Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺
Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 12/09/2025

Paylaşın

GÜNDƏM

Fərhad Qaraşov: “Bakının iqlimi narın becərilməsi üçün əlverişli olsa da, hazırkı mərhələdə optimal hesab edilmir” – MÜSAHİBƏ

Fərhad Qaraşov, Azərbaycan Nar İstehsalçıları və İxracatçıları Assosiasiyası, ANİİA

Bir vaxtlar Bakının həyət evlərində, bağlarında və küçə kənarlarında boy atan nar ağacları bu gün daha çox xatirələrdə qalsa da, paytaxtın süfrələrində nar öz yerini qoruyub saxlayır. Bakı artıq narın yetişdirildiyi məkandan daha çox, onun ən böyük istehlak və satış qovşaqlarından biri kimi çıxış edir. Regionlarda yetişən minlərlə ton narın yolu yenə Bakı bazarlarına, supermarketlərə, restoranlara uzanır.

Bakı narının kənd təsərrüfatındakı yeri, paytaxtın artan tələbatı, regionlardan gələn məhsulun logistika mexanizmləri, emal sənayesinin perspektivləri və Bakının nar festivalları üçün uyğun platformaya çevrilib-çevrilməməsi kimi mühüm suallara Azərbaycan Nar İstehsalçıları və İxracatçıları Assosiasiyasının (ANİİA) İdarə Heyətinin sədri Fərhad Qaraşov Baki-baku.az-a verdiyi müsahibədə aydınlıq gətirib.

Fərhad Qaraşov, Azərbaycan Nar İstehsalçıları və İxracatçıları Assosiasiyası, ANİİA

– Zəhmət olmasa, Azərbaycan Nar İstehsalçıları və İxracatçıları Assosiasiyasının fəaliyyəti barədə məlumat verərdiniz.

– Azərbaycan Nar İstehsalçıları və İxracatçıları Assosiasiyası 2016-cı ilin noyabr ayında Azərbaycan Respublikasının Prezidentinin müvafiq tövsiyə və tapşırıqları əsasında, İqtisadiyyat Nazirliyi və Azərbaycan İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) institusional dəstəyi ilə fəaliyyətə başlayıb. Assosiasiya yaradıldığı ilk dövrdən etibarən ölkədə narçılıqla məşğul olan fiziki və hüquqi şəxslərin sistemli şəkildə bir platformaya salınmasına nail olub, sahə üzrə mövcud məlumat bazasının dəqiqləşdirilməsi və strukturlaşdırılması istiqamətində fəaliyyət göstərib.

Assosiasiyanın fəaliyyət istiqamətlərinin təhlili göstərir ki, ANİİA narçılıq sektorunda mövcud problemlərin müəyyənləşdirilməsi və aradan qaldırılması, aqrotexniki biliklərin artırılması, həmçinin yerli və beynəlxalq mütəxəssislərin iştirakı ilə maarifləndirici tədbirlər keçirib. Bu çərçivədə Assosiasiya tərəfindən pərakəndə və ixracyönlü istehsalçıların institusional koordinasiyası təmin olunub, sektor üzrə qabaqcıl təcrübənin ümumiləşdirilməsi və tətbiqi istiqamətində müxtəlif proqramlar icra edilib. İsraildən və Türkiyədən dəvət olunmuş mütəxəssislərin iştirakı ilə fermerlərin intensiv bağçılıq və dayanıqlı inkişaf barədə təlimlərdə iştirakı təmin edilib.

ANİİA-nın əsas məqsədlərindən biri Azərbaycan narının beynəlxalq və regional bazarlarda tanıdılması, üzvlərin AZPROMO tərəfindən təşkil edilən sərgi və forumlarda təmsil olunması üçün şəraitin yaradılması, həmçinin istehsal və ixrac üzrə institusional potensialın gücləndirilməsidir. Bu məqsədlə Assosiasiya istehsalın modernləşdirilməsi, innovasiyanın tətbiqi, emal sənayesi üzrə biliklərin artırılması, xammal təchizatının optimallaşdırılması və ixrac təşviqi kimi istiqamətlərdə ardıcıl fəaliyyət aparır.

