Bəzi rəssamlar sadəcə şəkil çəkir – bir qismi isə bütöv bir dövrün portretini çəkir. Əzim Əzimzadə ikinci kateqoriyaya aiddir. Onun rəngli qələmi sadə bir alət deyildi, xalqın ağrısına, gülüşünə və nigarançılığına reaksiya verən incə bir sinir teli idi. Akademik təhsil almamışdı, lakin sərhədsiz hissiyatı, fəlsəfi dərinliyi və anadangəlmə forma duyumu var idi. Onun yaradıcılığı milli özünüdərkin aynası və ictimai dəyişikliyin katalizatoru oldu.
Əzimzadənin taleyi – yoxsul ailədən çıxmış öz-özünə öyrənən gəncin Azərbaycanın ilk xalq rəssamına, bütöv bir nəslin ilham mənbəyinə və milli satirik qrafika məktəbinin banisinə çevrilməsi haqda hekayədir.
1880-ci ildə Bakının Novxanı kəndində neftçi ailəsində doğulan Əzimzadə əvvəlcə mollaxanada oxudu, ərəb dilini və Qurani-Kərimi öyrəndi, sonra isə rus-tatar məktəbində təhsil aldı. Elə orada rəsm istedadı ilk dəfə diqqət çəkdi, lakin yoxsulluq və ehtiyac Əzimzadənin təhsilini davam etdirməsinin qarşısını aldı. O, gündüzlər kuryer və mağaza satıcısı kimi çalışıb, axşamlar isə öz gücünə dil biliklərinə yiyələnirdi, kitablar və incəsənət albomlarındakı bilikləri mənimsəyirdi.
1906-cı ildə tale onun üzünə güldü – Tiflisdə Şərqin ilk satirik jurnalı “Molla Nəsrəddin” nəşr olunmağa başladı. Bu jurnal azad fikir və bədii etirazın meydanına çevrildi, Əzimzadə isə həmin cəbhənin əsas döyüşçülərindən biri oldu. Onun karikaturaları bıçaq kimi kəskin, müdrik bir insanın baxışı kimi humanist idi. Çəkdiyi səssiz və sözsüz təsvirlərdə xanların tamahını, fanatizmi, ikiüzlülüyü və sosial ədalətsizliyi ifşa edirdi. Hər bir rəsmdə dövrün ruhunu əks etdirən ağrı, gülüş vardı.
Azərbaycanda 1920-ci ildən sonra sovet hakimiyyəti qurulanda Əzimzadə yeni dövrün mədəni dirçəlişinə qoşuldu. O, Xalq Maarif Komissarlığının mədəniyyət şöbəsinə rəhbərlik etdi, plakatlar yaratdı, kitablar üçün illüstrasiyalar çəkdi, pedaqoji fəaliyyətlə məşğul oldu. 1927-ci ildə Əzimzadəyə – ölkəmizin tarixində ilk dəfə – Azərbaycan SSR-in “xalq rəssamı” fəxri adı verildi.
Onun çəkdiyi plakatlar sənət baxımından bir yenilik oldu: onlar sadəcə şüarlar deyil, fəlsəfi mini-dramlar idi. Əzimzadə insanlarla onların dilində – metafora, qəribəlik tərzində və istehza ilə danışmağı bacarırdı. Şəriətə zidd olan kompozisiyalarında cəhaləti və kor-koranə inancı məsxərəyə qoyur, sosial mövzularda isə əməyi, zəkanı və yeniliyi tərifləyirdi.
Rəssam təkcə karikatura janrı ilə kifayətlənmədi. 1920-ci illərdə o, Bakının teatr səhnələrini bəzəyən rəsmlərin müəllifi oldu – Süleyman Axundov, Məhəmməd Səid Ordubadi və Hüseyn Cavidin pyeslərinə dekorasiya, geyim eskizləri hazırladı. Onun səhnə tərtibatı əsərlərin mətnlərini canlandırdı, satiranı hərəkətləndirdi. Onun qrafik yaradıcılığının zirvəsi isə Mirzə Ələkbər Sabirin “Hophopnamə” toplusuna çəkdiyi illüstrasiyalardır. 56 litografiya – rəng, istehza və fəlsəfə ilə yoğrulmuş bu əsərlər cəhalətə və sosial ədalətsizliyə qarşı bədii manifest idi. O, həmçinin Cəlil Məmmədquluzadə, Əbdürrəhim bəy Haqverdiyev, Nəriman Nərimanov və Hüseynqulu Sarabski kimi müəlliflərin əsərlərinə illüstrasiyalar çəkib. Sarabskinin “Köhnə Bakı” əsərinə çəkdiyi rəsmlər gülüşün yaddaşa çevrildiyini bilən sənətkarın zaman kəsişməsindəki şəhərə baxışı və dövrün sənədli materialıdır.
Böyük Vətən Müharibəsi başlayanda Əzimzadənin yaşı artıq altmışı keçmişdi. O, ön cəbhədə döyüşlərə getmədi, lakin digər cəbhədə – sənət meydanında döyüşdü. Onun “Aqitokon” (red. – sovet dövründə hərbi – siyasi təşviqat vasitəsi) üçün çəkdiyi anti-faşist plakatlar tank kimi dağıdıcı idi. Əsərlərdə dəqiqlik, yığcamlıq və psixoloji güc hökm sürürdü. 1942-ci ildə çəkdiyi “Reyxstaqın xarabalıqları üzərində” karikaturasında qan içindəki qartalın ağlaması faşizmin süqutunun və ədalətin qələbəsinin simvoluna çevrildi. Eyni zamanda, o, Bakıda fəaliyyət göstərən Rəssamlıq Texnikumunda dərs deyirdi (məktəb sonradan onun adını daşıdı) və Azərbaycan Rəssamlar İttifaqına rəhbərlik edirdi. Əzim Əzimzadə 1943-cü ildə faşizim üzərində qələbəni görmədən vəfat etdi, lakin artıq həmin qələbəni öz rəsmlərinin cizgilərində əbədiləşdirmişdi.
Əzimzadə sadəcə dərsliklərdə rast gəlinən ad deyil, öz dövrün aynasıdır. Onun adında gülüş, kədər göz yaşı, həmçinin insana inam birləşir. Əzimzadənin çəkdiyi karikaturalar bu gün də yaşayır, çünki onlar ən əsas mövzuları əhatə edir – azadlıq, vicdan və yalanı gülüş obyektinə çevirməkdən bəhs edir. O, xalqın ruhunu qələmlə çəkən və gülüşü sənətə çevirən rəssam idi. Əzim Əzimzadənin təsvir etdiyi Bakı təkcə Xəzərin sahilindəki şəhər deyil, həm də cizgilərin həqiqətin səsinə çevrildiyi mənəvi kainatdır.
Hacı Cavadov
 
				 
								 
								 
								 
															 
															






 
								 
								 
								 
								 
								 
								 
								 
								 
								 
								 
								 
								 
								 
								 
								 
								