14 avqust 2005-ci ildə Kiprin Larnaka şəhərindən Afinaya uçan “Helios Airways” şirkətinə məxsus Boeing 737 təyyarəsində 121 nəfər vardı. Onların heç biri mənzil başına çata bilmədi.
Faciənin səbəbi uçuşdan əvvəl edilən texniki yoxlamadan sonra kabində təzyiqi idarə edən sistemin “MANUAL”, yəni əl ilə idarəetmə rejimində qalması oldu. Pilotlar bunu vaxtında görmədilər.
Təyyarə yüksəldikcə salonda təzyiq azalmağa başladı. Xəbərdarlıq siqnalı işə düşsə də, pilotlar onun səbəbini düzgün anlamadılar. Təyyarə 18 min fut hündürlüyə çatanda sərnişinlərin oksigen maskaları avtomatik açıldı.
Boeing isə enmək əvəzinə yüksəlməyə davam etdi və 34 min fut, yəni 10 kilometrdən çox hündürlüyə qalxdı. Oksigen çatışmazlığı nəticəsində pilotlar və sərnişinlərin böyük hissəsi huşunu itirdi. Təyyarə isə avtopilotun idarəsi altında uçmağa davam edirdi.
Dispetçerlər təyyarədən cavab ala bilmədikdə Yunanıstan Hərbi Hava Qüvvələrinin iki F-16 qırıcısı havaya qaldırıldı. Qırıcı pilotlarından biri Boeing-ə yaxınlaşanda ikinci pilotun idarəetmə cihazlarının üzərinə əyildiyini, kapitanın yerinin isə boş olduğunu gördü.
Bir müddət sonra kokpitə stüard Andreas Prodromou daxil oldu. Onun pilot lisenziyası vardı və portativ oksigen balonundan istifadə etdiyi üçün huşunu itirməmişdi. Prodromou təyyarəni xilas etməyə çalışdı, lakin artıq gec idi.

Yanacaq tükəndikdən sonra əvvəlcə birinci, sonra ikinci mühərrik dayandı. 14 avqust 2005-ci ildə Helios 522 Afinadan təxminən 33 kilometr aralıda, Grammatiko yaxınlığındakı dağlıq əraziyə çırpıldı.
Təyyarədə olan 115 sərnişin və 6 ekipaj üzvünün hamısı həlak oldu.
Rəsmi araşdırma faciənin bir neçə səhvin ardıcıllığı nəticəsində baş verdiyini müəyyən etdi: təzyiq sisteminin düzgün rejimə qaytarılmaması, pilotların xəbərdarlığı düzgün anlamaması, oksigen çatışmazlığı və nəhayət yanacağın tükənməsi.
Helios 522 aviasiya tarixində ən qəribə və faciəli hadisələrdən biri kimi qaldı. Təyyarə saatlarla havada qaldı, mühərrikləri işlədi, avtopilot tərəfindən idarə olundu, lakin onu xilas edə biləcək insanların hər biri huşsuz vəziyyətdə idi.
Hacı Cavadov