Son günlərdə havaların kəskin istiləşməsi fonunda içməli suya olan tələbat sürətlə artıb. Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin verdiyi açıqlamaya görə, bu səbəbdən bəzi ərazilərdə suyun verilməsində fasilələr yaranır. Lakin problemin kökündə təkcə tələbatın artması deyil, həm də şəhərin su infrastrukturundakı ciddi nöqsanlar dayanır. Demək olar ki, hər gün Bakının müxtəlif küçələrində su borularının partlaması nəticəsində tonlarla içməli su israf olunur. Bu hal təkcə texniki deyil, həm də sosial və ekoloji baxımdan ciddi narahatlıq doğurur.
Baki-baku.az xəbər verir ki, paytaxt sakinləri artıq su borularından axan suları və suyun küçələrdə gölməçələr yaratmasını adi hal kimi qəbul edirlər. Halbuki, bu görüntülərin arxasında yüzlərlə ailənin susuz keçirdiyi saatlar və günlər durur. İçməli su kimi dəyərli bir resursun bu cür məsuliyyətsizcə axıdılması, xüsusilə iqlim dəyişikliyi və su qıtlığı təhlükəsi fonunda son dərəcə qəbuledilməzdir.
İçməli suyun israfı yalnız insanlara aid bir problem deyil. Bu, eyni zamanda ekoloji balansı pozan amildir. Su mənbələrinin idarəsiz istifadəsi təbiətdəki su dövranına təsir edir, torpağın eroziyasını artırır, çirklənmə riskini yüksəldir. Suyun axdığı yerlərdə asfalt örtüklər sıradan çıxır, yaşıllıq zolaqları zədələnir, bu isə şəhərin ekoloji mühitinə əlavə yük yaradır.
İnsanların suyunu fasilələrlə verməzdən əvvəl su borularının köhnəlmiş infrastrukturu yenilənməli, su sızmalarını və boru partlamalarını vaxtında aşkarlamaq üçün smart texnologiyaların tətbiqi vacibdir. Bununla yanaşı, suya qənaət mədəniyyətinin formalaşdırılması, ictimai maarifləndirmə və məsuliyyətli yanaşmanın təşviqini həyata keçirmək olar ki, bu da son dərəcə də əhəmiyyətlidir.
Bu gün içməli suyun hər damcısı dəyərli sayılır. Bu dəyəri yalnız kəskin qıtlıqla qarşılaşdıqda deyil, gündəlik həyatımızın hər anında dərk etməliyik.