Əsərləri ilə fəlsəfi fikir tarixini zənginləşdirən, böyük alman filosofu Fridrix Nitsşe Almaniyanın keçmiş Prussiya, indiki Saksoniya əyalətinin Lützen şəhərində anadan olub. Atası Karl Lüdviq Nitsşe, Lüteran kilsəsinin keşişi, anası isə Franziska Nitsşe idi. Hər iki valideyni protestant ailəsindən idilər. Prussiya kralı IV Fridrix Vilhelmin anadan olmasının 49-cu ildönümüylə əlaqədar Nitsşeyə onun adını veriblər.
Atasının və qardaşının ölümündən sonra ailəsiylə birlikdə Hamburq şəhərinə köçən Fridrix Nitsşe 1856-cı ilədək orada yaşayır. Yeniyetmə Nitsşe getdiyi ilk ibtidai məktəbdə özünü təcrid olunmuş hiss etdiyindən özəl bir məktəbə oxumağa göndərilir. 1854-cü ildə Hamburqdakı Dom gimnaziyasına daxil olduqdan sonra onun musiqi və ədəbiyyata meyilli olduğu üzə çıxır. 1858–1864-cü illərdə Şulpforta internat məktəbində oxumağa başlayır. Antik ədəbiyyatla maraqlanan Nitsşe, elə burada şeir yazır və musiqi bəstələyir. Atasız böyüyən bir yeniyetmə üçün yaşlı şair Ernst Ottlepp (1800–1864) bir ata kimi onun şəxsiyyətinin formalaşmasına böyük təsir göstərir.
1864–1865-ci illərdə Bonn universitetinin klassik filologiya və evangelik teologiya fakültəsinə daxil olur, lakin Gənc Hegelçilərin əsərlərini oxuduqdan sonra oranı tərk edir və 1865–1866-cı illərdə filologiya üzrə Leypsiq universitetinə daxil olur.
1867-ci ildə bir illik könüllü olaraq Prussiya ordusunda xidmət etməyə gedir. Lakin 1868-ci ilin mart ayında at çaparkən atdan düşərək ağır zərbə alır və ordudan kənarlaşdırılır. Geri qayıtdıqdan sonra təhsilini davam etdirir. 1868-ci ildə Rixard Vaqnerlə ilk tanışlığı Nitsşenin həyatında önəmli hadisələrdən biri sayılır.
1879-da, könüllü olaraq qatıldığı alman-fransız döyüşündə keçirdiyi xəstəliklərin xeyli artmasıyla, universitetdəki vəzifəsindən təqaüdə çıxaraq, sağlamlığını qoruya biləcəyi bir yer axtarışı içində, qışları İtaliya sahillərində, yayları İsveçrə dağlarında yaşayaraq, ömrünü fəlsəfi irsinin, tarixi əsərlərinin yaranmasına həsr edir. 1883-cü ildə, bir il əvvəl tanış olduğu Rus əsilli qadın şair Lu Salomedən aldığı sonsuz məhəbbət duyğuları ilə, “Belə Buyurdu Zərdüşt”ün ilk kitabını yazır. Bundan sonra 1885-ci ilə qədər, ikinci, üçüncü və dördüncü kitablar ilə, Zərdüştün məzmununa nəsr olaraq yaxınlaşan “Yaxşı və Pis”, “Əxlaqın Şəcərəsi” kimi kitabları işıq üzü görür.
Ona dünya şöhrəti gətirən, 1888-ci ildən, ardıcıl olaraq işıq üzü görən “Vagner Hadisəsi”, “Bütlərin Qürubu”, “Dəccal”, “Ecce”, “Homo” və “Dionis Difiramosları” adlı kitabları ilə Nitsşe məktəbinin təməlini qoyur. Vaxtın, zamanın fövqünə qalxan, bəşəri duyğuları ilə fəlsəfi fikir tarixini zənginləşdirən Nitsşe ömrünün son illərini mübtəla olduğu ağır xəstəlik içərisində keçirərək 1900-cü il avqustun 25-də puç və əfsanə hesab etdiyi dünyadan köçür.