Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺
Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 10/16/2025

Paylaşın

GÜNDƏM

“Fast food”un kölgəsində: Bakıda milli mətbəxə maraq niyə azalır? – ARAŞDIRMA

IMG-20251016-WA0207

Bakının küçələri artıq yalnız kabab və plov qoxusu ilə deyil, burger, pizza və suşi aromatları ilə də doludur. Şəhər boyu açılan yeni restoran və kafelər paytaxtın ritmini dəyişdirib – iqtisadi canlanma ilə yanaşı, yeni zövqlər, yeni vərdişlər də gətirib. Amma bu “dadlı inqilab”ın görünməyən tərəfləri də var: sürətli həyat tərzinin diktə etdiyi “fast food” mədəniyyəti tədricən həm sağlam qidalanma vərdişlərini, həm də milli mətbəxə olan marağı kölgədə qoyur.

Qida mühəndisi və nutrisioloq Fərid Səfərov Baki-baku.az-a açıqlamasında bu balanssızlığın həm sağlamlıq, həm də mədəni dəyərlər baxımından ciddi nəticələr doğura biləcəyini bildirir.

O qeyd edir ki, Bakıda son illərdə qida sektorunun genişlənməsi, xüsusilə də yeni restoran və kafe açılışlarının çoxalması, bir tərəfdən iqtisadi aktivlik və məşğulluq baxımından müsbət haldır, digər tərəfdən isə bəzi sosial və qidalanma ilə bağlı problemləri də gündəmə gətirir:

“Bunlardan birincisi “fast food” sektorunun artmasıdır. Bakıda, xüsusilə gənclər və ofis işçiləri arasında sürətli, əlçatan və ucuz yeməklərə tələbat artdığı üçün “fast food” müəssisələrinin çoxalması təbii nəticədir. Lakin bu artımın uzunmüddətli sağlamlıq təsirləri narahatlıq doğurur. Belə yeməklər yüksək kalori, duz, yağ və şəkərlə zəngindir, lif, vitamin və minerallar baxımından kasaddır. Həmçinin tez-tez istifadə edildikdə piylənmə, ürək-damar və mədə-bağırsaq problemlərinə yol aça bilər”.

F. Səfərovun sözlərinə görə, digər bir problem isə “fast food” sektorunun artmasının milli yeməklərə marağın azalmasına səbəb olmasıdır.

“Bəli, xüsusilə gənc nəsil arasında milli yeməklərə maraqda nisbətən azalma müşahidə olunur. Bunun səbəbləri isə “fast food”un rahat və “modern” hesab olunması, milli yeməklərin (plov, dolma, piti və s.) hazırlanmasının uzun vaxt aparması və sosial mediada xarici mətbəxlərin (burger, suşi, pizza və s.) daha çox təbliğ olunmasıdır.

Amma müsbət tendensiyalar da var. Belə ki, son illərdə bəzi restoranlar “modern milli mətbəx” konsepti ilə çıxış edərək ənənəvi yeməkləri yeni təqdimatla qonaqlara çatdırmağa başlayıb. Bu da milli dəyərlərin qorunmasına xidmət edir”.

Qida mühəndisi bu istiqamətdə görülməli tədbirləri də diqqətə çatdırıb:

“Dövlət, ictimai qurumlar və sahibkarlar səviyyəsində bir neçə istiqamətdə tədbir görülə bilər. Belə ki, maarifləndirmə kampaniyaları, sağlam qidalanma və milli mətbəxin dəyəri haqqında təbliğat aparmaq mümkündür. Həmçinin milli mətbəxin innovativ təqdimatı, gəncləri cəlb etmək üçün daha yüngül və müasir versiyalarının hazırlanması, “fast food” obyektlərində qida təhlükəsizliyi nəzarətinin gücləndirilməsi, qida sənayesində təhsil və təlim proqramları, aşpazların milli reseptləri yeni üslubda təqdim etməsinə dəstək göstərmək olar”.

Elvin Camalov

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Xankəndidə "İqlimədavamlı və sağlam şəhərlərə doğru: regional tərəfdaşlıqlar və innovativ həllər" mövzusu ilə keçirilən III Azərbaycan Milli Şəhərsalma
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin