“Fövqəladə Hallar Nazirliyi (FHN) tərəfindən aparılan kütləvi maarifləndirmə işlərinə baxmayaraq, təəssüflə qeyd edilməlidir ki, bəzi vətəndaşlar tərəfindən bu məkanlarda təhlükəsizlik qaydalarına əməl olunmaması sonda acı nəticələrə səbəb olur”.
Baki-baku.az xəbər verir ki, bu barədə FHN-in məlumatında deyilir.
Qeyd olunanları nəzərə alaraq, Fövqəladə Hallar Nazirliyi əhaliyə müraciət edərək su hövzələrində, o cümlədən çimərliklərdə təhlükəsizlik qaydalarına ciddi əməl etməyə çağırır. Belə ki, aşağıdakılar qadağandır:
- çimərlik kimi nəzərdə tutulmamış ərazilərdə çimmək;
- çimmə zonasının işarələnmiş sərhədlərindən kənara üzmək;
- küləkli havada dənizə girmək;
- çimərlikdə gecələmək;
- sərxoş halda çimərlikdə olmaq;
- suda kobud hərəkətlər etmək;
- çimərlikdə balıq tutmaq;
- xilasetmə texnikasından başqa digər qayıq və kiçik gəmilərlə çimərliyə daxil olmaq!
Yadda saxlayın:
- çimərlikdə uşaqlar nəzarətsiz qalmamalı, xəbərdaredici nişan və lövhələrin göstərişlərinə, xilasedicilərin çağırış və tələblərinə sözsüz əməl edilməlidir!
- qızmar Günəş altında fasiləsiz dayanmaq, hava qaraldıqdan sonra suya daxil olmaq təhlükəlidir!