Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 08/28/2026

Paylaşın

TARIXI ŞƏXSİYYƏTLƏR

Elmə vurulan Azərbaycan möhürü: Professor Mir Əbülfət xan Talışınski

20260828_115846

Hər bir ölkənin gözəgörünməz qoruyucu ruhları, küçələrində dolaşan qədim duaları, divarlarına hopmuş yaddaşı və zaman keçdikcə xatirəyə çevrilən böyük insanları olur. Onlar yalnız yaşadıqları dövrə deyil, özlərindən sonrakı nəsillərin yaddaşında yer alır. Azərbaycan tarixində belə unudulmaz simalardan biri də xalqının fiziki ağrılarına şəfa verən, elmə və tibbə ömrünü həsr edən böyük alim və həkim – Azərbaycan travmatologiya elminin banisi, professor Mir Əbülfət xan (Ağaxan) Talışınskidir. Onun adı yalnız tibb tarixinin səhifələrində deyil, onu tanıyan insanların xatirələrində də yaşayır. Bir vaxtlar xəstəxana dəhlizlərində, auditoriyalarda, əməliyyat masalarının başında görünən Ağaxan bu gün artıq bir dövrün, bir elmi məktəbin və insanlara həsr olunmuş ömrün simvoluna çevrilib.

Kübar ad, mehriban insan – Ağaxan

1885-ci il sentyabrın 19-da Lənkəranın rütubətli, portağal çiçəyi və dəniz qoxulu torpağında bir körpə dünyaya gəldi. Atası Mir Rza xan (1863–1932) – General Səməd bəy Mehmandarovun bacısı Məryəm xanımla ailə qurmuş, ömrünün qırx ildən çoxunu Lənkəran qəza rəisinin dəftərxanasında tərcüməçi kimi şərəflə sürdürmüş ziyalı bir şəxsiyyət idi. Ailənin ilk oğul övladına babası Mir Əbülfət xanın (1823–1877) adı verildi. Amma evdə, ailə içi istilikdə ona sadəcə “Ağaxan” dedilər – kübarlıqla mehribanlığın qovuşduğu o unudulmaz adla.

Mir Əbülfət bəy ilkin təhsilini Lənkəran şəhər birdərəcəli məktəbində aldıqdan sonra 1901-ci ildə Bakıya üz tutdu, Birinci Bakı Kişi Gimnaziyasını bitirdi. Bilik təşnəsi olan gənc 1909-cu ildə Kiyev Dövlət İnstitutunun tibb fakültəsinə daxil oldu.

1916-cı ildə institutu bitirib mütəxəssis diplomu alan Mir Əbülfət xan 1917-ci ilin martınadək Xarkov Qırmızı Xaç Cəmiyyətinin hospitalında ordinator kimi cəbhə arxası ağrıların tam ortasında bişdi.
1917-ci ilin aprelində isə vətənə – Bakıya qayıtdı. Şəhər Klinik Xəstəxanasının cərrahiyyə şöbəsində neştər tutan o müqəddəs əllər, tezliklə bütöv bir respublikanın sınmış sümüklərinə, zədələnmiş taleyinə ümid paylayacaqdı.

Elmə vurulan Azərbaycan möhürü

1920-ci illərdən etibarən Mir Əbülfət xanın həyatında yalnız həkimlik deyil, həm də müəllimlik, elm fədailiyi dövrü başladı. Bakı Dövlət Universitetinin tibb fakültəsində gənc tələbələrə cərrahiyyə və travmatologiyanın əsaslarını öyrədən professor, 1930-cu ildə N.A.Semaşko adına Bakı xəstəxanasında ilk travmatologiya şöbəsini qurdu.
O dövrə qədər tibb elminin bu mürəkkəb sahəsində ana dilində heç bir fundamental mənbə yox idi. Mir Əbülfət xan 1935-ci ildə Azərbaycan dilində ilk “Travmatologiya” monoqrafiyasını və dərsliyini qələmə alaraq böyük bir tarixi boşluğu doldurdu.