Fərhad Qaraşov, Azərbaycan Nar İstehsalçıları və İxracatçıları Assosiasiyası, ANİİA

ANİİA-nın fəaliyyətində hansı mükafatları və nailiyyətləri olub?

–    Assosiasiyanın bu istiqamətlərdəki səmərəli fəaliyyəti nəzərə alınaraq, 2017-ci il dekabrın 22-də İqtisadiyyat Nazirliyi tərəfindən ANİİA “İlin Ən Fəal Assosiasiyası” mükafatına layiq görülüb.

Yarandığı tarixdən etibarən Dövlət qurumlarının dəstəyi ilə Assosiasiya çoxsaylı yerli və beynəlxalq tədbirlərdə iştirak edib. Azərbaycan narının geniş miqyasda təbliği məqsədilə ANİİA Mədəniyyət Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi, İqtisadiyyat Nazirliyi və digər aidiyyəti dövlət qurumları ilə sıx əməkdaşlıq edib, tərəfdaş qurumların və üzvlərin iştirakı ilə rəsm, heykəltəraşlıq və digər incəsənət müsabiqələrinin təşkilinə dəstək göstərib.

Fransa, Polşa, Birləşmiş Ərəb Əmirlikləri, Almaniya və Rusiya kimi ölkələrdə keçirilən nüfuzlu sərgilərdə Assosiasiya üzvləri ilə birlikdə Azərbaycan narını təmsil edib. Avropa bazarlarına ixracın artırılmasına dair bir sıra niyyət görüşləri keçirilib, Azərbaycan istehsalı olan kənd təsərrüfatı məhsulları “Made in Azerbaijan” brendi altında geniş auditoriyaya təqdim olunub.

Assosiasiya, həmçinin yaradıcılıq fəaliyyətində nar mövzusuna üstünlük verən incəsənət xadimlərini fəxri üzvlüyə qəbul edib və onların yeni nar motivli layihələr yaratması istiqamətində əməkdaşlıq edir.

2018-ci ilin dekabr ayında ANİİA Azərbaycan Respublikasının Prezidentinin İşlər İdarəsinin dəstəyi ilə “Azərsuvenir” MMC tərəfindən “Azərbaycan Narı” döş nişanını təsis edib. Bu nişanın yaradılmasında məqsəd narçılığın inkişafında və Assosiasiyanın fəaliyyətində xüsusi xidmətləri olan şəxslərin təltif edilməsidir. Həmin tarixdən etibarən Assosiasiya bu istiqamətdə dövrü olaraq müvafiq şəxsləri təltif edir.

Avropa İttifaqının maliyyələşdirdiyi Narçılıq Dəyər Zəncirində Üstün Keyfiyyətin Əldə Edilməsi və Dəyişikliklərə Dəstək Layihəsi (STEP) çərçivəsində Ucar, Göyçay, Kürdəmir, Hacıqabul, Sabirabad, Saatlı və İmişli rayonlarından olan 700 nəfərdən artıq fermerə narçılıqla bağlı 8 fərqli mövzuda təlim sessiyaları təşkil olub.

Kürdəmir rayonu Muğanlı kəndi ərazisində “Pasterizə Edilmiş Nar Suyu İstehsal Müəssisəsi” hazır vəziyyətə gətirilib. Nar suyu sıxma aparatı saatda 1.5 ton nardan 500 litrdən çox nar suyu istehsal etmək gücünə malikdir. Bundan əlavə müəssisənin daxilində və drenaj sistemində yeniləmə və təmir işləri görülməklə, onun sanitar normalarına cavab verməsi də təmin edilib.

Nar

– Əvvəllər Bakı bağlarında və küçələrində kifayət qədər nar ağacları gözə dəyirdi. Hazırda bu ağacların sayı az olsa da, görünən odur ki, Bakının iqlimi nar ağacları üçün əlverişlidir. Necə düşünürsünüz, paytaxtda geniş nar sahələrinin salınması nə qədər düzgün addım olar?

– Tədqiqatlar göstərir ki, Bakı şəhərinin iqlim şəraiti narın becərilməsi üçün əlverişli olsa da, genişmiqyaslı kommersiya bağlarının salınması torpaq ehtiyatlarının məhdudluğu, su resurslarının çatışmazlığı və şəhərsalma məhdudiyyətləri səbəbi ilə hazırkı mərhələdə optimal hesab edilmir. Kiçikmiqyaslı bağçılıq fəaliyyəti həyətyanı sahələrdə mümkündür. Lakin müvafiq dövlət qurumlarının təşəbbüsü ilə xüsusi layihələr hazırlanarsa, Abşeron yarımadasında daha böyük təsərrüfatların yaradılması nəzərdən keçirilə bilər. Amma bunu bir o qədər də məqsədəuyğun hesab etmirik.

– “Azərbaycan Nar İstehsalçıları və İxracatçıları Assosiasiyası” İctimai Birliyinə paytaxtda nar istehsalı ilə məşğul olan və ya buna maraq göstərən sahibkarlar tərəfindən müraciətlər daxil olubmu? Bu müraciətlər əsasən hansı istiqamətləri əhatə edir?

ANİİA qeyri-kommersiya təşkilatı statusu daşıdığı üçün onun dəstək mexanizmləri əsasən maarifləndirmə, aqrotexniki təlimlər və beynəlxalq tanıtım istiqamətlərində cəmlənir. Assosiasiyaya bu mövzuda hər hansı sistemli layihə təqdim edilməyib, çünki narçılığın əsas istehsal zonaları olan Mil-Muğan, Aran, Şirvan kimi regionlarda cəmlənib və strukturlaşmış inkişaf potensialı daha çox həmin ərazilərdə mövcuddur.

Nar

– Bakıda narın istehsalının təşviqi ilə bağlı hansısa addımlar atılırmı?

– Bakı və Bakıətrafı zonalar üçün narçılığın inkişafına dair spesifik fəaliyyət planı mövcud olmasa da, nar satışının təşkili və bazarların aktivləşdirilməsi istiqamətində müəyyən dərəcədə institusional təşəbbüslər həyata keçirilib.

– Bakı bazarlarında narın tədarük zənciri necə formalaşır və paytaxtın artan tələbatını qarşılamaq üçün hansı yeni logistika mexanizmləri tətbiq olunur?

– Narın daxili bazarda alışı-satışı əsasən tədarükçülər tərəfindən həyata keçirilir. Məhsul regionlarda yığıldıqdan və ilkin çeşidləmə aparıldıqdan sonra topdan satış mərkəzləri və supermarketlər vasitəsilə Bakıya çatdırılır.

Nar

– Paytaxtda yerləşən supermarket və topdan satış məntəqələrinin narla təminatında hansı çətinliklər yaşanır və bunun həlli üçün Assosiasiya hansı addımları planlaşdırır?

– Satış mərhələsində Assosiasiyanın müdaxiləsini tələb edən sistemli problemlər qeydə alınmayıb. Lakin qiymət dəyişkənliyi müşahidə edildikdə, Assosiasiya bu məsələlər barədə ictimai məlumatlandırma aparır. Supermarketlərin daxili qiymət siyasətinə müdaxilə edilməsi mümkün olmadığından əsas diqqət ixracın artırılması, ticarət əlaqələrinin genişləndirilməsi və xarici alıcılarla birbaşa təmasların gücləndirilməsinə yönəlib.

Nar

– Azərbaycanda istehlakçıların nar məhsullarına münasibətində son illərdə dəyişiklik müşahidə olunurmu?

– 2024-cü ildə ölkədə ümumi nar istehsalı 192 min 582 ton, ixrac həcmi isə 2023-cü illə müqayisədə 5300 ton artaraq 33 min 900 tona çatıb. Bu, Azərbaycanın nar ixracında indiyədək əldə olunan ən yüksək göstəricidir. İxracdan ümumi gəlir 29,785 milyon ABŞ dolları təşkil edib.

Nar

– Bakı ətrafında narın ilkin çeşidlənməsi, qablaşdırılması və saxlanması üçün müasir mərkəzlərin yaradılması nə dərəcədə uğurlu addım olar?

– Nar və nar əsaslı məhsullara tələbatın yüksək olması həm məhsulun dad keyfiyyətləri, həm də yüksək qida və antioksidant dəyəri ilə izah olunur. Xüsusilə pandemiya dövründə istehlak səviyyəsində əhəmiyyətli artım qeydə alınıb. Keyfiyyətin qorunması, mövsümlə əlaqədar yaranan çətinliklərin aradan qaldırılması və ixrac standartlarına uyğunlaşdırma məqsədilə istehsal zonalarına yaxın mərkəzlərin yaradılması strateji əhəmiyyət daşıyır. Bakı bu baxımdan optimal məkan hesab edilmir; ən yaxın potensial zona Hacıqabul rayonu kimi qiymətləndirilir.

– Bakıda nar emalı sahəsinin, xüsusilə də şirə, konsentrat və qurudulmuş məhsul istehsalının inkişaf perspektivlərini necə qiymətləndirirsiniz?

– Nar emalı zavodlarının mövcudluğu Azərbaycan narına və nardan hazırlanan məhsullara yüksək tələb olduğunu müəyyən edir. Emal obyektlərinin regionlarda yerləşməsi isə logistika baxımından daha səmərəli hesab olunur. Dövlət tərəfindən yaradılan sənaye parkları emal müəssisələri üçün bu baxımdan əlverişli mühit təmin edir.

– Azərbaycanın narla məşhur bölgəsi Göyçaydır və ənənəvi olaraq Nar festivalına ev sahibliyi edir. Sizcə Bakı da öz narı ilə bu festivala ev sahibliyi edə bilər?

Beynəlxalq marağı nəzərə aldıqda, Bakı belə tədbirlərin keçirilməsi üçün geniş auditoriya və inkişaf etmiş turizm infrastrukturu təmin etsə də, Göyçayın ənənəvi ev sahibi statusunun qorunması fermerlər üçün mühüm əhəmiyyət daşıyır. Hər il noyabr ayında Göyçay Nar Festivalı on minlərlə turisti cəlb edir.

Fərhad Qaraşov, Azərbaycan Nar İstehsalçıları və İxracatçıları Assosiasiyası, ANİİA

– Bakının əhalisi daha çoxdur və təbii olaraq istehlak da çoxdur. Regionlarda yetişən narların Bakıda tanıdılması üçün xüsusi layihələr, festival və ya geniş ictimai kampaniyalar nəzərdə tutulurmu?

– Göyçaydakı festival ilə yanaşı, Bakıda AZPROMO və aidiyyəti dövlət qurumlarının dəstəyi ilə keçirilən sərgilər narın geniş auditoriyaya tanıdılması baxımından əhəmiyyətlidir. ANİİA tərəfindən Qala Dövlət Etnoqrafiya Muzeyində 100 ağacdan ibarət nar bağı yaradılıb. Oxşar şəkildə, Azərbaycanın Gürcüstandakı səfirliyinin dəstəyi ilə Tbilisi şəhərində Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi münasibətilə Nəbatat Bağında 100 nar tingi əkilib.

– Bakının ictimai iaşə sektoru (restoranlar, hotellər, kafe şəbəkələri) nar məhsullarından istifadə baxımından hansı potensiala malikdir və bu potensialın artırılması üçün hansı addımlar atılır? Bu cür müəssisələrdə daha çox hansı bölgənin narına üstünlük verilir?

– Bakı şəhərinin turist və biznes mərkəzi kimi mövqeyi hotel və restoran sektorunda premium və regional məhsullara tələbi artırıb. Nar şirələri, sousları, kompotlar, desert və salatlarda nar komponentlərinin istifadəsi həm yerli istehlakçılar, həm də turistlər tərəfindən yüksək qiymətləndirilir. Əsas istehsal zonaları Mil-Muğan, Aran və Dağlıq Şirvanın aşağı ətəkləri, xüsusilə Göyçay və Kürdəmir rayonları hesab olunur.

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Prezident İdarəçilik Akademiyasının qarşısında yerləşən parkinq zonasına giriş müvəqqəti olaraq bağlanıb.
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin