Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺
Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 11/21/2025

Paylaşın

TARİXİMİZ

Əleykə Könüldaş – Qaraqoyunlu sarayının sultanı

Döyüşkən ruhu ilə Teymurlu Şahruh xanı heyrətləndirən sərkərdə

Hər bir mərhələsi, səhifəsi qürur mənbəyi olan, milli dövlətçilik tariximizdə Qara Yusifin  təməlini qoyduğu Qaraqoyunlu dövlətinin özünəməxsus yeri var. Oğuz elinin bir parçası, Oğuz xaqanın oğlu Dəniz xanın törəməsi olan Qaraqoyunlu eli tarixin müxtəlif dönəmlərində qüdrətli şəxsiyyətlər yetirmişdir. Bir çox tarixçilərin qeyd etdiyi kimi, Qaraqoyunlu və Ağqoyunlu toplumları 1380-ci ilə qədər Azərbaycan, Anadolu və İraqda köçəri həyat sürmüşlər.Həmin ildə Qaraqoyunlu elatının başçısı Bayram Xoca tərəfindən Qaraqoyunlu xanədanının özülü qoyulmuşdur. Bundan sonra isə Bayram Xocanın oğlu Qara Məhəmməd tərəfindən mərkəzi Van şəhəri olan Qaraqoyunlu feodal hakimiyyəti yaradılmışdır. 1387-ci ildə Əmir Teymurun Ərzurum-Çapaqçur yürüşü zamanı ona üstün gələn Qara Məhəmməd 1388-ci ildə Təbrizə daxil olaraq şəhərə hakim olmuşdur. Əmir Teymurun qoşunlarının yaxınlaşması Qara Məhəmmədi Anadoluya geri çəkilməyə və onu Cəlayir hökmdarı Sultan Əhmədlə birgə Türkiyə sultanı İldırım Bəyazitin himayəsinə sığınmağa məcbur etmişdir. Əmir Teymur “Qara Yusifin ölü və ya diri olaraq ona təslim edilməsini tələb edərkən Sultan Bəyazit cavabında “Ona sığınan birisinin təslim edilməyəcəyini” bildirmişdir. Bir müddətdən sonra siyasi çəkişmə havası azacıq durulan kimi müttəfiqlər Bağdada dönmüşlər. Qəribəsi, daha kədərlisi isə odur ki, burada onların aralarına ciddi ixtilaf düşmüş, iki dost müttəfiqin arasına düşən nifaq onların həbsi ilə nəticələnmişdir. Bir illik həbsxana həyatına baxmayaraq, Təbriz uğrunda mübarizə səngiməmişdir.

1408-ci ilin yazında Qaraqoyunluların Təbriz və Azərbaycan uğrunda mübarizəsi son həddə çatmışdır. Teymurlularla həlledici savaş aprelin 21-də Təbriz mahalında, Şənbi-Qazan yaxınlığında Sədrud üzərində olmuşdur. 20 minlik Qaraqoyunlu atlı qoşununun sağ qoluna Əmir Bistam bəy Çakirlu (qardaşları Mənsur, Rüstəm və oğlu Əxi Fərəc ilə), sol qoluna Hüseyn bəy Sədlu rəhbərlik edir, mərkəzdə isə Qara Yusif özü komandanlıq edirdi. Davam edən qızğın, əlbəyaxa döyüşün nəticəsi kimi Əbubəkrin atası Miranşahın başçılıq etdiyi böyük qoşun darmadağın edilərək Azərbaycandan Həmədana kimi qovulur. Beləliklə, Teymurluların Azərbaycanda əzilib qovulmasında Qaraqoyunluların həlledici rolu olmuş və ölkənin güney torpaqları onların hakimiyyəti altına keçmişdir.

Diplomatiya tariximizin Sara xatundan öncəki siması

1410-cu ildə rəsmi olaraq elan edilən Azərbaycan Qaraqoyunlu dövləti Kür çayının şimalında yerləşən Şirvanşahlar dövlətinin ərazisini çıxmaqla bütün Azərbaycanı əhatə edirdi. İraqi-ərəb və Kürdüstan da 1468-ci ilə kimi Təbriz taxtında oturan Qaraqoyunlular dövlətinin tərkibinə daxil idi. Qara Yusifdən sonra iki oğlu Qara İsgəndər və Cahan şah Həqiqi bu dövlətin inkişafına töhfələr vermişdir. İqtisadi dirçəlişi, ordu quruculuğu, sosial-mədəni islahatları ilə qonşu dövlətlərin diqqətini özünə çəkən bu dövlətin inkişafında cəsarətli bir türk xatununun- Əleykə Könüldaşın da adı həmişə ehtiramla çəkilmişdir.

