Vətəndə Vətənsizliyin, didərginliyin ünvanı
Görkəmli dövlət xadimi, səhiyyə və elm təşkilatçısı polkovnik-komissar Əziz Məmmədkərim oğlu Əliyev tək və yeganə liderimizdir ki, taleyin sərt üzündən özü öz tarixi torpaqları ilə həmsərhəd olan Odlar Yurdu Azərbaycan məhz onun tərcümeyi-halında birləşir. Zəngəzurda, Hamamlı kəndində dünyaya gələn Əziz Əliyev İrəvanın elmi-mədəni mühitində yetişmiş, Bakıda, Təbrizdə, Dərbəndin qala divarlarının ətəyində – Dağıstanda nüfuzlu şəxsiyyət, mütəfəkkir dövlət xadimi kimi varlığını təsdiq etmişdir.
1917-ci ildə İrəvan gimnaziyasını qızıl medalla bitirən Əziz Əliyev həmin il Hacı Zeynalabdin Tağıyevin maddi dəstəyi, maliyyə yardımı ilə Petroqrada gedir, Hərbi Tibb Akademiyaya daxil olur. Birinci kursu bitirəndə, 1918-ci ildə erməni daşnaklarının soyqrımları ilə üzləşir. On minlərlə Azərbaycanlı İrəvandan, Zəngəzurdan, Qərbi Azərbaycandan didərgin düşür. Əziz Əliyev isə, üstəlik, Petroqrad Hərbi Tibb Akademiyasından ayrılmaq məcburiyyətində qalır, Şərura, Şahtaxtı kəndinə köçür. Daşnaklar Naxçıvana ayaq açdıqdan sonra qanlı qırğınlar başlayır. Qan-qadadan canını qurtaran ailə bu dəfə Güney Azərbaycana, Ərəblər kəndinə pənah aparır. Naxçıvan Mirzə Nəsrulla bəy Əmirovun qurduğu Müdafiə Komitəsinin igidlərinin, IX İslam Ordusunun komandanı Kazım Qarabəkir paşanın və əsgərlərinin rəşadəti nəticəsində Andanikin, Ozanyanın hücumlarından xilas olduqdan sonra yenə Şahtaxtıya qayıdırlar. Vətəndə Vətənsizliyin, didərginliyin ünvanıolan Əziz Əliyev bu illərdə valideynlərini, anası Zəhra xanımı isə bilavasitə o tayda itirir. Arazın bu tayında da, o tayında da həkim məntəqələrində çalışaraq ailəsinin qayğısını çəkən Əziz Əliyev elə burada Şahtaxtıda İrəvanın zadəgan soylarından birinə məxsus Leyli xanımla ailə qurur. İlk övladları akademik Zərifə xanım Əliyeva və professor Tamerlan Əliyev burada dünyaya gəlir. Sonra taleyinin Bakı üzü başlayır. Öncə Nəriman Nərimanovun qayğısı ilə Xalq Komissarları Sovetində kargüzarlıq şöbəsində müdir müavini, daha sonra müdir kimi əmək fəaliyyətinə başlayır. Eyni zamanda Azərbaycan Dövlət Universitetinin tibb fakültəsinə daxil olur.
Bütün dövrlərin Səhiyyə Komissarı
Gənc yaşlarında namizədlik və doktorluq dissertasiyaları müdafiə edən Əziz Əliyev nəzəri, elmi biliklərə yiyələnməklə yanaşı, praktik məktəb keçərək alim, həm də qurucu – təşkilatçı kimi formalaşmışdı. Tibb İnstitutunu bitirdikdən sonar o, Xalq Səhiyyə Komissarlığı yanında müalicə şöbəsinin müdiri, Xalq Səhiyyə Komissarının birinci müavini, Dövlət Klinik İnstitutunun direktoru, Bakı Şəhər Soveti səhiyyə şöbəsinin müdiri, yenidən Tibb İnstitutunun direktoru, 1937-ci ilin dəhşətli repressiyaları zamanı həm də, Azərbaycan Dövlət Universitetinin rektoru kimi fəaliyyət göstərmişdi. Tarixi faktlar da sübut edir ki, “1930-cu ildə Azərbaycan Dövlət Universitetinin bir fakültəsi kimi sadəcə elan edilmiş Tibb İnstitutunun yaradıcısı Əziz Əliyevdir. Onun rəhbərliyi dövründə ən yaxşı mütəxəsislər cəlb edilərək müvafiq kafedralar yaradılmış, milli kadrlar yetişdirilmiş, həkimlər ixtisas artırmaq, tədqiqatçılar elmi işlərini davam etdirmək üçün Moskvaya, Leninqrada göndərilmiş, onlarla dərslik və dərs vəsaitləri yazılmış, institutun maddi-texniki bazası formalaşdırılmışdır.
