İnsan üçün “ev” təkcə divarlardan, damdan və pəncərədən ibarət bir məkan deyil. Ev yaddaşdır, səsdir, qoxudur, bir də alışqanlıqdır. Lakin bəzən insan hələ də eyni yerdə yaşasa da, oranın artıq əvvəlki “ev” olmadığını hiss edir. Sanki ev dəyişib. Sanki insan doğma bildiyi yerdə yadlaşıb. Elə bu yadlaşmanı izah edən bir anlayış var: solastalgiya.
Solastalgiya nədir?
Solastalgiya — Avstraliyalı filosof Glenn Albrecht tərəfindən 2003-cü ildə irəli sürülmüş psixoloji bir anlayışdır. Bu termin “comfort” (rahatlıq) və “nostalgia” (keçmişə həsrət) sözlərinin birləşməsindən yaranıb. Solastalgiya insanın hələ də yaşadığı, amma zamanla dəyişərək tanınmaz hala gəlmiş bir məkana qarşı hiss etdiyi kədər, itki və qəriblik duyğusudur.
Əgər nostalgiya – doğma yurdu tərk etdikdən sonra duyulan həsrətdirsə, solastalgiya insanın tərk etmədiyi, amma artıq ona aid olmayan bir məkanda yaşadığı qəribə boşluqdur.
Bu hissi niyə yaşayırıq?
Şəhərlərin siması dəyişir. Əvvəllər tanıdığımız küçələr, qapısında oturduğumuz binalar, parklar, ağaclar bir-bir yox olur. Yerinə buz kimi hündürmərtəbələr, reklam lövhələri və asfalt düzülür.
Təbii fəlakətlər və iqlim dəyişiklikləri doğma kəndləri, dağları, bağları məhv edir.
Məcburi köçkünlük və ya müharibələrdən sonra geriyə qayıdan insanlar uşaqlıqlarını yaşadıqları yerləri tamamilə başqa cür tapırlar.
Modern həyatın ritmi – səs-küy, texnologiya, sürət “ev” anlayışını ruhsuz bir məkana çevirir.
Solastalgiyanın incə izləri
Solastalgiyanı çox vaxt dəqiq təyin etmək çətin olur. İnsan yalnızlığın, qüssənin, anlaşılmaz narahatlığın içində çabalayır, amma niyə belə hiss etdiyini özü də izah edə bilmir. Halbuki bu, ətraf mühitin dəyişməsinə ruhun verdiyi reaksiyadır.
Bəzən sevdiyin ağacın yerində bina tikilər, uşaqlıqda gizləndiyin divar yerlə-yeksan olar. Bəzən yaşadığın məhəllədə səni tanıyan son qonşu da köçüb gedər. Və sən başa düşərsən: sən həmin evdəsən, amma o ev artıq sənin deyil.
Solastalgiya təkcə fiziki məkanla bağlı deyil
Bu hiss təkcə dəyişən coğrafiya ilə məhdudlaşmır. Mədəniyyətin, dəyərlərin və həyat tərzinin dəyişməsi də solastalgiyanı alovlandıra bilər. Əvvəl ailə süfrələri olan yerdə indi hər kəs telefondadır. Qonşuluq yox olub, qapılar üzlərə bağlanıb. İnsanlar bir-birinə yadlaşıb.
Zamanla savaş
Solastalgiyanın ən maraqlı tərəfi onun zamanla verdiyi mübarizədir. Bu, keçmişə həsrət deyil – indi içində keçmişi axtarmaqdır. İnsan zamanla yarışır, “bəlkə heç dəyişməsəydi” deyir. Amma zaman dəyişir, ev dəyişir, insanlar dəyişir.
Bu savaşda qalib gəlmək olmur. Amma bu hissi tanımaq, qəbul etmək və ifadə etmək insanın özünü anlamağa kömək edir.
Yadlıq hissi təbiidir
Əgər öz evində belə bəzən yadlıq hiss edirsənsə, bu təbiidir. Bu, sənin zəif olmağın yox, duyarlı olmağındandır. Solastalgiya keçmişin bir parçasının içində hələ də yaşamaq istəyən ruhun səsidir.
O səsi dinləmək, bəlkə də yeni bir ev hissini özü ilə qurmaqdır.
Xanım Aydın