Misirli arxeoloq Gizadakı piramidaların altında “yeraltı şəhər”in olması ilə bağlı sensasiyalı xəbəri əsassız adlandırıb.
Baki-baku.az xəbər verir ki, məşhur misirli arxeoloq Zahi Həvvasın “Al Masry Al Youm” qəzetində dərc olunan məqaləsində bu mövzuda dolaşan iddiaların həqiqətə uyğun olmadığı bildirilir.
Məlumata görə, “sensasiyalı” araşdırmanın müəllifləri – İtaliyadan olan bir qrup alimlər radiolokasiya üsulundan istifadə etməklə guya Xefren piramidasının altında dərin şaquli şaxtalar aşkar ediblər və bunu “yeraltı şəhər” kimi təqdim ediblər. Zahi Həvvas isə həmin alimləri xəyalpərəst adlandırıb.
Onun sözlərinə görə, “piramidaların altında şəhər və ya sivilizasiyanın mövcudluğunu sübut etmək üçün peyk şəkillərindən istifadə etmək ağılsızlıqdır”. Arxeoloq əlavə edib ki, bundan əvvəl ABŞ-ın Kaliforniya ştatındakı Stenford Universitetinin Misirin Ayn-Şams Universiteti ilə birgə həyata keçirdiyi missiya Xefren piramidalarında ətraflı tədqiqat aparıb və heç bir qeyri-adi tapıntıya rast gəlinməyib.
Xatırladaq ki, üç “böyük piramida” kompleksi – Xeops, Xefren və Mikerin piramidaları Giza yaylasında, Qahirənin mərkəzindən 25 km uzaqda yerləşir. Xeops piramidası (digər adı Xufu) Misirin milli sərvəti hesab olunur.