1938-ci ildə Azərbaycan SSR Ali Sovetinin katibi seçilən Əziz Əliyev 1939-cu ildə Azərbaycan SSR Xalq Səhiyyə komissarı təyin edilir, ölkənin bütün bölgələrində səhiyyə ocaqlarının açılması, ixtisaslı kadrlarla təmin edilməsi, maddi-texniki bazasının yaradılması istiqamətində mühüm işlər görür. Bütün dövrlərin Səhiyyə Komissarı kimi şöhrət qazanır.
“Güney Azərbaycan bizim tarixi torpaqlarımız, burada yaşayanlar qan qardaşlarımızdır!”
İkinci Dünya müharibəsi başlayanda Əziz Əliyev kimi ciddi dövlət xadimlərinə təkcə Azərbaycanda, Bakıda deyil, Mərkəzdə, Moskvada da ehtiyac duyulur. Belə bir vaxtda Əziz Əliyev Azərbaycan K(b)P MK-nın katibi seçilir. Əziz Əliyev o dövrdə Azərbaycan sənayesinin kompleks inkişafının təmin olunması, xüsusilə neft məhsullarının cəbhəyə çatdırılması sahəsində mühüm işlər görür, təşkilatçılıq qabiliyyətini nümayiş etdirir. Belə bir ərəfədə Sovet İttifaqının Yaxın və Orta Şərq, İran istiqamətində də problemləri yaranır. Onun qarşısını almaq üçün Əziz Əliyev ciddi bir kadr kimi önə çəkilir. Sovet ordusunun tərkibində “Güney Azərbaycan missiyası”nın, “Əziz Əliyev qrupu”nun rəhbəri kimi İrana təbliğat-təşviqat məqsədi ilə ezam olunan Əziz Əliyev burada ilk ana dilli mətbu orqanı-“Vətən yolunda” qəzetini qurur. Xalq yazıçısı Mirzə İbrahimovun rəhbərliyi ilə işıq üzü görən qəzet ana dili məsələlərini təbliğ edir. Əziz Əliyev bununla kifayətlənmir. Təbrizdə ana dilində ilk məktəbi qurur, ilk səhiyyə ocaqlarını təşkil edir. Bu məsələ Moskvada Stalini, Güney Azərbayda Rza şah Pəhləvini qane etmir. Onların etirazı ilə üzləşən Əziz Əliyev qüdrətli dövlət xadimi, vətənpərvər tarixi şəxsiyyət kimi həqiqəti dilə gətirir: “Güney Azərbaycan bizim tarixi torpaqlarımız, burada yaşayanlar qan qardaşlarımızdır. Onların ana dili, sağlıq və mətbuat məsələləri bizi qayğılandırır!”
“1941-ci ilin sentyabrından Təbrizdəki 47-ci ordunun Hərbi Şurasının üzvü təyin olunan Əziz Əliyev 6-7 ay ərzində Güney Azərbaycanda inanılmaz dərəcədə böyük işlər gördü. Onun təşəbbüsü və səyləri ilə “Gülüstan” parkında teatr, musiqi dərnəkləri təşkil olundu, qırx birinci ilin noyabr-dekabr aylarında Azərbaycan Dövlət Opera və Balet Teatrının qastrolu təşkil edildi.”
Onun Güney Azərbaycanda gerçəkləşdirdiyi mühüm layihələr, millət quruculuğu istiqamətində gördüyü işlər, Azərbaycanın birliyi, bütövlüyü naminə atdığı addımlar İran şahını və Mikoyan- Beriya cütlüyünü qane etmədiyindən polkovnik-komissar Əziz Əliyev geri çağrılır…
“Onun nə Qafqazda, nə də Moskvada alternativi yox idi”
Çox çəkmir ki, Sovet hökumətinin işi yenidən ona, onun zəngin dövlət idarəçilik və təşkilatçılıq təcrübəsinə düşür. Bu elə bir dövr idi ki, alman faşistləri Mozdoka qədər irəliləmiş, Qroznı neftini ələ keçirmişdi. Mahaçqalaya irəliləyən faşist ordusu Dağıstanı işğal etməklə Bakını, Bakı qarışıq Xəzər hövzəsini, Bakı neftini ələ keçirəcək, Güney Azərbaycanda möhkəmlənməklə Sovetlərin Yaxın və Orta Şərqə qapısını bağlayacaqdı.