Hökmdar xatunu olduğunu unudar, sadə insanlarla dostluq edərdi

Müdrikliyi, məğrurluğu, nəcibliyi ilə Azərbaycanın qüdrətli xatunlarını, birinci xanımları olan Tomrisi, Nüşabəni, Mömünə xatunu, Zahidə xatunu, Mehrican xatunu xatırladan Əleykə Könüldaş həyat yoldaşı Qara Yusiflə döyüşlərdən üzüağ çıxaraq ləyaqətli əsgər obrazını və dövlətə sədaqət hissini ömrünün sonuna qədər qoruya bilmişdir. Müqəddəs amalı, xeyirxahlıq və nəcibliklə dolu əməli ilə adını baş xatunların cərgəsinə yazmışdır. Özünün döyüşkən ruhu və sərkərdəlik məharəti ilə Qaraqoyunlu sərkərdələrini heyrətləndirən Əleykə Könüldaş əslində sarayın baş xatunu olmaqdan  öncə Azərbaycan qadını idi. Zərifliyi, gözəlliyi, vətənpərvərliyi və övlad sevgisi ilə çoxlarına örmək olan Əleykə Könüldaş mənəvi zənginliyi ilə də başqalarına nümunə idi. Saraydakı nüfuzuna baxmayaraq, o, hökmdar xatunu olduğunu unudar, sadə insanlarla dostluq edərdi.

Qaraqoyunlu torpaqlarını qarış-qarış dolanan Əleykə Könüldaşı aranlı-yaylaqlı, ömür sürən tərəkəmələr, şadlılar, baharlılar, qaramanlılar sevinclə qarşılayıb gəlişinə qurbanlar kəsər, nəzir-niyaz paylayardılar. Bütün Azərbaycan qadınları kimi övladına və ailəsinə bağlı olan bu əzəmətli xatun doğmalarının qayğısına qalar, şirin səsi, lirik və romantik ovqatı ilə onlara sevinc bəxş edərdi.

Teymurlu Şahruhun, Şirvan şahları – I Xəlilullahın, Fərrux Yassarın elçiləri ilə dəfələrlə danışıqlar aparmışdır

Qara Yusif kimi qüdrətli bir sərkərdə ilə çiyin-çiyinə döyüşən Əleykə Könüldaş düşmən ordugahına yollanmaqdan, onlarla dialoqlar aparmaqdan belə çəkinməzdi. Sara xatuna qədərki diplomatiya tariximizə yazılan Əleykə Könüldaşın Teymurlu Şahruhun, Şirvan şahları – I Xəlilullahın, Fərrux Yassarın elçiləri ilə dəfələrlə danışıqlar aparması onun uzaqgörənliyinə, geniş dünyagörüşünə sübutdur. Qaraqoyunlu dövlətinin daxili və xarici siyasətinə nüfuz edən, saray əyanları ilə ümumi dil tapan Əleykə Könüldaş geniş ərazilərə sahib olan Qaraqoyunlu dövləti üçün Tanrının ən qiymətli hədiyyəsi idi. Təbriz sarayında yaşasa da, Göyçə, Ağbaba-Şörəyel, Şirvan, Gəncəbasar, Anadolu, Qəzvin, Sultaniyyə, Rum və Şam kimi inkişaf etmiş şəhər və mahallarda da nüfuzunu saxlayan Əleykə Könüldaş daha çox sənətin, mədəniyyətin himayədarı kimi tanınırdı. Ona olan el məhəbbəti əslində həm də onun əhali ilə təmasına bağlı idi. Vardığı yörələrin öncə pirlərini, övliyalarını ziyarət edən Əleykə Könüldaş qocaları və döyüşçü ailələrini məxsusi qəbul edər, onlara yardım edər , onların əlindən tutardı.

Qaraqoyunlu dövlətinin müxtəlif oymaqlarında, nahiyyə və mahallarında mədrəsələr açdırıb məscidlər yapdıran Əleykə Könüldaş öyrəncilərin maddi durumuna da, şəxsən özü nəzarət edərdi. Sənətkarların və tacirlərin vergilərinin azaldılmasına nail olar, dövlətin iqtisadi dirçəlişinə təkan verərdi. Vergilərin toplanması, xəzinənin doldurulması kimi dövlət əhəmiyyətli işlərin yerinə yetirilməsində bilavasitə iştirak edən Əleykə Könüldaş Qaraqoyunlu hökmdarının-Qara Yusifin son döyüşündə, ölüm anında da onunla birgə olmuşdur.

Əleykə Könüldaş: Müharibəyə yox, bağlaşmaya üstünlük vermək Qaraqoyunlu dövləti üçün daha əhəmiyyətli görünür

XV yüzildə şöhrəti ellər dolaşan Qaraqoyunlu dövlətinin qüdrətli ordusu qonşu dövlətlərin narahatlığına səbəb olurdu. Ərazi iddiaları ilə yaşayan şahlar, krallar Qara Yusifi, bu qüdrətli Azərbaycan hökmdarını aradan götürmək üçün tədbirlər tökürdü. Şirvan şahlarını, Əmir Teymurun ikinci oğlu, Teymurlu xanədanının başçısı Sultan Şahruhu və Ağqoyunlu hakimlərini düşündürən də bu məsələ idi. Qara Yusifin uzaqgörən siyasəti, sərkərdəlik məharəti, döyüşən ordusu onları sarsıtdığından hücum taktikasına deyil, gözləmə mövqeyinə üstünlük verirdilər. Tarixi mənbələrin sübut etdiyi bu qeydlər də dediyimizi təsdiq edir: “Qaraqoyunlu dövlətinin əsgəri gücü hələ də Teymuriləri qorxuda saxlayırdı. Təsadüfi deyil ki, Şahruh günbəgün Allaha yalvarır, Quranın Fatihə surəsini hafizlərə bir gündə 12 min dəfə oxutdururdu. Şahruh bütün Azərbaycanı deyil, yalnız Əcəm İraqından sayılan Qəzvin və Sultaniyyə şəhərlərini geri istəyirdi. Bunun qarşılığında isə Azərbaycan və ərəb İraqını, Rum və Şam kimi bölgələri Qaraqoyunlu dövlətinə buraxacağını Qara Yusifə təklif edirdi. Qara Yusif isə güzəştsiz savaş yolunu seçmiş, xəstəliyinə baxmayaraq, ordusu ilə yürüşə çıxmışdı. Lakin 1420-ci il noyabrın 13-də Uçan şəhərinə yaxın bir kənddə o qəflətən dünyasını dəyişmişdi”. Bu dəhşətli səhnə baş verəndə Qaraqoyunlu əyanları sarayın baş xatunu Əleykə Könüldaşın cəsarətlə söylədiyi bu kəlamları göz yaşı içində yada salırdı: “Düşmən səninlə razılığa gəlmək istəyir, müharibəyə yox, bağlaşmaya üstünlük vermək Qaraqoyunlu dövləti üçün daha əhəmiyyətli görünür…”

Qara Yusif ömrü boyu ağlına, məntiqinə, müdrikliyinə və məğrurluğuna sayğı göstərdiyi xatununun məsləhətini bir dəfə eşitmədi ki, bu da ona və onun dövlətçilik taleyinə acı səhifələr yazdı. Sonrakı illərdə hakimiyyəti oğulları, Qara İsgəndər və Cahan şah Həqiqi tərəfindən davam etdirilsə də, Qaraqoyunlu dövləti bir sıra çətinliklərlə üzləşdi…

Ədalət və mərhəməti ilə tanınmış olub, əxlaq yolunda hər kəsdən mümtaz idi

Ərinin ölümündən üç gün sonra Əlincə və Avnik qalalarında dövlət xəzinələrinə sahib çıxan, onu mühafizə edən, döyüşkən ruhu pozulan orduya təsəlli olan Əleykə Könüldaş Təbriz varlılarından olan Məhəmməd Keçəçi və əyanlarla birgə hökmdarın cənazəsini Təbrizə gətirərək onu ata-baba məzarlığında – Erçişdə torpağa tapşırdı.

Vida mərasimində Qaraqoyunlu dövlətinin hökmdarı Qara Yusifin ləyaqətli ömür yolundan, ədalətli xaqanlığından cəsarətlə danışan Əleykə Könüldaşın son nitqi Səfəvi tarixçisi Həsən bəy Rumlunun qeydlərindən yaddaşlara köçdü: “Savaş meydanında qaniçən aslan, əyləncə məclislərində isə gövhər saçan bir bulud idi. Ədalət və mərhəməti ilə tanınmış olub, əxlaq yolunda hər kəsdən mümtaz idi. Zalımların təqibinə, məzlumların rifahına çalışmış, ziyarətin inkişafına qeyrət etmiş, ölkəsində dirilik və düzlüyü saxlamışdı. Əsgərlərin maaş və azuqəsini müntəzəm olaraq verirdi”.

Şahsarayın anası, Canbəyimin, Saliyəbəyimin mürşidi- kamili

Adı milli dövlətçilik tariximizə qüdrətli xatunlardan biri, sənət, mədəniyyət və elm himayədarı, iqtisadi-sosial islahatlar müəllifi kimi yazılan, ədəbi-fəlsəfi baxışları və humanist görüşləri ilə Şərqdə və türk dünyasında tanınan Əleykə Könüldaş həyat yoldaşının vəfatından sonra da ictimai fəaliyyətini davam etdirmişdir. O, atasından sonra Qaraqoyunlu dövlətinin başına keçən Qara İsgəndərin sarayını zinətləndirmişdir. Qaraqoyunlu sarayından özündən sonra üç xatunun – qızı Şahsarayın, Qara Yusifin ikinci xatunu və Cahan şah Həqiqinin anası Canbəyim xatunun, bacısı Saliyə bəyimin xatun kimi formalaşmasında Əleykə Könüldaşın böyük xidmətləri olmuşdur. Könüldaş təxəllüsü ilə lirik şeirlər yazan, Oğuz oğlunun qopub gəldiyi Dədə Qorqudun “Boy boylayıb, soy soyladığı” sazı məharətlə dilləndirən, Qaraqoyunlu dövlətinin Baş xatunu kimi tarix yaradan Əleykə Könüldaş nəciblik, kamillik və gözəllik nümunəsi olmaqla yanaşı, tarixə həm də, sədaqət rəmzi kimi  yazılmışdır!

Şərəf Cəlilli

Yazıçı-publisist

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Baki-baku.az xəbər verir ki, bu barədə ABŞ-nin Azərbaycandakı səfirliyi məlumat yayıb.
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin