Bakı küçələrinin adlarını daşıyanlardan biri də Azərbaycan tarzəni, Azərbaycanın ilk xalq artisti Qurban Pirimovdur.
Baki-baku.az həmin şəxsin həyatına nəzər yetirir.
Qurban Pirimov 1880-ci ilin oktyabrında Şuşa qəzasının Gülablı kəndində dünyaya gəlib. XVIII əsrdə Qarabağın məşhur aşığı olan Valehin nəticəsidir.
Qurban Pirimov XIX əsrin sonlarında ifaçılıq etməyə başlayıb, həm solo, həm üçlükdə, həm də orkestrin tərkibində ifalar nümayiş etdirib. Belə ki, o,1905-ci ildən xalq müğənnisi Cabbar Qaryağdıoğlu və Saşa Oqanezaşvili ilə birlikdə musiqi üçlüyü yaradır. Həmin muğam üçlüyü 20 ilə qədər öz fəaliyyətini davam etdirir. Q. Pirimov həmin fəaliyyəti dövründə məşhurlaşıb, müxtəlif yerlərdə — Zaqafqaziya, Orta Asiya, Kiyev, Moskva və İranda qastrol səfərlərində olub. Onun ifa etdiyi muğamlar 1906–1916-cı illər ərzində Riqa, Varşava və Kiyev şəhərlərində “Potte”, “Sport-Rekord”, “Qrammafon” firmaları tərəfindən qrammofon valına yazılıb.
15 yaşında ikən müəllimi Sadıqcanın xeyir-duasını alan Qurban Qarabağ toylarında seçilən məşhur xanəndələri müşayiət edir. Belə toyların birində xanəndə İslam Abdullayev Qurbanın tar çalmasını görüb onu özünə tarzən götürür. 1905-ci ildə Qurbanın taleyində uğurlu tarix olur. Çünki Gəncə toylarının birində Cabbar Qaryağdıoğlu onun tar çalmağını bəyənir və İslam Abdullayevin razılığı ilə gənci özü ilə Bakıya gətirir.
Qurban Pirimov dramatik və musiqili səhnə əsərlərində tarda müşayiət edib. O, Üzeyir Hacıbəyovun 1908-ci ildə ilk dəfə tamaşaya qoyulan “Leyli və Məcnun” əsərində orkestrin solisti olmuş, tarda ifa edib.
Qurban Pirimov 1920-ci ildən ömrünün sonunadək Azərbaycan Dövlət Opera və Balet Teatrının solisti olub. O, Qliyerin “Şahsənəm” operasının tamaşaya qoyulmasında bilavasitə iştirak edib. Eyni zamanda 1934-cü ildə Tiflisdə keçirilən Zaqafqaziya xalqlarının olimpiadasında birinci yeri tutub, 1939-cu ildə Moskvada keçirilmiş musiqiçilərin ümumittifaq baxışının qalibi olub.
Üzeyir Hacıbəyovla, M. Maqomayevlə, Z. Hacıbəyovla yaxından dostluğu, həmçinin yaradıcılıq münasibətləri Q. Pirimovun Azərbaycan professional musiqisinin inkişafında da müstəsna rolundan xəbər verir. Niyazi, Q. Qarayev, T. Quliyev, F. Əmirov, S. İbrahimova kimi bəstəkarlar Pirimovun ifasından bir neçə muğam, xalq mahnı və təsniflərini nota yazıblar.
Qurban Pirimov həmçinin pedaqoji fəaliyyətlə məşğul olub. Belə ki, o, 1925-ci ildə Ü. Hacıbəylinin rəhbərliyi ilə muğam proqramının hazırlanmasında da yaxından iştirak edib. Azərbaycan tar ifaçılığı məktəbinin görkəmli nümayəndələri Hacı Məmmədov, Məmmədağa Muradov, Həbib Bayramov, Zərif Qayıbov, Əliağa Quliyev, Sərvər İbrahimov onun tələbələri olublar.
Qurban Primov Nabat xanım Ağalar qızı ilə ailə həyatı qurub və Əsgər, Sara, Tamara, Ədilə adında dörd övlad atası olub.
Xalq artisti Canəli Əkbərov sənətkarın həyatında ən maraqlı hadisənin erməni tarzəni ilə yarışması olduğunu qeyd edib:
“50-ci illər olardı. Erməni tarzəni Bala Merkomyanla onun sənət yarışması olub. Bu yarış üçün erməni tarzəni xüsusi tar bağladıb. O, “Mahur”u, Qurban əmi isə “Bayatı Şiraz”ı çalıb. Qurbanın çalğısına sinə gərmək hər tarzənə qismət olmayıb. O, elə aydın, səlis yumşaq, şirin çalıb ki, həmkarı tarı qoyub, səhnəni tərk edib”.
Qurban Pirimov 29 avqust 1965-ci ildə Bakı şəhərində vəfat edib və I Fəxri Xiyabanda torpağa tapşırılıb.