Bunun qarşısının alınması məqsədi ilə Əziz Əliyev 1942-ci ilin sentyabr ayında Moskvaya çağrılır və ona Dağıstan Vilayət Partiya Komitəsinin birinci katibi seçilməsi tövsiyə olunur. Əziz Əliyev vəzifəyə deyil, ölüm-qalım savaşına göndərilirdi. “Onun nə Qafqazda, nə də Moskvada alternativi yox idi. Ağır fəlakətin və işğal təhlükəsinin qarşısını almaq üçün yalnız Əziz Məmmədkərim oğlu müdrikliyi, təcrübəsi, savadı, qətiyyəti, xalqa bağlılığı, ünsiyyəti və mərdliyi gərəkdi!”
Əziz Əliyev rəhbər təyin olunanda Dağıstan darda, intizarda idi. Dağlıların köçü çeçenlər, inquşlar, bulqarlar, çərkəzlər, Ahıska türkləri, Krım tatarları kimi yol üstündəydi. Onlar Şeyx Şamilin varisləri kimi, Şura hökumətinə etimadsızlıqda, sadəcə müsəlman olduqlarına, Osmanlıya isti münasibətlərinə görə ləkələnir, cəsusluqda ittiham olunurdular. Bu damğaları qəbul etməyən dağlılar isə ölümü Savet Ordusunda xidmətdən üstün tuturdular. Əziz Əliyev Dağıstana gəlişi ilə dağlılarda dövlətə inam, Mərkəzdə isə onlara etimad qazandırdı. Məhz oun çağırışı ilə iki ay içərisində 25 mindən çox dağlı igid səfərbər olub ön cəbhəyə yollandı.
Dağıstan Vilayət Partiya Komitəsinin katibi, 48-ci cəbhənin komandanı polkovnik-komissar Əziz Məmmədkərim oğlu Əliyevin təqdim etdiyi bayrağı Mahaçqaladan Berlinə, Reyxstaqa qədər qürurla daşıdı. Beş illik müharibə dövründə 100 mindən çox igidi ilə düşmənə qarşı savaşan Dağıstanın beş min qəhrəmanı Sovet İttifaqı Qəhrəmanı adına layiq görüldü, digərlərinin yaxasını orden, medallar bəzədi.
“Bir Çıraq kimi yandı, Peyğəmbər kimi göründü!”
Əziz Əliyev təkcə ön cəbhənin deyil, həm də arxa cəbhənin xilaskarı kimi tarix yaratdı. Müharibə şəraitində Dağıstanı yenidən tikdi, qurdu, 32-dən çox xalqın milli teatrının, məktəbinin, mətbu orqanlarının təməlini qoydu. Qələm sahiblərini, şair, yazıçı və bəstəkarlarını, teatr xadimlərini, istedadlı insanlarını SSRİ- nin ən ucqar nöqtələrində tanıtdı. Ayrı-ayrı institutların, Dağıstan Elmi Mərkəzinin qurucusu kimi tarix yaratdı. Səhiyyə ocaqlarını, tibb məntəqələrini qurmaqla onların sağlıq problemlərini həll etdi. Milli kadr potensialını formalaşdırmaqla onun mərkəzdən asılılığının qarşısını aldı. Qadınların təhsilə cəlb olunması məsələsini dövlət siyasəti səviyyəsinə qaldırmaqla “Savadlı qadın, savadlı millət və gələcək!” konsepsiyasına böyük töhfələr verdi. Samur-Dəvəçi kanalını qurmaqla Dağlar Diyarına can gətirdi. Bu səbəbdən də istər Dağıstanda, istər də Mərkəzdə, Moskvada Qurucu Əziz titulu ilə adını 1941- 1945-ci illər müharibəsi zamanı Generalisimus Stalin, Marşal Jukov, Molotov kimi mümkün olmayanları mümkünə çevirənlərin sırasına yazdı!
Bütün xidmətləri unuduldu, arzuolunmaz kadra çevrildi
Düz altı il, 1942-ci ildən 1948-ci ilə qədər Dağıstanın siyasi taleyini həll edən, kompleks inkişafına nail olub gələcəyini müəyyənləşdirən Lider kimi hər bir dağlının qəlbində abidəsini ucaltdı. Bu səbəbdən də adı çəkiləndə tarixi bir kəlam səslənir: “Dağıstanın və dağlıların ağır illərində polkovnik-komissar Əziz Məmmədkərim oğlu Əliyev bir çıraq kimi yandı, peyğəmbər kimi göründü!”
