Dünyada dörd fərqli xarici pasport rəngi mövcuddur. Hər bir ölkə öz vətəndaşlarına veriləcək pasport rəngini özü seçsə belə, burada da əslində bəzi normalar gözlənilir.
Baki-baku.az xəbər verir ki, bu rənglər qırmızı, göy, yaşıl və qaradır. Bəs hər ölkə rəngi nəyə əsasən seçir?
Yaşıl pasport – İnanc rəngidir
Bir çox müsəlman ölkələri inanca görə bu rəng pasporta üstünlük verirlər. Mərakeş, Səudiyyə Ərəbistanı və Pakistan bu ölkələrin bir qismidir. Yaşıl Hz. Məhəmmədin ən sevimli rəngi kimi qəbul edilir. Eyni zamanda, təbiət və həyat simvoludur. Burkina Faso, Nigeriya, Fil dişi sahili və Seneqal kimi Qərbi Afrika ölkələrinin vətəndaşları da yaşıl pasporta sahibdirlər.
Qırmızı pasport – Ən məşhur rəng
Dünyada ən çox yayılmış xarici pasport qırmızı rəngdədir. Əksər Avropa ölkələrində istifadə olunan pasportdur. Bir müddət əvvəl Türkiyə, Makedoniya və Albaniya kimi Avropa Birliyinə üzv olmaq istəyən ölkələr də öz pasportlarını qırmızı rəngə dəyişdilər. Amerika qitəsində Boliviya, Peru, Kolumbiya və Ekvador qırmızı səyahət pasportuna sahib olan ölkələr sırasındadır.
Göy pasport – “Yeni dünya” rəngi
Ən çox istifadə edilən ikinci pasportdur. Göy pasportlar, əsasən 15 Karib ölkəsində istifadə olunur. Cənubi Amerika ölkələri içində göy pasportlar Merkosur (Cənubi Amerika ümumi bazarına verilən ad) ilə olan əlaqəni simvollaşdırır. Venesuela istisna olmaqla, bura Braziliya, Argentina və Paraqvay daxildir. ABŞ vətəndaşları 1976-cı ildən yalnız göy rəngli pasportdan istifadə edirlər.
Qara pasport – Ən nadir rəng
Qara rəngli pasport ən nadir pasport rəngidir. Botsvana, Zambiya, Burundi, Qabon, Anqola, Çad, Konqo, Malavi kimi bəzi Afrika ölkələrinin vətəndaşları məhz bu pasportlardan istifadə edirlər. Yeni Zelandiya vətəndaşları da bu pasporta sahibdirlər.
Deniz Məmmədli