Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺
Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 01/08/2026

Paylaşın

HƏR ŞEYDƏN

Göy Tanrının su səsi – “Yada daşı əfsanəsi”  

Yada daşı, “Yada daşı əfsanəsi”

II yazı

Millət, məmləkət də insan kimidir yaddaşı ilə yaşayır. Əski çağlardan müasir günümüzə kimi dinindən, dilindən, ərazisindən asılı olmuyaraq hər kəs inamla, ümidlə yaşayıb. Qopub gəldiyinə qayıdışı boyu inancına tapınıb. Daş yaddaşı dünyanın özü,  Tanrının izi kimi müqəddəs bilinib. Yunanlar Olimp dağına, ön Asiyada yaşayan xalqlar Sina, Hera və Tur dağlarına, hindlilər Himalay dağına müqəddəs ruhlar kimi sitayiş ediblər. Türklər Tanrı dağlarına tapındıqları kimi həm də Qaf dağını dünyanın başlanğıcı hesab ediblər.  Günəşin doğması, yağışın yağması üçün törənlər, şölənlər qurublar, əfsanələr yaradıblar. Günümüzə qədər gəlib çıxan “Yada daşı əfsanəsi” Oğuz oğlunun Tanrı ucalığı, daş  sevdası kimi müqəddəs bilinib. Vətənimizdə bu gün də mübhəm duyğu, sevgi kimi qorunan  “Yada daşı əfsanəsi” tarixlə müasirlik arasında körpüyə çevrilib.

Yağış daşı- Yada

Daş yaddaşdır. Yasdaşa sevgidir. Qobustanın qayaüstü abidələrini ilk tədris mərkəzinə, rəsim qaleriyasına çevirən Azərbaycanlılar min illərboyu Babadağa, Ahabi-Kahfə, Haça qayaya ziyarətə gediblər. Yolunda qurban kəsib, sadağa ediblər.  Sevdiklərinin, seçdiklərinin adına türbələr, məqbərələr yapıblar. Hər qaya parçasını  pirə, övliyaya çeviriblər. Ona inam kimi, ümid kimi baxıblar.

Yada, Yada daşı adlandırılan Yağış daşını isə həyatın mənası, bərəkətin mayası biliblər. Bu müqəddəs daşa ulularımız Yağış daşı, cığataylar Yeşin taşı deyə müraciət ediblər. Qırğızlar Yaytaş, qıpçaqlar Çay, yakutlar Şati, altaylar Cada deyə əzizləyiblər, müqəddəs keyfiyyətlərin daşıyıcısı kimi qəbul ediblər.  Düşünüblər ki, yalnız Yada daşına tapınmaqla insanlar sülh, əmin-amanlıq içərisində yaşayar və düşmən hücumlarından qoruna bilərlər. Nə qədər ki, Yada daşı ölkədə olar, əhalinin başı üstünü qara buludlar almaz.

“Qutlu qaya”nın nisgili

Mif dünyasında daş yaddaşından soraq verən səhifələrin birində söylənilir ki, “Buğu Təkindən otuz nəsil sonra nəvələrindən Yulun Təkin taxta çıxır. O zaman Çində Tan sülaləsi hakim idi. Çinlilər türklərdən qorxduqları üçün hökmdarları özünün qızı Kiyuli yeni xaqanın oğlu Qali Təkinə göndərir. Çin elçisi yolda öyrənir ki, onları hökmü altında saxlayan türk xaqanının qüdrəti və böyüklüyü Tanrı dağındakı Qutlu qayadadır. Hədiyyəni, Çin şahzadəsini xaqana təqdim edən elçi əvəzində hədiyyə olaraq Qutlu qayanı istəyir. Həmişə çinlilərə həsəd aparan xaqanın milli duyğuları zəif idi. Əski düşüncədən, tarixindən bixəbər olan Yulun Təkin Qutlu qayanı 30 nəsildən bəri türklər üçün müqəddəs olduğunu bilmir.