1948-ci ilə qədər şöhrətin bütün çələnglərini başına qoyan, Sovet İttifaqı Qəhrəmanı adını almasa da, insanların qəlbində məğrur, müdrik, qüdrətli qəhrəmana çevrilən polkovnik-komissar Əziz Məmmədkərim oğlu Əliyev sonsuz Vətən sevgisinin qurbanına çevrildi. Mikoyan – Beriya cütlüyünün qaldırdığı məsələni dəstəkləyən Stalinin qəzəbinə gəldi. Qərbi Azərbaycanın böyük bir hissəsinin, Qərbi Zəngəzurun boşaldılması məsələsini qaldıran erməni daşnakları bu torpaqların tarixi sakinlərinin köçürülməsi planını irəli sürmüşdü. Bu fakt Zəngəzurda doğulan Əziz Əliyevi qəzəbləndirmiş, etirazına səbəb olmuşdu. Öncə Xarici İşlər nazirinin müavini Malenkovla, sonra nazir Molotovla, daha sonra isə Stalinlə danışıqlara gedən Əziz Əliyevin bütün xidmətləri unudulmuş, arzuolunmaz kadra çevrilmişdi. Onun üzərindən isə bir anın içərisində xətt çəkmək mümkün deyildi. Hər halda o, Sovetlərin yetişdirdiyi ciddi dövlət xadimi və müharibənin taleyini həll edən tarixi simalardan biri idi.
“Elə buna görə də 1948-ci ildə Əziz Əliyev Moskvaya çağrılır, bir il İctimai Elmlər Akademiyasının nəzdində fəaliyyət göstərən Ali Partiya kurslarında təhsil alır və Sov. İKP MK-da inspektor vəzifəsində çalışır. 1950-ci ildə Mircəfər Bağırovun istəyi ilə Əziz Əliyev Azərbaycana göndərilir və Nazirlər Soveti sədrinin müavini təyin olunur. Bu təyinat əslində Əziz Məmmədkərimoğlunu “vurmaq” üçün şərait yaratmağa, zəmin hazırlamağa xidmət edirdi və əvvəlcədən düşünülmüşdü”.
Ulu öndər Heydər Əliyev həmin dövrü xatırlayaraq Əziz Əliyevin yubiley mərasimində qeyd etmişdi: “Əziz Əliyev mənə danışırdı ki, 1938-ci il repressiyasından möcüzə nəticəsində xilas olmuşdur. Onu sonralar, 50-ci illərin əvvəlində repressiya etdilər. İşdən çıxarıb Ortopediya və Bərpa Cərrahiyyəsi İnstitutunun direktoru təyin etdilər, amma tezliklə bu vəzifədən də çıxartdılar. Professoru, elmlər doktorunu, bu qədər xidmətləri olan bir insanı Sabunçu xəstəxanasına baş həkim müavini göndərdilər və o, üç il orada işlədi. Bu, onun o vaxtkı rejimin, bilavasitə Mircəfər Bağırov tərəfindən həyata keçirdiyi repressiyalara məruz qaldığı dövr idi”.
“Dövrün tanınmış adamları, Əziz Məmmədkərim oğlu ilə yaxın ünsiyyətdə olanlar deyirlər ki, bu repressiyadan sonra da onun xarakterində, davranışında cəmiyyətə və insanlara münasibətində heç nə dəyişmədi, əvvəllərdə olduğu kimi, işgüzar, nikbin yaşadı, yenidən böyük elmə qayıtdı. Doğma “Azərbaycan tibb jurnalı”nda dəyərli elmi məqalələr çap etdirdi. Hamı yenə onu “Təcili yardım”, “Cəmiyyətin loğmanı”, “Qurucu Əziz”, “Qeyri-adi insan”, ya da sadəcə “Əziz müəllim” kimi tanıdı və sevdi”.
Sözü İmzası olan Liderimizin üzü Zəngəzura, Qərbi Azərbaycanadır!
Alman faşizmi üzərində qələbənin 75 illiyi ərəfəsində xalqımız erməni faşizmi üzərində qələbə çaldı. 30 illik ədalətsizliyə son qoyuldu. Qarabağ işğaldan azad edildi. Rəşadətli Azərbaycan Ordusu tarixi Zəfərə imza atdı. Müzəffər Ali Baş Komandan, Prezident cənab İlham Əliyev tarixi ədaləti bərpa etdi. Şuşa qalasında, Xudafərin körpüsündə Azərbaycan Bayrağı dalğalandı. Müzəffər Ali Baş Komandan İlham Əliyev bu cəsarətli, eyni zamanda ləyaqətli addımı ilə yüz illərdir Azərbaycanın tarixi torpaqlarına göz dikənlərə, sadəcə türk və müsəlman olduqlarına görə günahsız insanların qanını tökənlərə, onları soyqırımlara, deportasiya və repressiyalara məruz qoyanlara dərs verdi. Şuşanın, Qarabağın, Zəngəzurun, İrəvanın, Qərbi Azərbaycanın tarixi sakinlərinin, sahiblərinin ünvanını göstərdi, onların gücünü, qüdrətini dünyaya nümayiş etdirdi. Bu həm də tarixin müxtəlif mərhələlərində Qılıncla Qələmin vəhdətində qüdrətli dövlətlər quran, sərkərdələr, dövlət və elm xadimləri, ustad sənətkarlar yetirən xalqımızın Birliyinin, Bütövlüyünün, Əyilməzliyinin, Vətənpərvərliyinin sübutu idi.
Əziz Məmmədkərim oğlu Əliyev qüdrətli dövlət və elm xadimi, səhiyyə təşkilatçısı, ən əsası dar məqamlarda, çətin zamanlarda iradənin gücü, xarakterin əyilməzliyi ilə tarix yaradan qüdrətli sərkərdə-xaqanlardan idi. 44 günlük Vətən Müharibəsi bir daha sübut etdi ki, tarixi Zəfərə, Böyük Qələbəyə məhz qüdrətli genetik kodlara malik bir Lider imza ata bilər! Müzəffər Ali Baş Komandan, Prezident cənab İlham Əliyevin damarlarında iki müqəddəs genetik kodun daşıyıcısının, tarixi şəxsiyyətin, bütün həyatını Azərbaycanın inkişafına, tərəqqisinə həsr edən müdrik dövlət xadiminin – Ümummilli lider Heydər Əlirza oğlu Əliyevin, Odlar Yurdu Azərbaycanın və dağlar diyarı Dağıstanın xilaskarı Əziz Məmmədkərim oğlu Əliyevin qanı axır…
Biz bir xalq, dövlət, millət olaraq çox qanlar, qırğınlar, soyqırımlar görmüşük. 20 Yanvar, Xocalı dəhşətlərini yaşamışıq. Əyilməmişik. Sınmamışıq. Əbədi istiqlala, milli müstəqilliyə nail olmuşuq. Bu il milli müstəqilliyimizin 34-cü ili tamam olur. Tarix üçün qısa, milli dövlətçilik tariximiz üçün isə keçməkeşli olan bu illərdə biz Ulu öndər Heydər Əliyevin, Prezident cənab İlham Əliyevin iradəsi, Xilaskarlıq Missiyası ilə Qayıdış, Qurtuluş dastanını yazdıq. Qayıdışın, Qurtuluşun təntənəsini isə Şuşa qalasında, Xankəndində dalğalanan Azərbaycan Bayrağının əzəmətində yaşadıq. Qurucu Əzizin nəvəsinin Qarabağda, Şərqi Zəngəzurda gerçəkləşdirdiyi layihələri, möhtəşəm quruculuq işlərini gördükcə isə qürurla söylədik: Bu Yoxdan var edənimizin, Baba yadigarımızın, Qurucu İlhamın dastanı, genetik kodlarının diqtəsidir! Sözü İmzası olan Liderimizin üzü Zəngəzura, Qərbi Azərbaycanadır! Babası polkovnik-komissar Əziz Əliyev onun yolunda görəvdən alınmış, mənəvi terrorla üzləşmişdi!
2020-ci il Zəfər, Qələbə ilimiz oldu. Bu il isə ömür yolu İrəvan xanlığından başlayan, Naxçıvandan, Güney Azərbaycandan, Bakıdan, Dəmirqapı-Dərbənddən, Moskvadan keçən, ucaldığı, qalxdığı bütün kürsülərdə mənsub olduğu Millətin, Məmləkətin haqq səsinə dönən, Vətən, Azərbaycan naminə cəsarətli addımlar atıb ciddi qərarlar alan Əziz Məmmədkərim oğlu Əliyevin bir qüdrətli dövlət xadimi kimi əzəmətini sübut etdiyi faşizm üzərində qələbənin 80 illiyi qeyd ediləcək.
Akademik Mustafa bəy Topçubaşovun dili ilə desək: Bu “Qeyri–adi İnsan”ın ömründən keçən illər, aylar bizim ömrümüz, günümüz, tariximizdir. Onu oxumaq, öyrənmək, tədqiq və təbliğ etmək isə tariximiz, tarixi şəxsiyyətlərimiz qarşısında vicdan, vəfa borcumuzdur.
Şərəf Cəlilli