da vardı.
Evdə mənfi enerjini təmizləmək üçün üzərlik, qərənfil və hil yandırılır – onların qoxusu güclü qoruyucu hesab olunur.
Hindistanda və Yaxın Şərqdə də qırmızı və ya qara saplar bağlanır – bu saplar dua ilə bərəkətlənir. İranda espand toxumu yandırılır. Dinlərdə isə xüsusi dualar və ayələr oxunur, çünki ən güclü qoruyucu Allahın qüdrəti sayılır.


Sözlə qorunmanın rolu
Yaxın Şərq, Türkiyə, Qafqaz və Cənubi Asiya mədəniyyətlərində qoruma yalnız amuletlərlə yox, sözlərlə də həyata keçirilir. İnanılır ki, birbaşa tərif – məsələn, “Uşağın çox gözəldir” – paxıl gözlərin diqqətini cəlb edir. Ona görə də “əks tərif” işlədilir: məsələn, gözəl qıza “Sənin nə iyrənc saçların var” demək normal qarşılanır – məqsəd gözəldən diqqəti yayındırmaqdır.
Türkiyə-Kiprli bir qadının hekayəsi nümunədir: məktəbdə qızını qarşılayarkən “Salam, ey çirkin!” deyir. Müəllimə təəccüblənsə də, qadın izah edir ki, bu, onların mədəniyyətində qoruyucu bir ifadədir.
Ayrıca, qonaqların evdəki gözəlliyə heyran olmaması üçün diqqət yayındırılır – məsələn, gəlinə tövsiyə edilir ki, gül qabını aşırtsın – beləliklə, torpağın dağılması “nəzəri yayındırır”.
Ən məşhur qoruyucu söz isə “Maşallah”dır – yəni “Allah belə istədi”. Bir tərifdən sonra “Maşallah” deyilir – bu, uğur və gözəlliyi Allahın lütfü kimi təqdim edir və paxıllığın qarşısını alır.
İnsanlar niyə inanır?
Psixoloji səbəb: İnsanlar uğursuzluqları xarici qüvvələrlə izah etməyi sevir – məsələn, “kimsə göz dəydi”.
Sosial səbəb: Ənənəvi cəmiyyətlərdə bu inanc insanların davranışını tənzimləyir, yəni öyünmə, paxıllıq yaratma.
Kollektiv təcrübə: Nəsildən-nəslə ötürülən “Pohladılar, sonra xəstələndi” tipli hekayələr bu inancı yaşadır.
Elmi baxış
Elm hələ ki, göz dəymənin real varlığını sübut etməyib. Bu, xalq sehrçiliyi və ya mədəni fenomen kimi qiymətləndirilir. Lakin psixosomatik və plasebo/nocebo təsiri göstərir ki, insan bir şeyə inandıqda bu, real fiziki simptomlara səbəb ola bilər – stress, qorxu, hətta xəstəliklər belə.
Baxmayaraq ki, göz dəymə və qorunma yolları artıq 5000 ildən çoxdur mövcuddur, bu inanc yoxa çıxmır – əksinə, zaman keçdikcə daha da güclənir. Əvvəllər qorunmaq üçün yalnız amuletlər, sancaq, duz və üzərlikdən istifadə olunurdusa, bu gün Avropa buxurlarından, Bali çubuqlarından və müxtəlif otlardan da istifadə edilir. Bu da onu göstərir ki, insanın özünü və yaxınlarını mənfi enerjidən qorumaq arzusu – zaman və mədəniyyətlərdən asılı olmayaraq – əbədi və universal bir ehtiyacdır.
Və sonda:
İstəsən inan, istəməsən yox. Amma bəzən kimsə deyəndə:
“Uşağın çox gözəldir!”
biz yenə də deyirik:
“Maşallah… göz dəyməsin.”
Ayna Bəxtiyar