İstiqlal Bəyannaməsinə imza atan, Ana dilini dövlət dili elan edən Hökumət Adam
Tərcümeyi-halı ilə tarix yaratmaq, mənsub olduğu millətin haqq səsinə dönmək, milli mücahid ömrü sürmək hər kəsin alın yazısı, Tanrıdan tale payı olmur. Xoy və Şəki xanlarının soyundan gələn, Rusiya Dumasının üzvü, Bakı Dumasının rəhbəri, İstiqlal Bəyannaməsinə imza atan, Milli Şuranın qurucularından biri, Milli Hökumətin başçısı kimi cəsarətli qərarlar alan Fətəli xan Xoyski belə qüdrətli simalardan , milli məfkurədən milli dövlətçiliyə yol gələn tarixi şəxsiyyətlərdəndir. Adı Milli dövlətçilik və İstiqlal tariximizə həkk olunan Fətəli xan Xoyski təkcə Cümhuriyyət qurucularının sırasında yer almadı. Dövlət aparatının qurulması, ayrı-ayrı nazirliklərin və qurumların təşkil edilməsi üçün mühüm qərarlara imza atdı. Məhz onun rəhbərlik etdiyi hökumətin zamanında Milli Ordu quruldu. Ana dili dövlət dili elan olundu. Azərbaycanın dövlət bayrağının təsis edilməsi haqqında qərar qəbul edildi. Azərbaycan Parlamanı- Məclisi-məbusan, Şərqin ilk dünyəvi tədris mərkəzi Bakı Universiteti fəaliyyətə başladı. Gəncənin tarixi adı bərpa edildi. İstiqlaliyyətimizi dünyaya bəyan edən Fətəli xan Xoyski onun tanınmasını Məclisi-məbusana yetirən hökumət başçısı kimi də ruhumuzun qida yeri oldu.
Çarizmin aqrar məsələnin həllində müstəmləkəçilik siyasəti yeritməsinə yol vermək olmaz!
Bütün ruhu duyğuları ilə Azərbaycan olan, mütəfəkkir dövlət xadimi kimi ilklərə imza atan, xarakterin gücü, iradənin əyilməzliyi ilə bir hökumət başcısı kimi edilməsi mümkün olmayanları gerçəyə çevirən Fətəli xan Xoyski 1875-ci il dekabrın 7-də Nuxada – indiki Şəki şəhərində anadan oldu. Tərcümeyi-halını istinad edərək qeyd edə bilərik ki, “1803-1806-cı illərdə Azərbaycanı işğal edən rus ordusunun komandanı general Sisianov Peterburqa göndərdiyi raportda Fətəli xanın ulu babası, Xoy xanı olan Cəfərqulu xanı Xan Xoyski kimi təqdim edib. Elə həmin dövrdən bu nəsil Rusiyanın müstəmləkəsi olan Azərbaycanda Xoyski soyadı ilə məşhurlaşıb. Fətəli xan Xoyski təhsilini Gəncə gimnaziyasında başa vurduqdan sonra Moskva Dövlət Universitetinin hüquq fakültəsinə daxil olub. 1897-ci ildə universiteti birinci dərəcəli diplomla bitirib və həmin ilin avqust ayında Tiflis Məhkəmə Palatası sədrinin əmrilə Gəncə Dairə Məhkəməsində əmək fəaliyyətinə başlayıb. Hüquqşünas kimi fəaliyyət göstərdiyi illərdə millət, məmləkət sevgisi ilə Qafqaz-Azərbaycan türklərinin etimadını qazanıb. Bu etimadın nəticəsi olaraq Fətəli xan Xoyski 1907-ci ildə Gəncə Quberniyasından II Dövlət Dumasına deputat seçilib və Dumanın müsəlman fraksiyasına daxil olub. Dumadakı fəaliyyətində xüsusilə aqrar məsələ və onun həlli yolları haqqında fikirləri böyük əhəmiyyətə malik olub. Xoyski öz çıxış və təkliflərində çarizmin aqrar məsələnin həllində də müstəmləkəçilik siyasəti yeritməsini pisləyib və sübut edib ki, bu məsələdə yerli xalqların hüquqlarının bundan sonra da tapdanmasına heç bir vəchlə yol vermək olmaz və çarizmin köçürmə siyasəti torpaq məsələsi ədalətli həllini tapana qədər dayandırılmalıdır”.
