Bakıda tullantıların çeşidlənib atılması ekoloji davamlılığın təmin olunması və təkrar emal prosesinin effektiv həyata keçirilməsi baxımından mühüməhəmiyyət kəsb edir. Son illərdə şəhərdə bu istiqamətdə ciddi addımlar atılıb.
Mənzil-Kommunal Təsərrüfatı Departamenti Baki-baku.az-ın paytaxtda tullantıların çeşidlənməsi prosesinin əhəmiyyəti, sistemin tətbiq olunduğu rayonlarda vəziyyətin analizi, bu sahədə görülən maarifləndirmə işləri, nəzarət mexanizmləri və təkrar emal prosesinin icrası barədə geniş məlumat verib. Şəhər ərazisində həyata keçirilən bu ekoloji təşəbbüsün töhfələrindən söz açıb, aparılan maarifləndirmə işləri bağlı sualları cavabandırıb.
– Bakıda tullantıların çeşidlənib atılması qaydası nə ilə bağlıdır? Bunun nə kimi əhəmiyyəti var?
– 2019-cu ildə Bakı şəhərində bərk məişət tullantılarının idarə olunması sisteminin təkmilləşdirilməsi istiqamətində daha da innovativ metodlardan istifadə edilməsi məqsədilə yeni layihə kimi Böyük Britaniyanın “Mott MacDonald” şirkəti ilə müqavilə imzalanıb. Nəticədə bərk məişət tullantılarının toplanması, yığılması, daşınması və çeşidlənməsi sisteminin tətbiqinə başlanılıb və hazırda şəhərin 9 rayonu üzrə (Nərimanov, Nizami, Nəsimi, Yasamal, Səbail, Xətai, Suraxanı, Pirallahı və Binəqədi) tullantıların çeşidinə görə atılması prosesi uğurla davam etdirilir.
Ümumiyyətlə bildiyimiz kimi, hazırda dünyanın bir çox aparıcı dövlətlərində müxtəlif sahələrdə xammala olan tələbatın ödənilməsi üçün təkrar emaldan istifadə olunur ki, bunun da ilkin mərhələlərindən biri də tullantıların idarəolunmasının düzgün təşkilidir. Bu səbəbdən bütün Avropa ölkələrinin inkişaf etmiş şəhərlərində bərk məişət tullantılarının çeşidləmə prosesi həyata keçirilir. Şəhər ərazisində tətbiq edilən pilot layihənin əsas məqsədi bərk məişət tullantılarının tərkibinə görə çeşidlənərək yığılmasını və bununla da təkrar emala yararlı xammala olan tələbatın ödənilməsini təmin etməkdir. Eləcə də şəhər ərazisində sanitar-gigiyenik və ekoloji vəziyyətin qorunması üçün layihə çərçivəsində əhali arasında maarifləndirmə işləri aparılması, bərk məişət tullantılarının çeşidinə görə atılması mədəniyyətini formalaşdırmaqla qeyri-üzvi birləşmələrdən ibarət (plastik, rezin, şüşə və s.) tullantılarla ətraf mühitin çirkləndirilməsinin qarşısının alınmasıdır.
Məhz bunun üçün hazırda layihə tətbiq olunan rayonların tullantı meydançalarında narıncı rəngdə tullantı konteynerləri mövcuddur. Çeşidinə görə atılmış tullantılar həmin konteynerlərdə toplanaraq xüsusi təyinatlı nəqliyyat vasitələri (yalnız çeşidlənmiş tullantıların yığılıb daşınması üçün nəzərdə tutulmuş) ilə “Təmiz Şəhər” ASC-nin çeşidləmə zavoduna daşınaraq təhvil verilir. Yaşıl rəngli tullantı konteynerlərində olan qarışıq məişət tullantılarının daşınması isə digər xüsusi təyinatlı nəqliyyat vasitələri ilə yerinə yetirilir.
– Bu məsələdə paytaxtda aktiv və ən zəif rol oynayan rayonlar hansılardır?
– Yuxarıda göstərildiyi kimi, adıçəkilən layihə Bakı şəhərində mərhələli şəkildə həyata keçirildiyindənhazırda şəhərin 9 rayonunda tətbiq olunur. Yaxın vaxtlarda Xəzər rayonunda da layihənin tətbiqi başlanılacaq. Tullantıların çeşidinə görə atılması layihəsi tətbiq olunan rayonlar üzrə müxtəlif vaxtlarda paytaxtın Nərimanov rayonunda Bakı Şəhər İcra Hakimiyyətinin Mənzil-Kommunal Təsərrüfatı Departamenti tərəfindən yaradılmış “Monitorinq Mərkəzi”ndə tullantıların tərkibinin araşdırlması aparılır və bununla da hansı rayonlarda çeşidlənmə prosesinin aktiv və ya zəif olması müəyyən edilir. Hazırda layihə tətbiq olunan 9 rayon daxilində, mərkəz rayonlarda çeşidləmə prosesi aktiv, digər ətraf rayonlarda nisbətən zəifdir. Bu səbəbdən ətraf rayonlarda aidiyyəti şöbələrin əməkdaşları tərəfindən əhali ilə mütəmadi maarifləndirmə işləri həyata keçirilir.