1936-cı ildə respublikada travmatologiya sahəsində ilk doktorluq dissertasiyasını müdafiə etdi, mövzusu da mürəkkəb və vacib: “Yalançı oynaqların və gec bitişən sınıqların müalicəsində sümük köçürülməsi kimi yeni cərrahi müdaxilə”. Bu iş təkcə kağız üzərində qalan nəzəriyyə deyildi; yataqdan qalxa bilməyən yüzlərlə insanın yenidən ayaq üstə durması, yeriməsi, yaşamaq eşqinin bərpası idi. 1937-ci ildə tibb elmləri doktoru, 1939-cu ildə isə professor adını alan Talışınski, artıq respublika səhiyyəsinin sarsılmaz sütununa çevrilmişdi.

İkinci Dünya müharibəsinin ağır, barıt qoxulu illərində Azərbaycan Həkimləri Təkmilləşdirmə İnstitutunun kafedra müdiri olmaqla yanaşı, hərbi hospitalın baş cərrahı kimi gecə-gündüz cəbhədən gələn yaralı əsgərləri həyata qaytardı. Müharibədən dərhal sonra – 1945-ci ildə Bakı Ortopediya və Bərpa Cərrahiyyəsi İnstitutunu təşkil etdi və ömrünün son gününədək bu ocağa rəhbərlik etdi.

Aristokrat şərəfi, repressiya ağrıları və ailə ocağı

Talışınskilər nəsli Azərbaycanın ən köklü, aristokrat ailələrindən idi. Mir Əbülfət xanın ailə ağacı həm də tarixin fırtınalı səhifələrindən keçdi. Qardaşları Mir Abbasqulu xan və Mir Rüstəm xan; bacıları Bəyim, Zöhrə, Zümrüd, Bilqeyis (Rzaqulu Nəcəfovun həyat yoldaşı), Sitarə (repressiya qurbanı, məşhur dilçi alim Xalid Səid Xocayevin ömür yoldaşı), Asiya və Azərbaycan musiqi tarixinin unudulmaz, yanğılı səsi, repressiyaya uğramış xanəndə Cahan xanım Talışinskaya… Bu ailə həm böyük zəkaların, həm də dövrün amansız fırtınalarının hədəfi olmuşdu.
Mir Əbülfət xanın ömür yoldaşı Kişvər xanım (Mir-Haşım bəy Talışxanovun qızı, digər mənbəyə görə Xanoğlan bəy qızı) Hacı Zeynalabdin Tağıyevin məşhur Qız Məktəbinin məzunu, nəcib bir Azərbaycan xanımı idi. Bu nikahdan iki övlad dünyaya gəldi: Adilə xanım Talışinskaya (1923–1998) – Müharibə iştirakçısı, tibb xidməti polkovniki Cabbar Bəxşiyevlə ailə qurdu. Onların oğlu, tibb elmləri doktoru Məmməd (Mayik) Bəxşiyev Moskvada yaşayır və onun ailəsi İki dəfə Sovet İttifaqı Qəhrəmanı, general-mayor Həzi Aslanovun nəvəsi Azinə xanımla birləşərək iki qəhrəman nəslin qanını bir-birinə qovuşdurmuşdur. Mir-Abbasqulu xan (Əziz) Talışinski (1922–1974) – Atasının yolunu şərəflə davam etdirən həkim-travmatoloq, tibb elmləri namizədi, Əməkdar həkim. Əziz müəllim təkcə istedadlı cərrah deyil, həm də Bakının sevimli ziyalısı, “Dinamo” futbol komandasının kapitanı idi. 1974-cü ildə erkən vəfat edəndə bütöv Bakı onu son mənzilə yola salmaq üçün küçələrə axışmışdı.

Sükut və yaşayan böyük bir ad…

Professor Mir Əbülfət xan Talışınski 1949-cu il dekabrın 21-də Bakıda fani dünyayla vidalaşdı. O, geridə minlərlə şəfa tapmış xəstə, yüzlərlə yetişdirdiyi tələbə, Azərbaycan dilində yazılmış ilk təməl dərsliklər və təmiz bir ad qoyub getdi…

Xanım Aydın

Bənzər Xəbərlər

Jurnalist, yazıçı-tərcüməçi

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva anası, Birinci vitse-prezident Mehriban Əliyeva ilə arxiv fotosunu paylaşıb.

Ən son

TARIXI ŞƏXSİYYƏTLƏR

Onun adı yalnız tibb tarixinin səhifələrində deyil, onu tanıyan insanların xatirələrində də yaşayır.

TARIXI ŞƏXSİYYƏTLƏR

Onun adı yalnız tibb tarixinin səhifələrində deyil, onu tanıyan insanların xatirələrində də yaşayır.
Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin