Nəşr edilmişdir 12/28/2024

Paylaşın

ƏSAS XƏBƏRLƏR

Ev, ailə, ocaq simvolu olan Azərbaycan xalçaları

Xalçasız ev olmaz

Azərbaycan xalqının həyat və məişətində istifadə olunan bir çox aksesuar və ev əşyaları var ki, onlar əvəzolunmazdır. Bu baxımdan xalçanın həm ev əşyası, həm estetik baxımdan göz oxşayan bir dekor kimi həmişə xüsusi yeri olub. Ölkəmizdə elə bir ev, elə bir ocaq olmaz ki, içində xalçası olmasın. Çünki xalça təkcə ev əşyası deyil, gözəllik, estetika, mədəniyyət və həmçinin də özü-özlüyündə bir tarixdir. Xalça özü ev, ocaq, istilik simvoludur. Azərbaycan xalçaları nəinki ölkəmizdə həmçinin dünyada öz gözəlliyi və keyfiyyəti ilə tanınan xalçalardır. Gəlin birlikdə xalça tariximizə nəzər salaq.

Xalçaçılıq ilk tarixi qaynaqlarda

Xalçaçılıq Azərbaycan xalq-tətbiqi sənətinin bir qoludur. Arxeoloji materiallara və yazılı mənbələrə əsaslansaq, görərik ki, Azərbaycanda xalçaçılıqla hələ Tunc dövründən – e.ə. II minilliyin sonu-I minilliyin əvvəllərində məşğul olmağa başlayıblar. Aparılan arxeoloji qazıntılar zamanı Mingəçevirdən I-III əsrlərə aid katakomba qəbirlərdən palaz və xalça qalıqları aşkar edilib.
Azərbaycan xalçaçılığı yarandığı vaxtdan daim inkişafda olub. Onun inkişafı haqqında Herodot, Klavdi Elian, Ksenofont kimi qədim dünya tarixçiləri qeydlərində yazıblar. Və inkişaf tarixinə nəzər salsaq, xalçaçılığımızın Sasanilər dövründə (III-VII əsrlər) daha çox irəli getdiyini, həmin dövrdə artıq qızıl-gümüş saplardan, ipəkdən nəfis xalçalar toxunduğunu görərik. VII əsrdə Azərbaycanda toxunulan ipək parçalar və müxtəlifliyinə görə fərqlənən xalçalar haqqında tarixi sənədlərdə məlumat əksini tapır. Qızıl-gümüş saplarla toxunan və daş-qaşla bəzədilən xalçalar isə artıq XVI-XVII əsrlərdə ənənəvi xarakter almışdı. Orta əsrlərdə qızıl-gümüş saplardan toxunan xovsuz xalçaların əsas istehsal mərkəzləri Təbriz, Şamaxı və Bərdə şəhərləri idi. Bu cür xalçalar “zərbaf” adlanırdı. XVII əsr səyahətçi Yan Streyts Şamaxı hakiminin atının üstünə salınan çulun qızıl saplarla toxunub mirvari və qiymətli qaş-daşlarla bəzədildiyini yazır.

Azərbaycan xalçalarına heyran qalan Avropa

Azərbaycandan artıq XIII-XIV əsrlərdə xarici ölkələrə çoxlu xalça və xalça məmulatı ixrac edilirdi. Bu xalçalar zərif və rəngarəng naxışları, fərqliliyi və ümumi estetik gözəlliyi ilə bütün Avropanı heyran etmişdi. XV əsrdə rəssamlar Van Eykin “Müqəddəs Məryəm” əsərində “Zeyvə xalçası”, Hans Memlinqin “Məryəm öz körpəsi ilə” tablosunda “Şirvan” xalçası, Hans Holbeynin “Səfirlər” əsərində “Qazax” xalçasının təsvirlərini vermişdi. Ədəbiyyatda xalça mövzusu və haqqında məlumatlara “Kitabi-Dədə-Qorqud” dastanında, dahi şair Nizami Gəncəvinin, Xaqani Şirvaninin əsərlərində rast gəlinir. Daha müasir dövrə gəlsək, yazıçı Mir Cəlalın “Bir gəncin manifesti” əsəri xalqımızın xalçaçılıq sənətinə olan sevgisinə ən gözəl nümunədir. Sona xanımın dilindən deyilən “İtə ataram, yada satmaram” ifadəsi xalçaya olan sevginin ifadəsidir.

Məktəblərin yaranması

XVIII əsrin II yarısında Azərbaycan xanlıqlara bölünəndə Azərbaycan xalçaçılığı yeni bir dönəmə qədəm basdı. Artıq hər xanlığın özünün xalçaçılıq karxanası oldu, bu da sənətin inkişafına, həmçinin xalçaçılıq məktəblərinin adının yaranmasına zəmin yaratdı. Bu məktəblər coğrafi mövqeyinə, naxış, kompozisiya, rəng və texniki xüsusiyyətlərinə görə şərti olaraq Quba, Bakı yaxud Abşeron, Şirvan, Gəncə, Qazax, Qarabağ, Təbriz kimi məktəblərə bölünür. Azərbaycan xalçalarının növlərinə gəlincə, demək olar ki, onlar texniki xüsusiyyətlərinə görə xovlu və xovsuz olurlar. Xovsuz xalçalar toxunma üsuluna, kompozisiya quruluşuna, ornament zənginliyinə və rəng koloritinə görə bir-birindən fərqlənən 8 növə – palaz, cecim, ladı, kilim, şəddə, vərni, zili, sumax növlərinə bölünür.

Azərbaycan xalçası bu gün

Günümüzdə də Azərbaycan xalçalarının inkişafı davam edir. Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 5 may tarixli Sərəncamı ilə “Azərxalça” Açıq Səhmdar Cəmiyyəti yaradılıb. Qeyd edək ki, cəmiyyətin əsas məqsədi xalça və xalça məmulatlarının istehsalı, ixracı, onların ölkə daxilində və xaricdə satışının təşkili, xalça və xalça məmulatlarının istehsalında yeni texnologiyaların tətbiqi, maddi-texniki bazanın müasirləşdirilməsi və ondan səmərəli istifadə, habelə bu sahənin inkişafı ilə bağlı digər işlərin yerinə yetirilməsindən ibarətdir.
Bu gün Azərbaycan xalçaları tarixi şərəfini və yerini qoruyaraq daha da inkişaf edir. Öz gözəlliyi, zərifliyi, özünəməxsus naxış və rəngarəngliyi ilə dünya xalçaları arasında seçilir.

Xanım Aydın

Related Stories

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Rusiya Federasiyasının Prezidenti Vladimir Putin dekabrın 28-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.Baki-Baku.az xəbər verir ki, bununla

Ən son

ƏSAS XƏBƏRLƏR, GÜNDƏM

Dekabrın 28-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakıda kommunal xidmət göstərəcək müxtəlif xüsusi təyinatlı nəqliyyat

GÜNDƏM

Dənizkənarı Milli Parkda “Zamanın səsini dinlə” fotosərgisinin açılışı olub.Baki-Baku.az xəbər verir ki, Heydər Əliyev Fondunun,

ƏSAS XƏBƏRLƏR

Xalçasız ev olmaz Azərbaycan xalqının həyat və məişətində istifadə olunan bir çox aksesuar və ev