Bundan əlavə, hər hansı rayon üzrə çeşidləmə prosesində zəiflik aşkar olunduğu zaman dərhal həmin ərazi üzrə məsul olan MKTB-ləri ilə müşavirələr keçirilir, səbəblər araşdırılaraq, müvafiq tapşırıqlar verilir.
– Buna nəzarət necə həyata keçirilir?
– Layihə tətbiq olunan rayonlarda maarifləndirmə proqramının bir hissəsi kimi xarici mütəxəssislərintövsiyəsinə əsasən hər bir tullantı meydançasının yanında (əsasən ilk 6 ay ərzində mütləqdir) xüsusi təlimatlandırılmış işçilər təhkim olunub və əhali tərəfindən tullantıların atılması zamanı həmin insanların tullantıları çeşidinə görə atması istiqamətində maarifləndirmə işləri həyata keçirirlər. Bu da öz növbəsində əhali arasında tullantıların çeşidinə görə atılması prosesinin sürətləndirilməsinə yaxından kömək edir. Bundan əlavə, mütəmadi olaraq, Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamenti, rayon MKT Birlikləri və mənzil-kommunal istismar sahələrinin əməkdaşları tərəfindən gündəlik ərazilərdə monitorinqlər həyata keçirirlir. Hər hansı bir çatışmazlıq və ya nöqsan aşkar edildiyi halda, dərhal rəhbərliyə məlumatlar verilərək yaranmış çatışmazlıq və ya nöqsanların aradan qaldırılması istiqamətində işlər həyata keçirilir.
– Vətəndaşların bu istiqamətdə maarifləndirilməsi lazımınca həyata keçirilibmi? Bunun üçün hansı tədbirlər görülüb və görülür?
– Bakı Şəhər İcra Hakimiyyəti və onun aidiyyəti struktur təşkilatları tərəfindən hər bir rayonda layihə başlamazdan əvvəl və layihə dövründə elektron informasiya saytlarında, kütləvi informasiya vasitələrində maarifləndirmə işləri aparılıb, layihə barədə geniş məlumat verilib, eləcə də layihə tətbiq olunan rayonlar üzrə əhali ilə mütəmadi görüşlər keçirilib, rayonlar üzrə könüllülərin iştirakı ilə birgə əhaliyə braşurlar paylanılıb və məişət tullantılarının çeşidinə uyğun yaşıl və narıncı rəngli üzərində çeşidləmə şəkli təsvir olunmuş sellofan torbalar paylanılıb, yaşayış və qeyri-yaşayış binalarına məlumat lövhələri (posterlər) yerləşdirilib. Buna baxmayaraq, hər bir MKTB-nə və MKİS rəhbərlərinə əhali arasında müəyyən vaxtlarda tullantıların çeşidinə görə atılması istiqamətində maarifləndirmə işlərinin davam etdirilməsi tapşırılıb. Həmçinin yuxarıda qeyd etdiyimiz kimi, hər bir tullantı meydançasının yanında dayanan xüsusi təhkim olunmuş işçilər (supervayzerlər) hər bir şəxslə maarifləndiricisöhbətlər aparır.
– Bəzi tullantıların təkrar emala göndərilməsi məsələsində hansısa iştirakınız varmı?
– Bakı şəhərində bərk məişət tullantılarının çeşidinə görə atılması layihəsi tətbiq olunan rayonlarda iki növ tullantı konteyneri mövcuddur ki, narıncı rəngdə tullantı konteynerləri qeyri-üzvi birləşmələrdən ibarət (plastik, rezin, şüşə və s.) tullantıların atılması üçün, yaşıl rəngli tullantı konteynerləri qarışıq məişət tullantılarının daşınması üçün nəzərdə tutulub. Həmin tullantı konteynerlərin daşınması xidmətini Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin “Kommunal Xidmətlər Müəssisəsi” MMC həyata keçirir. MMC-nin balansında mövcud olan ümumi xüsusi nəqliyyat texnikasından 27 ədəd nəqliyyat texnikası yalnız narıncı rəngdə olan konteynerə atılan təkrar emala yararlı tullantıların toplanaraq “Təmiz Şəhər” ASC-yə daşınmasını həyata keçirir. Bakı şəhərində hazırda bu proses heç bir digər təşkilat tərəfindən (istər dövlət, istər özəl təşkilat) həyata keçirilmir.
– Daha çox hansı tullantı məhsulları təkrar emala göndərilir?
– Qeyd etdiyimiz kimi, müəyyən vaxtlarda öncədən tərtib olunmuş qrafik üzrə ceşidləmə layihəsi tətbiq olunan rayonlar üzrə Nərimanov rayonunda yaradılmış “Monitorinq Mərkəzi”ndə tullantıların tərkibinin araşdırlması prosesi həyata keçirilir və təkrar emala yararlı tullantıların çəkisi, yararlılıq faizi öyrənilir. Narıncı konteyner üzrə daşınan çeşidlənməyə yararlı tullantılar “Təmiz Şəhər” ASC yə təhvil verilir ki, tullantıların tərkibi barədə son məlumatlar həmin təşkilat tərəfindən müəyyən edilir.