Language SwitcherAzərbaycanca 🇦🇿 | Русский 🇷🇺
Language SwitcherAzərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 09/02/2025

Paylaşın

ETNOQRAFIYA

Əbədiyyətə qovuşmuş ömür

Əbədiyyətə qovuşmuş ömür

Azərbaycan tarixi həmişə zəngin faktlar, parlaq şəxsiyyətlər və sanki keçmişin dirildiyi məkanları ilə diqqət cəlb edib. Belə guşələrdən biri də əsrlər boyu görkəmli insanları ilə yadda qalan Qarabağın qədim yaşayış məskənlərindən olan Tuğ kəndidir.

Baki-baku.az portalının qeyd etdiyi kimi, Mehdi bəy Məlik-Aslanov məhz bu kənddə yaşayıb və fəaliyyət göstərib. O, Dizaq məlikliyinin sonuncu məlik və naibi, Zəngəzur mahalının naibi Məlik Aslan bəyin nəvəsi, həmçinin rus şairi Puşkinin şəninə şeir həsr etdiyi Fərhad bəyin oğlu idi.

Mehdi bəyin yaradıcı və xeyirxah ruhu hələ gənc yaşlarında özünü göstərib. O, Qarabağa köçən kürd qaçqınları üçün XIX əsrin ortalarında öz vəsaiti hesabına bir kənd salmış, kənd əvvəlcə “Mehdi bəy Kürdü”, sonralar isə “Kürdlər” adını alıb.

Mehdi bəy kəndin abadlaşdırılmasına xüsusi diqqət yetirib, sakinlərin həyat şəraitini yüngülləşdirmək üçün mühüm addımlar atıb. O, əhalini su ilə təmin etmək məqsədilə öz adı ilə bağlı olan unikal yeraltı su kəməri – kəhrizin çəkilişinə təşəbbüs göstərib. Bu məqsədlə Mehdi bəy, peşəkar quyuqazan ustaları dəvət edib, təxminən 30-a yaxın quyu qazılıb, kəndə qədər uzun su tuneli çəkilib. Bu mühəndislik nümunəsi günümüzədək qorunub saxlanılıb və dövlət tərəfindən mədəni irs abidəsi kimi qeydiyyata alınıb.

Mehdi bəyin ən böyük xidmətlərindən biri də maarifçilik sahəsində atdığı addımlar olub. 1882-ci ildə o, Qaşım bəy Nərimanbəyovla birlikdə Qubadlıda yeni məktəbin ilk müəllimlərindən biri kimi fəaliyyət göstərib, bir müddət sonra isə qardaşı Sadıq bəylə birgə Tuğ kəndində Avropa tipli məktəbin açılışını həyata keçirib. Bu hadisə yalnız kənd üçün deyil, bütövlükdə Qarabağ üçün mühüm tarixi dönüş rolunu oynayıb. Mehdi bəy çar hökumətinin məhdudiyyətlərinə baxmayaraq kasıb ailələrin uşaqlarını himayə edir, onları dərsliklərlə təmin edir və maddi dəstək göstərirdi.

Hətta 1887-ci ildə Rusiya İmperiyasının Xalq Maarifi Nazirliyi “Aşağı təbəqədən olan uşaqların gimnaziya təhsilinin məhdudlaşdırılması haqqında” qərar qəbul etsə də, Mehdi bəy və qardaşı kasıb təbəqədən olan şagirdlərin maariflənməsi üçün yardım göstərməyə davam ediblər.

Sovet hakimiyyəti qurulduqdan sonra Mehdi bəyin XIX əsrin ikinci yarısında inşa etdiyi evi müsadirə olundu və evin bir hissəsinə məktəb köçürüldü. Məktəb 1978-ci ilədək fəaliyyət göstərib, belə ki, həmin ildə Ümummilli Lider Heydər Əliyevin göstərişi ilə Tuğda müasir məktəb binası inşa olundu. Bundan sonra kəndin bütün məktəbləri həmin yeni binada fəaliyyətini davam etdirib.

Ermənistan ordusu tərəfindən Azərbaycanın tarixi əraziləri işğal olunduqdan sonra Mehdi bəyin evi demək olar ki, tamamilə dağıdıldı, ermənilər evin qarşısındakı boş ərazidə şərab festivalları təşkil edərək bu tarixi tikilini saxtalaşdırıb “qədim erməni memarlıq nümunəsi” kimi təqdim etməyə çalışıblar.

Azərbaycanın tam qələbəsi ilə nəticələnən 44 günlük Vətən müharibəsindən sonra 2020-ci ildə Tuğ kəndi yenidən bizim nəzarətimizə qayıtdı.

2021-ci ilin mart ayında Prezident İlham Əliyev kəndi ziyarət edərək dağıdılmış məktəbin xarabalıqları önündə tarixi nitq söylədi:

“Ermənilər tərəfindən dağıdılmış Tuğ kəndinin məktəbi. Görün, nə günə qoyublar. Sonra da deyirdilər ki, Tuğ kəndi erməni kəndidir. Erməni kəndi olsaydı, bunu dağıdardılar? Bura qədim Azərbaycan torpağıdır. Tuğ kəndi həmişə Azərbaycan kəndi olub, bundan sonra da olacaq.”

Beləliklə, Mehdi bəy Məlik-Aslanovun taleyində Qarabağın keçmişi və gələcəyi birləşir. Onun çəkdirdiyi kəhriz bu gün də sakitcə axaraq yaradıcılığın gücündən xəbər verir, açdığı məktəb isə maarifçiliyin dəyərini xatırladır, dağıdılmış evi isə həqiqət və sədaqətin rəmzi kimi yaşayır.

Əbədiyyətə qovuşmuş bu ömür daşlar, bulaqlar və nəsillərin yaddaşı vasitəsilə danışmağa davam edir.

Hacı Cavadov

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Как сообщает Baki-baku.az, результаты исследования опубликованы в журнале Energy & Environmental Materials

Ən son

HƏR ŞEYDƏN

Sakit okeanın qoynunda yerləşən Reşerş arxipelaqının Midl-Aylend adasında təbiətin ən sirli möcüzələrindən biri olan Hillier

HƏR ŞEYDƏN

Sakit okeanın qoynunda yerləşən Reşerş arxipelaqının Midl-Aylend adasında təbiətin ən sirli möcüzələrindən biri olan Hillier
Facebook
X (Twitter)
LinkedIn
Email