Dumanın Qafqazlıların hüquqlarının müdafiəçisinə çevrilən üzvü
Tarixi mənbələrə istinad edərək onuda qeyd edə bilərik ki, Fətəli xan Xoyski deputat səlahiyyətlərindən istifadə edərək Dumada təkcə aqrar məsələləri qaldırmaqla kifayətlənməyib, həmkarları ilə birlikdə Rusiyanın müdafiə nazirinə sorğu göndərərək hərbi səhra məhkəməsinin ölüm hökmü çıxardığı qafqazlı hərbçilərin əfv olunmasını xahiş edib. Xoyski eyni zamanda mayın 18-də 173 deputatın imzası ilə milli və dini fərqlərə görə vətəndaşların siyasi və mülki hüquqlarını məhdudlaşdıran qanunların ləğv olunması haqqında Dövlət Dumasına layihə təqdim edib. Fətəli xan Xoyski mənsub olduğu millətin mənafeyi ilə bağlı bütün məsələlər ətrafında öz fikrini bildirmək üçün Duma tribunasından məharətlə istifadə edib. Bu sahədə əldə etdiyi təcrübə və nailiyyət Fətəli xan Xoyskinin sonrakı siyasi fəaliyyətində silinməz izlər qoyub. 1908-ci ildən 1917-ci ilin əvvəllərinə kimi əvvəlcə Gəncə, sonra isə Bakı dairə məhkəmələrində andlı müvəkkil və hüquq məsləhətçisi işləsə də, siyasi xadim kimi fəaliyyətini dayandırmayan, xalq arasında böyük nüfuz qazanan Fətəli xan Xoyskinin həyatında 1917-1920-ci illər mühüm və önəmli yer tutur. Belə ki, 1917-ci ilin fevralın da Rusiyada başlayan inqilab bütün imperiyada, o cümlədən Azərbaycanın şimalında da təbəddülatlar yaradır. Çar Rusyasının süqutu digər əyalətlər kimi Azərbaycan xalqının da siyasi taleyini müəyyənləşdirmək üçün imkanlar açır. Bu dönəmdə ən vacib məsələlərdən biri də ölkənin siyasi mənzərəsini dəyişən Liderlərin önə çıxması idi. Tərəddüt etmədən qeyd edə bilərik ki, bu qüdrətli liderlərdən biri də Fətəli xan Xoyski olmuşdur. Fevral inqilabından sonra ardıcıl siyasi fəaliyyətə başlayan Xoyski Milli Müsəlman Şurasının müvəqqəti İcraiyyə Komitəsinin üzvü seçilmiş, Ümumqafqaz müsəlmanlarının qurultayında iştirak etmişdir.

“Zaqafqaziya xalqları ümumi mənafelərinə görə bir-birilə sıx bağlıdır”
Çar Rusiyası süquta uğradıqdan sonra 1917-ci ilin noyabrında Zaqafqaziya komissarlığı, 1918-ci ilin fevralında isə Zaqafqaziya Seymi yarandı. Seymin tərkibinə seçilən 44 müsəlman-türk fraksiyasının üzvlərindən biri də Fətəli xan Xoyski idi. Seym Zaqafqaziyanın müstəqilliyini elan etdikdən sonra onun ədliyyə naziri olan Xoyski daim Qafqaz birliyinin tərəfdarı olub. Gürcüstan Seymdən çıxmaq arzusunu bəyan etdikdə isə məsələyə münasibət bildirən Xoyski bu gün də kəsərini itirməyən tarixi bir kəlam işlədib: “Zaqafqaziya xalqları ümumi mənafelərinə görə bir-birilə sıx bağlıdır. Onların ayrılması asan olmayacaq. Əgər ayrılmaq gürcü xalqının iradəsidirsə, bizim ona mane olmağa haqqımız yoxdur. Əlbəttə, belə bir şəraitdə Azərbaycan türklərinə də müvafiq qərar qəbul etməkdən başqa yol qalmır”.
Zaqafqaziya Seymi dağıldıqdan sonra mayın 27-də müsəlman-türk fraksiyası Tiflisdə bir araya gələrək Azərbaycan Milli Şurasını yaratdı. Onların arasında Fərəli xan Xoyski də vardı. Həmin iclasda Məhəmməd Əmin Rəsulzadə Milli Şuranın sədri, Xoyski isə İcraiyyə Komitəsinin rəhbəri seçildi. Mayın 28-də Milli Şuranın ilk iclasında Azərbaycan Xalq Cümhuriyyətinin istiqlaliyyəti bəyan olundu. İstiqlalını bəyan edən dövlətin ilk Baş naziri vəzifəsinə bütün şura üzvlərinin yekdil səsi ilə Azərbaycan Xalq Cümhuriyyətinin baş naziri olduğu illərdə ölkəni ləyaqətlə idarə edib şərəflə təmsil edən Fətəli xan Xoyski gətirildi.
Şərqdə ilk dəfə olaraq dini deyil, demokratik əsaslar üzərində qurulan dövlət yaradıldı
Manna, Midya, Atropatena, Şirvanşahlar, Atabəylər, Ağqoyunlular, Qaraqoyunlular, Səfəvilər, Əfşarlar, Qacarlar kimi qüdrətli dövlətlər quran Odlar Yurdu Azərbaycan bununla da, Şərqdə ilk olaraq dini deyil, demokratik əsaslar üzərində qurulan dövlətə- Azərbaycan Xalq Cümhuriyyətinə imza atdı. Məhəmməd Əmin Rəsulzadə, Əlimərdan bəy Topçubaşov, Nəsib bəy Yusifbəyli, Həsən bəy Ağayev, Xosrov bəy Sultanov, Əliağa Şıxlinski, Səməd bəy Mehmandarov, Məhəməmədhəsən Hacinski, İsa bəy Hacinski, Firudin bəy Köçərli, Sultan Məcid Qənizadə, Xudadat bəy Rəfibəyli, Xəlil bəy Xasməmmədov, Xudadat bəy Məlikaslanov, Xudadat bəy Məlikyeqanov kimi qüdrətli liderlərin qurduğu Cümhuriyyətin hökumət başçısı kimi tarix yaradan “Fətəli xan Xoyski və onun silahdaşları həmin dövrdə Azərbaycan xalqı, dövləti üçün mümkün olan nə idisə, onu da etdilər. Bunların sırasında ən alisi Azərbaycan Cumhuriyyətinin istiqlalı idi. 1918-ci il dekabrın 7-də Azərbaycan parlamentinin ilk təsis iclasında Fətəli xan Xoyski bununla bağlı çıxışında sonsuz qürur və vüqar hissi ilə qeyd edirdi: “Bugünkü gün Azərbaycan üçün böyük, əziz, mübarək gündür ki, yuxumuzda görməzdik, əqlimizə gəlməzdi ki, İstiqlalımıza nail olaq, dövlətimizi, parlamanımızı quraq. Azərbaycan xalqı artıq milli bayrağı, milli ordusu, milli dili, milli demokratiyası olan müstəqil bir dövlətdir… Qüvvəmiz qədər vəzifəmizi ifa etdik. Hələ çox şey edə bilməmişik, amma bunu cürətlə deyə bilərəm ki, hökumətin nöqsanları ilə bərabər yol göstərən işıqlı ulduzu bu şüar olmuşdur: Millətin Hüququ, İstiqlalı, Hürriyyəti”.
Hökumət bütün dövlət müəssisələrini, məhkəmələri və məktəbləri milliləşdirilməklə tarixi ədaləti bərpa etdi
Fətəli xan Xoyski baş nazir seçildiyi gündən Cümhuriyyətin dünya ölkələri tərəfindən tanınması üçün əlindən gələni əsirgəmədi. Azərbaycan Milli Şurası və Milli Hökuməti siyasi fəaliyyətinin Tiflis mərhələsindən sonra Gəncəyə köçdü. “Fətəli xan Xoyski Azərbaycanın istiqlaliyyəti, bir dövlət kimi inkişafı uğrunda mübarizə aparmağı özünün əsas vəzifəsi olaraq bəyan etdi. O, Gəncədə dövlət aparatının yaradılması, ayrı-ayrı nazirlik və idarələrin təşkili ilə məşğul oldu. Xoyskinin başçılıq etdiyi hökumət taleyüklü qərarları ilə Milli Şuranın vəzifəsini üzərinə almaqda haqlı olduğunu sübut etdi. 1918-ci il iyunun 17-də Azərbaycan xalqına müraciət edən hökumətin qərarında qeyd edilirdi: “Hökumətin ən yaxın və önəmli vəzifəsi bütün dövlət müəssisələrinin, məhkəmələrin və məktəblərin milliləşdirilməsidir”. İyunun 19-da bütün Azərbaycanda hərbi vəziyyət elan edən hökumət, iyunun 24-də Azərbaycan dövlət bayrağı haqqında qərar qəbul etməklə kifayətlənmədi. İyunun 27-də Ana dilimizi dövlət dili elan etdi.
Bu dövrdə Fətəli xan Xoyskinin başçılıq etdiyi Milli Hökumətinin ən mühüm vəzifələrindən biri də 1918-ci il iyulun 15-də Fövqəladə Təhqiqat Komissiyasının yaradılması ilə bağlı oldu. Bu komissiya Birinci Dünya müharibəsi illərində, Bakıdakı mart soyqırımı zamanı, bütövlükdə Cənubi Qafqaz ərazisində türklərə və digər müsəlmanlara qarşı törədilən vəhşilikləri öyrənmək, bu işdə günahkarları tapmaq və onları məsuliyyətə cəlb etmək işi ilə məşğul olmaq məsələsi idi.”
1918-ci il avqustun 30-da isə Xoyski hökuməti 1806-cı ildə çar Rusiyası tərəfindən ləğv edilən Gəncə şəhərinin adını bərpa etməklə tarixi ədaləti yerinə qoydu.

“Azərbaycanda yaşayan bütün vətəndaşlara bərabər münasibət olacaq!”
1918-ci il sentyabrın 15-də Qafqaz İslam Ordusu tərəfindən Bakı azad edildi. Sentyabrın 17-də Fətəli xan Xoyskinin rəhbərliyilə Azərbaycan hökuməti Bakıya köçdü. Bakıda əmin-amanlıq yaratmağa başladı. Bu vaxt Bakı əhalisi soyğunçuluqdan, özbaşınalıqdan, qanunsuzluqdan, milli zəmində adam öldürülməsindən böyük əziyyət çəkmiş və öz şəhərində qaçqın vəziyyətə düşmüşdü. Xoyski hökuməti belə bir vəziyyəti aradan qaldırmaq və əhalini əmin-amanlığa çıxarmaq məqsədilə şəhər zəhmətkeşlərinə məlumatla müraciət etdi. 1918-ci il sentyabrın 18-də Fətəli xan Xoyskinin imzası ilə “Azərbaycan Respublikası hökumətinin məlumatı” elan edildi. Məlumatda qeyd edilirdi: “Respublikanın mərkəzi Bakı şəhərinə daxil olmuş Azərbaycan hökuməti şəhərin və ətrafının bütün əhalisinə elan edir ki, milliyyətindən, dinindən asılı olmayaraq Azərbaycanda yaşayan bütün vətəndaşlara bərabər münasibət olacaq və hökumət bütün vətəndaşların həyatını, hüquqlarını və əmlakını bərabər surətdə müdafiə edəcək. Soyğunçular, adam öldürənlər və ümumiyyətlə belə şəxslər hərbi dövrün ciddi qanunları ilə cəzalanacaqlar, hətta ölüm hökmü belə veriləcəkdir”.
Xosykinin Tomsonla apardığı danışıqlar nəticəsində onun Azərbaycan hökumətinə münasibəti dəyişdi…
Azərbaycan hökuməti Bakıya köçdükdən sonra Bakı XKS-nin qəbul etdiyi bütün dekret və qanunları ləğv etdi, özünün sosial islahatlarını həyata keçirməyə və Azərbaycanın bütün ərazisində hakimiyyətini bərpa etməyə başladı. “Fəqət Azərbaycan hökuməti bu zaman çətin beynəlxalq şəraitlə üzləşməli oldu. Fətəli xan Xoyski hökumətinin dəvəti ilə Azərbaycana gələn və Azərbaycan torpağını, xüsusən Bakını bolşevik-daşnak qüvvələrindən azad edən türk hərbi hissələri Mondros sazişinə görə Azərbaycandan çıxmalı oldu. Onları ingilislər əvəz etdi. Bu zaman Bakının general-qubernatoru olan, daşnakların təsiri altına düşən general Tomson Azərbaycan hökumətini tanımaq istəmirdi. Fətəli xan Xoyskinin Tomsonla apardığı diplomatik danışıqlar nəticəsində onun Azərbaycan hökumətinə münasibəti dəyişdi və Fətəli xanın başçılıq etdiyi Azərbaycan hökumətini tanıdığını bildirdi”.
Xoyski: Aparılan bütün danışıqlar yalnız Azərbaycan Respublikasının müstəqilliyinin və suverenliyinin sovet hökuməti tərəfindən qeyd-şərtsiz tanınması şərtilə baş tuta bilər
Cümhuriyyət zamanı ölkənin istiqlaliyyətinə əsas təhlükə şimaldan, Rusiyadan gəlməkdə idi. Fətəli xan bunu görür və yaxınlaşmaqda olan təhlükənin qarşısını diplomatik vasitələrlə almağa cəhd edir, 1919-cu il dekabrın 5-də Rusiya Xarici İşlər Xalq Komissarlığına bu məzmunda bir nota göndərir: “Azərbaycan hökuməti rus və Azərbaycan xalqları arasında mehriban qonşuluq münasibətlərinin yaradılmasının vacib və arzuolunan olduğunu nəzərə alaraq hesab edir ki, bu və ya digər məsələlərlə bağlı aparılan bütün danışıqlar yalnız Azərbaycan Respublikasının müstəqilliyinin və suverenliyinin sovet hökuməti tərəfindən qeyd-şərtsiz tanınması şərtilə baş tuta bilər”. Bu nota Fətəli xan Xoyskinin ən çətin anlarda belə milli ləyaqət hissini uca tutduğunu göstərir. Həmin notadan bir neçə ay sonra, “1920-ci il aprelin 28-də qırmızı ordu hissələri Azərbaycanın suverenliyini pozaraq ölkəmizə hücum edirlər.”
Xoyski Vətənini tərk edərək Gürcüstana getməyə məcbur olur. Amma terrordan xilas ola bilmir. 1920-ci il iyunun 19-da Tiflisdə erməni terrorçuları – Nemezis təşkilatının üzvləri tərəfindən qətlə yetirilir. Bununla da Azərbaycan Xalq Cümhuriyyətinin ilk baş naziri kimi deyil, həm də Şəhid Baş naziri kimi tarixə yazılır.
Dövlət Bayrağının təsis edildiyi məqamdan Bayraq Gününə və Bayraq Meydanına…
Tiflisdə Mirzə Şəfi Vazehin, Mirzə Fətəli Axundazadənin, İstiqlal Bəyannaməsini parkinson xəstəliyinə baxmayaraq titrək əlləri ilə yazan, Məclisi-məbusanın sədr müavini kimi Əlimərdan bəy Topçubaşov ölkənin müstəqilliyinin tanıdılması üçün Parisdə olarkən onu uğurla əvəz edən Həsən bəy Ağayevlə birlikdə torpaq müqəddəsliyinə qovuşan Fətəli xan Xoyskinin ruhu 70 illik intizardan sonra hüzura qovuşub. 1991-ci ildə Müstəqillik Aktına imza atan Azərbaycan xalqı Ulu Öndər Heydər Əliyevin “Azərbaycan müstəqildir, azaddır, özü öz taleyinin sahibidir!” nidası ilə ən yeni Azərbaycanın memarı, mənsub olduğu milləti Xudafərin körpüsündə, Şuşa qalasında bayrağa döndərən Liderin-Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin iradəsi, fərman və sərəncamları ilə tarix yaradır, daha işıqlı sabahlara inamla addımlayır.
2025-ci il milli dövlətçilik tariximizə “Suverenlik və Konstitusiya ili” kimi daxil oldu. O, yaddaşlara həm də Fətəli xan Xoyskinin 150 illik yubiley ili kimi yazıldı. Hər iki sərəncamın bir ünvanı vardı: Azərbaycanda Bayraq Gününü təsis edən, Bayraq Meydanını quran Prezident İlham Əliyev! Bu Xalq Cümhuriyyəti zamanı özgürlüyün rəmzi olan Azərbaycan Bayrağının təsis edilməsi haqqında qərar alan Milli Hökumətin başçısının – Fətəli xan Xoyskinin ruhunu şad edən ən ali, müqəddəs məqamlardandır! Hür doğulub, hür yaşamaqdan, tarix yaradan Liderlərin törəsi olmaqdan böyük səadət varmı?!
Şərəf Cəlilli