Nəşr edilmişdir 07/14/2025

Paylaşın

TARIXI ŞƏXSİYYƏTLƏR

General Polad Həşimov – İradənin gücü, xarakterin əyilməzliyi

İlham Əliyev: “Polad Həşimov, Milli qəhrəmanımız öz canını vətən uğrunda fəda etmiş, qəhrəmancasına həlak olmuşdur. Onun qanı yerdə qalmamalı idi və qalmadı! Onun qisasın biz aldıq!”

Minillər boyu qüdrətli dövlətlər quran, yetirdiyi sərkərdə – xaqanlarla dünyanın mizanını, düzənini dəyişən Azərbaycan türkləri Səfəvilər, Əfşarlar, Qacarlar kimi imperiyaları qurmaqla həm də qüdrətli orduların təməlini qoydular. “Vətən dara düşəndə, vətən daşı olan”, düşmən çəpəri oğullar, üzü “Oğuznamə”lərdən, “Kitabi Dədə Qorqud”dan bu yana yağı üstünə yeridilər. Dünya fatehi kimi şöhrət qazananların sırasında yer alan Nadir şah Əfşar “Sən Qılıncın oğlusan!” nidası ilə dünyanın üç bir tərəfini qılıncına müntəzir etdi. Çar Rusiyası zamanında belə qüdrətli sərkərdələr – Əliağa Şıxlinski, Səməd bəy Mehmandarov, Rzaqulu Mirzə Qovanlı-Qacar kimi generallar yetirən Odlar yurdu Azərbaycan İkinci dünya müharibəsində tarix yaradan general Həzi Aslanovun simasında qəhrəmanlıq tariximizi təzələdi. Birinci Qarabağ savaşında Ağdamdan Fred Asifin, Allahverdi Bağırovun, Qubadlıda Əlyar Əliyevin, Şuşada Ramiz Məmmədzadənin, Xankəndidə Əlif Hacıyevin simasında Milli qəhrəmanlıq tarixini al qanı ilə yazan Azərbaycan Polad Həşimovun general mundiri ilə vətənə sevginin yeni nümunəsini yaratdı. Tovuzun Ağdam kəndində başlayan qəhrəmanlıq dastanı Ali Baş Komandan iradəsinə Xudafərin körpüsündə, Şuşa qalasında bayrağa dönən millətin əzəmini dünyaya nümayiş etdirdi. General Polad Həşimovun al qanı ilə yazılan “Qisas qiyamətə qalmaz!” nidasını ruhumuzda cücərtdi. Onun qisasını Murov qəhrəmanlarından biri 19 yaşlı Cəbrayıl Dövlətzadə qatil erməni general və polkovnikləri boğub-öldürərək aldı. 44 günlük Vətən müharibəsinin ikinci günü alınan qisas Azərbaycan ordusunun qələbə əzminin rəmzinə döndü. Bu barədə qürurla danışan Müzəffər Ali Baş Komandan, prezident cənab İlham Əliyev deyirdi: “Polad Həşimov, Milli qəhrəmanımız öz canını vətən uğrunda fəda etmiş, qəhrəmancasına həlak olmuşdur. Onun qanı yerdə qalmamalı idi və qalmadı! Onun qisasın biz aldıq!”

2020-ci ilin iyul ayının 14-ü Azərbaycan tarixinə qanla yazılmış, lakin eyni zamanda milli ruhun və vətənpərvərliyin simvoluna çevrilmiş bir gündür. Həmin gün general-mayor Polad Həşimovun şəhid olması xəbəri sadəcə bir vəzifə sahibinin həyatı ilə vidalaşması deyildi bu, bütöv bir xalqın yaddaşına həkk olunan qəhrəmanlıq dastanının yeni səhifəsi idi. Onun şəhidliyi təkcə Azərbaycanın deyil, bütün türkdilli xalqların və müstəqillik uğrunda mübarizə aparan xalqların ürəyində əbədi iz buraxdı. Polad Həşimov 1975-ci ilin yanvar ayının 2-də Qəbələ rayonunun Vəndam kəndində dünyaya göz açmış, uşaqlığını torpaqla nəfəs alan, bulaq səsi ilə böyüyən bir coğrafiyada keçirmişdi. Sonralar ailəsi ilə birlikdə Sumqayıta köçmüş, burada orta təhsil alaraq hərb sənətinə doğru ilk addımlarını atmışdı. O, Heydər Əliyev adına Ali Hərbi Məktəbi müvəffəqiyyətlə bitirmiş və peşəkar hərbiçi kimi Azərbaycan Silahlı Qüvvələrində xidmətə başlamışdı. Onun hərbi xidməti mərhələlərlə yüksəlmiş, sadə zabitlikdən general-mayor rütbəsinə qədər uzanan şərəfli bir yol keçmişdi. 2016-cı ilin Aprel döyüşlərində və daha öncəki lokal toqquşmalarda göstərdiyi şücaət, onu təkcə hərbi sistemin deyil, xalqın da qəhrəmanına çevirmişdi. Polad Həşimovun hərbi uğurları, onun şəxsiyyətindəki səmimiyyət, sadəlik və xalqla iç-içə olma ruhu ilə vəhdət təşkil edirdi. Onun haqqında əsgərləri deyirdi: “General kimi yox, böyük qardaş kimi idi.”2020-ci ilin iyul ayının 12-dən başlayaraq Ermənistan Silahlı Qüvvələrinin Tovuz rayonu istiqamətində törətdiyi təxribatlara qarşı Azərbaycan Ordusunun göstərdiyi müqavimət zamanı, Polad Həşimov 3-cü Ordu Korpusunun Qərargah rəisi kimi ön cəbhədə döyüş mövqeyində şəxsən iştirak edirdi. O, təhlükəsiz arxa mövqedə deyil, birbaşa əsgərlərinin yanında olmağı seçmişdi. İyulun 14-də, səhər saatlarında döyüşlər zamanı o, silahdaşları ilə birgə şəhid oldu. Bu hadisə Azərbaycanın müstəqillik tarixində dönüş nöqtəsi oldu. Onun şəhidliyi, vətən uğrunda canından keçənlərin ruhunu bir daha yaşatdı, minlərlə gəncin ruhunda milli və mənəvi dirçəlişi gücləndirdi. Prezident İlham Əliyev şəhidin ailəsinə şəxsən başsağlığı verərək, Polad Həşimovun adını Azərbaycanın şərəfli qəhrəmanları sırasına daxil etdi. 2020-ci il dekabrın 9-da ona Azərbaycanın Milli Qəhrəmanı adı verildi. Polad Həşimovun hərbi fəaliyyəti müxtəlif orden və medallarla da qiymətləndirilib. O, “Hərbi xidmətlərə görə” medalı, “Vətən uğrunda” medalı, III və II dərəcəli “Vətənə xidmətə görə” ordenləri, və nəhayət, general-mayor rütbəsi ilə təltif olunmuşdur. Bugün onun adı Azərbaycanda və xaricdə müxtəlif təhsil ocaqlarına, park və küçələrə verilib. Türkiyənin Osmanqazi rayonunun Dəmirtaş bölgəsində onun adını daşıyan park salınıb.

General Polad Həşimov qüdrətli sərkərdə, peşəkar hərbçi, vətənpərvər şəxsiyyət kimi millətini azad, Vətənini bütöv görmək istəyirdi. 44 günlük Vətən Müharibəsində, haqq davasında əldə olunan tarixi Zəfər, Xudafərin körpüsündə, Murovun zirvəsində, Şuşa qalasında dalğalanan Bayraq onun gerçəyə çevrilən arzusunun, qiyamətə qalmayan qisasının rəmzidir.

Şərəf Cəlilli

Loading

Bənzər Xəbərlər

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Baki-baku.az bildirir ki, bu quşa “pinqvin” adı ispan dilindəki pingüino sözündən gəlir

Ən son

GÜNDƏM

Azərbaycan Dövlət Kukla Teatrının 2025-ci il festival gündəliyi də zəngin olduğunu dedi

GÜNDƏM

Azərbaycan Dövlət Kukla Teatrının 2025-ci il festival gündəliyi də zəngin olduğunu dedi