Xətai rayonu, Əhmədli qəsəbəsində torpaq sürüşməsinə səbəb su borusunun parçalanması olub.
Baki-baku.az xəbər verir ki, Elm və Təhsil Nazirliyinin Akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun şöbə müdiri Ənvər Əliyev ərazidə vaxtilə istehsal müddəti başa çatmış su borusunun keçdiyini bildirib.
Onun sözlərinə görə, borunun parçalanması və su buraxması səbəbindən torpağın üst qatında su yığıntıları əmələ gəlib. Alt qat su keçirməyən lay olduğuna görə orada sürüşkənlik əmələ gətirib. Bu, adi sürüşmə prosesidir. Su yığıntları səbəbindən torpağın pillənkənvari hissəsində sürüşmə olub.
Şöbə müdiri, həmçinin qeyd edib ki, ərazidə daha bir neçə yerdə sürüşmə təhlükəsi yaranıb. Bu səbəbdən tez bir zamanda su təsərrüfat sistemi yenilənməlidir və müasir borularla əvəzlənməlidir. Ərazidə boruların axıntısından sınıq yerlər yaranıb. Gələcəkdə burada daha böyük sürüşmə ola bilər.
İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən isə bildirilib ki, torpaq sürüşməsinə səbəb olan ərazidən magistral su xətti keçmir. Qeyd edilən ərazidə Xətai Rayon Sukanal İdarəsinə məxsus heç bir su xətti yoxdur. Həmin ərazidə sızma park ərazisindəki daxili xətlərdə baş verib.