Elçinin istəyini yerinə yetirərək Qutlu Qayanı qıza əvəz olaraq verir. Ancaq bu boyda qayanı Çinə necə aparacaqlarını soruşur. Elçi qayanın üstünə çoxlu odun yığdırır, oduna sirkə tökdürüb od vurur. Qaya parçalanaraq dağılır. Elçi həmin daş parçalarını yığdırıb Çinə göndərir. Çində sehrbazlar bu  parçaları yağma edir, hər parçasını ölkənin bir tərəfinə tullayırlar. Daş parçaları hara düşür, orada bərəkət bolluq olur. Yulun Təkinin elində isə qara günlər başlayır. Yeddi gün sonra xaqan ölür. Türk yurdu bərəkətini itirir, yaşıllıqlar saralır, sular quruyur, göyün rəngi dəyişir. Bütün quşlar, heyvanlar, südəmər uşaqlar “Köç! Köç!” deyə qışqırmağa başlayırlar. Məmləkəti xəstəliklər başına götürür, xalqın yarıdan çoxu qırılır. “Köç” səsləri hələ də davam edirdi. Əhali başa düşdü ki, bu ölkənin Yer-suları daha onları istəmir. Çadırları söküb əşyalarını, uşaqlarını heyvanlara yükləyib, köçməyə başlayırlar. Yol boyu axşam olanda “Köç!” səsləri kəsilir, səhər yenə başlayırdı.

Türklər Turfan ölkəsinə çatana qədər “Köç” səsləri davam edir. O torpağa ayaq basanda səs birdəfəlik kəsilir. Köç əhli Turfanda çadır qurur və burada Beşbalıq şəhərini salırlar. Yağı hədiyyəsinə aldanaraq yurd yaddaşına asi çıxan, el ocağına xəyanət edən xaqanın pis əməllərinin acısını, ağrısını xalq bu cür yaşayır.”

Bu ibrət dərsindən bir həqiqət boylanır ki, millətini, milli varislik ənənələrini, milli hissləri qoruya bilməyən, onun müqəddəs ruhunu dəyərləndirməyən insanların başa çıxarılması, xalqın taleyinin ona həvalə edilməsi həmişə belə acınacaqlı sonluqla bitə bilər.

Yassıdan gələn Yada daşı – Əmir Teymurun yaddaşı

Türk dünyasında Yada daşı nəinki Vətən, yurd qoruyucusu kimi, həm də taxt-tacın hamisi kimi də çıxış edir. Orta çağlarda dünya ağalığına iddialı olan türk xaqan sərkərdələrdən biri Əmir Teymurun taxtı da deyilənlərə görə göy rəngli daşın üstündə qurulubmuş. Əmir Teymur bu daşı Səmərqəndə Əhməd Yasəvinin vətəni Yassıdan gətirtdiribmiş. Xaqan səfərə gedərkən bu mərmər daş bağlı otaqda saxlanılardı. Dünya fatehinin sevgili xatunu Bibixanımın sinə daşını göy mərmərdən- səma incisindən-Yada daşından yapdırması da onun Yaddaşa sevgisinə bağlı idi.

Türküstan ellərində xaqanların daş üstündə oturması bir ənənə halına çevrilmişdi. O zamanlar Uluqbəy də Monqolustandan Səmərqəndə böyük çətinliklə “Göy daş” adlanan iri bir daş gətizdirərək öz taxtını onun üstündə qoydurmuşdu. Türk düşüncəsində Yada daşının digər cəhətlərindən biri də onun su başlanğıcı ilə bağlı olmasından irəli gəlirdi. Yuxarıda olmadığı zamanlarda Tanrı ilk insanı yaradır və suya dibindən daş qaldırmağı hökm edir. Su üzünə qalxan daşın üstündə Tanrı insanla birlikdə oturur. Deməli, Haqq didarını su ilə birlikdə kökdür, gendir. Min illər keçsə də genetik yaddaş da ona dönük daş da görmüşdür. Daş su ilə yanaşı, insan törəyişində ilkin çıxmamış, onu uduq varlıq bilib tapınmışdır.

Nuhun duası, Yafəsin yaxası, Tanrının nidası

dünyası ilə bağlı miflərin birində deyilir ki, bir gün Tanrıya dua edib üz tutan Nuh peyğəmbər Tanrıdan xahiş edir ki, oğlu Yafəsə bir ad öyrətsin, elə ki, o adı söylədi, yağış yağsın. Tanrı onun duasını qəbul edir və Yafəsə ad öyrədir. Yafəs o adı öyrənib, daşa yazdı və ehtiyat üçün onu boynundan asdı. Hər vaxt o adı çəkməklə yağış yağdı. Sonralar Yafəs bu daşı nəsildən-nəsilə ötürmək üçün Quza verdi.

Yada daşı yağış yağdırmaq keyfiyyətinə malik idi. Türk xalqları bu daşı daha çox yağış yağdıran daş kimi tanınıb və onun bu ilahi təsirindən faydalanıblar. Elə bir türk ailəsi tapılmaz ki, quraqlıq və isti vaxtlarda içinə su doldurulmuş qaba daş qoyaraq göylərdən yağış istəməsin.

Daha çox maldarlıq və əkinçilik təsərrüfatı ilə məşğul olan hər bir türk tayfasında xüsusi daşlar, yada daşları saxlanılardı. Quraqlıqdan əziyyət çəkən məmləkətlərdə tez-tez yada törənləri keçirilər, Tanrıdan yağış göndərməsini xahiş edərdilər. Qırğızlarda, Altaylarda, azərbaycanlılarda, qazaxlarda, yakutlarda, Anadolu türklərində, özbəklərdə, türkmənlərdə və başqa türk xalqlarında Yada törəni başlıca olaraq çay kənarlarında (yuyunandan sonra) keçirirlərmiş.

Yada daşını çayda gizlin yerdə gizlədib, sonra isə uca yerə çıxıb və orada alqış söz-dua oxuyarmışlar. Oxunan alqış – dua, müqəddəs Söz çağımıza qədər bir sıra xalqlarda az da olsa gəlib-çıxmışdır. Günü bu gün də Yada törənini icra edərkən bir sıra türk xalqları daşı yuxarı qaldırardılar.

Ərdəbilin dəmirdən ağır Daşı

Orta yüzilliklərdən bizə soraq verən türk xocası Övliya Çələbi Ərdəbildə yerləşən bir daş haqqında belə yazırdı: “Ərdəbildə, lap yol qırağında bir böyük girdə daş var. O, dəmirdən ağırdır… Gələcəkdən xəbər verən qədim bilicilər bu daş üstündə çoxlu nəsihətamiz yazılar qoyubar. Onun üstündə əlləri göyə açılan və göyə qaldırılan insan şəkli də çəkilibdir. Ərdəbildə uzun müddət yağış yağmayanda əyanlar-nücəbalar və qara camaat bu daşı dığırlayıb şəhərə aparırlar. Onda Allahın köməyi ilə üç gün, üç gecə yağış yağıb zəmiləri, ağacları, şəhərləri su ilə təmin edir. Şəhərə və kəndlərə istənilən qədər su çatanda daşı əvvəlki yerinə dığırlayırlar, bununla da yağış kəsir.

Qəribə burasıdır ki, daş şəhərə yaxın olduqca yağış da bir o qədər bərk yağır, onda Ərdəbil camaatı yağışdan göz aça bilmir. Daşı dığırlayıb, şəhərdən kənara çıxarsalar da o, əvvəlki yerinə çatdırılmayınca Ərdəbilin su anbarları aşıb-daşır, bütün əyaləti su basır”.

Daşın yağış yağdırma qüdrətinə malik olması inamına tapınan türk xalqları bu daşları pir, ocaq səviyyəsinə yüksəldiblər. Türklər istənilən daşı deyil, yalnız pir, ocaq bildikləri, tapınaqlardan götürdükləri, müqəddəs dağlardan, qayalardan qopardıqları daş parçalarını Yada daşı hesab edib, onları eldə, evdə uduq varlıq kimi qoruyublar. Bir sıra xəstəliklərin də əlacını Yada daşında tapan insanlar ona sağlamlıq, şəfaverici ruh kimi tapınıblar.

Türkün sərt keçidi – Ərkənəqon

 Daşlar içərisində qurdun, atın, qoyunun, öküzün qarnından çıxarılan daşlara da türklərdə inam olubdur. Qurdun qarnından çıxan daşı oğuzlar, yakutlar, qırğızlar Yada daşı kimi qəbul ediblər.  Daşın, qayanın, dağın qurdla bağlı olması hələ göytürklərin zamanından məlumdur. Göytürklərin ağır günlərindən soraq verən yazılarda bildirilir ki, göytürklər savaşda məğlub olurlar. Ordu qırılır, yalnız iki döyüşçü canını salamat qurtara bilir. Döyüşdən on gün sonra gecə uşaqlarını at belinə atıb qaçırlar. Savaşdan öncə ordugah qurduqları yerə gəlirlər. Burada at, dəvə, öküz və qoyunları qalmışdı. Onları da götürürlər. Yoldaşlardan biri o birinə deyir: “Əgər burada qalsaq, düşmənlər bir gün bizi tapacaqlar. Başqa yurdlara da getmək olmaz. Hər tərəf düşməndir. Ən yaxşısı əldən-ayaqdan uzaq bir yerə qaçmaqdır”. Bunlar belə deyib sürülərini qabaqlarına qataraq dağlara üz tuturlar. Yolda bir keyik görürlər. Dalıyca gedirlər. Götürdükləri yüklərlə, sürülərlə bu yüksəklikləri aşmaları dağların üstünə, sərt qayalığa doğru qalxır. İnsanların qorxub Tanrıya yalvara-yalvara üzü yuxarıya dırmanırlar. Sərt olduqca çətin olsa da, düşmənin onları haqlayacağından keçidləri adlayıb gözəl bir çəmənliyə çıxırlar. Burada axar sular, bulaqlar, meyvə ağacları, heyvanlar görürlər. Bəyəndikləri bu çəmənlikdə, Ərkənəqonda –Sərt keçiddə məskən salırlar. Qışda heyvanların ətini yeyir, südünü içir, dərisini geyinirlər. Burada tam 400 il qalırlar. O qədər artıb çoxalırlar ki, daha oraya sığmırlar. Yurdun başbilənləri-ağsaqqalları yığışıb qərara gəlirlər ki, buradan çıxsınlar. Lakin çıxmağa yol axtarsalar da, tapa bilmirlər. Bir gün qoyun sürüsünü otaran çoban Bozqurdun sürüdən bir heyvan apardığını görür və onun ardınca düşür. Bozqurd gəlib dağlarda görünən bir deşikdən çıxır. Çoban sevincək gördüklərini yurd əhlinə danışır. Məlum olur ki, bura Dəmir dağıdır. Hamıya vergi qoyulur. Hər kəs odun, kömür daşıyıb oraya yığır. Yetmiş dəridən körük düzəldib, yetmiş yerdə qururlar. Sonra od vurub dağı əridirlər. Yüklü dəvənin keçə biləcəyi qədər oyuq açırlar. Martın 9-da Ərkənəqondan çıxırlar.

Bu tarix hər bir türk, Azərbaycanlı üçün müqəddəs hesab olunur. Qəribəsi, daha maraqlısı isə odur ki, biz 30 illik işğaldan, intizardan sonra tarixi Zəfərəi sərt, sıldırım qayalar üzərində bina tutan Şuşa qalasında Ali Baş Komandan Prezident İlham Əliyevin və Qüdrətli Ordumuzun iradəsinə qazandıq! Cıdır düzünü, Sarıbaba dağını, müqəddəs ruhların diyarını ziyarətgaha çevirdik. Adına, özünə Vətən dedik, səcdəsinə gəldik!

Şərəf Cəlilli

Bənzər Xəbərlər

Yazıçı-publisist

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Azərbaycanda yanvarın 8-nə gözlənilən hava şəraiti haqqında proqnoz açıqlanıb.

Ən son

TARİX

Buna baxmayaraq, 1877-ci ildə Lüdviq Nobelin layihəsi və konstruktor Sven Almkvisitin iştirakı ilə dünyada ilk

TARİX

Buna baxmayaraq, 1877-ci ildə Lüdviq Nobelin layihəsi və konstruktor Sven Almkvisitin iştirakı ilə dünyada ilk
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin