OPERANIN QISA MƏZMUNU
Gənc tacir Əsgər evlənmək fikrinə düşür, həm də istəyir ki, toydan əvvəl mütləq evlənəcəyi qızı görüb bəyənsin. Amma hansı ata öz qızını ona göstərərdi? Axı bu o vaxtki adətlərə zidd idi. Dostu Süleyman məsləhət görür ki, Əsgər «arşın-malçı» libası geyinib qapı-qapı gəzərək xanımlara mal satsın. Yalnız bu yolla ürəyinə yatan qızı seçib sevmək mümkün idi, çünki heç bir qız arşın-malçıdan üzünü gizlətməzdi.
Əsgər dostunun məsləhətinə qulaq asıb öz təzə qiyafəsində Soltan bəyin evinə gəlib çıxır. Bu vaxt Soltan bəyin qızı Gülçöhrə, qardaşı qızı Asya və qulluqçu Telli həyətdə söhbət edə- edə tikmə ilə məşğuldurlar. Gülçöhrə görmədiyi, bilmədiyi kişiyə gözüyumulu ərə verilən qadınların taleyindən giley edir. Bu zaman Əsgər həyətə girib qızlara arşın malı gətirdiyini söyləyir. Arada tanışlıq yaranır. Qısa müddətdə Gülçöhrə söz verir ki, Əsgərdən başqa heç kəsə ərə getməsin.