Son elmi araşdırmalara görə, müntəzəm fiziki fəaliyyət insan orqanizmində bioloji yaşlanma prosesini əhəmiyyətli dərəcədə yavaşıda bilər. Bu qənaət müxtəlif insan və heyvan modelləri üzərində aparılan onlarla tədqiqatın təhlili nəticəsində ortaya çıxıb.
Baki-baku.az xəbər verir ki, “Aging” elmi jurnalında dərc olunan icmalda fiziki aktivliyin orqanizmdə “epigenetik saat” kimi tanınan və hüceyrələrin yaşını müəyyən edən molekulyar mexanizmlərin fəaliyyətini ləngitdiyi bildirilir. Ən böyük dəyişikliklər isə qanda və skelet əzələlərində müşahidə olunub — aktiv həyat tərzi keçirən insanlarda bu toxumalarda hüceyrə səviyyəsində “cavanlaşma” qeydə alınıb.
Tədqiqatçılar bildirirlər ki, məşqlərin yaşlanmaya təsiri fərqli orqanizmlərdə müxtəlif cür özünü göstərir. Bu fərqlər insanın genetik xüsusiyyətləri, fiziki hazırlıq səviyyəsi və orqanların funksional vəziyyəti ilə əlaqədardır. Məsələn, dözümlü siçanlar üzərində aparılan sınaqlarda yalnız əzələlərdə deyil, həm də ürək, qaraciyər və yağ toxumasında da yaşlanma proseslərinin zəiflədiyi aşkarlanıb.
Alimlər vurğulayırlar ki, fiziki aktivlik qocalmaya qarşı universal “dərman” kimi təqdim oluna bilməz. Lakin hazırkı elmi məlumatlar onun sağlam və uzun ömür sürmək üçün ən əlçatan və təsirli üsullardan biri olduğunu sübut edir.
Gələcək tədqiqatlar bu təsirin molekulyar əsaslarını daha dərindən öyrənməyə və fərdi məşq proqramlarının hazırlanmasına yönələcək. Məqsəd – hər bir insan üçün optimal fiziki aktivlik modelini taparaq, qocalmanı yavaşlatmaq və həyat keyfiyyətini artırmaqdır.