Language SwitcherAzərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 07/22/2025

Paylaşın

TARİXİMİZ

“Əkinçi” – zülmətdə doğan günəş


Ulu Tanrı yer üzünü “Ol!” kəlamından yaratdı. Əşrəfi dediyi insanı dörd səma kitabı, “Qurani Kərim” in “Qələm” və “Şüara” surəsiylə müjdələdi. “Öncə söz vardı!” müqəddəsliyinə tapınan insan kəlam və qələmin vəhdətində dövlətlər qurdu. Sözü zülmətdə nura çevirdi. Bəşəri dəyərlər xəzinəsini ustad sənətkarların, təbib – filosofların, mütəffəkkir şairlərin əsərləriylə zinətləndirən Azərbaycanın “Əkinçi” adlı zülmətdə doğan günəşi 150 ildir onu Zərdabinin simasında yaradan millətin əzəmətini dünyaya nümayiş etdirir. “Xəmsə”yə ruhundan qida verən millətin “Əkinçi”nin zəmisindən – dən yerindən yenidən cücərdiyini sübut edir.
Şərqin ilk demokratik cumhuriyyətini quran Azərbaycan milli mətbuatı milli məfkurənin, milli məfkurəni milli dövlətçiliyin təməl daşına çevirən söz adlı müqəddəslikdən gəldi. Beşiyinin başında Zərdabi adlı məşəl ömrün dayandığı müqəddəslikdən.
Məqsədinə çatmaq, Bakıda türk dilində qəzet açmaq üçün Həsən bəy Məlikov öncə Tiflisə Çar Canişinliyinə, sonra isə Bakı Şəhər Qubernatorluğuna müraciət edir. Uzun sürən yazışmalardan sonra Şərqin, Türk dünyasının, Odlar Yurdu Azərbaycanın ilk mətbu orqanı “Əkinçi”nin nəşrinə icazə verilir. Rusiyada ilk türk dilli mətbu orqan olan “Əkinçi”nin nəşri üçün Həsən bəy Zərdabi ömrünün sonuna qədər Bakı Qubernatoru Staroselskiyə minnətdar olmuşdu. Zərdabinin taleyini dəyişən üçüncü tarixi şəxs – Staroselski “Əkinçi”nin senzura məsuliyyətini öz üzərinə almış, Qubernatorluğun mətbəəsində çapına icazə vermişdi. Bakının, bütövlükdə isə Azərbaycanın ictimai-siyasi həyatında mühüm yer tutan Qubernator Staroselski 2 il sonra Azərbaycanda ilk rus-tatar məktəbinin qurucuları Həbib bəy Mahmudbəyovun və Sultan Məcid Qənizadənin müraciətini qəbul edəcək, onların ən böyük arzusunun gerçəkləşməsi üçün şərait yaradacaqdı…

“Əkinçi”nin nüfuzlu mətbu orqana çevrilməsi üçün qələm sahibləri əllərindən gələni əsirgəmədilər

“Əkinçi” qəzeti cəmi iki il, əslində isə on beş ay fəaliyyət göstərdi. 56 nömrəsi 300 – 400 tirajla işıq üzü gördü. Şərqin, Türk dünyasının, Azərbaycanın ilk ana dilli mətbu orqanı olaraq Milli mətbuatı, Milli məfkurənin təməl prinsipinə çevrildi. 1975-ci il iyulun 22-də işıq üzü görən “Əkinçi”nin nüfuzlu mətbu orqana çevrilməsi üçün Nəcəf bəy Vəzirov, Əsgər ağa Gorani, Məmmədtağı Əlizadə Şirvani, Seyid Əzim Şirvani, Güney Azərbaycandan Əhsənül Qəvaid, Dərbənddən Heydəri kimi nüfuzlu qələm sahibləri əllərindən gələni əsirgəmədilər. “Vəkili-naməlumi-millət” imzası ilə məqalələrini “Əkinçi”yə ünvanlayan Mirzə Fətəli Axundzadənin onun inkişafında xüsusi yeri, məqamı var idi. Bütün çətinliklərə, maddi sıxıntılara, mühafizəkar qüvvələrin hücumlarına baxmayaraq, Həsən bəy Zərdabi onu qoruya bildiyi yerə qədər yaşatdı. Millətin cəhalətdən qurtuluşuna körpü olan “Əkinçi”yə təzyiqlər təkcə “sapı özümüzdən olan baltalardan” gəlmirdi. Qara yellər həm də Peterburqdan, Tiflisdən, Qafqaz Canişinliyindən, Bakı Qubernatorluğunu yoldan edən erməni daşnaklarından gəlirdi. Bu torpaqların tarixi sakinlərinin oyanışına, qəflətdən qurtuluşuna, milli məfkurədən milli dövlətçiliyə uzanan yoluna körpü olan “Əkinçi”nin bağlanması üçün bütün qara qüvvələr səfərbər olunmuşdu.

Sürgündə belə millətin cəhalətdən qurtuluşu üçün qələm çaldı

“Şapkalı rus”, “Sünni Həsən bəy” adı ilə damğalanan Həsən bəy Zərdabiyə təzyiqlər dayanmadıqca, onun üzərinə yeriyənlərin sayı çoxalırdı. “Əkinçi” belə bir çətin şəraitdə bağlandı. O, təkcə bağlanmadı, redaktorunun sürgün illəri ilə müşayiət olundu. Qubernatorluğun rəsmi şəkildə qapatdığı qəzetin redaktoruna heç yerdə iş verilmədi. Zərdabi məcbur olub ata-baba yurduna köçdü. Burda onun malı-mülkü də yox idi. Atası Səlim bəydən ona miras qalan malikanəsini satıb, “Əkinçi”ni qurmuşdu. Zərdabi ömür-gün yoldaşı, silahdaşı Hənifə xanım Abayeva-Məlikova və 4 övladı ilə birlikdə, nə az, nə çox düz 16 il sürgün həyatı yaşadı. Yerli ruhanilərin, mühafizəkarların, erməni daşnaklarının təhdid və təzyiqlərinə tabladı. Sürgündə belə millətin cəhalətdən qurtuluşu üçün qələm çaldı. “Ziya”, “Kəşkül”, “Ziyayi-Qafqaziyyə” kimi Tiflisdə işıq üzü görən qəzetlərdə elmi-publisistik məqalələrlə çıxış etdi. Hənifə xanımın Zərdabda qurduğu ilk Türk-müsəlman Qadın Məktəbinə dəstək verdi, yerli əhalinin kənd təsərrüfatı işlərinin yüngülləşdirilməsi üçün bioloq alim kimi maarifçilik məsələlərini yerinə yetirdi, məsləhət ünvanı oldu.

Medianın stimullaşdırılması üçün dövlət tərəfindən addımların atıldı

Zərdabı Bakıya, sürgünü sözün səngərinə dəyişən Zərdabi Tağıyevin dəvəti ilə Bakıya dönəndə Millət Atasının satın aldığı “Kaspi” qəzetinə və mətbəəsinə könül verdi. Tağıyevin qurduğu Qız Məktəbinin ideoloqu, Bakı Dumasının 28 üzvündən biri kimi tarix yaradan, müəllimlərin I Qurultayını Həbib bəy Mahmudbəyovla birlikdə çağıran Zərdabi Kaspidə Əlimərdan bəy Topçubaşovla yeni bir dünya qurdu. O müqəddəs dünyadan “İrşad”, “ Həyat”, “Füyuzat”, “Molla Nəsrəddin”, “Tərəqqi”, “Azərbaycan” doğuldu. Sovet jurnalistikasının nümunələri sayılan “Kommunist”, “Vışka”, “Təbliğatçı”, “Azərbaycan gəncləri”, “Bakı”, “Baku”, “Ədəbiyyat və incəsənət”, “Azərbaycan qadını” kimi məşhur qəzet və dərgilər də “Zərdabi” və “Əkinçi” məktəblərinin ənənələrini yaşatdılar. Sonra “Aydınlıq”, “Azadlıq”, “Yeni Müsavat” və adlarını sadalamadığımız yüzlərlə mətbu orqan yarandı. Əldə olunan milli müstəqillik həm də, 1926 və 1956-cı illərdə qurulan, tək və yeganə olan Azərbaycan radio və televiziyasının sırasını genişləndirdi. Çoxsaylı televiziyalar, radiolar, sosial şəbəkə seqmentləri yarandı. Ulu öndər Heydər Əliyevin diqtəsi və iradəsiylə “senzura” ləğv olundu. “Kütləvi informasiya vasitələri haqqında” qanunlar qəbul edildi. Dəqiq, qərəzsiz jurnalistikanın inkişafı, kütləvi informasiya vasitələri işçilərinin sosial qayğılarının həlli üçün sərəncamlar imzalandı. Mətbuat Şurasının, Audiovizual Şuranın, Medianın İnkişafı Agentliyinin təməli qoyuldu. Medianın inkişafındakı xidmətlərinə görə çoxsaylı jurnalistlər dövlət tərəfindən fəxri adlar, orden və medallarla təltif olundu. Medianın stimullaşdırılması üçün qanunvericilik bazasının yaradılması istiqamətində dövlət tərəfindən mühüm addımlar atıldı.

Media və kommunikasiya məsələlərinin müzakirə olunduğu məkan

Bu il milli mətbuatın 150 illiyi çərçivəsində media nümayəndələrinin, qələm sahiblərinin Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev tərəfindən növbəti dəfə dəstəklənib, təltif edilməsi kəlamın və qələmin vəhdətində min illər boyu tarix yaradan dövlətin Tanrının kəlam və qələm müqəddəsliyinə verdiyi dəyərin göstəricisidir.
Otuz il bundan öncə Azərbaycan informasiya blokadasını yaşadı. “20 Yanvar”, Xocalı dəhşətlərinin səsi belə dünya tərəfindən eşidilməz oldu. Ulu Öndər Heydər Əliyevin, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin media və kommunikasiyanın inkişafı, qanunvericilik bazasının formalaşdırılması istiqamətində gerçəkləşdirdiyi mühüm layihələr Azərbaycanı, həm də bəşəri problemlərin müzakirə olunduğu media platformalarından birinə çevirib.
Bu il faşizm üzərində qələbənin 80, erməni faşizmi üzərində qələbənin 5 illiyidir. İstər İkinci dünya müharibəsində, istərsə də 44 günlük Vətən müharibəsində biz bir xalq, millət, məmləkət olaraq Qılıncla Qələmin vəhdətində tarix yaratdıq! Otuz illik işğaldan, intizardan sonra Şuşa və Xankəndində təşkil olunan Qlobal Media forumları da dediklərimizə əyani sübutdur.

Şərəf Cəlilli

Loading

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə iyulun 21-də "Mədəniyyət və kommunikasiya: müasir media strategiyaları" mövzusunda təlim keçirilib